Məhkəmə qərarları › İş №2-1(112)-5695/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5695/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5695/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X10, X4, X5 və X6) ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək üçüncü şəxslər X10, X4, X5 və X2 ona məxsus ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ ilə mənə məxsusdur. Adıçəkilən evi 20.08.2020-ci il tarixində cavabdeh X1 alqı-satqı müqaviləsi əsasında alıb. Alqı-satqı prosesi Bakı şəhəri 50 saylı notarai kontorunda həyata keçirilmişdir. Müqavilənin 8-ci və 13-cü maddəsinə əsasən, alıcıya üçüncü şəxslərin hüquqlarından azad əmlak verməyi və 21.09.2020-ci il tarixədək qeydiyyatdan çıxmaq öhdəliyini götürmüşdür. Lakin cavabdehlər müqavilə üzrə öhdəlikləri yerinə yetirmirlər. Eyni zamanda bildirir ki, cavabdehlər ona məxsus olan mənzildə yaşamırlar. Lakin satıcı və ailə üzvləri müqavilə üzrə öhdəlikləri yerinə yetirmirlər. Eyni zamanda bildirir ki, adını qeyd etdiyi şəxslər - X10, X4, X5 və X6 ona məxsus olan mənzildə yaşamırlar və adını qeyd etdiyi şəxslərin pasport qeydiyyatının onun mənzilində olması formal xarakter daşıyır. Məhz bu səbəbdən adı qeyd edilən şəxslər ona məxsus olan mənzildən pasport qeydiyyatdan çıxarılmalıdırlar. Bildirir ki, qeyd edilən şəxslərin ona məxsus olan mənzildən pasport qeydiyyatından çıxarılması ilə bağlı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə müraciət edib. Lakin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi imtina məktubu ilə bildirmişdir ki, qeyd edilən şəxslərin ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılması Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin səlahiyyəti daxilində deyil və məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.

3. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxslər həmin evdə yaşamır, hazırda evdəki qeydiyyatları formal xarakter daşıyır. Eyni zamanda şifahi məhkəmə dinləmələrinin (məhkəmə baxış iclasının) onun iştirakı olmadan keçirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh Suraxanı rayon polis idarəsi tərəfindən məhkəməyə ünvanlanan 28.06.2021-ci il tarixli məktubunda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən hazırki iş üzrə məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

II. İddianın növü və mümkünlüyü

5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

6. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

7. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi 25.02.2021-ci il tarixli cavabında (bundan sonra - cavabdehin imtinası) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinadən həmin ünvan üzrə qeydiyyatdan çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkünlüyü qeyd edilmişdir.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

8. Məhkəmənin hazırki iş üzrə 14.04.2021-ci il tarixli qərardadı ilə X10, X4, X5 və X6 üçüncü şəxs qismində cəlb olunmuşdur.

9. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 04.02.2021-ci il tarixli ******* nömrəli arayışa əsasən, X10, X4, X5 və X6 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

10. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, X10, X4, X5 və X6 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

11. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ev ½ hissədə İddiaçı xüsusi mülkiyyətindədir.

12. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17.05.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, X10, X4, X5 və X6 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 25 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir.

13. Məhkəmə iclasında üçüncü şəxslərdən X10, X5 və X6 iştirak edərək bildirdilər ki, qeyd edilən evin satılmasına razılıq veriblər və qeydiyyatdan çıxmağa razıdırlar.

14. İddiaçı ilə üçüncü şəxslərdən olan X6 arasında ünvan 1 ünvanında yerləşən ev ½ hissəsinə dair 20.08.2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və üçüncü şəxslər qeyd edilən evin satılmasına notariat qaydasında razılıq vermişlər (notariat işinin təsdiq edilmiş surəti əlavə olunur).

IV. Məhkəmənin mövqeyi

15. İddiaçı evin 1/2 hissədə mülkiyyətçisidir, üçüncü şəxslərin qeydiyyatı məhz qeyd edilən hissəyə aiddir. Belə ki, həmin hissə üçüncü şəxslərdən X3 məxsus olmaqla onun ailə üzvlərinin razılığı ilə iddiaçıya özgəninkiləşdirilmiş və hazırda evdəki qeydiyyatları formal xarakter daşıyır.

16. İddiaçı qeyd edilən evin paylı mülkiyyətçisi olmasına baxmayaraq, məhkəmə qeydiyyatın ona aid hissə ilə bağlı olduğunu nəzərə alır. Odur ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır.

17. Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamır, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

18. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

21. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

24. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X10, X4, X5 və X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X10, X4, X5 və X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar