Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-571/2025 07.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nüayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “mülkiyyət hüququnun məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Əzizbəyov (indiki Xəzər) XDS İK-nin 1990-cı il tarixli, 5 saylı vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 297 saylı torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum X3 məxsusluğu barədə arayışın (çıxarış) verilməsi öhdəliyi cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 iddiaçının əri ölmuş o,xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Birgə nikah dövründə ona Əzizbəyov (indiki Xəzər) XDS İK-nin 1990-cı il tarixli, 5 saylı vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 600 kvm 297 saylı torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi fərdi yaşayış üçün ayrıldığından az müddət sonra həmin sahədə fərdi yaşayış evi tikmilmişdir. Artıq 30 ildir ki, torpaq sahəsində fərdi yaşayış evi vardır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2020-ci il tarixli məktubunda qoşmada həmin qərar əlavə olunmuş və həmin qərarın iddiaçıya yəni X3 məxsus olması göstərilmişdir.Bakı şəhəri 07 saylı Xüsusi Notariat ofisinin məktubundan göründüyü kimi iddiaçının əri X2 varisidir və bu barədə məlumat cavabdeh orqana göndərilmişdir.Bundan başqa Xəzər rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi üzrə sxem- plan(cizgi-xəritə) tərtib olunmuşdur.Ərindən miras qalmış torpaq sahəsinin özəlləşdirilməsi üçün cavabdeh orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətinə cavab olaraq bildirmişlər ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir və torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Cavabdeh orqan imtinasının əsaslarından biri kimi elektron kadastr məlumatına əsasən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşəşdiyini göstərmişdir. Qeyd edir ki, əgər torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşsə idi Xəzər rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi üzrə sxem-plan (cizgi-xəritə) tərtib etməzdi. Bundan başqa mərhum əri Əzizbəyov (indiki Xəzər) XDS İK-nin 1990-cı il tarixli, 5 saylı vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılarkən ARDNŞ mövcud olmamış, torpaq sahəsinin sonradan istifadəyə verilməsi iddiaçının əvvəllər mövcad olmuş istifadə sahiblik,potensial mülkiyyət hüquqlarımı poza bilməz. Həmçinin peyk görüntülərindən də göründüyü kimi həmin sahə ümumiyyətlə yol kənarı yaşayış massividir, orada iaşə obyektləri, magistral yol, fərdi yaşayış evləri, marketlər və yaşayış üçün zəruri olan digər tikintilər mövcuddur. Hətta qeyd edir ki, iddiaçı ilə qonşu olan bir çox şəxslərin cavabdeh orqan tərəfindən verilmiş mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışlar mövcuddur.Cavabdeh orqan imtinasının əsaslarından ikincisi kimi elektrik xəttinin mühafizə zonasında yerləşdiyini göstərmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrini mühafizəsi" Qaydalarındakı normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə ki, mübahisəli daşınmaz əmlakın elektrik verilişi və ya qaz xəttinin mühafizə zonasında yerləşməsi iddiaçı məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Əlavə olaraq, göstərilən sahənin 7 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, təqdim edilən qərar mərhum X2 adına verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus sənədlər əsasında vərəsəsinə çıxarış verilməsi nəzərdə tutulmamışdır. xx.xx.2022-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 600 kv.m qeyd olunsa da, faktiki olaraq 500 kv.m təşkil edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4117/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli iddia tələbinə dəqiqləşmə verərək Əzizbəyov (indiki Xəzər) XDS İK-nin 1990-cı il tarixli, 5 saylı vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 297 saylı torpaq sahəsinə faktiki ölçüdə (500 kv.m) mülkiyyət hüquqlarının mərhum X3 məxsusluğu barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Əzizbəyov Rayon Xalq deputatları Soveti icraiyyə komitəsinin 5 nömrəli xx.xx.1990-cı il tarixli vətəndaşlara fərdi ev tikmək ümün torpaq sahəsinin ayrılması haqqında qərarına əsasən Buzovna qəsəbəsi, A.Sultanova küçəsi, 42 nömrəli evdə yaşayan, “Əzizbəyovneft” NQÇİ-də operator vəzifəsində işləyən, Əzizbəyov rayon XDS icraiyyə komitəsinin 21 nömrəli xx.xx.1989-cu il tarixli qərarı ilə kooperativ mənzil növbəsində duran X3 Buzovna qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m 297 nömrəli torpaq sahəsi ayrılmışdır. -İV-ЖГ seriyalı 289878 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1991-ci il tarixdə ölmüşdür. - Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X2 xx.xx.1991 -ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2020-ci il tarixli ərizəsi əsasında mərhumun varisi arvadı X5 olması barədə sizə məlumat verilir. ünvan ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə aid çıxarış verəsiniz. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti başçısının İ müavinin xx.xx.2024-cü il tarixli məktubu ilə Əzizbəyov rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli, 05 nömrəli qərarı ilə Buzovna qəsəbəsində X3 ayrılmış 297 saylı torpaq sahəsinə dair tərtib edilmiş yerləşmə cizgisinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********37 nömrəli məktubuna əsasən kadastr məlumatları əsasında həmin torpaq sahəsinin şimalında və qərbində qeydiyyata alınmış torpaq sahələrinə aid arxiv sənədlərinin təsdiq edilmiş surətlərindən görünür ki: - Əzizbəyov Rayon Xalq deputatları Soveti icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli vətəndaşlara fərdi ev tikmək ümün torpaq sahəsinin ayrılması haqqında qərarına əsasən Buzovna qəsəbəsi, Qəsəbə küçəsi, 27 nömrəli evdə yaşayan, işləməyən, Sahib Ağapaşa oğluna Buzovna qəsəbəsində 1200 kv.m 618 nömrəli torpaq sahəsi ayrılmışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 618 ünvanında yerləşən ümumi sahəsi 0.093 ha olan torpaq sahəsi **********71 reyestr nömrəsi ilə xx.xx.2016-cı il tarixində ********** qeydiyyat nömrəsi ilə Sahib Ağapaşa oğlunun xüsusi mülkiyyəti olaraq qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq “SOCAR”-ın xx.xx.2024-cü il tarixli, 14-2/2- 6072/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, həmin koordinatlarda olan torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə aynlmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması üçün istifadə oluna bilər. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 13- 13/2-1/16-14663/2024 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********31 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir və torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı tərəf Əzizbəyov (indiki Xəzər) XDS İKnin 1990-cı il tarixli, 5 saylı vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 297 saylı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Cavabdehin müraciətin təminindən imtina üçün əsasları aşağıdakılardan ibarət olmuşdur: - torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir; - torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Məhkəmə göstərilən hər iki dəlilin hazırkı iddia tələbinin təmin edilməsinə mane olmadığı qənətinə gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə müvafiq olaraq, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndində qeyd edilmişdir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Təlimatın 7.2-ci maddəsinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının: -1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar hüquqların qeydiyyatı üçün əsasdır. Hazırkı işin hallarından müəyyən edilir ki, Əzizbəyov Rayon Xalq deputatları Soveti icraiyyə komitəsinin 5 nömrəli xx.xx.1990-cı il tarixli qərarı ilə X3 Buzovna qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m 297 nömrəli torpaq sahəsi ayrılmış, X4 torpaq sahəsini öz adına rəsmiləşdirmədən xx.xx.1991-ci il tarixdə vəfat etmiş, X2 xx.xx.1991-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2020-ci il tarixli ərizəsi əsasında mərhumun varisi arvadı X5 olmuşdur. Görünüdüyü kimi iddiaçı tərəfindən iddia olunan ilkin torpaqayırma sənədi olaraq Əzizbəyov Rayon Xalq deputatları Soveti icraiyyə komitəsinin 5 nömrəli xx.xx.1990-cı il tarixli qərarı təqdim edilmişdir. Eyni zamanda sözügedən qərarla mərhum M.Ə.Muradova ayrılmış torpaq sahəsinin naturada yerləşmə cizgisi hazırkı yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş və cizgi Xəzər Rayon İcra Hakimiyyəti Rayon Təsərrüfatı şöbəsinin müdiri, Xəzər RİHB Buzovna İƏD üzrə nümayəndəsi tərəfindən imzalanaraq, icra nümayəndələliyinə və icra hakimiyyətinə aid möhürlə təsdiq edilmişdir. Məhkəmənin sorğusuna cavabında torpaqayıran qurum olaraq Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti sözügedən ərazidə yerləşən torpaq sahəsinin yerləşmə cizgisini təqdim etməklə iddia olunan torpaq sahəsnin Əzizbəyov Rayon Xalq deputatları Soveti icraiyyə komitəsinin 5 nömrəli xx.xx.1990-cı il tarixli qərarı ilə ayrılmış sahə olduğunu bildirərək hazırda da həmin cizginin qüvvədə olduğunu bilavasitə təsdiq etmişdir. Cavabdehin imtina dəlili olan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Cavabdehin mövqeyinə görə elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Eyni zamanda SOCAR-ın məhkəmə sorğusuna cavabında SOCAR-ın daimi istifadəsinə aynlmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşən torpaq sahəsinin istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması üçün istifadə oluna biləcəyi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsi hüququn yarandığı vaxtdan DNŞ-nin daimi istifadəsinə verilmiş torpaq sahəsi olduğu güman edilmiş olsa, o zaman bu hal torpaq sahələrinin kadastrını həyata keçirən inzibati orqana da bəlli olmuş olmalı idi. Lakin, iş üzrə müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin DNŞ-nin daimi istifadəsinə verilmiş ərazidə yerləşdiyi mübahisələndirildiyi halda həmin torpaq sahəsinin qonşuluğunda yerləşən digər daşınmaz əmlak iddiaçıya torpaq ayıran eyni qurum tərəfindən-Əzizbəyov Rayon Xalq deputatları Soveti icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli qərarla ayrılmış torpaq sahəsi olmaqla həmin torpağa xx.xx.2016-cı il tarixdə mülkiyyət hüququnun qeydiyyatını digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda cavabdehin DNŞ-nə aid torpaq sahələrində yerləşmə ilə bağlı imtina dəlili iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. Cavabdehin torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi dəlili ilə bağlı bildirilməlidir ki, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 13-13/2-1/16-14663/2024 nömrəli məktubuna əsasən qeyd olunan torpaq sahəsinin elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşmədiyi qeyd edilmişdir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Əzizbəyov XDS İK-nin xx.xx.1990-cı il tarixli, 5 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 297 saylı 500 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Əzizbəyov XDS İK-nin xx.xx.1990-cı il tarixli, 5 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 297 saylı 500 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-571/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-571/2025
07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver