Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5693/2021 25.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) 28 yanvar 2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********2 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27908,78 manat təşkil edir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-cı ildən xx.xx.1995-ci ilə qədər “Bakı Soyuducular Zavodun”da əmək şəraiti xüsusilə sağlamlıq üçün zərərli vəzifələrdə işləməsi və xx.xx.2006-cı ildən bu vaxta qədər “X4 fabriki” MMC-də işləməsi nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “ona 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-5693/2021 tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci ildən xx.xx.1995-ci ilə qədər “Bakı Soyuducular Zavodu”nun Plastik kütlə sexində işləmişdir. ’’Bakıelektrobit" İstehsalat Birliyinin tərkibində olan “Bakı Elektrik Soyuducuları Zavodu” AR NK-nın xx.xx.1991-ci il tarixli qərarı ilə adı dəyişdirilərək “Çinar” İstehsalat Birliyi adlandırılmışdır. xx.xx.2006-cı ildən bugünə qədər isə “X4 Fabriki” MMC-də işləyir. ”Bakı Soyuducular Zavodu”nda işlədiyi vəzifənin güzəştli vəzifələrə aid olduğu və sağlamlıq üçün təhlükə törədən iş hesab olunduğu üçün ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh onun tələbini təmin etməkdən imtina etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli imtinasını qanunsuz və əsassız hesab edən iddiaçı tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova etiraza uyğun çıxış etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə əsasən qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur: 1. 55 yaşın tamam olması; 2. azı 20 il sığorta stajına malik olması; 3. 20 il sığorta stajının azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; və 4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşdən görünür ki, iddiaçı ona 55 yaşdan deyil, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qadınlara 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsində nəzərdə tutulurdu. İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmasa da (bunun üçün iddiaçının xx.xx.2006-cı il tarixədək 10 ildən az olmayan xüsusi staja və 20 ildən az olmayan ümumi staja malik olması tələb olunsa da, onun həmin tarixə cəmi 16 il 7 ay ümumi sığorta stajı olmuşdur), ƏPQ-nin 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 4.1.11-ci yarımbəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7- 9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Göründüyü kimi, qanunvericiliyə əsasən xx.xx.2017-ci il tarixədək qadınlara güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 şərt tələb olunur:
1. həmin tarixədək (xx.xx.2017-ci il tarixədək) 52 yaşın tamam olması;
2. azı 20 il sığorta stajına malik olması;
3. 20 il sığorta stajının azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması. İşdən görünür ki, iddiaçı sadalanan bütün şərtləri ödəyir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin, ИТ-l №0824825 nömrəli əmək kitabçasının surətləri) əsasən iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, xx.xx.1981-ci ildə “Bakı Soyuducular Zavodu’’nun Plastik kütlə sexinə tökməçi şagirdi peşəsinə işə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdən tökməçi işləmiş, xx.xx.1995-ci il tarixdə işdən azad olunmuşdur. xx.xx.2006-cı il tarixdə "xxxx" X3 Cəmiyyətində çay qablama maşınının maşinisti işinə qəbul edilmiş, xx.xx.2008-ci ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2008-ci ildə "xxxx" MMC-yə çay qablaşdırma maşınının maşinisti peşəsinə təyin edilmiş, xx.xx.2011-ci ildə çay qablaşdırma maşınının qablayıcısı vəzifəsinə keçirilmişdir, hazırda həmin müəssisədə işləyir. İşdə olan Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli 00-25-306/10 nömrəli məktubundan görünür ki, iddiaçı 1978-ci il tarixində 59 nömrəli Texniki Peşə Məktəbinə “Toxuculuq” ixtisas qrupuna daxil olmuş, 1981-ci il tarixində həmin məktəbi əyani formada bitirmiş və ona 814057 nömrəli diplom verilmişdir. Belə olan halda aydın olur ki, iddiaçının 52 yaşı xx.xx.2017-ci il tarixədək, yəni xx.xx.2015-ci il tarixdə tamam olmuş, həmin tarixə onun 25 il 9 ay 24 gün ümumi sığorta stajı olmuş (məhkəmə iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən onun peşə məktəbində oxuduğu 1978-1981-ci illəri (xx.xx.1978-xx.xx.1981) də stajına daxil edir), qanunvericiliklə tələb olunan ilk iki tələbi ödəmişdir. Qanunvericiliklə tələb olunan üçüncü şərtə, yəni iddiaçının xüsusi sığorta stajına gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan "xxxx" ASC-nin forma T - 2 şəxsi vərəqinə, əmrlər kitabına və əmək haqqı cədvəlinə əsasən verdiyi xx.xx.2021-ci il tarixli 29 nömrəli arayışdan görünür ki, iddiaçı “Bakı Soyuducular Zavodu’’nun Plastik kütlə sexinə xx.xx.1981-ci il tarixdə tökməçi şagirdi peşəsinə işə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Plastik kütlə sexində soyuducuların plastik kütlədən hazırlanan hissələrinin termoplastavtomat maşınlarında 200° C temperaturaya qədər əridib tökülməsi prosesində qapalı şəraitdə tökülən soyuducu hissələrin hazırlanması işlərində tökməçi işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahı Bölmə 35. Ümumi peşələr; plastik kütlənin tökücüləri öz əksini tapmışdır. İddiaçı işlədiyi müddət ərzində insan həyatı üçün təhlükəli olan maddələrlə daima təmasda olmuşdur və xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1990-xx.xx.1992-ci il tarixlərdə analıq məzuniyyətinə, xx.xx.1985-xx.xx.1985, xx.xx.1994-xx.xx.1994, xx.xx.1995-xx.xx.1995, xx.xx.1995-xx.xx.1995, xx.xx.1995xx.xx.1995-ci il tarixlərdə müəssisənin maliyyə vəziyyəti ilə əlaqədar olaraq öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Həmçinin arayışda qeyd olunmuşdur ki, “Bakelektropribor” İstehsalat Birliyinin tərkibində olan “Bakı Elektrik Soyuducuları Zavodu” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 10 nömrəli qərarı ilə “Çinar” İstehsalat Birliyi adlandırılmışdır. Bakı Soyuducular Zavodu “Çinar” İB-nin tərkibində olmuşdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli 83 saylı sərəncamı ilə Bakı Soyuducular Zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda kod 23200000 - XXXİİİ. Ümumi peşələr bölməsi üzrə plastik kütlənin tökücüləri (kod 23200000—13399), həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 35. Ümumi peşələr bölməsi üzrə plastik kütlənin tökücüləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Beləliklə, işin hallarından görünür ki, iddiaçı xx.xx.1981-xx.xx.1995-ci illərdə güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmış, ümumilikdə həmin işdə 13 il 9 ay 20 gün staja malik olmuşdur. İş yerinin arayışına əsasən iddiaçının ödənişsiz və qismən ödənişli məzuniyyətdə olduğu dövr (2 il 7 ay 5 gün) həmin staja daxil edilməsə belə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə 11 il 2 ay 15 gün sığorta stajı olmuşdur ki, bu da tələb olunan 10 ildən çoxdur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmiş, həm imtina, həm də etirazın yeganə dəlilini iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi təşkil etmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və qeyd edir ki, həmin tələb qanunvericiliyə xx.xx.2017-ci il tarixdən etibarən, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən əlavə edilmişdir, iddiaçının hüququ isə həmin qanun qüvvəyə minənədək, xx.xx.2015-ci il tarixdə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. ƏPQ-nin 9.1-ci maddəsinə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərtin daxil edilməsi güzəştli şərtlərlə pensiyaya çıxmaq istəyən şəxs üçün əlavə məhdudiyyət yaratdığından məhkəmə hesab edir ki, bu dəyişiklik Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna və iddiaçıya münasibətdə geriyə tətbiq oluna bilməz. Buna görə də cavabdehin bu dəlilli əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşdən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə yanaşı cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini də xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən inzibati icraat materiallarından müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 28 yanvar 2021-ci il tarixdə müraciət etmişdir. Deməli, ona pensiya hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən təyin edilməli, pensiya ödənişi isə xx.xx.2018-ci il tarixdən etibarən ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova