Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5692/2020 06.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «iddiaçıya müvafiq illər üzrə istifadə etmədiyi əsas məzuniyyətlərə görə kompensasiya ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «iddiaçıya müvafiq illər üzrə istifadə etmədiyi əsas məzuniyyətlərə görə kompensasiya ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, AR DİN Baş Mühafizə İdarəsinin Bakı şəhəri Səbail Rayon Mühafizə İdarəsində xidmət edərkən 1995, 1996 və 1997-ci illər üzrə əsas məzuniyyətlərdən istifadə etməmişdir. Onun həmin məzuniyyətlərdən istifadə etmədiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(81)-1814/2019 saylı işdə sübuta yetirilmişdir. Məhkəmənin həmin iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə ona (iddiaçıya) 1995 – 1997-ci illər üzrə istifadə etmədiyi məzuniyyət illərinə görə pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarı icra olunarkən qanunsuzluğa yol verilmişdir. Belə ki, qərar qismən icra olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2000-ci il tarixli 73 nömrəli qərarı ilə «Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı Qaydalar» təsdiq edilmişdir. Həmin qərara Azərbaycan Rspublikası Nazirlər Kabinetinin xx xxxxxx 2009-cu il tarixli 44 nömrəli qərarı ilə əlavə və dəyişikliklər edilmişdir. Qərara görə istifadə edilməmiş əsas məzuniyyətlərə görə kompensasiya hansı iş üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanır. Beləliklə, hesablama aşağıdakı kimi olmalıdır: vəzifə maaşı – 261 manat, rütbə maaşı – 102 manat, fasiləsiz xidmət illərinə görə – 108,90 manat, məharət dərəcəsinə görə – 62 manat. (261 + 102 + 108,90 + 62,25) : 30,4 x 30 = 530,08 manat, 530,08 manat x 3 il = 1.590,24 manat. AR Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun olaraq ona istifadə etmədiyi məzuniyyət illərinə görə 1.590,24 mant pul kompensassiyası ödənilməli olduğu halda, 33 mnat ödənilmişdir. Göstərilənlərə əsaslanaraq, ona (iddiaçıya) 1995 – 1997-ci illər üzrə istifadə etmədiyi məzuniyyət illərinə görə 1.590,24 manat pul kompensassiyasının ödənilməsi öhdəliyinin cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş xx xxxxxx 2020-ci l tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Bakı şəhəri Səbail Rayon Mühafizə İdarəsinin sabiq polis nəfəri İddiaçı xx xxxx 2017-ci il tarixdə xidmətdən azad olunmuşdur. Xidmətdən azad olunan zaman ona vəzifə və xüsusi rütbə maaşının 5 misli 1.815 manat və 1999, 2001 – 2005-ci illərdə istifadə etmədiyi məzuniyyət üçün 1.870 manat, ümumilikdə 3.685 manat pul kompensasiyası ödənilmişdir. Lakin İddiaçı bundan əlavə olaraq, 1995, 1996, 1997-ci illər üçün istifadə etmədiyi məzuniyyətlərə görə pul vəsaitinin ödənilməsi barədə məhkəmədə iddia qaldırmış və həmin illər üçün məzuniyyət əvəz kompensasiyanın sonuncu tutduğu vəzifəyə uyğun hesablanmasını tələb etmişdir. Lakin AR Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli 44 nömrıli qərarına uyğun olaraq pul kompensasiyası mülki işçilərə 1999cu ildən, xüsusi rütbəli əməkdaşlara isə, 1998-ci ildən hesablaması nəzərdə tutulur. Bununla əlaqədar İddiaçı 1995, 1996, 1997-ci illər üçün hesablanmış məzuniyyət pulu AR Nazirlər Kabinetinin 73 nömrəli qərarına və DİN-in xx xxxxx 2000-ci il tarixli 459 nömrəli əmrinə əsasən hər il üçün vəzifə maaşı və rütbəyə uyğun olaraq (5.500 : 5.000 = 11) 33 manat pul vəsaiti onun hesabına köçürülmüşdür. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın əsassız olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 73 nömrəli xx xxxxx 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları»nın 13-cü bəndinə əsasən növbəti və qısamüddətli məzuniyyət dövründə əməkdaşlara sonuncu tutduğu vəzifə üzrə müəyyən edilmiş məbləğdə təminat xərcliyi ödənilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Əməkdaşlara məzuniyyət dövründə ildə bir dəfə respublika daxilində nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyat ilə gedişin dəyəri miqdarında ödənilir. Daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 45.5-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: (45.5.1) iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz, (45.5.2) aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.6-cı bəndində qeyd olunmuşdur ki, İPM-in 45.5.1 və 78-ci maddələrində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İş materiallarlndan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə İddiaçı əsas məzuniyyətdən istifadə etmədiyi 1995, 1996, 1997-ci illər üçün pul kompensassiyasının hesablanıb ödənilməsi öhdəliyi cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin üzərinə qoyulmuşdur. Bununla da hazırkı iş üzrə məhkəmə icraatında müəyyən edilir ki, eyni tərəflər arasında, eyni predmet üzrə, eyni əsaslarla məhkəmə mübahisəsi olmuş və həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərar var. İddiaçı həmin məhkəmə qərarının icrasından narazı qalaraq hazırkı iddianı qaldırmışdır. Belə olan halda, məhkəmə İPM-in 45.5.1, 78-ci maddələrinin tələblərini də rəhbər tutaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə və İPM-in 23.1, 35-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5692/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5692/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver