Məhkəmə qərarları › İş №2-1(112)-5704/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5704/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5704/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Qaradağ rayon Polis İdarəsinə (üçüncü şəxs X4 və X15) qarşı “qeydiyyatdan çıxarma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. MH seriyalı 051539 nömrəli texniki inventarlaşdırma və mülkiyyət hüqqularının qeydiyyatı idarəsinin qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lenin küçəsindəki 49 nömrəli yaşayış evinin 2 saylı mənzili İddiaçı (bundan sonra-İddiaçı) mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən xx.xx.2001-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X15 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

3. İddiaçı ərizə ilə cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə (bundan sonra-Cavabdeh) müraciət edərək, həmin şəxslərin 2 saylı mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri ilə nəzərdə tutulmuş şəxsin qeydiyyatdan çıxarılmasına əsas olan hallar iddiaçıya izah edilmiş, qanunvericiliyin tələblərinə əsasən göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.

5. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 - azyaşlı uşağı xx.xx.2020-ci il təvəllüdlü X15 ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 49 saylı evin 2 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İlyasova (Əmirova) Zərnigar Fəxrəddin qızı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X15 zəruri cəlbbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması:

7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh X4 15 may 2019-cu il tarixdə oğlu X13 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdir. Birgə nikahdan xx.xx.2020-ci il taraixdə X15 adlı bir uşaqları doğulmuşdur. Cavabdeh onun mülkiyyətində olan yuxarıda qeyd edilən ünvana qeydiyyata düşmüşdür. Cavabdeh X5 ilə oğlu X13 arasında olan nikah rəsmi olaraq məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və cavabdeh X4 onlara məxsus evdə yaşamır, lakin formal olaraq bizə məxsus evdə qeydiyyatda qalmaqdadır. Göründüyü kimi cavabdeh artıq onların ailə üzvləri deyildir, lakin buna baxmayaraq onun mülkiyyətində olan evdə qeydiyyatdadır. O cavabdehi qeydiyyata saldırsada aralarında heç bir notariat qaydasında bağlanmış müqavilə və başqa razılşama olmamışdır. Cavabdehin onlara məxsus mənzildə qeydiyyatda qalması onlar üçün bir sıra problemlər yaradır. Belə ki, onların mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalırlar.

8. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qeydiyyatdan çıxarılmasına etiraz etmədiyini bildirdi. 11.Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. İİİ. Məhkəmənin mövqeyi

12. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

13. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.

14. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan 194514 nömrəli, xx.xx.1989-cu il tarixli orderdən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lenin küçəsindəki 33,0 kv.m olan 49 nömrəli yaşayış evinin 2 saylı mənzili İddiaçı verilmişdir.

15. 04.11.1996-cı il tarixli, 7-169 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lenin küçəsindəki 3 mərtəbəli binanın 1-ci mərtəbəsində 33,0 kv.m olan 49 nömrəli yaşayış evinin 2 saylı mənzilində yaşayır, ailə tərkibi 5 nəfərdən ibarətdir- arvadı X16, oğulları X11, X14 və X13.

16. 051539 saylı qeydiyyat vəsiqəsindən görünür ki, 2 saylı mənzilə İddiaçı mülkiyyət hüququ xx.xx.1997-ci il tarixdə qeydə alınmışdır.

17. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)- 1519/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh X7 qarşı nikahın pozulması və aliment tələblərinə dair iddiası təmin olunaraq, X4 ilə X13 arasında 15 may 2019-Cu i tarixdə 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 1037 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2020-ci i! təvəllüdlü X8 anası X2 yanında qalması qət edilmişdir.

18. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 360503 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixlıi, qətnaməsinə əsasən Zamin Əlövsət oğlu ilə X4 arasında bağlanmış nikah pozulmuşdur.

19. 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 06 nömrəli məktubundan görünür ki, X4 ünvan 3 ünvanında qeydiyyatdadır, lakin hal-hazırda həmin ünvanda yaşamır. Harada yaşaması 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinə məlum deyil.

20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3 məktubundan görünür ki, X1 ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir.

21. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, üçüncü şəxs Z.Əmirova iddiaçının keçmiş gəlini, B.İlyasova onun nəvəsi olmuş, onun razılığı ilə mübahisəli ünvana qeydiyyata alınmışlar. İddiaçı hazırda üçüncü şəxslərin mübahisəli mənzilə hüquqlarının olmaması və orada yaşamaması əsası ilə onun həmin mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir.

22. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.

23. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

24. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, yaxud həmin yaşayış sahəsində yaşamırsa, aydındır ki, çıxarılma və ya istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.

25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”

26. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

27. Məhkəmə qeyd edir ki, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqları deyildir. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

28. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

29. Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur.

30. Beləliklə, istinad olunan normalardan müəyyən olunur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı).

31. Hazırkı məhkəmə qərarının 14-20-ci bəndlərində sadalanan sübutlara əsasən müəyyən olunur ki, üçüncü şəxs Zərnigar Əmirova xx.xx.2019-cu il tarixdə 2 saylı mənzilin mülkiyyətçisi olan iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra iddiaçının razılığı ilə mübahisəli mənzilə qeydiyyata alınmışdır. Hazırda Z.Əmirovanın iddiaçının oğlu Zamin İlyasovla olan nikahına xitam verilmişdir. Üçüncü şəxsin mübahisəli əmlaka əşya hüququ kimi istifadə hüququnun olması və onun hazırda mübahisəli mənzildə yaşaması iş materialları ilə müəyyən olunmur. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Zərnigar Əmirovanın qeydiyyatdan çıxarılması hissəsində əsaslıdır və təmin olunmalıdır.

32. .Digər üçüncü şəxs, azyaşlı B.İlyasovaya gəldikdə, işdən görünür ki, o, xx.xx.2020-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir və məhkəmə qərarının 17-cı bəndinə əsasən o, anası Z.Əmirovanın himayəsinə verilmişdir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar.

34. Z.Əmirova mübahisəli mənzildən qeydiyyatdan çıxarıldığından, onun mübahisəli mənzildə yaşamayan yetkinlik yaşına çatmayan uşağı Bətul İlyasvanın da həmin mənzildə qeydiyyatda qalması üçün əsas yoxdur.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

36. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.2001-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X9 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 49 ünvanında yerləşən 2 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar