Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5701/2024 30.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçılar İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X3, İddiaçı6 və X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki üç il üçün pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onların xx.xx.2019-cu il tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən hüquqlarının yaranması Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları ilə təsdiq edildiyi üçün inzibati orqana müraciət etdikləri tarixdən əvvəlki üç il üçün ödənilməli olan pensiya məbləğinin ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçılar məhkəməyə ərizə təqdim edərək X3 və X1 da iddiaçı qismində məhkəmə icraatına cəlb edilmələrini xahiş etmişlər. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmiş və həmin şəxslər birgə iddiaçı kimi hazırkı işə cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar barəsində qəbul edilmiş Ali Məhkəmə qərarları ilə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən sığorta kapitalı əsasında pensiyalarının yenidən hesablanması hüququnu xx.xx.2019-cu il tarixədək əldə etdikləri və cavabdehin onlara verdiyi cavabların qanunazidd olduğu təsdiqlənib. Ali Məhkəmənin qərarları icra edilib, məhkəmə mübahisələrinin davam etdiyi müddətdə almalı olduqları, lakin cavabdehin qanunazidd hərəkətləri davam etdiyi üçün ala bilmədikləri pensiya məbləğinin ödənilməsi təmin edilib. xx.xx.2019-cu il tarixədək qazandıqları kapital əsasında hesablanma aparılıb və pensiyalarının üzərinə əlavə edilib. Lakin “Əmək pensiyaları haqqında” Qanunun tələbinə uyğun olaraq onlara xx.xx.2019xx.xx.2022-ci illərdə keçmiş dövr ərzində almadıqları pensiya məbləğinin ödənilməsini təmin etmirlər. Cavabdeh qurumun məsul şəxsləri 32.1-1-ci maddəni tətbiq etməkdən yayınır. Məhkəmə mübahisələrinin getdiyi dövrdə almadıqları pensiya məbləğinin ödənilməsini qanuni qüvvəyə minmiş qərar əsasında icra ediblər. İnzibati orqana müraciət edilən tarixdən öncəki üç il üçün pensiya məbləğinin ödənilməsini isə Qanunun tələbinə görə ödəməlidirlər. Çünki Ali Məhkəmənin qərarı ilə hüququn yaranması tarixi təsdiqlənib. Bunu cavabdehin məsul şəxsləri təəssüf ki, qəbul etmir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 -ci maddəsinin tələblərinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bununla bağlı iddiaçılar cavabdehə müraciət edib xahiş etmişlər ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq onlara inzibati orqana müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməli olan pensiya məbləğinin ödənilməsini təmin etsinlər. Cavabdeh qurumdan bildirilib ki, Ali Məhkəmənin qərarlarında keçmiş üç il üçün pensiya məbləğinin ödənilməsi barədə yazılmayıb. Cavabdeh qurumun məsul şəxsləri Qanunun tələbinə uyğun hərəkət etmək üçün məhkəmə qərarını gözləyir. Bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. “Əmək pensiyaları haqqında” Qanunun birbaşa göstərişi cavabdehin məsul şəxslərini qane etmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət təqdim edilmiş və bildirilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün hesab edilməməlidir: İddiaçı1 “cavabdehin yenidən hesablanma barədə qərarının ləğv edilməsi öhdəliyinin və ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək toplanan sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsı”nə dair iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 avqust 2022ci il tarixli 2-1(112)-5496/2022 nömrəli qərarı ilə iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2-1(103)-578/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2-1(112)-5496/2022 nömrəli qərarı ləğv edilmiş, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi və ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək toplanan sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyi cavabdehə həvalə edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli 2-1 (102)-1229/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2-1(103)-578/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı3 Bakı İnzibati Məhkəməsinə “hərbi qulluqçu kimi əmək pensiyası təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul olunması” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia təmin edilmiş, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə fərdi şəxsi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2- 1 (103)- 2125/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-676/2023 nömrəli 02 mart 2023-cü il tarixli qərarı dəyişdirilmiş, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında qərar ləğv edilmiş, iddiaçının hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla, əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 12 oktyabr 2023cü il tarixli 2-1(102)-2399/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2-1(103)-2125/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı4 Bakı İnzibati Məhkəməsinə “pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləyərək toplanan sığorta kapitalı əsasında, pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2-1(112)-6633/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçıya yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli 2¬1 (103)- 563/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 24 iyun 2023-cü il tarixli 2-1(102)-1452/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2-1 (103)-563/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı2 Bakı İnzibati Məhkəməsinə müraciət edərək “pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləyərək toplanan sığorta kapitalı əsasında, pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2022-ci il tarixli 2-1(112)- 5281/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçıya pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləyərək toplanan sığorta kapitalı əsasında, pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2023-cü il tarixli 2-1(103)-445/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 24 iyun 2023-cü il tarixli 2-1(102)-1366/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2-1(103)-445/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı5 Bakı İnzibati Məhkəməsinə müraciət edərək “pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləyərək toplanan sığorta kapitalı əsasında, pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2-1(112)-5478/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması qaydası qanunsuz hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023-cü il tarixli 2-1(103)-375/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli 2- 1(102)-1947/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 28 aprel 2023- cü il tarixli 2-1(103)-375/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı X2 Bakı İnzibati Məhkəməsinə müraciət edərək “pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləyərək toplanan sığorta kapitalı əsasında, pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)- 7062/2022 nömrəli 20 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında qərar ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-392/2023 nömrəli 12 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli 2-1(102)-1070/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 392/2023 nömrəli 12 yanvar 2023- cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Mərkəzi Filial tərəfindən iddiaçılara hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, əmək pensiyası toplanılmış pensiya sığorta kapitalına görə yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra-Qanun) 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalın tələblərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması hüququ olan şəxs müraciət etdikdə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası onun müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanır. Eyni zamanda müvafiq məhkəmə qərarlarında keçmiş müddət üçün ödənilməli olan fərq məbləğinin üç il müddət üçün hesablanması nəzərdə tutulmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanıb ödənilməsi”nə dair iddia tələbi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcud olduğundan hazırkı iddia tələbi mümkünsüz hesab edilməlidir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilibedilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1)iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması: 2)cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4)qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması; 5)İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; 6)prosessual həmiştirakçılığın yol verilənliyi; 7)tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. Qərarın 6-cı maddəsinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci maddəsinə əsasən, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Hesab edilir ki, hazırda icraatda olan iş üzrə iddia tələbi birbaşa yuxarıda adıçəkilən qərarların düzgün icra edilib-edilməməsini mübahisələndirdiyindən isə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılmalıdır. İnzibati Prosessual Məcəllənin 116-cı maddəsinə əsasən, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ciyə 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və va qərar ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və va qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və va xidməti vəzifəsinə görə, inzibati orqana icra ücün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Göründüyü kimi iddiaçıların iddia tələbi Bakı İnzibati Məhkəməsinin qərarının icrası ilə bağlı olduğundan yenidən iddia icraatında baxıla bilməz. İnzibati-Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd edilənləri və İPM-nin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsini hazırkı qaydada müdafiə edib, ona uyğun məzmunda izahat verərək, tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın qeyri-mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıların cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanıb ödənilməsinə dair iddia tələbi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarları mövcuddur və həmin qərarların hər biri icra edilməsi üçün cavabdeh pensiya qurumuna göndərilmişdir. İndiki halda iddiaçıların narazılığı həmin qərarların icrası zamanı cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əməl edilməməsi ilə bağlıdır. Bu məqsədlə iddiaçılar cavabdeh inzibati orqana müraciət etsələr də, məsələnin həllindən imtina edilmiş və bundan sonra onlar birgə iddiaçı qismində hazırkı tələblə məhkəmədə iddia qaldırmışlar. Məhkəmə hesab edir ki, iddiaçılar hüquqi marağına uyğun olaraq öz məqsədlərinə nail olmaq üçün əlverişli hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Belə ki, mübahisə bilavasitə iddiaçıların hər biri barəsində qəbul edilmiş məhkəmə qərarlarının icrası ilə bağlı olduğundan və bu mübahisəyə həmin qərarların icrasında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinin tətbiqi baxımından hüquqi qiymət verilməli olduğundan hazırkı işə iddia icraatı qaydasında deyil, qeyd olunan qanuni qüvvəsini almış məhkəmə aktlarının icrasının davamı olaraq icra icraatı qaydasında baxılmalıdır. İPM-in 116.2-ci maddəsinə əsasən, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Məhkəmə həmçinin qeyd edir ki, istinad olunan Plenum Qərarının 2.3-cü bəndində o da göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Məhkəmə hesab edir ki, iddiaçılar müştərək hüquqi marağa malik olsalar da, onların hər birinin müstəqil qaydada irəli sürdüyü iddia tələbləri əsasında fərqli hakimlər tərəfindən qəbul edilərək icraya yönəldilmiş məhkəmə qərarları mövcud olduğundan və mübahisə də həmin qərarların icrası ilə bağlı qanunun tətbiqindən yarandığından, beləliklə də hazırkı işə ayrıca iddia tələbi kimi deyil, məhkəmə qərarlarının icrası qaydasında baxılmalı olduğundan hazırkı iş üzrə İPM-in 30.1 və 30.2-ci maddələrində təsbit olunmuş “həmiştirakçılıq” halı yolverilən deyil. Aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar hüquqi maraqlarına uyğun olmayan əlverişsiz hüquqi müdafiə vasitəsindən istifadə etdiklərindən və hazırkı tələb üzrə prosessual həmiştirakçılıq yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçılara münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5701/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5701/2024
30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver