Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5707/2022 22.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı «cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçılara vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Nəsimi RİH-ə qarşı «cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçılara vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 19 mart 2019cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın cavabdehlər X7, İddiaçı3 və digərlərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Ak. Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün "xxxx" MTK-ya ayrılmış torpaq sahəsində Bakı şəhəri, Nəsimi rayonu, Ak. Feyzulla Qasımzadə küçəsi 1 saylı evin 65 saylı mənzilinin mülkiyyətçisi İddiaçı3, həmin evin 66 saylı mənzilinin mülkiyyətçisi X6 və digər cavabdehlər X15, İddiaçı1, İddiaçı2 əşyaları ilə birlikdə; "xxxx" MTK-nın vəsaiti hesabına aylıq bir otaq üçün 350 manat, iki otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış mənzilləri sənədlərinə uyğun olan sahələrinə 50 faiz əlavə edilərək orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti ilə çıxarılmaları qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 18 dekabr 2019-cu il tarixli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsi Salamovlara gələcəkdə verilməsi qət o!unmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilərək, veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və ondan əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilmişdir. Ali Məhkəmənin 2(102)-7595/19 saylı 18 dekabbr 2019-cu il tarixli icra sənədi üzrə borcluların Nəsimi rayonu, Ak. Feyzulla Qasımzadə, ev 1, mənzil 65 və 66 saylı mənzillərdən çıxarılması və mənzillərin boşaldılaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin 7 yanvar 2020-ci il tarixli icraata başlamaq haqqında qərarına və həmin tarixli bildirişinə əsasən iddiaçıların yaşadıqları mənzillərin 6 gün ərzində könüllü olaraq boşaldılması bildirimişdir. Lakin bundan sonra Nəsimi rayon İcra və probasiya şöbəsinin iddiaçılara ünvanlanmış 16 yanvar 2020-ci il tarixli məktubunda həmiin şöbənin vermiş olduğu müvafiq qərarda könüllü icra müddətinin 5 gün göstərilməsi texniki səhv olduğu qeyd olunmuşdur. 21 yanvar 2020-ci il tarixdə Nəsimi rayon İcra şöbəsinin icra məmurları tərəfindən Nəsimi rayonu, Ak. Feyzulla Qasımzadə küçəsi, 1 saylı evin 65, 66 və 66a saylı mənzillərin boşaldılması ilə əlaqədar icra tədbirlərinin keçirilməsi planlaşdırılmışdır. 14 yanvar 2020-ci il tarixdə iddiaçılar Nəsimi RİH başçısının 23 yanvar 2017-ci il tarixli 11 saylı və 25 dekabr 2017-ci il tarixli 396 saylı sərəncamlarının iddiaçıların yaşadığı ərazidə mənzillərinə aid olan hissədə ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Həmin ərizənin Bakı İnzibati Məhkəməsi tərəfindən möhürlənmiş surəti həmin gün Nəsimi rayon İcra şöbəsinin kargüzarlığına çatdırılmışdır. Həmin vaxt icra məmuru onlara icranı dayandırdığını bildirmişdir. Həmin gün poçtla iddiaçılara Nəsimi rayon İcra və probasiya şöbəsinin icra tədbirlərinin 21 yanvar 2020-ci il tarixə təyin olunması haqqında qərar çatdırılmışdır. İddiaçılara telefin vasitəsilə icra məmuru icra tədbirinin dəqiq vaxtı barədə əlavə məlumat veriləcəyini bildirmişdir. 21 yanvar 2020-ci il tarixdə saat 10.45-də İddiaçı2 65 saylı mənzilin qapısının açıq olduğunu və icra məmurlarının icra tədbirini onların iştirakı olmadan həyata keçirdiyini (saat 11.00-a təyin edilmişdir) görmüşdür. Sonra Azər və İddiaçı3larda oraya gəlmişlər. İddiaçılara icra məmuru bildirmişdir ki, sonradan bir daha sənədə baxılıb qərara alınmışdır ki, Bakı İnzibati Məhkəmədə işin başlaması icra tədbirini dayandırmır. Beləliklə icra tədbirləri davam etdirilmişdir. Adətən belə tədbirlərə cəlb edilən təcili yardım və yanğınsöndürmə xidmətinin əməkdaşları orada olmamışlar. Lakin həmin yerə 20-ci Polis Bölməsinin əməkdaşları və "Gözəl Bakı” MTK-nın nümayəndələri gəlmişlər. Təxminən bir saat sonra İcra şöbəsinin əməkdaşları rəhbərliyin göstərişi ilə icraatı üç gün təxirə salmağı və istirahət günləri nəzərə alaraq icraatı yanvarın 27-nə keçirilməsinə qərar verdilər. Bu barədə müvafiq akt tərtib edildi. Həmin aktda evlərdə olan əşyaların iddiaçılara təhvil verilməsi qeyd olunsa da, həmin əşyalar "xxxx" MTK-dadır. Buna baxmayaraq, MTK-nın fəhlələri təqribən 20 – 30 nəfər qışqıra-qışqıra mənzillərə daxil olmağa cəhd etdilər. İddiaçılar onları dayandırmağa çalışsalar da, nəticə müsbət olmadı. Fəhlələr bağlı qapını çıxarıb naməlum istiqamətdə apardılar. İcra məmurunun rəsmi xidmət geyimi də iddiaçılara qarşı çıxanlar üçün dayandırıcı amil olmadı. 20-ci Polis Bölməsinin əməkdaşları ümumiyyətlə məsələyə qarışmadılar və bunu onların səlahiyyətində olmadığı ilə izah etdilər. Onlar kənardan baş verənlərə tamaşa edirdilər. Həmin yerdə 4 – 5 nəfər polis əməkdaşı olsa da, iddiaçılar 102 telefon nömrəsi ilə digər polisləri çağırmağa məcbur olmuşlar. Zənglə gələn polislər müvəqqəti də olsa məsələni dayandırdılar. Həmin vaxt artıq binanın 65 nömrəli mənzilinin balkonu buldozerlə dağıdılmışdı. Polislər İddiaçı1 ərizə və izahat yazdırıb soruşdular ki, xəsarəti yoxdursa niyə deyib ki, onu döyüblər. İddiaçı1 onun üstünə 20 – 30 nəfərin hücumu zamanaı zəng etdiyini bildirdi. İcra məmurları MTK-ya işlərini yanvarın 27-də davam etdirəcəklərini bildirdilər və aktı götürüb getdilər. Ondan sonra fəhlələr hücumlarını davam etdirdilər. Bütün əşyalar dağıdılaraq naməlum istiqamətdə aparıldı. Üç ailəyəyə məxsus əşyalar, o cümlədən on illərlə qoruyub saxlanılmış əşyalar bir saatın içində oğurlanıb dağıdıldı. Neçəsi ayaq altında qırıldı. Növbəti gün iddiaçılar yaşadıqları binanın MTK tərəfindən artıq uçurulduğunun şahidi olmuşlar. Onlara icra qurumu tərəfindən icranın dayandırılması barədə akt verilsə də, yaşadıqları binanın MTK tərəfindən qanunsuz olaraq icranın dayandırıldığı müddətdə sökülməsinin şahidləri və bununla əlaqədar foto şəkillər də vardır. Bakı şəhəri Nəsimi RİH-in nümayəndələri hadisə yerində olmamışlar. Nəsimi rayon İcra şöbəsi hansısa səbəbdən Ali Məhkəmənin müvafiq qərarını MTK-ya münasibətdə icra vərəqəsi şöbəyə daxil olan kimi icra etmişdir, amma iddiaçılıra münasibətdə həmin qərar hələ də icra olunmamış qalmışdır. Belə ki, iş materiallarında olan müvafiq icra vərəqəsindən görünür ki, həmin sənəddə şöbənin rəhbəri tərəfindən 8 yanvar 2021-ci il tarixdə icra üçün dərkənar qoyulmuşdur. Amma icra məmuru tərəfindən icranın başlanması barədə verilmiş qərar 7 yanvar 2021-ci il tarixlidir. Nəsimi rayon İcra şöbəsinin icra məmurları tərəfindən 22 yanvar 2020-ci il tarixli aktından göründüyü kimi, MTK 22 yanvar 2020-ci il tarixli 184 saylı məktubla icra şöbəsinə müraciət etmiş və həmin müraciətdə icra sənədində qeyd olunan ünvanı iddiaçılar tərk etdiyindən, onlara məxsus əşyalar MTK tərəfindən aparılmışdır. Baxmayaraq ki, Nəsimi rayon İcra və probasiya şöbəsinin əməkdaşlarının icranın dayandırılması barədə 21 yanvar 2020-ci il tarixli aktına əsasən icra hərəkətləri 27 yanvar 2020-ci il tarixədək dayandırılmışdır. Bundan əlavə, 22 yanvar 2020-ci il tarixli aktda iddiaçıların imzası yoxdur, ola da bilməz. Çünki onların iştirakı olmadan bağlanıb. Eyni zamanda MTK-nın məktubunda qeyd olunur ki, mənzillərin qapıları yox idi. Bunun cavabını 21 yanvar 2020-ci il tarixli aktda asanlıqla tapmaq olar. Qapını MTK-nın fəhlələri, icra tədbiri dayandırılıb təxirə salındıqdan sonra, müxəlif vasitələrlə çərçivə ilə birlikdə çıxarıb aparmışlar. İş materiallarından göründüyü kimi, Nəsimi rayon İcra şöbəsinin əməkdaşlarının icranın dayandırılması barədə 21 yanvar 2020-ci il tarixli aktına əsasən icra hərəkətləri 27 yanvar 2020-ci il tarixədək dayandırılmış olduğundan, iddaçılara məxsus bir çox əşyalar mənzillərdə qalmış və MTK qanunsuz olaraq həmin əşyaları aparmış və elə həmin günü evi sökmüşdür. Şəhərsalma və Tikinti Məcəlləsin 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasəti yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Nəsimi RİH "xxxx" MTK-nın özbaşınalığına və qanunsuz hərəkətlərinə “göz” yummuşdur. Bütün normativ və elementar insan normalarına zidd olaraq məhəllədə söküntü işləri sakinlər tam köçürülmədən aparılmışdır. Baxmayaraq ki, Nəsimi RİH ilə "xxxx" MTK arasında 21 aprel 2017-ci il tarixdə imzalanmış müqavilənin 1.2-ci bəndinə əsasən tikiləcək binanın İcra Hakimiyyəti tərəfindən layihələrinə razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə verilməsi həmin ərazidəki sakinlərlə MTK arasındakı razılaşmalar əldə olunduqdan və müqavilələr bağlandıqdan sonra veriləcəyi qeyd edilmişdir. Lakin tərəflər arasında müqavilə bağlanmadığından MTK söküləcək evdə iddiaçıları uzun müddət bütün kommunal xidmətlərdən məhrum etmişdir. Baxmayaraq ki, FHN Tikintidə Təhlükəzliyə Nəzarət Dövlət Agentliyinin 6 fevral 2019-cu il və 5 aprel 2019-cu il tarixli məktublarında həmin ərazidə olan yaşayış evlərinin sakinlərinin tam köçürülməsi təmin edilmədən və təhlükəsizlik tədbirlərinə əməl olunmadan söküntü işlərinə başlanılmasını yolverilməz hesab edilmişdir. MTK-nın onlara qarşı hüquqa zidd əməl ilə uzun müddətli neqativ davranışları, təcavüzü nəticəsində iddiaçıların bütün ailə üzvlərinin hamısı sarsıntı keçirmiş, bunun nəticəsində onlar mənəvi ağrı və iztirabla üzləşmişlər. Bu səbəbdən İddiaçı2 şəkər xəstəliyinə tutulmuş (şəkərli diabet 2 tip), onun nəticəəsi olaraq onun gözlərində, ağır formada mərhələ dekompensasiya, hər iki gözdə Proliferatik diabetik retinapatiya müəyyən olunmuşdur. İddiaçı2 gözdə yaşarma, sulanma, gözlərdə ağrılar, görmə qabiliyətinin kəskin zəifləməsi, baş ağrıları şikayyətləri ilə X18 adına Milli Oftalmologiya Mərkəzinin şəkərli diabet şöbəsinə daxil olmuş və orada onu müayinə edən zaman zəif görmə, göz gapaqlarında ağrılar, göz dibində bir sıra patalojı hallar, o cümlədən tor qişanın üzərində yeni əmələ gələn damarlar, sol gözdə mərkəzi zonada ödem və görmə itiliyi eynəksiz sağ gözdə 30%, sol gözdə 2% müəyyən olunmuşdur. MTK ilə iddiaçılar arasında olan uzun məhkəmə mübahisələrinin və aşayış tərzinin dözülməz olması iddiaçıların anası X1 da az təsir etməmişdir. X13 26 iyul 2020-ci il tarixdə ürəyin ateroklorotik xəstəliyindən vəfat etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 12, 13, 20, 24, 26, 60-cı maddələrinə, Mülki Məcəllənin 21, 1096, 1097, 1115-ci maddələrinə, Ali Məhkəmənin Plenumunun “Mənəvi zərəri ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il qərarına, və digər müvafiq norma və qərarlara əsaslanaraq, cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçılara vurulmuş maddi və mənəvi ziyana görə 150.000 manat məbləğində kompensasiya ödənilməsinə dair qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Nizami RİH-in məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında (22 aprel 2022-ci il tarixli məktub) bildirilir ki, iddiaçılar İddiaçı1 və qeyriləri cavabdeh Nəsimi RİH-ə qarşı 27 yanvar 2022-ci il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. İddiaçılar Nəsimi RİH-in hərəkətləri (hərəkətsizliyi) nəticəsində onlara vurulmuş maddı və mənəvi zərərə görə 150.000 manat məbləğində kompensasiya ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Hesab edilir ki, RİH rəfindən milli qanunvericilik normaları pozulmadığından, iddiaçılar tərəfindən ona qarşı iddia tələbləri əsassızdır və rədd edilməlidir. Nazirlər Kabinetinin 86 saylı 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq Nəsimi rayonunda sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri çərçivəsində Nəsimi rayonu, Feyzulla Qasımzadə, Abbas Səhhət, Xan Şuşinski, Akademik Topçubaşov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi "xxxx" MTK-ya həvalə edilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubu ilə şəhərsalma, tikinti planlaşdırma sənədləri təsdiqlənmişdir. Öhdəliyə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış və qeyri-yaşayış tikililərindən mülkiyyətçilərin köçürülməsi, köçürülmə ilə əlaqədar sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 15 – 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında tam təmirli abad yaşayış sahələrinin (mənzilərin) verilməsi, yeni sahələr verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq aylıq kirayə haqlarının verilməsi və digər xidmətlərin göstərilməsini MTK öz üzərinə götürmüşdür. Qısa müddət ərzində layihə ərazisində 163 mülkiyyətçi ilə razılıq əldə edilərək, mülkiyyətçilər ilə şirkət arasında mənzillərin boşaldılması, sökülməsi, kirayə yolu ilə yerləşdirilməsi və yeni mənzillərə qaytarılması barədə razılaşma müqaviləsi bağlanılmışdır. Sözügedən ərazidə mərhələli olaraq söküntü işləri aparılmış, layihə üzrə tikinti işlərinə başlanmışdır. Lakin, Salamovlar ailəsi və bir qrup mülkiyyətçilərin şirkətlə müqavilə bağlamaqdan imtina etməsi səbəbindən şirkət qanunvericiliyin tələblərinə uyğun olaraq məsələnin hüquqi müstəvidə həll edilməsi məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin iş 2(006)-1265/2019 saylı iş üzrə 19 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MTKnın cavabdehlər X9 və qeyrilərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Ak. Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və X12 küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli şoxmənzilli binasının tikilməsi üçün "xxxx" MTK-ya ayrılmış torpaq sahəsindən Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi 1 saylı evin, 62 saylı mənzilinin mülkiyyətçisi X5 digər cavabdehlər X3 və X2 ev əşyaları ilə birlikdə, Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi 1 saylı evin, 65 saylı mənzilinin mülkiyyətçisi İddiaçı3 ev əşyaları ilə birlikdə, Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi 1 saylı evin. 66 saylı mənzilinin mülkiyyətçisi X6 digər cavabdehlər İddiaçı2, İddiaçı1, X10 ev əşyaları ilə birlikdə "xxxx" MTK-nın vəsaiti hesabına aylıq 1 otaq üçün 350 manat, 2 otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış evlərinin sənədlərinə uygun olan sahələrinə 50 faiz əlavə edilərək orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti ilə çıxarılmaları, ünvan 2 ünvanda qeyri- yaşayış sahəsinin mülkiyyətçi olan X16 "xxxx" MTK-nın vəsaiti hesabına aylıq 800 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda yeni tikiləcək binada həmin ölçüyə (92 kv.m) 30 faiz əlavə edilməklə qeyri-yaşayış sahəsi ilə təmin edilməklə əşyaları ilə birlikdə çıxarılması, cavabdeh X5 mülkiyyətinə verilmiş Nəsimi rayonu, Ak. Feyzulla Qasımzadə küçəsi 1C saylı evin altındakı 0,00766 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi hissəsində çıxarışın etibarsız hesab edilməsi, habelə qarşılıqlı iddia üzrə X5, X3 və X2 qarşılıqlı iddialarının qismən təmin edilərək "xxxx" MTK-nın vəsaiti hesabına cavabdehlərə ayrılan kirayə haqqın 350 manat müəyyən edilməklə onların həmin mənzildən çıxarılmaları, qalan hissədə isə qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. Bakı Apelyassiya Məhkəməsinin 2(103)-9011/2019 saylı iş üzrə 10 iyul 2019cu il tarixli qətnaməsi ilə İddiaçı2 və digərlərinin apelyasiya şikayəti təmin edilməmiş və Nəsimi Rayon Məhkəməsinin 2(006)-1265/2019 saylı iş üzrə 19 mart 2019-cu il tarixli qətnaməsinin apelyasiya baxışı predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin 2(102)-7595/2019 saylı iş üzrə 18 dekabr 2019-cu il tarixli qərarı ilə İddiaçı2 və digərlərinin kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apelyassiya Məhkəməsinin hazırki iş üzrə olan 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilməsi, onlara veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahəsinin 50%-i həcmində müəyyən edilməsi, qətnamənin iddiaçılara münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunan qərar üzrə 18 dekabr 2019-cu il tarixdə icra vərəqəsi verilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar mənzillər məhkəmə icraçılarının nəzarəti altında boşaldılaraq əşyalar MTK tərəfindən kirayə haqqları ödənilməklə təyin olunmuş saxlanc yerlərinə yerləşdirilmiş, mənzillər sökülmüş və tikinti işləri davam etdirilmişdir. Bakı şəhəri Nəsimi RİH-in hərəkətləri (hərəkətsizliyi) səbəbindən İddiaçı2 və digərlərinin hazırkı iddiası əsassızdır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddiaçılar cavabdeh Nəsimi RİH-in iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazına aşağıdakı məzmunda yazılı münasibət bildirmişlər: Cavabdeh Nəsimi RİH-in məhkəməyə təqdim etdiyi sənəddə deyilir ki, “Cavabdehin fikrincə, tərəfindən milli qanunvericilik pozulmadığı üçün ərizəçi tərəfindən ona qarşı iddia tələbləri əsassızdır və rədd edilməlidir”. Sonra “Qısa müddət ərzində layihə ərazisində 163 mülkiyyətçi ilə razılıq əldə edilərək mülkiyyətçilər ilə şirkət arasında mənzillərin boşaldılması, sökülməsi, kirayə yolu ilə yerləşdirilməsi və yeni mənzillərə qaytarılması barədə razılaşma müqaviləsi bağlanılmışdır. Sözügedən ərazidə mərhələli olaraq söküntü işləri aparılmış, layihə üzrə tikinti işləri başlanmışdır”. İlk növbədə, “qısa müddət ərzində” nə deməkdir? Bir saat, bir həftə, bir ay, yoxsa bir-iki il ərzində? İkincisi, “mərhələli olaraq söküntü işləri aparılmış” nə deməkdir? Sakinlər ərazidən tam köçürülmədən? Belə etmək olar? Bu milli qanunvericiliyin kobud şəkildə pozulması deyilmi? Lakin, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentiyinin məktublarından görünür ki, Agentliyin problemə yanaşması belə deyil. Agentlik Nəsimi RİH-dən fərqli olaraq sakinlər tam şəkildə köçürülməyən ərazidə söküntü-tikinti işlərinin aparılmasını yolverilməz hesab edir, telefonoqramında isə cavabdehdən sakinlərin ərazidən təcili köçürülməsinin təmin edilməsi üçün göstəriş verməyi xahiş edir. İddia ərizəmizə əlavə olunmuş Nəsimi RİH ilə "xxxx" MTK arasında 21 aprel 2017-ci il tarixdə imzalanmış müqavilənin 1.2-ci bəndinə əsasən tikiləcək binanın İcra hakimiyyəti tərəfindən layihələrinə razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə verilməsi həmin ərazidəki sakinlərlə MTK arasındakı razılaşmalar əldə olunduqdan və müqavilələr bağlandıqdan sonra veriləcəyi qeyd edilməsinə baxmayaraq, “Gözəl Bakı“ MTK həmin razılaşmanın şərtlərini pozaraq, müqavilədə qeyd olunan şərtlərə məhəl qoymamış, Nəsimi RİH isə MTK tərəfindən tərəflər arasında bağlanılmış müvafiq müqavilənin şərtlərinin kobubcasına pozulmasının, bununlada həmin mənzillərdə yaşayan şəxslərin hüquqlarının MTK tərəfindən pozulmasının qarşısını almamışdır. Cavabdeh təqdim etdiyi etirazda qeyd edir: “Lakin, Salamovlar ailəsi və bir qrup mülkiyyətçilərin şirkətlə müqavilə bağlamaqdan imtina etməsi səbəbindən şirkət qanunvericiliyin tələblərinə uyğun olaraq məsələnin hüquqi müstəvidə həll edilməsi məqsədi ilə aidiyyyəti üzrə məhkəməyə müraciət etmişdir”. Nazirlər Kabinetinin 86 saylı 25 fevral 2016-cı il tarixli qərarının Nəsimi RİH ilə yuxarıda qeyd edilən müqavilənin, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə məhəl qoymayan MTK birdən birə məsələni hüquqi müstəvidə həll etməyə cəhd edir? Həmin məhkəmədən əvvəl Nəsimi RİH məsələyə heç bir reaksiya vermirdi. Məhkəmə başlayandan sonra isə onlara (iddiaçılara) çoxlu sayda formal xarakterli məktublar göndərirdi. Məsələnin məhkəmə tərəfindən baxıldığını bəhanə tutaraq MTK-nın özbaşnalığına son qoymaqdan boyun qaçırırdı (həmin məktublardan ikisi və iddiaçıların hansı şəraitdə yaşadığını əks etdirən fotoşəkillər sənədə əlavə edilir). Sonra cavabdeh qeyd edir: “Məhkəmə qərarının icrası ilə əlaqədar mənzillər məhkəmə icraçılarının nəzarəti altında boşaldılaraq əşyalar MTK tərəfindən kirayə haqqları ödənilməklə təyin olunmuş saxlanc yerlərinə yerləşdirilmiş, mənzillər sökülmüş və tikinti işləri davam etdirilmişdir”. İcra tədbiri elə biabırçı şəkildə keçirilmişdir ki, bu haqda iki məhkəmə prosesi hələdə aparılır. Əslində MTK nümayəndələri İcra xidmətinin səlahiyyətlərini öz üzərinə götürərək İcra tədbirini bildikləri kimi həyata keçirdilər, əşyaları dağıdaraq, naməlum istiqamətdə apardılar. İcra şöbənin nümayəndələri bunlara müqavimət göstərməyə çalışırdılar, Nəsimi RİH-in nümayəndələri hadisə yerində heç görsənmədilər. Əgər məhkəməyə həmin icra tədbirinin keçirilməsi maraqlı olsa, bütün sənədlər, video, foto materiallar təqdim edilə bilər. Bu illər ərzində kirayəyə xərclənmiş pul vəsaitindən hər hansı hissə MTK-dan alınmamışdır. Baxmayaraq ki, bu Ali Məhkəmənin müvafiq qərarının tələbidir. Çünki MTK kirayə pulunu Ali Məhkəmənin qərarında göstərildiyi kimi yox, istəyi kimi hesablayır. O ki qaldı 163 razılaşan sakinə, onlar bir gündə razılaşmadılar. Bu proses tədricən gedirdi. MTK ərazidə yaratdığı şəraitsizliyə hamı dözə bilmədi. Axırıncı onlar (hazırkı iddiaçılar) qalmışdır. Sənəddən belə çıxır ki, onların günahı MTK-nın onlara qarşı hüquqa zidd əməl ilə uzun müddətli qeyri insani davranışına, təcavüzünə dözməsi olub. Belə halla əlaqədar iddiaçılardan Duad Salamov “şəkərli diabet”ə düçar olaraq, gözlərinə görə 3-cü qrup əlil oldu. Hal-hazırda onun səhhəti kəskin şəkildə pisləşdiyi səbəbindən 1-ci əlillik qrupun təyin olunması məsələsinə baxılır. Artıq dövr ildir ki, işləmir. İddiaçıların anası X13 6 iyul 2020-ci il tarixdə ürəy xəstəlliyindən vəfat etmişdir. Məhkəmədən iddia ərizəsində göstərildiyi kimi, cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində bizə vurulmuş maddi və mənəvi zərərə görə 150.000 manat məbləğində kompensasiya ödənilməsinə dair qərar çıxarılması xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və həmin ərizədə iddianın dəqiqləşdirilərək «cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçılara vurulmuş 90.000 manat maddi və 60.000 mamat mənəvi ziyana görə kompensasiya ödənilməsi» kimi qəbul olunması xahiş olunmuşdur. Məhkəmə iddianın dəqiqləşdrilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsində göstərilənləri təsdiqlədilər və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və təmin olunmamasını məhkəmədən xahiş edi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı işin hallarına görə iddiaçılar onlara məxsus yaşayış sahələrinin sökülməsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın binanın yerləşdiyi yer üzrə yerli icra hakimiyyəti orqanı kimi hazırkı cavabdeh Bakı şəhəri Nəsimi RİH-dən tələb edirlər. Lakin məhkəmə iddiaçıların dəlilləri ilə razılaşmır və aşağıdakılara görə iddianı əsassız qiymətləndirir: - iddiaçılara məxsus yaşayış sahələri məhkəmə qərarının icrası qaydasında söküldüyündən, onlar aidiyyəti icra şöbəsinə qarşı müvafiq qanunsuz hərəkətlər müəyyən edildiyi halda dəymiş ziyanla bağlı kompensasiyanı tələb edə bilərlər; - iddiaçıların dəlillərində söküntü işlərini aparan "xxxx" MTK-nın hərəkətlərinin qanunsuzluğu vurulanır, lakin kompensasiya məbləği MTK-dan deyil, bu hərəkətlərin qarşısının alınmamasına görə ərazi üzrə yerli icra hakimiyyəti orqan kimi hazırkı cavabdeh Bakı şəhəri Nəsimi RİH-dən tələb edirlər, halbuki, cavabdehin bununla bağlı ayrıca səlahiyyəti də olmamışdır; - hazırkı cavabdeh Nəsimi RİH-in (əməkdaşlarının) hərəkətsizliyi qanunsuz sayılmadığı halda, iddiaçılara bunun nəticəsində dəymiş maddi və ya mənəvi ziyan hesablana bilməz, hətta ziyanın nədə ifadə olunması əsaslandırılsa belə. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Nəsimi RİH-ə qarşı «cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçılara vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi» tələbinə dir iddiası əsaslı sayılmamalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Nəsimi RİH-ə qarşı «cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçılara vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Nəsimi RİH-ə qarşı «cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçılara vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5707/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5707/2022
22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver