Məhkəmə qərarları › İş №2-1(112)-5702/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5702/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5702/2023 05.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Bakı şəhəri Suraxanı rayonu icra hakimiyyətinin cavabdeh X4 qarşı “artıq ödənilmiş mənzil kirayə haqqının qaytarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Bakı şəhəri Suraxanı rayonu icra hakimiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Bakı şəhəri Suraxanı rayonu icra hakimiyyətinin cavabdeh X4 qarşı “artıq ödənilmiş mənzil kirayə haqqının qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Bakı şəhəri Suraxanı rayonu icra hakimiyyəti cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş vəsaitin (mənzil kirayə haqqının) cavabdehdən tutularaq dövlət büdcəsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X1 rayonu icra hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 133 saylı sərəncamına əsasən 1 nəfər ailə tərkibi ilə ehtiyata buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və hər ay ailə üzvlərinin sayına uyğun olaraq (özü, arvadı, 2 oğlu) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada mənzil kirayəsi haqqı (kompensasiya) ödənilmişdir. Qanunvericiliyə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində RİH-də uçota alınmış vətəndaşların mənzil-uçotu işində yeniləmə və dəqiqləşdirmə aparılması zamanı növbəyə alınmış şəxslərin o, cümlədən vətəndaş X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RİH-ə təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda onun övladları X7 adına Ağstafa rayonu, Poylu kəndində 1200 kv.m torpaq sahəsinin, digər övladı Cavabdeh adına isə ipoteka krediti ilə 2 otaqlı mənzil olduğu müəyyən edilmiş və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.2ci, 55.1.4-cü, 55.1.5-ci maddələrinə əsasən Suraxanı RİHB-nin xx.xx.2022-ci il tarixli 143 saylı sərəncamı ilə X6 yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış hərbi qulluqçuların siyahısından çıxarılmaqla mənzil kirayəsi xərcinin (kompensasiya) ödənilməsi dayandırılmışdır. Cavabdeh N.K.Əliyev mülkiyyət hüququ ilə ailə üzvlərinə mənzil və torpaq sahəsinin olduğunu gizlətdiyindən ehtiyyatda buraxılmış hərbi qulluqçu kimi ona ailə üzvləri ilə birlikdə əlavə mənzil kirayəsi haqqı ödənilmişdir. Cavabdeh N.K.Əliyevə RİH-in xx.xx.2022-ci il tarixli 583 saylı məktubu ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış hərbi qulluqçuların siyahısından çıxarılması və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixdə daxil olmaqla 12 ay 375 AZN (üç yüz yetmiş beş manat) ümumilikdə 4500 AZN (dörd min beş yüz manat) əlavə ödənilmiş vəsaitin bir ay müddətində dövlət büdcəsinə geri qaytarılması ilə bağlı məktub ünvanlanmış, ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən hazırki dövrə qədər hər hansı bir ödənişin edilməsi həyata keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirilmişdir, cavabdehin münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən).

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 143 saylı sərəncamından görünür ki, X6 yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış şəxslərin siyahısından çıxarılmışdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 133 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RİH-ə təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçının övladı Cavabdeh Ağstafa rayonu, Poylu kəndində 1.03 ha yaşayış məntəqəsinin torpaq sahəsi, 1.03 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 133 saylı sərəncamından görünür ki, ehtiyata buraxılmış hərbi qulluqçu X1 Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda iddiada göstərilənlər bildirilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli 5-20/2-285/2023 nömrəli məktubunda iddiada göstərilənlər bildirilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10265/2022 nömrəli xx.xx.2022-ci tarixli qərarından görünür ki, iddiaçının iddia tələbi təmin edilərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 143 saylı, xx.xx.2022-ci il tarixli sərəncamı ləğv edilmiş və X2 güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına bərpa edilməsi və müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti həvalə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Göründüyü kimi, cavabdeh üçün əlverişli inzibati akt olan Bakı şəhəri Suraxanı rayonu icra hakimiyyətinin xx.xx.2019-cu il tarixli 133 saylı sərəncamı ilə ehtiyata buraxılmış hərbi qulluqçu X6 yaşayış yeri üzrə 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. Sonradan Bakı şəhəri Suraxanı rayonu icra hakimiyyətinin xx.xx.2022-ci il tarixli 143 saylı sərəncamı ilə X6 yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış şəxslərin siyahısından çıxarılmış, Bakı şəhəri Suraxanı rayonu icra hakimiyyətinin xx.xx.2019-cu il tarixli 133 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Sonuncu akt qəbul edilərkən, iddiaçı tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni cavabdehin yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınması barədə iddiaçının istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda cavabdehin iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdehin yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınması barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, iddiaçı inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən onun barəsində olan əlverişli inzibati aktı ləğv edərək, cavabdehi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış şəxslərin siyahısından çıxarmışdır. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin cavabdehin yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınması barədə sərəncamın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində kirayə haqqının artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. “İnzibati icraat haqqında” Qanunun: 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə pul məbləğinin artıq alınmasına nail olubsa və ya pul məbləğinin artıq hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş pul məbləğinin geri qaytarılması barədə qərar qəbul edilə bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının göstərdiyi hallar cavabdehdən pul ödənişinin tutulmasına əsas yarada bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçı Bakı şəhəri Suraxanı rayonu icra hakimiyyətinin cavabdeh X4 qarşı “artıq ödənilmiş mənzil kirayə haqqının cavabdehdən tutularaq iddiaçıya qaytarılması” barədə iddiası təmin olunmamalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddiaçı Bakı şəhəri Suraxanı rayonu icra hakimiyyətinin cavabdeh X4 qarşı “artıq ödənilmiş mənzil kirayə haqqının cavabdehdən tutularaq iddiaçıya qaytarılması” barədə iddiası təmin olunmasın. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar