Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5707/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “1055t” saylı, 0.12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “1055t” saylı torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan müraciətinə xx.xx.2022-ci il tarixində imtina məktubu vermişdir. Qeyd olunan imtina məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xaritədə qeyd edilməmişdir. Həmçinin texniki baxış keçirilən zaman bağ sahəsinin ümumi hasar daxilində yerləşdiyi, hasarlanma və mərzçəkmə işlərin aparılmadığı aşkar olunmuşdur. İddiaçı qeyd etmişdir ki, cavabdeh orqanın imtina məktubunda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra xx.xx.2022-ci il tarixində yenidən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət edilmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli, **********09 saylı imtina məktubu ilə cavab vermişdir və imtina məktubunda əsas olaraq bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xaritədə qeyd edilməməsini göstərmişdir. İddiaçı məhkəməyə bildirmişdir ki, o, xx.xx.2005-c il tarixində AR Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismar Birliyi ilə 34025 saylı müqavilə bağlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsində yerləşən “1055t” saylı torpaq sahəsini istifadəyə götürmüşdür. İddiaçı qeyd etmişdir ki, müqavilə bağlandıqdan sonra həmin torpaq sahəsi onun istifadəsində olub və torpaq sahəsi ilə bağlı hər hansı 3cü şəxs tərəfindən mübahisələndirməyib. Qeyd olunan müqavilənin surətini iddia ərizəsinə əlavə edərək bildirmişdir ki, müqavilənin əsli cavabdeh orqana müraciət edərkən təqdim edilmişdir. Torpaq sahəsi ilə bağlı aıxiv arayışları məhkəmə iclasında təqdim ediləcəkdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtina məktubunda göstərilən səbəblər əsasızdır və faktiki olaraq vətandaşın hüquqlarının pozulmasına gətirib çıxardır.Cavabdeh orqan qeyd edir ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xaritədə qeyd edilməsi AR Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin vəzifəsi olduğuna görə dövlət orqanın vaxtilə öz vəzifələrini yerinə yetirməməsi vətəndaşın bü gün hər hansı hüquqların pozulmasına gətirib çıxarmalı deyil. İddiaçı qeyd etmişdir ki, orqanın ilk imtina məktubundan sonra vətandaş tərəfindən onun imkanı daxilində olan nöqsanları aradan qaldırılması ilə bağlı bütün tədbirləri görmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Həmçinin bildiririk ki, iddia olunan bağ sahəsinə qonşu ərazidə yerləşən bağ sahələrinin nömrələri 1049b, 1046 saylıdır. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********85 saylı və **********09 saylı xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə cavab məktubu ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdeh orqanın iddiaçının müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli imtina məktubu; - cavabdeh orqanın iddiaçının müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş məktubu; - cavabdeh orqanın xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubu və ona əlavə edilmiş sənədlər; - cavabdeh orqanın xx.xx.2023-cü il tarixli etiraz məktubu; - cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məhkəmənin sorğusuna cavab məktubu və əlavə edilmiş sənədlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Hazırkı mübahisə mahiyyət etibarı ilə, iddiaçının adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən ölçüsü 0,12 ha olan, 1055/t saylı bağ sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki tələb ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati icraat zamanı iddiaçının müraciətini təmin etməkdən imtina edərək, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” xx.xx.2022-ci il tarixli bildiriş məktubunda və xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Həmçinin texniki baxış keçirilən zaman bağ sahəsinin ümumi hasar daxilində yerləşdiyi, hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı aşkar olunmuşdur. Həmin imtina məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “1055t” saylı, 0.12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsi, “1055t” saylı torpaq sahəsinə dair arxiv qovluğunun və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “1055t” saylı bağ sahəsinin yerləşdiyi ərazi üzrə sxematik xəritədən çıxarışın, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “1061”, “1064”, “1069” saylı bağ sahələrinə dair çıxarışların eyni zamanda həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinə dair cavabdehə sorğu vermiş və məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə tələb edilən sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 319 saylı Sərəncamı əsasında Sabunçu rayonunun Pirşağı ərazisində 0,12 ha torpaq sahəsi olan 1055/t saylı bağın istifadəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli, 34025 saylı müqavilə bağlanılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş Pirşağıdakı 1055/T nömrəli bağ barədə Arayışdan görünür ki, 0,12 ha torpaq sahəsi olan bağ Birliyin sərbəst bağlar fondunda olmuş, uzun müddətə İddiaçı oğlunun istifadəsində olduğundan Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cü il tarixli 14/528 nömrəli qərarına əsasən Pirşağı ərazisindəki 1055/t nömrəli bağın İddiaçı adına təhkim edilməsindən ötrü sənədlər Bakı şəhər İcra Hakimiyyəti aparatının komissiyasında baxılmasına göndərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş ərizədən görünür ki, Pirşağı bağlar ərazisində 1049 b saylı bağın sahibi X3 və 1049/t saylı bağın sahibi X5 şahidlik edərək Bakı Şəhəri Bağlar İdarəsinə ərizə ünvanlayaraq öz ərizəsində qeyd etmişdir ki, onun qonşuluğundakı bağ sahəsi həqiqətən mərhum professor M.Adilovun olmuş, mərhumun ölümündən sonra isə (1996) həmin bağ sahəsi onun oğlu İddiaçı məxsusdur. Cavabdeh tərəfindən təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş bir neçə sənədlərdən görünür ki, iddiaçının qonşuluğunda yerləşən bağ sahibləri şahidlik edərək həmin bağ sahəsinin iddiaçıya məxsus olduğununa dair Bakı Şəhəri Bağlar İdarəsinə ərizə ilə müraciət etmişdirlər. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Pirşağı qəsəbəsi, 1061, 1064 və 1069 saylı bağ sahələrinə dair məlumat (sənəd) İdarənin arxivində aşkar edilməmiş və 1055/7 bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Sorğunun icrası ilə əlaqədar olaraq Pirşağı qəsəbəsi, 1061/t, 1064/t və 1069/t saylı bağ sahələrinə dair müvafiq sənədlər (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar) məhkəməyə təqdim edilmişdir. Cavabdeh sonradan məhkəmə icraatında iddia tələbinə qarşı xx.xx.2023-cü il tarixli etiraz məktubu təqdim etmişdir. Etiraz məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Həmçinin iddia olunan bağ sahəsinə qonşu ərazidə yerləşən bağ sahələrinin nömrələri 1049b, 1046 saylıdır. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********85 saylı və **********09 saylı xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə cavab məktubu ünvanlanmışdır. Məhkəmə qeyd edir ki, surəti iş materiallarına əlavə edilmiş iddiaçının qonşuluğunda yerləşən bağ sahiblərinin şahidlik ərizələrindən müəyyən edilir ki, mübahisəli bağ sahəsi həqiqətən iddiaçının mərhum atasına məxsus olmuş, onun (iddiaçının atasının) ölümündən sonra həmin bağ sahəsi iddiaçının istifadəsində olmuş və iddiaçı ilə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, 34025 saylı müqavilə Sabunçu rayonunun Pirşağı ərazisində 0,12 ha torpaq sahəsi olan 1055/t saylı bağ İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən əqddir (aktdır). Sözügedən bağ sahəsinə dair həmin müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə həmin sənəddə göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, həmin səndlər mötəbər sübut kimi məhkəmə tərəfindən qiymətləndirilir. Belə ki, iddiaçı mübahisəli bağın qanuni istifadəçisi olmuş və onun altındakı torpaq sahəsinə «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 25-ci maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Qeyd edilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan məsələdir və onun hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Cavabdeh inzibati orqan kimi hazırkı halda vəzifəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün müraciət etmiş iddiaçının sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmiş əsasların mövcudluğunu yoxlamaqdan, əgər bu əsaslardan hər hansı biri mövcuddursa, bu halda sözügedən torpaq sahəsinin harada yerləşməsini müəyyən etməkdən, o cümlədən qanuni əsaslarla torpaq üzərində hüquqları qeydiyyata almaqdan ibarətdir. Həmçinin qeyd olunmalıdır ki, elektron kadastr məlumatlarına görə bağ sahəsinin nömrəsinin sxematik xəritədə göstərilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil və bu qəbildən olan uyğunsuzluqların aradan qaldırılması, habelə müvafiq mərzçəkmə işləri çərçivəsində torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.24. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum vasitəsilə bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək; 3.0.50. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Həmin Qanunu 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bu Qanunun 9cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilən digər şəxslər haqqında (Pirşağı qəsəbəsi, 1061/t, 1064/t və 1069/t saylı bağ sahələrinə dair) məlumatdan da görünür ki, həmin şəxslərin adlarına dövlət reyestində qeydiyyat iddiaçıda mövcud olan eyni sənədlər müqavilə əsasında aparılmışdır.(Cavabdeh inzibati orqan tərəfindən Pirşağı qəsəbəsi, 1061/t, 1064/t və 1069/t saylı bağ sahələrinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar məhkəməyə təqdim edilmişdir). Bu baxımdan məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan başqa şəxslərə iddiaçıda mövcud olan eyni qüvvəli sənədlər əsasında dövlət reyestrindən çıxarışlar vermiş, həmin şəxslərə dövlət reyestrindən çıxarışlar verilərkən müqavilədən əlavə olaraq başqa sənədin təqdim edildiyi öz təsdiqini tapmamışdır. Belə olan halda iddiaçıya ayrılmış torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi əsası ilə çıxarışın verilməsindən imtina edilməsi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati İcraat haqqında” qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Belə olan məhkəmənin qənaətinə əsasən cavabdehin imtinası qanuna zidd qiymətləndirilməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmalıdır. Belə ki, cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə və “İnzibati icraat haqqında” Qanunun hamının qanun və inzibati orqan qarşısında bərabər olması, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə 12-ci maddəsinin tələbinə əməl etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunu 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunu 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini). Onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsində Hüquqların dövlət qeydiyyatından imtina əsasları qeyd edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından iddiaçının mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Belə ki, fərdi bağların altında olan torpaqlar əvəzsiz olaraq qanuni istifadəsində olan şəxslərə əvəzsiz verildiyindən, iddiaçıya məxsus bağ sahəsi onun qanuni istifadəsində olduğundan, həmçinin hazırkı iş üzrə iddiaçının mübahisəli bağ torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək (sxematik xəritə ilə uyğunsuzluğun mövcudluğu) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtina əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilmədiyindən iddiaçının tələbi təmin edilməlidir. Həmçinin “İnzibati İcraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh iddiaçının torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmamasını sübut edə bilməmişdir. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh inzibati aktın qəbulunu istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İnzibati Prossesual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prossesual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 0,12 ha olan 1055/t saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 0,12 ha olan 1055/t saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev