Məhkəmə qərarları › İş №2-1(112)-5691/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5691/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5691/2022 18.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs X4) “kompensasiyanın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs X4) “kompensasiyanın verilməsi” tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs: X4) Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Bakı şəhəri, Yasamal rayonu, 12- Nərimanov, döngə 1, ünvanında yerləşən fərdi evin iddiaçı ilə razılaşdırılma aparılmadan sökülməsi ilə əlaqədar etdiyi hərəkət və hərəkətsizlikləri ona münasibətdə qanunsuz hesab edilməsi və Bakı şəhəri, Yasamal rayonu, 12-Nərimanov, döngə 1, ünvanında yerləşən fərdi evin sökülməsi ilə əlaqədar həmin evin ümumi sahəsinin, onun mülkiyyəti olan 1/2 hissəsinə görə kompensasiyasının verilməsinin təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-in 13-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçıya hüquqi yardım göstərilərək, hazırkı iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmasına dair müvafiq sübutların təqdim edilməsi, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı mübahisə predmeti olan evə dair X4 ilə bağlanılmış xx.xx.2017-ci il tarixli İlkin Müqaviləni təqdim edərək, iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş üçüncü şəxsin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümükün hesab etmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izhatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia tələbindən görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Bakı şəhəri, Yasamal rayonu, 12- Nərimanov, döngə 1, ünvanında yerləşən fərdi evin iddiaçı ilə razılaşdırılma aparılmadan sökülməsi ilə əlaqədar etdiyi hərəkət və hərəkətsizlikləri ona münasibətdə qanunsuz hesab edilməsi və Bakı şəhəri, Yasamal rayonu, 12-Nərimanov, döngə 1, ünvanında yerləşən fərdi evin sökülməsi ilə əlaqədar həmin evin ümumi sahəsinin, onun mülkiyyəti olan 1/2 hissəsinə görə kompensasiyasının verilməsinin təmin olunmasını tələb edir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində ünvan 3 ünvanında yerləşən əmlakın sökülməsi ilə bağlı İddiaçı mülkiyyətində və istifadəsində sözügedən evin olmaması səbəbindən həmin şəxsə hər hansı kompensasiya məbləği ödənilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barəsində məlumatları məhkəməyə təqdim etmişdir. Həmin məlumatlardan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatda deyil. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı və X3 adlarına ünvan 3 ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının mülkiyyətində və istifadəsində olmasını təsdiq edən hər hansı bir hüquq müəyyənedici sənəd təqdim edilmədiyindən alınmanın təsirinə məruz qalan şəxs hesab edilmir. Həmin ünvanda yerləşən fərdi yaşayış evi X3 faktiki sahibliyində və istifadəsində olmuş və daşınmaz əmlak Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarın təsirinə düşmüşdür. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanunun tələbinə müvafiq olaraq həmin şəxslə alan orqan arasında alqı-satqı müqaviləsi bağlanaraq sözügedən fərdi yaşayış evi dövlət ehtiyacları üçün satın alınmışdır. İş materiallarından görünür ki, İddiaçı iddia tələbini X4 ilə bağlanılmış xx.xx.2017-ci il tarixli İlkin Müqavilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən əqdin məzmunundan aydın olur ki, tərəflər razılığa gəliblər ki, X4 Bakı şəhəri, Yasaml rayonu, 12-ci Nərimanov döngəsi, dalan 1, 2 saylı fərdi yaşayış evinin istifadəsində olan 1 otağın müəyyən hissəsini İddiaçı gələcəkdə satacaqdır və Anar İsmayılovun sonuncuya olan 20 000 manat kredit borcu ilə əvəzləşdirilmiş olacaqdır. Lakin, qeyd olunan daşınmaz əmlak Anar İsmayılovun istifadəsində olduğu üçün alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Başqa sözlə, sözügedən əmlakın gələcəkdə alqı-satqısı baş tutmağı üçün satıcının mülkiyyətində olmalıdır. Mülkiyyətdə olmayan daşınmaz əmlakın alqı-satqısı mövcud qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Beləliklə, mübahisə predmeti olan evin siyahıya alınması zamanı həmin ev iddiaçının mülkiyyətində, sahibliyində və istifadəsində olmamışdır. Bu səbəbdən də iddiaçının kompensasiya almaq hüququ (subyektiv hüquq) yaranmamışdır. Odur ki, məhkəmə qeyd edir ki, İddiaçı mübahisə predmeti olan evə dair iddia tələbi irəli sürməyə subyektiv hüququ mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdeh inzibati oraqana müraciəti “kompensasiyanın məbləğinin müəyyən edilməsi, X2 alınıb iddiaçıya verilməsinin təmin edilməsi” ilə bağlı olmuşdur. İddia tələbindən görünür ki, iddiaçı hazırda “Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Bakı şəhəri, Yasamal rayonu, 12- Nərimanov, döngə 1, ünvanında yerləşən fərdi evin iddiaçı ilə razılaşdırılma aparılmadan sökülməsi ilə əlaqədar etdiyi hərəkət və hərəkətsizlikləri ona münasibətdə qanunsuz hesab edilməsi və Bakı şəhəri, Yasamal rayonu, 12-Nərimanov, döngə 1, ünvanında yerləşən fərdi evin sökülməsi ilə əlaqədar həmin evin ümumi sahəsinin, onun mülkiyyəti olan 1/2 hissəsinə görə kompensasiyasının verilməsinin təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb edir. Göründüyü kimi, iddiaçının cavabdeh inzibati orqana olan müraciəti ilə hazırkı iddia tələbi üst-üstə düşmür. Məhkəmə iclasında iştirak edən iddiaçıya iddia tələbinin dəqiqləşdirillməsi təklif edilsə də, iddiaçı iddia tələbini dəqiqləşdirməkdən imtina etmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdeh inzibati oraqana müraciəti ilə hazırkı iddia tələbi üst-üstə düşmədiyindən, iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilmədiyindən, həmçinin İddiaçı mübahisə predmeti olan evə dair iddia tələbi irəli sürməyə subyektiv hüququ mövcud olmadığından hazırkı iddia tələbi mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Həmçinin, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar