Məhkəmə qərarları › İş №2-1(112)-5703/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5703/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5703/2023 07.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin Cavabdeh qarşı “artıq ödənilmiş mənzil kirayə haqqının qaytarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X1 katibliyilə İddiaçı Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin Cavabdeh qarşı “artıq ödənilmiş mənzil kirayə haqqının qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş vəsaitin (mənzil kirayə haqqının) cavabdehdən tutularaq dövlət büdcəsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ehtiyata buraxılmış hərbi qulluqçu Kərimov X2 rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 223 saylı sərəncamına əsasən 5 nəfər ailə tərkibi ilə ehtiyyatda buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və hər ay ailə üzvlərinin sayına uyğun olaraq (özü, arvadı, 2 oğlu, qızı) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada mənzil kirayəsi haqqı (kompensasiya) ödənilmişdir. Qanunvericiliyiyə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində RİH-də uçota alınmış vətəndaşların mənzil-uçotu işində yeniləmə və dəqiqləşdirmə aparılması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar idarəsinə müraciət olunmuş və yaşayış sahəsi ilə təmin olunan şəxslər baradə məlumat verilməsi xahiş edilmişdir. Müdafiə Nazirliyinin Mənzil-istismar İdarəsindən RİH-ə daxil olmuş xx.xx.2022-ci il tarixli 2438 nömrəli cavab məktubunda ehtiyyatda buraxılmış hərbi qulluqçu Cavabdeh dövlət vəsaiti hesabına mənzillə təmin olduğu bildirilmişdir. Cavabdeh mənzillə təmin olduğunu gizlətdiyindən ehtiyata buraxılmış hərbi qulluqçu kimi ona ailə üzvləri ilə birlikdə əlavə mənzil kirayəsi haqqı ödənilmişdir. Cavabdehə RİH-in xx.xx.2022ci il tarixli 581 saylı məktubu ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış hərbi qulluqçuların siyahısından çıxarılması və dövlət vəsaiti hesabına mənzillə təmin olunduğu dövrdən (xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixdə daxil olmaqla 19 ay) hər ay 450 AZN (dörd yüz əlli manat) ümumilikdə 8550 AZN (səkkiz min beş yüz əlli manat) əlavə ödənilmiş vəsaitin bir ay müddətində dövlət büdcəsinə geri qaytarılması ilə bağlı məktub ünvanlanmış, ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən hazırki dövrə qədər hər-hansı bır ödənişin edilməsi həyata keçirilməmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək artıq ödənilmiş 8550 manat (səkkiz min beş yüz əlli manat) mənzil kirayə xərci məbləginin iddiaçı Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin hesabına ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirilmişdir, cavabdehin münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçının nümayəndəsinə və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən).

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 143 saylı sərəncamından görünür ki, ehtiyatda olan hərbi qulluqçu Cavabdeh 5 nəfər ailə tərkibi ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçotdan çıxarılmış və mənzil kirayəsi xərcinin (kompensasiyanın) ödənişi dayandırılmış, Suraxanı RİHB-nin xx.xx.2019-cu il tarixli 223 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. - Qüvvədə düşmüş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 223 saylı sərəncamından görünür ki, ehtiyata buraxılmış hərbi qulluqçu Kərimov X2 Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə 5 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. - İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli 581 saylı məktubu ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış hərbi qulluqçuların siyahısından çıxarılması və dövlət vəsaiti hesabına mənzillə təmin olunduğu dövrdən (xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixdə daxil olmaqla 19 ay) hər ay 450 AZN (dörd yüz əlli manat) ümumilikdə 8550 AZN (səkkiz min beş yüz əlli manat) əlavə ödənilmiş vəsaitin bir ay müddətində dövlət büdcəsinə geri qaytarılması tələb edilmiş, ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2022-ci il tarixli 2438 nömrəli məktubu ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə bildirilmişdir ki, “Sizin, Azərbaycan Respublikası Müdafiə Nazirliyində xx.xx.2022-ci il tarixli 212 nömrəli məktubunuz aidiyyəti üzrə araşdırılmışdır. Bildirirəm ki, aşağıda adları qeyd olunan şəxslər Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi və dövlət vəsaiti hesabına mənzillə təmin edilmişdirlər: X3 - ünvan 2. - İddiaçının xx.xx.2023-cü il tarixli 5-20/2-284/2023 nömrəli məktubu ilə məhkəməyə bildirilmişdir ki, ehtiyata buraxılmış hərbi qulluqçu Kərimov X2 rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 223 saylı sərəncamına əsasən 5 nəfər ailə tərkibi ilə ehtiyyata buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və hər ay ailə üzvlərinin sayına uyğun olaraq (özü, arvadı, 2 oğlu, qızı) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada mənzil kirayəsi haqqı (kompensasiya) ödənilmişdir. Qanunvericiliyinə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində RlH-də uçota alınmış vətəndaşların mənzil-uçotu işində yeniləmə və dəqiqləşdirmə aparılması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-istismar idarəsinə müraciət olunmuş və yaşayış sahəsi ilə təmin olunan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Müdafiə Nazirliyinin Mənzil-istismar idarəsindən RİH-ə daxil olmuş xx.xx.2022-ci il tarixli 2438 nömrəli cavab məktubunda ehtiyata buraxılmış hərbi qulluqçu Cavabdeh dövlət vəsaiti hesabına mənzillə təmin olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.2-ci, 55.1.4-cü, 55.1.5-ci maddələrinə əsasən Suraxanı RİHB-nin xx.xx.2022-ci il tarixli 143 saylı sərəncamından çıxarışa əsasən Cavabdeh yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış hərbi qulluqçuların siyahısından çıxarılmaqla mənzil kirayəsi xərcinin (kompensasiya) ödənilməsi dayandırılmışdır. Cavabdeh RİH-in xx.xx.2022-ci il tarixli 581 saylı məktubu ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış hərbi qulluqçuların siyahısından çıxarılması və dövlət vəsaiti hesabına mənzillə təmin olunduğu dövrdən (xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixdə daxil olmaqla 19 ay) hər ay 450 AZN (dörd yüz əlli manat) ümumilikdə 8550 AZN (səkkiz min beş yüz əlli manat) əlavə ödənilmiş vəsaitin bir ay müddətində dövlət büdcəsinə geri qaytarılması ilə bağlı məktub ünvanlanmış ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tərəfimizdən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - İddiaçı tərəfindən təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, cavabdeh müvafiq ərizə və əlavə edilmiş sənədlərlə mənzil növbəsinə alınması ilə baglı müraciət etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. M a d d ə 1. Hərbi qulluqçuların hüquqi statusu

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir.

2. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli kələn vəzifələri daşıyırlar. Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ 1.Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.

5. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında. Kooperativ mənzil haqqının və ya dövlət bankı kreditlərinin ödənilməsi sahəsində əvəzsiz maliyyə yardımı göstərilməsinin qaydası bu bənddə göstərilmiş və ya ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçular sırasından mənzil-tikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə də şamil edilir. 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əkər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına torpaq sahələri ayırmalı, tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər.

7. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər).

26. Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Fərmanın 3-cü abzasında qeyd edilmişdir ki, ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzilməişət problemlərinin həll edilməsinə təkan vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və yaəmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hazırki işin hallarına görə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2019cu il tarixli 223 saylı sərəncamına əsasən ehtiyata buraxılmış hərbi qulluqçu Kərimov X2 Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə 5 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2022-ci il tarixli 2438 nömrəli məktubu əsasında məlum olmuşdur ki, cavabdeh Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi və dövlət vəsaiti hesabına ünvan 2 ünvanında yerləşən mənzillə təmin edilmişdir. Buna görə də əsaslı olaraq Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 143 saylı sərəncamına əsasən ehtiyatda olan hərbi qulluqçu Cavabdeh 5 nəfər ailə tərkibi ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçotdan çıxarılmış və mənzil kirayəsi xərcinin ödənişi dayandırılmış, Suraxanı RİHB-nin xx.xx.2019-cu il tarixli 223 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Bundan sonra iddiaçı cavabdehə dövlət vəsaiti hesabına mənzillə təmin olunduğu dövrdən (xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixdə daxil olmaqla 19 ay) hər ay 450 manat (dörd yüz əlli manat) ümumilikdə 8550 manat (səkkiz min beş yüz əlli manat) əlavə ödənilmiş vəsaitin bir ay müddətində dövlət büdcəsinə geri qaytarılması ilə bağlı məktub ünvanlasa da, cavabdeh həmin vəsaiti dövlət büdcəsinə qaytarmadıgından iddiaçı pulun tutulması ilə baglı məhkəməyə müraciət etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsinə görə inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanın (maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi ilə bağlı) təfsiri, hazırkı halda cavabdein etimad hüququnun qorunmağa layiq olub-olmamasının müəyyən edilməsi və etimad hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ali Məhkəmənin İnzibati Kollegiyasının analoji işlə baglı 2-1(102)-300/2023 saylı xx.xx.2023-cü il tarixli qərarıdakı hüquqi mövqeyinə görə etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, məhkəmə hazırkı iş üzrə “etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edə bilməz. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququnaistinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bu baxımdan cavabdehin mənzillə təmin edilsə də, mənzil kirayə xərcinin hər ay ona ödənilməsini qanunsuz olduğunu bildiyini və ya ən azından bilməli olduğunu istisna etmək olmaz. Cavabdehin mənzillə təmin edilməsindən sonra mənzil kirayə xərcinin ödənişi həyata keçirilə bilməzdi və dayandırılmalı idi. Cavabdeh isə mənzillə təmin edilməsi barədə cavabdehi məlumatlandırmaq əvəzinə, mənzil kirayə xərcini hər ay almaqda davam etmişdir. Odur ki, cavabdehin etimadının qanunla qorunması hüququna malik olması haqlı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın əsaslı oldugundan təmin edilməli, artıq ödənilmiş 8550 manat (səkkiz min beş yüz əlli manat) mənzil kirayə xərci məbləginin iddiaçının hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Avropa Məhkəməsinin presedent hüququnda "sui-istifadə" anlayışının istifadəsi "müstəsna prosessual tədbirdir" və bu konsepsiya adi mənada, yəni hüquq sahibinin məqsədindən kənar və digərlərinə zərər yetirən istifadə faktı kimi başa düşülməlidir; (Avropa Məhkəməsinin 15 sentyabr 2009-cu il tarixli “Mirolyubovs və digərləri Latviyaya qarşı” (Mirolubovs and Others v. Latvia) işi üzrə Qərarına, 798/05 saylı şikayət, § 62, və Avropa Məhkəməsinin Böyük Palatasının “Qross İsveçrəyə qarşı” (Gross v. Switzerland), 67810/10 saylı şikayət, § 28, AİHM 2014). Axırıncı məsələ ilə bağlı Məhkəmə aydınlaşdırdı ki, ərizəçinin "sui-istifadə"-si hüququnun funksiyasına açıq zidd olmalı, habelə Avropa Məhkəməsinin düzgün fəaliyyətini pozmalı və ya Məhkəmə icraatının düzgün aparılmasına mane olmalıdır (yuxarıda qeyd olunan Avropa Məhkəməsinin “Mirolyubovs və digərləri Litvaya qarşı” işi üzrə Qərarına bax., § 65). Avropa Məhkəməsi bu müddəanı dörd halda tətbiq etmişdir (idem, §§ 62-66): birincisi, Avropa Məhkəməsini səhv salmaq üçün qəsdən uydurma faktlara söykənən şikayətlər halında (bax. Avropa Məhkəməsinin “Varbanov Bolqarıstana qarşı” (Varbanov v. Bulgaria) işi üzrə Qərarı, 31365/96 saylı şikayət, § 36, AİHM 2000-X) iş materiallarının saxtalaşdırılmağı halı baş verib mi (bax. Avropa Məhkəməsinin 2004-cü il 30 mart tarixli “Jyan Rumıniyaya qarşı” (Jian v. Romania) işi üzrə Qərarı, şikayət № 46640/99) və ya Avropa Məhkəməsini işin gedişatı üçün önəmli olan məsələ haqqda məlumatlandırmamaq (bax. məsələn, Avropa Məhkəməsinin “Əl-Naşif Bolqarıstana qarşı” (Əl-Naşif v. Bulgaria) işi üzrə Qərarı, 50963/99 saylı şikayət, § 89 və Avropa Məhkəməsinin 2 may 2006-cı il tarixli “Kerechashvili Gürcüstana qarşı” (Kerechashvili v. Georgia), 5667/02 saylı şikayət) və ya məhkəmə istintaqı zamanı meydana çıxan yeni əhəmiyyətli hadisələr haqqda (məsələn, Avropa Məhkəməsinin 2 dekabr 2008-ci il tarixli “Predesku Rumıniyaya qarşı”(Predescu v. Romania), 21447/03 saylı şikayət, §§ 25-27). İkincisi, ərizəçinin Məhkəmə ilə ünsiyyətdə xüsusilə təhqiredici, təhdid və ya təhrikedici ifadələrdən istifadə etdiyi şikayətlər halında (bax: Avropa Məhkəməsinin 18 may 2004-cü il tarixli “Rehak Çex Respublikasına qarşı” işi üzrə Qərarı (Řehák v. Czech Republic), 67208/01 saylı şikayət. Üçüncüsü, ərizəçinin barışıq məsələsinə dair danışıqların məxfiliyini qəsdən qorumadığı halda (bax: məsələn, Avropa Məhkəməsinin 25 sentyabr 2007-ci il tarixli “Hadrabova və digərləri Çex Respublikasına qarşı” işi üzrə Qərarı (Hadrabová and Others v. Czech Republic), 42165/02 və 466/03 saylı şikayətlər və Avropa Məhkəməsinin 2011-ci il 13 dekabr tarixli “Desyonenk Fransaya qarşı” (Deceuninck v. France), 47447/08 saylı şikayət). Dördüncüsü, ərizəçilərin keçmişdə qəbuledilməz elan edilmiş şikayətlərinə bənzər açıq-aşkar əsassız şikayətləri təkrarladığı təqdirdə (Avropa Məhkəməsinin 13 Noyabr 2012 tarixli "xxxx" Şirkəti və X5 da Koşta Portuqaliyaya qarşı” (Anibal Vieira and Filhos LDA and X7 da Costa LDA v. Portugal), 980/12 və 18385/12 saylı şikayətlər; həmçinin İnsan Hüquqları Komissiyasının 15 oktyabr 1987-ci il tarixli “M. İngiltərəyə qarşı” (M. v. United Kingdom) işi üzrə Qərarına, 13284/87 saylı şikayət, və İnsan Hüquqları Komissiyasının 17 oktyabr 1996-cı il tarixli “Filis Yunanıstana qarşı” (Philis v. Greece) işi üzrə Qərarına, 28970/95 saylı şikayət bax.). Bununla əlaqədar, Məhkəmə xatırlatmışdır ki, belə hallarda belə, ərizəçinin onu aldatmaq niyyəti həmişə lazımi qədər əminliklə müəyyənləşdirilməlidir (yuxarıda qeyd olunmuş “Mirolyubovs və digərləri Latviyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin Qərarına baxın, § 63). Beləliklə hazırki iş üzrə məhkəmənin qənaəti belədir ki, cavabdeh mənzillə təmin olunduğu üçün onun mənzil kirayəsi xərci üçün ödəniş almaq hüququ mövcud olmamışdır. Buna görə də, iddiaçı yuxarıda göstərilən hüquq normalarına əsasən ödənilmiş məbləğin geri qaytarılmasını tələb etməkdə haqlıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, artıq ödənilmiş 8550 manat (səkkiz min beş yüz əlli manat) mənzil kirayə xərci məbləginin iddiaçı Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin hesabına ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: Artıq ödənilmiş 8550 manat (səkkiz min beş yüz əlli manat) mənzil kirayə xərci məbləginin iddiaçı Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin hesabına ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar