Məhkəmə qərarları › İş №2-1(112)-5698/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5698/2021

15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5698/2021 15.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı müavinətin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 1 saylı Ərazi Məşğulluq Mərkəzinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı Azərbaycan Respublikası Nazirlər Kabineti 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan İddiaçı xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehin cavab məktubunun qanunsuz hesab edilməsi, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan İddiaçı xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli 127 saylı qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin ’’Məşğulluq" alt sistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (bir yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsini müəyyən etmişdir. Həmin qərara əsasən şərtlər və qaydalar müəyyən edilmişdir. O, hələ karantin dövrü başlamamışdan xeyli əvvəl dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinə öz ixtisasına uyğun və yaxud başqa bir sahədə iş üçün müraciətlər etmişdir. Etdiyi müraciətlər təxminən 2008-ci ildən 2020-ci ilə qədər olan dövrü əhatə etmişdir. Bu müraciətlər həm Dövlət Məşğulluq Xidmətinin uçot şöbəsində həm də Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) qeydə alınmışdır. Demək olar ki, etdiyi çoxsaylı müraciətlərə baxmayaraq Dövlət Məşğulluq Xidməti ona heç bir iş təklifi etməmiş, hər dəfə onlarda heç bir vakansiyanın olmadığı bildirilmişdir. Halbuki o, öz ixtisasına uyğun olaraq Dövlət Sertifıkasiya Komissiyasının imtahanında belə uğurlu nəticə əldə edərək sertifikat almışdır. Dövlət Məşğulluq Xidmətinə etdiyi sonuncu müraciətdən sonra 04 dekabr 2019-cu ildə təsdiqlənmiş işsiz statusu almışdır. Məlum Covid-19 virusunun yayılması nəticəsində, dövlətin pandemiya elan etməsi və işsiz statusu almış şəxslərə 190 manat sosial müavinət veriləcəyi açıqlanandan sonra, o, bir daha E-SOSİAL.AZ saytında şəxsi kabinetinə daxil olub, öz məlumatlarını yoxlamış, sistem ona işsiz kimi qeydiyyatda olduğunu xatırlatmışdır. Lakin, 2020 ci ilin aprel ayının 23-də onun mobil telefonuna sms gələrək, ona -X4 4.1.3 maddəsinin şamil edilərək, işsiz kimi qeydiyyata alınmaqdan imtina edilmişdir. Cəmi 3(üç) ay əvvəl işsiz kimi qeydiyyata alınan şəxsin, "sahibkar" yaxud "fermer" kimi qələmə verilməsi. O, 1979-cu ildə Bakı şəhərində doğulmuşdur. Həmişə Bakıda yaşamışdır və hazırki vaxtadək Bak şəhəri, Yasamal rayonunda qeydyyatdadır. Heç bir fermer fəaliyyəti ilə məşğul olmamışdır. İxtisasca da tibb işçisidir. “Ünvanlı Sosial Yardım Haqqında” Azərbaycan Respublikasının Qanununa görə, aztəminatlı ailə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrdir. Müxtəlif orqanlara müraciət etsə də, nəticə verməmişdir. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının 2-ci bəndinin 3-cü hissəsi birdəfəlik ödəmə verilməsindən imtina olunmalı olan şəxslərin kateqoriyasını müəyyən edib. Həmin normaya görə dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; əmək pensiyaçılarına; aylıq müavinət alanlara; aylıq təqaüd alanlara; özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; işsizlikdən sığorta ödənişi alanlara; peşə hazırlığına görə təqaüd alanlara; 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi" altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; əri və ya arvadı yuxarıda qeyd edilən ödəniş alan şəxslərə. Qanunvericiliyin qeyd edilən müddəasından göründüyü kimi, şəxsin aztəminatlı meyarına cavab verilməsi birdəfəlik ödəmə verilməsindən imtinaya əsas olan hal kimi nəzərdə tutulmayıb. Ona görə də, hesab edir ki, Nazirliyin onun müraciəti barədə imtinası qanunsuzdur. Bundan başqa, o, bu Qaydaların 2-ci bəndinin 3-cü hissəsində nəzərdə tutulan hər hansı ödənişi də almır. Ona verilmiş cavab həqiqətə uyğun deyil və NK-nin 127 saylı qərarına ziddir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1979-cu ildə doğulmuşdur. ünvan 1 ünvanında qeyydiyyatdadır. İddiaçı məxsus telefon nömrəsinə 22 aprel 2020-ci il tarixdə E.Sosial.az-dan göndərilmiş SMS-dən müəyyən olunur ki, “Torpaq mülkiyətçisi olduğuna görə” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsinə əsasən onun işsiz kimi qeydiyyata alınmasından imtina olunmuşdur. İddiaçının müraciətlərinə cavab olaraq: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 22 aprel 2020-ci il tarixli **********9 nömrəli cavab məktubunda göstərilmişdir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən sosial yardımın verilməsi üçün qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq X6 və X9 tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 1 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən verilmiş 28 avqust 2020-ci il tarixli **********5 nömrəli cavab məktubunda göstərilmişdir ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmışdır və 600 min şəxs üzrə bütün ödəmələr həyata keçirilmişdir. İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sisteminin əlavə araşdırmaları nəticəsində əldə edilmiş məlumatlara əsasən iddiaçı torpaq mülkiyyətçisi olduğuna görə ona 190 manat birdəfəlik ödəmədən imtina edilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********40 №li 17 iyul 2021-ci il tarixli məktubla bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına qeydiyyata alınmış və mülkiyyətində olan daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 13.09.2021-ci il tarixli 05/2-8401/13 nömrəli məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı 11.11.2011-ci ildə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 20.08.1990-cı il təvəllüdlü X3 ilə nikaha daxil olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. İPM-nin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın: 1-1.ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra - Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra - işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra - birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3-cü bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1 -ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə (2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in "Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1 -ci -2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Sonradan "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11 -2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara (2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11 -ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il 216 №-li, 7 avqust 2020-ci il 283 №-li və 23 dekabr 2020-ci il 50 №-li Qərarlarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilməsinə qərar verilmişdir. "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Həmin Qanunun 4.1 və 4.1.3-cü maddələrinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslərə aiddir. Həmin Qanunun 5.12.1 -ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxslərə aid edilən şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejimi tətbiq olunduğu zaman, işsiz kimi qeydiyyatda olan şəxslərə aprel, may, iyun, avqust və dekabr ayları üzrə birdəfəlik ödəmənin verilməsi həyata keçirilirdi. Nəzərə alınmalıdır ki, işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün onlar müvafiq meyarlara uyğun olmalıdırlar. Yuxarıda adı qeyd olunan Qaydaların 3.8-ci bəndinə əsasən (birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili işlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur) bəndləri nəzərə alınmaqla həyata keçirilir. Qeyd olunanlar nəzərə alınmaqla MAS tərəfindən iddiaçının məlumatlarının təhlili zamanı iddiaçının torpaq mülkiyyətçisi olması səbəbindən Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş sözügedən Qaydanın 2.3.11-ci bəndinə əsasən iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Qeyd edilməlidir ki, işsiz şəxslərə birdəfəlik ödənişin verilməsi zamanı vətəndaşlarla bağlı məlumatlar müvafiq qaydada digər icra hakimiyyət orqanlarının elektron informasiya sistemlərindən əldə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın tələblərindən də göründüyü kimi, birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq 2020-ci il 1 aprel tarixinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə qeyd olunan "Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etdiyi zaman İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemində iddiaçı torpaq mülkiyyətçisi olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq aztəminatlılıq meyarına cavab verməmiş, bu səbəbdən birdəfəlik ödəməni almaq hüququ yaranmamışdır. Bu səbəbdən də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar