Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5709/2021 27.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) diplomunun tanınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda Türkiyə Respublikasının Atatürk Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olduğunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, **********0 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasının mümkün hesab edilmədiyini bildirmişdir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikası Atatürk Universiteti tərəfindən onun adına verilmiş diplomun tanınması barədə inzibati akt qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – cavabdeh) ilə əvəz edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2013-cü ildə Türkiyə Respublikası Atatürk Universitetinə qiyabi formada təhsil almaq üçün qəbul olunmuş və 2019-cu ildə təhsilini başa çatdırmışdır. Bu müddət ərzində Universitetin aidiyyatı qurumlarından internet vasitəsilə dərs proqramını qəbul etmiş və hər il 2 dəfə Türkiyə Respublikasına getmiş, orta hesabla 50-dən çox imtahan vermişdir. Cavabdeh iddia ərizəsinə etirazlarını məhkəməyə təqdim etmiş və etirazlarında göstərmişdir ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il - 9 gün, İİ il - 9 gün, İİİ il - 9 gün, İV il - 10 gün, V il -12 gün). Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyrimümkündür. Eyni zamanda iddiaçının “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. “Təhsil haqqında” AR Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları var. Qanunun 1.0.9-cu yarımbəndinə əsasən distant (məsafədən) təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır. Eyni zamanda, Qanunda göstərilir ki, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir və təhsil proqramlarının yerinə yetirilməsi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin hal-hazırda təhsil qanunvericiliyində distant təhsilalma formasının tətbiqi, tədrisin təşkili qaydaları, habelə həyata keçirilmə mexanizmi mövcud deyildir. Bu səbəbdən iddiaçının aldığı təhsilin keyfiyyətinin, təlim nəticələrinin, eləcə də digər məsələlərin yoxlanılması və ixtisasın tanınması mümkün deyildir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmalıdır. Qaydaların 3.7-ci bəndində isə qeyd olunur ki, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki, iddiaçının ona verilmiş diplomun tanınmasını, yəni barəsində əlverişli inzibati aktın qəbul edilməsini tələb etmək üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, imtina barədə aktı aldığı gündən 30 gün müddətində məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarında olan Atatürk Universitetinin xx.xx.2019-cu ildə verilmiş 41505 nömrəli bakalavr diplomu və ona əlavədən görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdə Atatürk Universitetinə daxil olmuş, xx.xx.2019-cu ildə həmin universiteti bitirmiş, İctimai əlaqələr və Tanıtım üzrə bakalavr dərəcəsi almışdır. X3 müdir X5 tərəfindən 03 oktyabr 2019-cu il tarixdə 1803 nömrəsi ilə apostil edilmişdir. Diploma əlavədə tədris dili olaraq türk dili, təhsil müddəti 4 il, təhsil forması isə açıq təhsil olaraq qeyd olunmuşdur. İddiaçı həmin diplomun tanınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə ilkin olaraq İddiaçının təhsil aldığı təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğunu (İ il - 9 gün, İİ il - 9 gün, İİİ il - 9 gün, İV il - 10 gün, V il -12 gün) əsas gətirərək müraciəti təmin etməkdən imtina etmiş, xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya etirazında da bu dəlili müdafiə etmişdir. İş materiallarında olan “Sərhədkeçmə məlumatlarının sorğulanması”ndan məlum olur ki, iddiaçı xx.xx.2015-xx.xx.2015 (4 gün), xx.xx.2015-xx.xx.2015 (5 gün), xx.xx.2016xx.xx.2016 (4 gün), xx.xx.2016-xx.xx.2016 (5 gün), xx.xx.2017-xx.xx.2017 (4 gün), xx.xx.2017-xx.xx.2017 (5 gün), xx.xx.2018-xx.xx.2018 (5 gün), xx.xx.2018 – xx.xx.2018 (5 gün), xx.xx.2019-xx.xx.2019 (6 gün), xx.xx.2019 – xx.xx.2019 (6 gün), xx.xx.2019 – xx.xx.2020 (9 gün) il tarixlərində Türkiyə Respublikasının ərazisində olmuşdur. Göründüyü kimi, iddiaçı təhsil aldığı müddət ərzində təhsil aldığı ölkədə qısa müddət ərzində olmuşdur. Lakin işdə olan diplomun surətindən görünür ki, iddiaçının aldığı təhsilin forması əyani və ya qiyabi olmamış, “açıq öyrətim” kimi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə növbəti etirazı təqdim edən cavabdeh həmin etirazında iddiaçının təhsil aldığı “açıq öyrətim” təhsilalma formasının distant təhsilə uyğun gəldiyini göstərmiş, bu zaman artıq iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olmasını deyil, distant təhsilalma formasının tətbiqi, tədrisin təşkili qaydaları, habelə həyata keçirilmə mexanizmi mövcud olmadığından iddiaçının aldığı təhsilin keyfiyyətinin, təlim nəticələrinin, eləcə də digər məsələlərin yoxlanılması və ixtisasın tanınmasının mümkün olmamasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, “Təhsil haqqında” Qanuna əsasən distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır. Güründüyü kimi, qanunvericiliyə əsasən distant təhsil, təhsil müəssisəsinə getmədən, auditoriyadankənar texniki qurğular vasitəsilə təşkil olunan təhsil formasıdır. Belə olan halda, aydın olur ki, cavabdehin iddiaçının müraciətinə imtina cavabı verərkən istinad etdiyi əsas (iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olması) düzgün olmamışdır. Daha sonra isə cavabdeh müvafiq normativ tənzimləmənin olmaması səbəbindən iddiaçının müraciətinin təmin edilməsinin mümkünsüzlüyünü bildirmişdir ki, məhəkəmə hesab edir ki, bu da qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Çünki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi inzibati orqana müraciətə baxmaqdan imtina etməsinə əsas verə bilməz. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsində göstərilmişdir ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. İşdən görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəmə iclasında təqdim etdiyi etirazda yeni bir əsasa istinad etmiş, artıq idiaçının təhsil aldığı ölkədə olduğu müddətin qısa olmasını mübahisələndirməmiş, habelə əvvəlki etirazında istinad etdiyi “açıq öyrətim” təhsil formasının distant təhsilə uyğun gəlməsini qəbul etməmiş, “açıq öyrətim” təhsilalma formasının, ümumiyyətlə, “Təhsil haqqında” Qanunda müəyyən edilmədiyini bildirmişdir. Cavabdeh bununla bağlı Türkiyə Respublikasının Ali Təhsil Şurasının (Yükseköğretim Kurulu) nümayəndəsi ilə aparılan yazışmaları təqdim etmişdir. Həmin yazışmalarda açıq təhsilin distant və ya qiyabi təhsil anlamına gəlmədiyi, açıq təhsilin tələbə və müəllimin eyni məkanda olmadan, qarşılıqlı münasibət yaratmadan və bir biri ilə ünsiyyətdə olmadan həyata keçirilən təhsilalma forması olması göstərilmişdir. Lakin cavabdehin təqdim etdiyi bu yazışmalar email olmaqla rəsmi yazışma kimi qəbul edilə bilməz. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən bir neçə faktiki şərtə istinad etsə də, bu hallar əsassız olmuş, sonuncu istinad üzrə isə, ümumiyyətlə, inzibati araşdırma aparmamışdır. Məhkəmə qeyd edir ki, inzibati orqan işin faktiki hallarını kifayət qədər araşdırmadan qərar qəbul etdiyi hallarda məhkəmə işin faktiki hallarını tam araşdırılmalıdır. Lakin məhkəmə proses çərçivəsində digər, zəruri araşdırmaları özü həyata keçirmək iqtidarında olmadıqda, məsələn, məhkəmənin inzibati orqanın əvəzinə aparmalı olduğu araşdırma xeyli vaxt tələb etdikdə, məhkəmə işi araşdırılması üçün inzibati orqana geri göndərə bilər. Çünki məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparmaqla inzibati orqanın yerinə onun işini görən orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarını təmin etməkdən ibarətdir. İPM-in 73.3.3-cü maddəsində də göstərilmişdir ki, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Hazırkı halda cavabdeh iddiaçının aldığı təhsilin formasının Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hər hansı təhsilalma formasına uyğun gəlib-gəlməməsini iddiaçının təhsil aldığı ölkənin səlahiyyətli orqanlarının rəyləri də nəzərə alınmaqla araşdırmalı olduğu halda bunu etməmiş, zəruri inzibati araşdırma aparmadan iddiaçının müraciətini işin mahiyyətinə uyğun gəlməyən əsassız dəlilə istinad etməklə təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı Türkiyə Respublikasının Atatürk Universiteti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 41505 nömrəli diplomun tanınması barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5709/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5709/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver