Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5695/2023 22.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı qıznın cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1967-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixindən etibarən 52 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişlərin ödənilməsi ilə bağlı öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 52 yaşdan yəni, 15 dekabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı xx.xx.2019-cu il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun ümumi iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən çox təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatna imkan verməməsi səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı inzibati orqana müraciət edərkən müvafiq qeydlərin aparıldığı güzəştli şərtlərlə pensiya hüququ verən iş yerindən arayış təqdim etməmişdir. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır. Tərəflər izahatları: İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə diqqətə çatdırır ki, cavabdeh iddianın mümkünlük şərtlərinə cavab vermədiyinə istinad edərkən iddiaçı tərəfindən müraciətə güzəştli arayışın təqdim edilmədiyini bildirmişdir. Halbuki, iddiaçı tərəfindən təqdim olunmuş imtina məktublarından görünür ki, iddiaçının 28 oktyabr 2020-ci il tarixli müraciətinə baxılarkən ümumi iş stajının 20 ildən az olmasına və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalınanın az olduğuna, 11 oktyabr 2022-ci il tarixli müraciətinə baxılarkən isə onun təhsil aldığı müddətin əyani olub-olmamasını müəyyən etmək mümkün olmadığına istinad etmişdir. Cavabdeh hər iki imtinadan sonra son olaraq iddiaçının təqdim etdiyi güzəştli arayışda işlədiyi vəzifələrin funksiyalarının Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun olmasını təsdiq edən əlaqələndirici məlumatların göstərilmədiyini istinad etmişdir. Halbuki, cavabdeh ilkin müraciətlərə qiymət verərkən bu hallara ümumiyyətlə toxunmamışdır. Hətta bu məqamlar ilkin müraciətə baxılan zamanı qeyd olunsa belə, iddiaçı tərəfindən təqdim olunmuş güzəştli arayışda bu məlumatlar öz əksini tapmış, güzəştli arayış səlahiyyətli orqan tərəfindən verildiyindən mötəbər hesab edilmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, hazırki iddia tələbinin mümkün sayılmaması üçün hər hansı əsas yoxdur. Odur ki, iddia mümkün iddiadır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1967-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən verilmiş arxiv arayışından görünür ki, X4 1986-cı ildə F.N.İlyin adına 1 nömrəli Bakı Baza Tibb Məktəbinin “ümumi profil üzrə tibb bacısı” şöbəsinə əyani qəbul olunmuş və 1988-ci ildə həmin məktəbi bitirərək “Tibb bacısı” ixtisası üzrə diplom almışdır. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək fəhlə; xx.xx.1988-ci il tarixdən Azərbaycan SSR S.T.N müalicə pansionatına tibb bacısı vəzifəsinə işə götürülmüş; xx.xx.1990-cı il tarixdə tibb qeydiyyatçısı vəzifəsinə keçirilmiş və xx.xx.1993-cü il tarixdə öz xahiş ilə işdən azad edilmiş; xx.xx.1993-cü il tarixdən 3 saylı Mərdəkan uşaq ağ ciyər verəm sanatoriyasına təcridedici tibb bacısı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2002-ci il tarixdə palata tibb bacısı vəzifəsinə keçirilmiş və xx.xx.2018-ci il tarixdə öz xahiş ilə işdən azad edilmiş; xx.xx.2018-ci il tarixdən Müharibə veteran Respublikası Xəstəxanası Herontologiya Şöbəsinə tibb bacısı qəbul olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1967-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verərkən cavabdeh imtina əsası kimi üç hala istinad etmişdir:
1. Ümumi iş stajının 20 ildən az olması;
2. Fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatna imkan verməməsi;
3. Güzəştli arayışda iddiaçının işlədiyi izolyator tibb bacısı və palata tibb bacısı vəzifələri üzrə əmək funksiyalarının Siyahıda nəzərdə tutulmuş xəsətələrə xidmət edibetməməsi ilə bağlı məlumatın olmamasıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olubolmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün aşağıdaki qanunvericiliyin müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyası, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qadınlara 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 20 il, güzəştli iş stajının 10 ildən çox olmasını şərtləndirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1967-cı il təvəllüdlü olduğundan, onun 52 yaşı xx.xx.2019-ci il tarixdə tamam olur. Nəzərə alınmalıdır ki, həmin dövrdə isə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik olmuş və qadınlarda güzəştli şərtlərlə əmək pensiyası ilə bağlı yaş şərti 55 olmuşdur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının 52 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqunun yaranması “Əmək pensiyaları haqqında” Qanunun deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında yoxlanmalıdır. Beləliklə, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki şərtin ödənilməsi tələb olunur: 1) xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 20 ildən çox olması; 2) xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 10 ildən çox təşkil etməsidir. Məhkəmə ilk növbədə iddiaçının ümumi iş stajına münasibət bildirir. Ümumi iş stajı ilə bağlı qeyd edir ki, hər nə qədər ümumi iş stajı ilə bağlı şərtin ödənilməsi cavabdeh tərəfindən mübahisələndirilməsə də, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq ümumi iş stajının nə qədər təşkil etdiyinə münasibət bildirilməsini zəruri hesab edir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir Belə ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, əksinə əmək kitabçası olmadıqda işəgötürənin arayışı əsasında müəyyən edilməsini şərtləndirmişdir. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək fəhlə; (01 il 10 ay 05 gün) -xx.xx.1988-ci il tarixdən Azərbaycan SSR S.T.N müalicə pansionatına tibb bacısı vəzifəsinə işə götürülmüş; xx.xx.1990-cı il tarixdə tibb qeydiyyatçısı vəzifəsinə keçirilmiş və xx.xx.1993-cü il tarixdə öz xahiş ilə işdən azad edilmiş; (04 il 10 ay) -xx.xx.1993-cü il tarixdən 3 saylı Mərdəkan uşaq ağ ciyər verəm sanatoriyasına təcridedici tibb bacısı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2002-ci il tarixdə palata tibb bacısı vəzifəsinə keçirilmiş və xx.xx.2018-ci il tarixdə öz xahiş ilə işdən azad edilmiş; (xx.xx.2006-cı il tarixədək 12 il 06 ay 01 gün) -xx.xx.2018-ci il tarixdən Müharibə veteran Respublikası Xəstəxanası Herontologiya Şöbəsinə tibb bacısı qəbul olunmuşdur. Məhkəmə iddiaçının təhsil aldığı dövrlə bağlı isə bildirir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək F.N.İlyin adına 1 nömrəli Bakı Baza Tibb Məktəbində “ümumi profil üzrə tibb bacısı” ixtisası üzrə təhsil almışdır. Nəzərə alınmalıdır ki,cavabdeh inzibati orqan imtina məktubunda iddiaçının təhsil müddətini nəzərə almadıqda, təhsil müddətinin əyani yoxsa qiyabi olmasını müəyyən edə bilmədiyinə istinad etmişdir. Halbuki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nəznində olan Tibb Kolleci arxiv arayışında iddiaçının aldığı təhsilin əyani olduğunu təsdiq etmişdir ki, həmin arayışda əks olunan məlumatların mötəbərliyi şübhə doğurmamışdır. Göründüyü kimi iddiaçının təhsil müddəti 01 il 10 ay 17 gün təşkil edir. Beləliklə hər nə qədər də cavabdeh iddiaçının ümumi iş stajının tamamlanmadığı bildirsə də, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlərdən (diplomun surəti, əmək kitabçası, arayışlar və s.) məlum olur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən (21 il 15 gün) çox təşkil edir ki, bu da öz növbəliyində iddiaçı tərəfindən ümumi iş stajı ilə bağlı şərtin ödənildiyinə dəlalət edir. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibət bildirərək qeyd edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş güzəştli iş stajını toplamışdır. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 nömrəli Vərəm Sanatoriyası tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən izolyator tibb bacısı, xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək isə palatada tibb bacısı vəzifəsində işləmiş, vərəm xəstələrlə təmasda olduğuna görə həmin vəzifələr tibb işçisi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 19-cu bölməsinin “a” bəndinə uyğun olaraq vərəm infeksiya kabinetlərində, bölmələrində, idarələrində çalışan orta və kiçik tibb işçilərinə, heyətinə güzəştli təqaüdə çıxmaq hüququ verir. Göründüyü kimi iddiaçının işlədiyi müəssisə tərəfindən onun xx.xx.1993-xx.xx.2006ci il tarixədək işlədiyi müddət güzəşlti iş stajı kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda - 2260000a kod altında a) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta və kiçik tibb heyəti zərəli iş kimi nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 19. Tibb və sosial təminat müəssisələri bölməsində vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində işləyən orta və kiçik tibb heyəti güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Göründüyü kimi, həm “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin də “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta və kiçik tibb heyəti vəzifələri güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Bu zaman, kiçik tibb işçilərinin kateqoriyasına daxil olan əməkdaşların hansı fəaliyyətin icra etməsinin müyyən edilməsi mühüm rol oynayır ki, bunun müəyyən edilməsi “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X3” əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixi, 8 №-li Qərarı ilə təsdiq olunmuş Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1 xəstələrə qulluq edən kiçik tibb bacısı (qardaşı) kiçik tibb heyətinə daxildir. Nəzərə alınmalıdır ki, tibb bacısının əmək funksiyası müəyyən prinsip əsasında xarakterizə olunmuşdur ki, bu funksiyalar xəstələrə müalicə-profilaktika müəssisələrində və evdə tibbi qulluğun, xəstəyə həkiməqədər tibbi yardımın göstərilməsi, sanitariya maarifi işinin aparılması, laboratoriya tədqiqatları üçün materiallarının götürülməsi və ən sadə analizlərinin aparılması, həmçinin tibb alətlərini, sarğı materiallarını və xəstələrə tibbi qulluq əşyalarını sterilizasiya edilməsi, o cümlədən həkim təyinatlarının düzgün yerinə yetirilməsi ilə həyata keçirilir. Əlbəttə, infeksion kabinetlərdə işləyən tibb bacılarının (qardaşların) zərərli iş şəraitində işləməsi təkzib olunmazdır. Belə ki, həmin infeksion kabinetlərində işləyən tibb bacıları (qardaşları) daha kəskin patoloji infeksiyaya yoluxmuş şəxslərə qulluq etdiklərinə görə, onların yoluxma riski kifayət qədər yüksək olur və bu bir mənalı olaraq onların daha zərərli iş şəraitində fəaliyyət göstərməsini nümayiş etdirir. Beləliklə məhkəmə güzəştli arayışı, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixi, 8 №-li Qərarı ilə təsdiq olunmuş Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X2 daxil olmuş məlumatlar ilə birgə təhlil edərək hesab edir ki, iddiaçının vərəm bölməsində işləyi tibb bacısı vəzifəsi “kiçik tibb heyəti” vəzifənin tərkib hissəsi olmaqla yanaşı güzəştli pensiya hüququ verən vəzifəyə aiddir. Məhkəmənin qənaətinə görə iddiaçının vərəm bölməsində işlədiyi müddət 10 ildən (xx.xx.1993-xx.xx.2006=12 il 06 ay 01 gün) çox təşkil edir ki, bu da iddiaçının güzəştli iş stajının qanunvericilikdə nəzərdə tutulmuş həddən çox olduğunu təsdiq edir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinin tələblərinə zidd sayılır. Hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur.İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasından savayi, həmçinin də, təqdim olunmuş güzəştli arayışda aşkar olaraq göstərilmişdir. Cavabdehin imtina məktubunda göstərilən əsas ilə bağlı isə, Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi və güzəştli iş stajı toplanıldığından, ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normaları tətbiq olunmalıdır. Başqa sözlə desək, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa həmin Qanunda nəzərdə tutulmadığından, iddiaçının topladığı ümumi və güzəştli iş stajları, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2020ci il tarixdə (imtina məktubunda göstərilən ilkin tarix) cavabdehə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən deyil, pensiya hüququ yarandığı xx.xx.2019-cu il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşdan yəni, 15 dekabr 2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya ödənişlərin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov