Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5692/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarış verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarış verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, 20 oktyabr 1989-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 28 saylı birmərtəbəli evin 1/2 hissəsinə mülkiyyət hüququ cavabdehin 01 saylı reyestr kitabında 105-ci səhifə, qeydəalma 30/4349 olmaqla qeydə alınıb. Evin ona məxsus olmayan 1/2 hissəsi sökülüb, yalnız iddiaçının mülkiyyətində olan hissəsi qalıb. 1997-ci ildə iddiaçı yenidənqurma aparmaq və evinin köhnə özülü üzərində ikinci mərtəbəni tikmək üçün Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Sabunçu RİH başçısının 104 saylı 6 Fevral 1997-ci il tarixli sərəncamı ilə ona evinin ikinci mərtəbəsinin tikintisinə icazə verilmişdir. İddiaçı “Bakı Torpaq” Layihə Smeta Bürosunun hazırladığı layihə əsasında yenidənqurma apararaq evinin ikinci mərtəbəsini inşa etmişdir. Bununla bağlı artıq iki mərtəbədən ibarət olan evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 3 mart 2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, zəruri sənədləri də ərizəyə əlavə etmişdir. Lakin bir ay keçsə də, cavabdeh onun mülkiyyət hüququnu qeydə almayıb, ərizəyə isə cavab verməyib. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. AR Mülki Məcəllənin 243.1-ci maddəsinə əsasən onun (iddiaçının) mülkiyyətində olan evinin yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququ var. Göstərilənlərə və İPM-in 45, 46cı maddələrinə əsaslanaraq, iddiaçının Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 28 saylı birmərtəbəli evin 1/2 hissəsi kimi ümumi sahəsi 437 kv.m olmaqla ikimərtəbəli fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydə alınması və ona reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 16 may 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı tələbi ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə 3 mart 2020-ci il tarixdə müraciət etmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi üzərində inşa edilmiş ikinci mərtəbənin iddiaçının adına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər əlavə edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, iddiaçıya 27 aprel 2021-ci İİ tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə və İPM-in 48.2-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9, 8.0.10, 11.1-ci maddələrinə əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X3 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, iddiaçı tərəfindən tikinti son illərdə başa çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazında) göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İş materiallarına surəti əlavə edilmiş Azərbaycan SSR Rayon, şəhər X2 İcra Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş “Qeydiyyat vəsiqəsi”ndə aşağıdakılar qeyd olunmuşdur: - Hazırkı qeydiyyat vəsiqəsi verilir vətəndaş İddiaçı ondan ötəri ki, ünvan 2 ünvanında yerləşən 28 saylı yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında İddiaçı (1/2 pay) və X4 (1/2 pay) adına qeydiyyata alınmış və 01 saylı reyestr kitabının 105 səh. 20.10.1989-cu il tarixdə qeydiyyat nömrəsi 30/4349 ilə qeydə alınmışdır. İş materiallarından görünür ki, “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən 25 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi, 28 saylı evin layihəsi tərtib edilmişdir (layihə RİH tərəfindən təsdiq edilməmişdir). İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu RİH başçısının 6 fevral 1997-ci il tarixli 104 nömrəli sərəncamı ilə Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi, 28 nömrəli evin sakini İddiaçı yaşadığı binanın 2-ci mərtəbəsinin tikintisinə icazə verilmişdir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Sabunçu rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - (8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: (8.0.9.1.1) icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; - (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - (8.0.10.2) məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, mövcud qanunvericilik hündürlüyü 12 metrədək olan fərdi yaşayış evlərinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qeydiyyatı aparan müvafiq orqana 2013-cü ilin yanvar ayının 1-dək inşa edilmiş yaşayış evlərinə münasibətdə torpaq sahəsinə dair hüququ təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktının, həmin tarixdən sonrakı dövrdə inşa edilənlərə münasibətdə isə, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan quruma sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədin təqdim edilməsini nəzərdə tutur. Məhkəmənin qənaətinə görə isə, hazırkı iddiaçı aidiyyəti qurumdan (RİH-dən) müraciuəti əsasında 6 fevral 1997-ci il tarixdə tikintiyə icazə sənədi alsa da, 2013-cü ilin yanvar ayının 1-dək, yəni AR Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək tikintini başa çatdırmadığından (iddia ərizəsində “məlumatlandırma icraatı”na istinad olunur), eləcə də müvafiq qaydada razılaşdırılmış layihəni və ya istismara qəbul aktını təqdim etmədiyindən, habelə torpaq sahəsi üzərində hüquqa dair sənədi, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin, tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan quruma sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiqləyən sənədi təqdim etmədiyindən, daşınmaz əmlakın dövlət reyestrində onun həmin 2 mərtəbəli fərdi yaşayış evinə hüququnun qeydiyyatının aparılmasına əsas yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina olunması qanuna zidd qiymətləndirilə bilməz. Odur ki, iddia əsassız sayılmalıdır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarış verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarış verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5692/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5692/2021
02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver