Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5704/2020 02.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə qarşı «vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Ceyhun Mirzəyevin hərəkətlərinin qanunsuz hesab olunması və icra məmurunun qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 2000 (iki min) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin 10 sentyabr tarixində, saat təxminən 6 radələrində qızı ilə birlikdə Türkiyəyə getmək məqsədilə hava limanının yoxlanış məntəqəsindən keçərkən məlum oldu ki, onun ölkədən çıxışına stop qoyulmuşdur. Bununla bağlı, o, ilk növbədə hava limanının polis idarəsində saxlanılmış, daha sonra isə Nizami Rayon Polis İdarəsinə göndərdilmişdir. Oradan isə o, Nizami Rayon İcra və Probasiya Şöbəsinə aparılmışdır. İcra şöbəsində ona məlum olmuşdur ki, himayəsində böyümüş X1 həyat yoldaşı X3 ona və İlqara qarşı əmlak tələbi ilə Nizami rayon Məhkəməsinə müraciət edərək, guya, boşandığı zaman ona geri qaytarılmayan əşyalarının əvəzi olaraq pul tələb etmiş, beləliklə Nizami rayon Məhkəməsinin 2(007)- 3325/2018 saylı qətnaməsi ilə İlqarın və onun üzərinə qarşı tərəfə 6000 manat pul ödəmək öhdəliyi qoyulmuş və həmin öhdəliyin təmini məqsədilə də onun ölkədən çıxışı qadağan edilmişdir. İcra şöbəsində əvvəlcə ondan bu şöbənin tanımadığı bir əməkdaşı izahat almışdır. O, hüquqlarının müdafiə olunması üçün ora vəkil dəvət elmək istədi. Vəkil gəldikdən sonra icra şöbəsinin əməkdaşlarına işin faktiki hallarını bildirməyə başladı. Lakin həmin vaxt daha sonradan icra şöbəsinin rəis müavini olduğunu öyrəndiyi Ceyhun Mirzəyev adlı şəxs gəlmiş və vəkili çölə çıxartmış, onun üstümə qışqıra-qışqıra öz otağına aparmışdır. Ona bu iş üzrə nə məhkəmə bildirişi, nə qətnamə, nə də ümumiyyətlə, hər hansı bir məhkəmə sənədi gəlməmişdir. Onun hansısa məhkəmədə cavabdeh kimi cəlb olunmağı, barəsində qətnamə çıxarıldığı haqda heç bir təsəvvürü belə yox idi. Həmçinin ona qətnamə ilə müəyyən edilmiş öhdəliyi ilə bağlı icra bildirişi də hazırki günədək təqdim edilməmişdir. Bu halda, o, necə bu pul öhdəliyindən xəbər tuta və onu ödəyə bilərdi. “İcra haqqında" Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bundan əlavə ona məlum olmuşdur ki, icra sənədi üzrə digər cavabdeh Əliyev İlqar həmin icra sənədindən xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti vermiş və şikayət icraata qəbul edilmişdir. Belə olan halda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən icra üzrə icraat dayandırılmalı idi. Belə ki, “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apelyasiya və kasasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Bu halları o, icra şöbəsində eynilə iddia ərizəsində qeyd olunan şəkildə Ceyhun Mirzəyevə izah etməyə çalışdı. İlqar və Pərvanə ilə heç vaxt eyni evdə yaşamadığını, buna görə də, Pərvanəyə hansı əşyaların verildiyindən, həmçinin onların arasında məhkəmə mübahisəsi olduğundan xəbəri olmadığını bildirdirmiş, lakin Ceyhun Mirzəyev heç bir sənədə əhəmiyyət vermədi, onun irəli sürdüyü heç bir arqumenti eşitmək istəmədi, sanki o, qatı bir cinayətkar idi, onu qorxutmaqda və “Space” kanalında nümayiş etdirməklə hədələmişdir. O, ona qışqıraraq «Sənin kimi başıbağlılar bura o qədər gəlib gedir ki, siz hamınız falçısınız» - kimi ifadələr işlədərək onun dini inancına və şəxsiyyətinə qarşı hörmətsizlik nümayiş etdirməyə başlamışdır. Daha sonra Ceyhun Mirzəyev qadın mühafizəçini otağa dəvət edərək onun üstünü yoxlamağı tapşırmışdır. Onun üstündəki bütün qızılları zorla çıxartdırdı və çantasını götürüb içindəki hər şey boşaltdırdı. Sonra isə içəri tanımadığı başqa bir adamı çağırıb: “Bunu kameraya çək, “Space"ə verəcəm", Həmin şəxs onu kameraya çəkirdi. Üstümdəki qızıl əşyalarını çıxartdırdılar, çantanı boşaltdılar, kişilərin yanında üstünü yoxladılar və bütün bu prosesləri kameraya çəkdilər. Ceyhun Mirzəyev ona qışqıraraq dedi ki, bu çəkilişi “Space” kanalına verəcək, yayımlayıb onu rüsvay edəcəklər. O, bu hadisələrin gedişatında Ceyhun Mirzəyevdən xahiş edirdi ki, onu kameraya çəkməsin və televiziya kanalında yayımlamasın. O isə ona əhəmiyyət vermədən otaqda çəkiliş aparmışdır. Onun hərəkətlərinin qanunsuz olduğunu, vəzifəsinə yaraşmadığını və bu barədə müvafiq orqanlara şikayət edəcəyini bildirdirmiş, o isə daha da əsəbləşərək ona qışqırmağa, onu hədələməyə başlamışdır. Onu məhkəməyə çıxaracağını, həbs etdirəcəyini deyərək onu alçaltmağa və öz nüfuzu ilə qorxutmağa çalışmışdır. Daha sonra Ceyhun Mirzəyev ona izahat yazdıraraq protokol tərtib etmişdir. Elə həmin tarixdə, xx.xx.2019-da Nizami rayon Məhkəməsində İXM 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə dair işə baxıldı və məhkəmə tərəfindən də müəyyən olundu ki, həqiqətən də ona indiyədək heç bir icra bildirişi təqdim olunmamışdır. Buna görə də əməlində heç bir inzibati xəta tərkibi olmadığına görə, icraata xitam verilmişdir. Göründüyü kimi, onun əməlində heç bir qanun pozuntusu olmadığı və hətta icraçının özü tərəfindən icra barədə qanunvericiliyə əməl edilmədiyi (icra bildirişinin ona təqdim edilməməsi və apelyasiya şikayəti verildiyinə baxmayaraq, icraatın dayandırılmaması) halda, o, Ceyhun Mirzəyev tərəfindən tamamilə qanundan və vəzifə səlahiyyətlərindən kənar, ləyaqətini alçaldan rəftara məruz qalmışdır. Onun hərəkətləri nəticəsində ona 2000 manat məbləğində maddi və mənəvi ziyan dəymişdir. O, icra məmuru Ceyhun Mirzəyevin hərəkətlərindən Məhkəmə Qərarlarının İcra Baş İdarəsinə şikayət etmişdir. 23 noyabrda müraciətinə cavab verilmiş, sübut təqdim etmədiyinə görə şikayətindəki xüsusatların öz təsdiqini tapmaması göstərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). İddiaçı hazırki iddia tələbi ilə Nizami rayon İcra və Probasiya Şöbəsinin vəzifəli şəxslərinin hərəkətlərini mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə əlaqədar icra sənədinin icrasına nəzarəti həyata keçirən ümumi məhkəməyə şikayət ərizəsi ilə müraciət etməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Belə ki, “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırki işdəki sənədlərdən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icra sənədi üzrə icra hərəkətləri mübahisələndiriləndirilir. Buna görə də məhkəmə iddiaçıya izah edir ki, hazırki iddia tələbi ilə aidiyyəti üzrə ümumi məhkəməyəşikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə qarşı «vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5704/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5704/2020
02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver