Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5693/2022 17.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-şərqşünas, din xadimi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınması “ barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi iddiaçının ünvan 1 ünvanına qeydiyyata götürülməklə müvafiq şəxsiyyət vəsiqənin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 4/40 saylı Qərarı ilə, Xocəsən Bələdiyyəsi, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin inzibati ərazisində olan, Sulutəpə qəsəbəsində yerləşən, ünvan 2 ünvanında yaşayan X1 faktiki istifadəsindəki 600 kv.m torpaq sahəsini, fərdi yaşayş evinin tikintisi təyinatı ilə alqı-satqı yolu ilə 2.400.000 manata satmaqla, X1 mülkiyyətinə vermişdir. Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin inzibati ərazisində olan, Sulutəpə qəsəbəsində R.Allahverdiyev küçəsində yerləşən həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, nəticədə, torpaq sahəsi və inşa edilmiş ev, 2013-cü ilin 16 sentyabr tarixində iddiaçı və onun ailəsinə satılmışdır. Alqı-satqı əsasında evin və torpağın gələcəkdə iddiaçının adına rəsmiləşdirilməsi üçün, mənə Abşeron rayonu 2-ci Notariat kontorunda xx.xx.2057-ci il tarixinədək qüvvdə olan Baş etibarnamə verilmişdir. İddiaçı və onun ailəsi, həmin tarixdən bu evdə yaşayır və evin enerji təchizatı, yanar qazla təchizatı, su təchizatı onun adına rəsmişləşdirilmişdir, istifadə haqqı 2013-cü ildən etibarən, iddiaçı tərəfindən ödənilir.O cümlədən, torpaq vergisini də iddiaçı ödəyir. Ərazidə, o cümlədən R.Allahverdiyev küçəsində yerləşən evlərdə yaşayan şəxslər, yaşadıqları ünvan üzrə pasport qeydiyyatına götürülmüşlər, müvafiq ünvanlarla onlara yeni şəxsiyyət vəsiqələri verilmişdir. İddiaçı və ailə üzvləri isə, bu ünvanda yaşamaqlarına baxmayaraq, bu ünvanda qeydiyyata götürülməmişlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehdən imtina məktubu alınmış, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdurlar. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Cavabdeh məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. İddiaçı iddia tələbini təsdiq edən sübut qismində şəxsiyyət vəsiqələrinin surətini, Binəqədi rayon Polis İdarəsinin 059-452788-3221 nömrəli xx.xx.2021-ci il tarixli imtina məktubunu, "xxxx" ASC ******* nömrəli aktın, "xxxx" ASC-nin bildirişi və 243253 nöməli protokolun, Azərbaycan Respublikası Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 01-131A-358 nömrəli arayışın, İddiaçı X6 X3 və X2 doğum haqqında şəhadətnaməsinin, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 101544 nömrəli müqavilənin, "xxxx" QSC-nin 44/TŞ-2019-035974/D nömrəli Binəqədi rayonu Sulutəpə qəsəbəsində fərdi yaşayış evinin qazlaşdırılması layihəsinin, xx.xx.2015-ci il İN/L- 361/2018 qeydiyyat nömrəli lisenziyanın, 44TŞ/TŞ-035974 nömrəli soğu blankının, "xxxx" QSC-nin direktoruna ünvanlanmış ərizənin, xx.xx.2018-ci il tarixli 13/A-1149 nömrəli Binəqədi rayonu Xocasən Bədiyyəsinin arayışının, xx.xx.2019-cu il tarixli qaz kəmərlərinin yoxlanması istismara qəbulu aktının surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə, iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs (şəxslər), üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. İşin faktiki hallarına əsasən iddiaçılar ünvan 1 ünvanına nə mülkiyyət hüququ, nə icarə (və ya kirayə) müqaviləsi vardır, nə də digər qanuni əsaslarla yaşayır və bunun nəticəsi olaraq onlar cavabdeh orqana, həmçinin məhkəməyə qanunla tələb olunan sənədləri təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.2-ci maddəsinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi iddiaçının ünvan 1 ünvanına qeydiyyata götürülməklə müvafiq şəxsiyyət vəsiqənin verilməsi” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5693/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5693/2022
17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver