Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5694/2023 26.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı əmrin ləğv edilməsi və s. tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “işə bərpa və əmrin etibarsız hesab edilməsi” barədə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən barəsində qəbul edilmiş 11 fevral 2022-ci il tarixli xidmətə xitam verilməsi haqqında əmrin ləğv edilməsini, əvvəlki işinə bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Eyni zamanda iddiaçı vəsatət təqdim edərək əmrlərdən şikayətlə bağlı ötürülmüş iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia müddətinin ötürülməsi üzrlü səbəblərlə bağlıdır. Belə ki, 11 fevral 2022-ci il tarixli əmri 12 yanvar 2023-cü ilə qədər olan müddətdə cənab general Ehtiram Xəlilovun işdən uzalaşmağı və cənab general leytenant Səfər Mehdiyevin işdən uzaqlaşmağı iddiaçıya olan təziqlər olunduğu üçün, o bu müddətə qədər gözləmişdir. Ehtiram Xəlilov dəfələrlə iddiaçıdan işlədiyi gömrük postundan pul yığıb gətirməyi istəmiş, onu məcburi şəkildə işdən uzaqlaşdırmışdır. İddiaçı qeyd olunan hallara istinad edərək iddia müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilməsini arzulamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikrini dinlənilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia müddətinin bərpası barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh 11 fevral 2022-ci il tarixli əmrdən çıxarışdan görünür ki, şöbə rəisi, gömrük xidməti kapitanı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin A bəndinə (öz təşəbbüsü ilə) əsasən xidmətinə xitam verilmişdir. Əmək kitabçasının 7-ci səhifəsində iddiaçının işdən azad edilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh 11 fevral 2022-ci il tarixli əmr qeyd olunmuşdur. Əmək kitabçalarının təhvil verilməsinin qeydiyyatı kitabından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə əmək kitabçasını təhvil almış və “əməkdaşın imzası” qrafasında imza etmişdir. Beləliklə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş əmrin ləğv edilməsi barədə iddia İPM-nin 2.2.1- ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Qeyd olunur ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014- cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından da müəyyən edilir ki, iddiaçı tərəfindən 11 fevral 2022-ci il tarixli iddiaçının xidmətinə xitam verilməsi barədə əmr mübahisələndirilmişdir.Həmin əmrə əsasən iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi iddianı predmetini 11 fevral 2022-ci il tarixli xidmətə xitam verilmə barədə əmr təşkil edir. Məhkəmə hesab edir ki, iddianın mahiyyətinə baxılmazdan əvvəl mübahisələndirmə növündə iddianın mümkünlüyü əsaslarının yoxlanılması ilə əlaqədar iddia müddətinin ötürülüb-ötürülməməsinin qiymətləndirilməsi ilə bağlı iddiaçının hüququnun pozulduğu gün müəyyən edilməlidir. Məhkəmə də həmin günün müəyyən edilməsi ilə bağlı aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, mübahisələndirilən əmr iddiaçının əmək kitabçasının 7-ci səhifəsində qeyd olunmuş, əmək kitabçalarının təhvil verilməsinin qeydiyyatı kitabında adı çəkilən əmək kitabçasının iddiaçıya 14 fevral 2022-ci il tarixdə təhvil alınması öz təsbitini tapmışdır, bundan əlavə əmək kitabçasının təhvil alınması əməkdaşın imzası qrafasında iddiaçının imzası ilə təsdiq olunmuşdur ki, bu da iddiaçının sözügedən əmrin mövcudluğundan ən azı 14 fevral 2022-ci il tarixdə məlumatlı olduğunu göstərir ki, məhkəmə hesab edir ki, iddiaçı hüququnun pozulmasını ən azı həmin tarixdə bilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı barəsində qəbul edilmiş 11 fevral 2022ci il tarixli əmr – onun gömrük orqanında xidmətinə xitam verilməsi ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (pul mükafatları), onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Buna baxmayaraq iddiaçı iddia ərizəsi ilə 2023-cü ilin yanvar ayında məhkəməyə müraciət etmiş, nəticədə iddia müddətini buraxmışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Qeyd olunur ki, sabiq əməkdaşın sərəncama götürülməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-314/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli və 2-1(102)-442/2020 saylı xx.xx.2020 qərarlarında da oxşar iş üzrə məhkəmə eyni mövqe nümayiş etdirmişdir. Məhkəmə əmrin ləğv edilməsi tələbindən asılı olan iddianın digər hissələrinə münasibətdə də qeyd etməyi zəruri hesab edir ki, əsas iddia tələbi üçün mümkünlük şərti ödənilmədiyindən asılı iddia tələblərinin də mümkünlüyü istisna olunur. Belə ki, əmrin mübahisələndirilməsi müddəti ötməsi əsası ilə iddia mümkün sayılmadığından həmin əmrin ləğvi nəticəsində iddiaçının əvvəlki işinə bərpası və əmək haqqının ödənilməsinə dair iddiada mümkün hesab edilməməlidir. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halı iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı da müddətin bərpası barədə ərizə təqdim etmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı həmin ərizənin münasibət bildirilməsi ilə bağlı da aşağıdakıların xüsusi olaraq vurğulanmasını zəruri hesab edir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan əmr barədə iddiaçı ən azı 14 fevral 2022-ci il tarixdə məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. İddiaçı həmin müddətin buraxılmasına səbəb olmuş halları əvvəlki iş yerində olan təziqlər ilə əlaqəndirsə də məhkəmə həmin əsasları ərizənin bərpası üçün yetərli əsas hesab etmir. Belə ki, inzibati prosessual qanunvericiliyin müddətin bərpası əsası ilə bağlı tələbi aşkardır. Tələb təqsirin olmaması ilə bağlıdır ki, hazırkı hallar üzrə iddia müddətinin ötürülməsində iddiaçının təqsirini istisna edən hallar mövcud deyil. Göründüyü kimi iddiaçının istinad etdiyi əsaslar iddia müddətinin bərpasına səbəb ola biləcək təqsiri istisna edən əsaslar kimi qiymətləndirilmir. Məhkəmə eyni zamanda prosessual müddətin bərpası barədə ərizə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla münasibət bildirilməsinə münasibətdə də prosessual pozuntunun olmaması qənaətindədir. Belə ki, hazırkı halda iddianın mümkün hesab edilməməsinin yeganə əsası müddətin ötürülməsi ilə bağlıdır ki, həmin ərizənin də müddətlə bağlılığı ayrı-ayrı qərardad çıxarılmaqla onlardan ayrı-ayrılıqda şikayət verilməsi əvəzində vahid qərardadın qəbulunu iddiaçının həmin qərardaddan şikayət vermək hüququnun istifadəsini asanlaşdırdığı qənaətindədir. Bu zaman oxşar məzmunlu ifadələrin iki ayrı qərardadda əks olunmasını da məhkəmə əhəmiyyətsiz hesab edir. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsinin 2-1(102)-472/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-2163/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-1701/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında da ərizəyə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla baxılmasına da qəbul edilmiş qərardadlardan şikayətə baxılmış və prosessual normanın pozuntusuna dair hər hansı müddəaya, yəni həmin qərardadların ayrı-ayrılıqda qəbul edilməli olmasına dair mövqe nümayiş etdirilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməməli iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Prosessual müddətin bərpa edilməsinə dair ərizə (vəsatət) təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5694/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5694/2023
26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver