Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5700/2024 19.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə İsayeva Gülay Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1991-ci ildən Azərbaycan X2 Şirkətində redaktor vəzifəsində çalışmışdır. xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək Ağdam, Zəngilan, Goranboy cəbhə bölgələrində bir çox veriliş və reportajlar hazırlamışdır. Müharibə veteranı adı və vəsiqəsini almaq üçün cavabdeh orqana etdiyi müraciətə imtina cavabı aldığından məhkəmədə iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3458/2023 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və onun xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh məhkəmənin qərarı ilə bağlı heç bir zəruri araşdırma aparmamış və iddiaçının müraciətinə cavabdeh tərəfindən yenidən imtina cavabı verilərək, məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının döyüş əməliyyatları dövründə Azərbaycan Respublikası X2 Şirkəti tərəfindən Ağdam, Zəngilan və Goranboy rayonlarına ezam olunmasına dair məlumatlar olsa da, onun Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə (bölmələrə) döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezam olunmasına dair müvafiq məlumatlar müəyyən edilməmiş, 1992-1993-cü illərdə Ağdam, Zəngilan, Goranboy rayonlarına ezam olunarkən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə (bölmələrdə) xidmət edən hərbi qulluqçu statusuna malik olmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Məhkəmə iclаsındа İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Azərbaycan Respublikası X2 Şirkəti tərəfindən verilmiş 37 №-li, xx.xx.2000-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, İddiaçı 1991-ci ildən Azərbaycan X2 Şirkətində redaktor vəzifəsində işləmişdir. 1992-ci ildən Dövlət Televiziyasına müntəzəm olaraq cəbhə bölgələrindən bir çox verilişlər və reportajlar hazırlamışdır. Eyni zamanda arayışda qeyd olunmuşdur ki, redaktor İddiaçı 1992-ci il martın 31-dən aprelin 4-dək Ağdam şəhərinə ezam edilmişdir (Əmr № 13, xx.xx.1992-ci il); “Vətən sənə oğul deyir” adlı verilişin çəkilişi ilə əlaqədar 1992-ci il mayın 20-26 dək Zəngilan rayonuna ezam edilmişdir (Əmr № 22, xx.xx.1992-ci il); 1993-cü il iyulun 15-21-dək Ağdam şəhərinə ezam edilmişdir (Əmr-57, xx.xx.1993-cü il); 1993-cü il dekabrın 24-27-dək Goranboy rayonuna ezam edilmişdir ( Əmr-126, xx.xx.1993-cü il). Arayışda eyni zamanda qeyd olunmuşdur kl, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən ezamiyyət vərəqələri arxivdə cəmi 3 (üç) il qorunub saxlanılır, sonra isə müəyyən qaydada məhv olur. Beləliklə Şirkətin redaktoru İddiaçı 1992-1993-cü illər ərzində döyüş zonalarına ezam olunması barədə ezamiyyət vərəqələri qorunub saxlanmayıb. Lakin şirkətin əmrlərindən görünür ki, redaktor İddiaçı həqiqətən döyüş zonalarına ezam edilmişdir. - Ağdam Rayon İcra Hakimiyyətinin 362 №-li, xx.xx.2001-ci il tarixli arayışından müəyyən olunur ki, Teleradio verilişləri şirkətinin redaktoru İddiaçı 1992-ci il martın 21-dən aprelin 4-dək, 1992-ci ilin iyul ayının 15-dən 21-dək Ağdam döyüş bölgələrinə ezam olunub və döyüş zonasından reportajlar hazırlamışdır. - Azərbaycan X2 Şirkətinin Arxivi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən ezamiyyət vərəqələri Azərbaycan X2 Şirkətinin arxivində cəmi 3 il qorunub saxlanılır. Sonra müəyyən qaydada məhv olur. Lakin Şirkətin əmrlərindən görünür ki, İddiaçı həqiqətən döyüş zonalarına ezam edilmişdir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3458/2023 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası qismən təmin edilərək, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. - Qeyd olunan qərarın icrası ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/3-5849 saylı məktubunda qeyd olunmuşdur: “Vətəndaş İddiaçı sənədlərinə komissiyanın 11,04.2023-cü il tarixli iclasında baxılmış, döyüş əməliyyatlarının aparıldığı dövrdə Azərbaycan Respublikası X2 Şirkətinin müvafiq əmrləri ilə 1992-1993-cü illərdə Ağdam, Zəngilan, Goranboy rayonlarına ezam olunmasına dair məlumatlar var, lakin qeyd olunan müddətlərdə şəxsin getdiyi hərbi hissələrə (bölmələrə) döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezam olunmasına dair müvafiq məlumatlar müəyyən edilməmişdir. Bu hal həm məhkəmə qərarında, həm də komissiyaya təqdim edilmiş sənədlərdə öz təsdiqini tapmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikasının vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Məhkəmə qərarında qeyd edilmişdir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tərcüməçi xidməti göstərmək məqsədi ilə ezam olunması və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan konteksdən qiymətləndirmək lazımdır. Başqa sözlə hərbi hissə komandirinin əmrinə əsasən iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdə Azərbaycan X2 Şirşətinin redaktoru kimi xidməti vəzifələrini yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Qərarda qeyd edilmiş “başqa sözlə hərbi hissə komandirinin əmrinə əsasən” ifadəsinin ərizəçi tərəfindən etmiş olduğu müraciətində həmin dövrdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə (bölmələrə) döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezam olunmasına dair müvafiq məlumatlar qeyd etməmiş, həmçinin komissiya tərəfidən onun barəsində hansısa əmrlərin mövcudluğuna dair məlumatlar əldə edə bilməmişdir. Vətəndaş İddiaçı, həmin dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndində, 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlar döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçu statusunda olmamışdır. Bakı İnzibati Məhkəməsin xx.xx.2023-cü il tarixli 2-1(112)-3458/2023 nömrəli Qərarında vətəndaş İddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilqməsi haqqında öhdəliyin qoyulması qərara alınmış, lakin “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə bağlı arzulanan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmadığından, onun Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə (bölmələrə) döyüş tapşırığının yerinə yetirilməsi İlə bağlı ezam olunmasına dair müvafiq məlumatlar olmadığından, 1992-1993-cü illərdə Ağdam, Zəngilan və Goranboy rayonlarına ezam olunarkən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə (bölmələrdə) xidmət edən hərbi hərbi qulluqçu statusuna malik olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” nin tələblərinə əsasən ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur.” “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İstinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, “müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır”. Hazırki mübahisəyə münasibətdə iddiaçıya müharibə veteranı adının verilməsi üçün zəruri olan və istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, iş üzrə məhkəmə araşdırması ilə İddiaçı Azərbaycan Respublikası X2 Şirkəti tərəfindən 1992-ci il martın 31-dən aprelin 4-dək Ağdam şəhərinə, 1992-ci il mayın 20-26 dək Zəngilan rayonuna, 1993-cü il iyulun 15-21-dək Ağdam şəhərinə, 1993-cü il dekabrın 24-27-dək Goranboy rayonuna ezam edildiyi müəyyən olunsa da, onun məhz döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar ezam olunması müəyyən olunmur. İddiaçının ezam olunduğu ərazidə icra etməli olduğu vəzifə (verilişlərin və reportajların hazırlanması) bilavasitə döyüş əməliyyatları aparan hərbi hissənin və ya orqanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, həmin hərbi hissə və ya orqana verilən tapşırıqların minimal itkilərlə və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərə (kəşfiyyat, mühəndis təminatı, radioelektron mübarizə, taktiki maskalanma və s.) aid olmamışdır. Həmçinin iddiaçının döyüş təminatı, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədləri üçün xidmətlərini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud olmadığı üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalı və iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14, 23.1, 58.7, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2ardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Araz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5700/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5700/2024
19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver