Məhkəmə qərarları › İş №2-1(112)-5711/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5711/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5711/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01.09.1990-cı ildən 01.01.1999-cu il tarixə kimi Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Cahangirbəyli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati tabeçiliyində fəaliyyət göstərən Tiri kənd Ailə uşaq bağçasında aşbaz işləməsinin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 62 yaşının tamam olduğu 02.01.2021ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1959-cu il tarixdə doğulmuşdur. 01 sentyabr 1990-cı il tarixdən 1993-cü ilin oktyabr ayının 29-a kimi Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Cahangirbəyli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati tabeçiliyində fəaliyyət göstərən Tiri kənd Ailə uşaq bağçasında aşbaz işləmiş, rayon işğal olunduqdan sonra da Azərbaycan Respublkası Nazirlər Kabinetinin 10.05.1994-cü il tarixli 181 saylı qərarına əsasən məcburi işsiz kimi həmin idarədə işini məcburi işsiz kimi davam etdirməklə 01 yanvar 2017-ci il tarixə kimi orta aylıq əmək haqqı almışdır. O, pensiyaya çıxmaq üçün DSMF-nun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də oradan ona imtina məktubu verilmişdir və həmin məktubu aşağıdakı məzmunda əsaslandırmışlar; Fondun Sosial Ödənişlərin Təyinatı üzrə X10 Daxili nəzarət və Monitorinq Departamentinin 03.02.2021-ci il tarixli aktına əsasən 01.09.1990-cı il ildən 01.01.1999-cu il tarixə qədər işləmiş olduğu Tiri kənd ailə uşaq bağçası arxiv sənədləri Cahangirbəyli kənd inzibati ərazi dairəsinə təhvil verilmədiyindən həmin illərin sığorta stajına qəbul edilməsi tələblərə uyğun deyildir. Bunlara görə də ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Heç yerdə işləmir, pensiya yaşına çatan insandır və o, hazırda yalnız pensiya ilə tələbatlarını ödəyə bilər. Lakin onun yetərincə yəni 25 il stajı tam olmasına baxmayaraq Fondun Sosial ödənişlərin Təyinatı üzrə X10 Daxili nəzarət və Monitorinq Departamentinin 03.02.20221-ci il tarixli aktına əsasən 01.09.1990-cı il ildən 01.01.1999-cu il tarixə qədər işləmiş olduğu Tiri kənd ailə uşaq bağçası arxiv sənədləri Cahangirbəyli kənd inzibati ərazi dairəsinə təhvil verilmədiyindən həmin illərin sığorta stajına qəbul edilməməsi onu pensiya hüququndan mərhum edir. Ona əmək kitabçası verən orqan dövlət orqanıdır, həmin əmək kitabçasını o, yazmamışdır, nə də saxta möhürü yoxdur. Əgər lazım gəlsə bu barədə ekspertiza da edilə bilər. Həmin işlədiyi illər onun əmək kitabçasında möhürlənərək təsdiq olunmuşdur. Həmin arxiv sənədlərinin harasa verilib-verilməməsi isə onun günahı deyildir. Burdan da görünür ki, onun pensiyaya çıxmağı üçün yetərli əmək stajı vardır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 16.04.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yasına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sıqortaolunanların qalanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi is stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə pensiya 62 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı M.Ağavevanın yasa görə əmək pensiyasına hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 62 yasda, yəni 02.01.2021-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq iddiaçı M.Aqavevanın həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28.800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı 05.01.2021-ci il tarixdə ərizə ilə ona yasa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə müvafiq filiala müraciət etmişdir. İddiaçı müraciətinə cavab olaraq müvafiq filial tərəfindən verilmiş 24.02.2021-ci il tarixli cavab məktubunda iddiaçının ‘‘Əmək Pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinə müvafiq olaraq tələb edilən sosial sığorta stajı və minimum pensiya kapitalı olmadığından ona imtina cavabı verilmişdir. İmtina cavabında qeyd edilmişdir ki. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə X9, Daxili nəzarət və Monitorinq Departamentinin 03 fevral 2021-ci il tarixli aktına əsasən, iddiaçı M.Ağavevanın 01.09.1990-cı ildən 01.01.1999-cu ilə qədər işləmiş olduğu “Tiri kənd ailə uşaq baxçası”nın arxiv sənədlərini Cahangirbəyli kənd inzibati ərazi dairəsinə təhvil vermədiyindən həmin illərin sığorta stajına qəbul edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilmiş qaydada icbari dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, fiziki şəxslərin, hərbi qulluqçuların, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sıqortaolunanlara pensiya təyin edilərkən və va təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına” cəlb edilməyən əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Belə ki, is materiallarına əlavə edilmiş Fondun Sosial Ödənişlərin Təyinatı üzrə X9, Daxili nəzarət və Monitorinq Departamentinin nümayəndələri tərəfindən iddiaçı M.Ağavevanın 1990-2017-ci il tarixlərini əhatə edən dövrdə “Tiri kənd ailə usaq bağçası”nda işləməsi faktı Cahangirbəyli kənd inzibati dairəsində araşdırılaraq qarşılıqlı yoxlanılma aparılmış və bunun əsasında 03 fevral 2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda qeyd edilir ki, Cahangirbəyli kənd inzibati ərazi dairəsində saxlanılan arxiv sənədlərinə (əmək haqqı cədvəllərinə) əsasən 01.01.1999- cu ildən sonra əmək haqqı alması əmək haqqı cədvəlləri ilə öz əksini tapmışdır. 01.01.1999-cu il tarixədək olan dövrlərə dair sənədlər Cahangirbəyli kənd inzibati ərazi dairəsinə təhvil verilməmişdir. Belə ki, iddiaçı M.Ağavevanın 01.01.2006-cı ilədək olan sığorta stajı sözügedən sənədlərə əsasən 07 il təşkil edir. İddiaçı M.Ağavevanın 01.01.2006-cı il tarixdən sonrakı sığorta stajı 10 il 10 av təşkil etməklə X1 Sistemində 01.01.2006-cı ildən sonra fərdi hesabının sığorta hissəsində qeyd olunan pensiya kapitalı 4.532,88 manat olmaqla qanunla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi AR Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 24 may 2021-ci il tarixli № BA-02205-2021 nömrəli arxiv arayışına əsasən, 19.03.1984-cü il tarixdən 12.02.1986-cı il tarixədək “Bakı Tikiş Fabriki 1A Aqreqatı”nda 1-ci dərəcəli tikişçi vəzifəsində işləməsinə dair məlumat mövcuddur. Həmin müddət 01 il 10 av 23 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Sözügedən Qanunun 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təgvim ili üçün bir il azaldılmagla hesablanır. Sözügedən Qanunun 22-1.5-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbig edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. İddiaçı M.Ağaveva avtomatlaşdırılmış qaydada ona yasa görə əmək pensiyasının təin edilməsini iddia edir. Qanunun 22-1-ci maddəsinə müvafiq olaraq 2019 - 2022-ci illər ərzində Qanunun 7-ci maddəsinə əsasən yaş həddinə çatmış şəxslərə 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il olduqda avtomatlaşdırılmış qaydada yasa görə əmək pensiyası təyin edilir. Lakin qeyd edilməli əsas məqam ondan ibarətdir ki, iddiaçı M.Ağaveva 26.11.2019-cu il tarixli ərizəsinə əsasən ‘‘Sosial müavinətlər haggında” Qanunun 01.01.2020-ci il tarixədək qüvvədə olmuş 1.0.2-ci maddəsinə əsasən “3 və daha çox uşağı doğub 8 yasinədək tərbiyə etmiş 57 yaşına çatmış gadınlar”a görə müavinət təyin edilmişdir. Vətəndaşın həmin hüququ 02.01.2016-cı il tarixdən yarandığı üçün keçmiş dövrlər üzrə almadığı vəsait həmin Qanunun 9.1-ci maddəsinə əsasən ödənilmişdir. Sözügedən Qanunun 22-1.5-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dək ‘‘Sosial müavinətlər haqqıında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmədiyindən İddiaçıva yasa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki halları nəzərə alınaraq geyd edilməlidir ki, iddiaçı M.Ağavevanın “Əmək pensiyaları haggında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququ yarandığı 62 yasda, yəni 02.01.2021-ci il tarixdə qanunla ona yasa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28800 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi- X5 etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq pensiya təyin edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1959-cu ildə Zəngilan rayonunda doğulmuşdur. Zəngilan rayonu Cahangirbəyli kənd sovetliyi tərəfindən verilmiş 19 avqust 1983-cü il tarixli İİİ-Жгseriyalı 255738 №li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 ilə İddiaçı 19.08.1983-cü il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1983-cü ildə avqust ayının 19-cu günündə 13 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Ağayeva soyadı verilmişdir. İddiaçıya məxsus 01.09.2010-cu il tarixli ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, 01.09.1990-cı il tarixdən 16.03.2017-ci il tarixədək Tiri Kənd ailə uşaq bağçasında aşbaz vəzifəsində işləmişdir. (Əmək kitabçası həmin dövrdə onunla birgə işləmiş iki nəfərin şahidliyi əsasında yazılmış, Cahangirbəyli ərazi nümayəndəliyinin 10.01.2017-ci il tarixli 1 nömrəli aktı əsasında ). Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Cahangirbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 mart 2021-ci il tarixli 42 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı həqiqətən Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Cahangirbəyli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati tabeçiliyində fəaliyyət göstərən uşaq bağçasında rayon işğal olunanadək aşbaz vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 181 nömrəli qərarına əsasən işsiz kimi 01 yanvar 2017-ci il tarixədək orta aylıq əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zəngilan rayon İcra Hakimiyyəti Zəngilan rayon Dövlət Arxivi tərəfindən İddiaçı ünvanlanmış 31.03.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Zəngilan rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin o cümlədən Məişət Xidmət idarəsinin sənədləri arxivə daxil olmadığı üçün sorğunu cavablandıra bilmirlər. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 24 may 2021-ci il tarixi BA- 02205-2021-02205-2021 №-li arxiv arayışında qeyd olunmuşdur ki, həqiqətən Dövlət Arxivinin Bakı Filialında saxlanılan Bakı 1 saylı Tikiş Fabrikinin natamam arxiv sənədlərinin ər kitablarında vətəndaş İddiaçı 16.03.1984-cü il tarixli,163 saylı əmrlə 19.03.1984-cü il tarixdən 1-a aqreqatına, 1-ci dərəcəli tikişçi vəzifəsinə işə qəbul olunması və 19.02.1986cı il tarixli, 157 saylı əmrlə 12.02.1986-cı il tarixdən işdən azad olunması barədə məlumatlar mövcuddur. Dövlət Arxivinin Bakı Filialında saxlanılan Bakı 1 saylı Tikiş Fabrikinin 1976-1983-cü illərə dair natamam arxiv sənədlərində vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron müraciət vərəqəsindən müəyyən olunur ki, vətəndaş 130 manat sosial müavinət alır, 62 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 24.02.2021-ci il tarixli **********9 №li imtina məktubunda göstərilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən 01 07.2021-ci il tarixinədək qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilmiş ******* saylı əmək kitabçanıza əsasən müraciətçinin 01.01 2006-cı il tarixinədək ümumi iş stajı 7 il olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. X1 Sistemində 01.01.2006-cı ildən sonra fərdi hesabının sığorta hissəsində qeyd olunan pensiya kapitalı 4.532,88 manat olmaqla qanunla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə X9, Daxili nəzarət və Monitorinq Departamentinin 03 fevral 2021 -ci il tarixli aktına əsasən 01.09.1990-cı ildən 01.01.1999cu ilə qədər işləmiş olduğu Tiri kənd ailə uşaq baxçası arxiv sənədlərini Cahangirbəyli kənd inzibati ərazi dairəsinə təhvil vermədiyindən həmin illərin sığorta stajına qəbul edilməsi qanunun tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən müraciətçiyə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliklə mümkün hesab edilmir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən vətəndaş müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29.09.2021-ci il tarixli **********9 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müavfiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 altisisteminə əsasən İddiaçı 01.01.2006-cı il tarixindən 01.01.2017-ci il tarixədək 11 il sığorta stajı və 4532,98 manat pensiya kapitalı vardır. Sosial Ödənişlərin Təyinatı üzrə X8, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırma şöbəsinin 03.02.2021-ci il tarixli aktına əsasən əsasən vətəndaşın 01.01.1999-cu il tarixdən 01.01.2006-cı il tarixədək Tiri kənd uşaq bağçasında işlədiyi dövrlər əmək haqqı cədvəllərinə əsasən təsdiqini tapmışdır. Lakin vətəndaşın ******* nömrəli, 01.09.2010-cu il tarixli əmək kitabçasının surətində qeyd edilmiş 01.09.1990-cı ildən 01.01.1999-ci ilədək işlədiyi dövrlər üzrə arxiv sənədlərinin (əmək haqqı cədvəlləri və s) araşdırılması mümkün olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron X4 altsisteminə əsasən vətəndaşın 01.01.2017-ci il tarixindən 01.07.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, M. Ağayevanın 01.01.1999-cu il tarixdən 01.01.2017-ci il tarixədək 18 il sığorta stajı və 9590,63 manat sığorta kapitalı vardır. Qanunun 7-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının minimum məbləğindən az olmayan pensiyanın təyin olunması üçün vətəndaşın hüququnun yarandığı 02.01.2021ci il tarixə tələb olunan pensiya kapitalı 28.800 manatdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Müavinətlər altisisteminə əsasən İddiaçı 26.11.2019-cu il tarixli ərizəsinə əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 01.01.2020-ci il tarixədək qüvvədə olmuş 1.0.2-ci maddəsinə əsasən “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar”a görə müavinət təyin edilmişdir. Vətəndaşın həmin hüququ 02.01.2016-cı il tarixdən yarandığı üçün keçmiş dövrlər üzrə almadığı vəsait həmin Qanunun 9.1-ci maddəsinə əsasən ödənilmişdir."Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2- ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Bu səbəbdən vətəndaşa avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunan məktuba əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, xx.xx.1959cu il təvəllüdlü İddiaçı 26.11.2019-cu il tarixli müraciətinə əsasən sonuncuya DSMF Yasamal rayon şöbəsinin 16.12.2019-cu il tarixli 607 №li qərarı ilə 20.11.2019-cu il tarixdən başlayaraq “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar”a görə aylıq 130 manat məbləğində müavinət təyin olunmuşdur. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.1-ci maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) orqanın vəzifəsidir. İş materialarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (62 yaş) 02.01.2021-ci il tarixdə çatmışdır. Cavabdeh inzibati orqanın məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş rəsmi məlumatlardan müəyyən olunur ki, İddiaçı 01.01.2006-cı il tarixindən 01.01.2017-ci il tarixədək 4.532,98 manat pensiya kapitalı mövcuddur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olduğundan, sonuncuya cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi təmin olunmalıdır. Bu zaman məhkəmə cavabdeh inzibati orqanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsini rəhbər tutmaqla, 2019-cu il yanvarın 1-dək ‘‘Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmədiyi əsası ilə İddiaçıva yasa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmaması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, qanunverici 2019-cu il yanvarın 1dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilmiş deyil, təyin edilmiş sosial müavinətləri nəzərdə tutur ki, hazırki halda qeyd olunan maddənin müddəaları iddiaçıya şamil edilə bilməz. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi, iddiaçıya sonuncunun 26.11.2019-cu il tarixli müraciətinə əsasən 16.12.2019-cu il tarixli qərarla 20.11.2019-cu il tarixdən (yəni 01 yanvar 2019-cu il tarixdən sonrakı dövrdə) başlayaraq müavinət təyin olunmuşdur. Cavabdeh inzibati orqanın bildirdiyi kimi, əvvəlki dövr üçün müavinətin hesablanıb ödənilməsi isə, müavinətin təyin olunma tarixinin 20.11.2019-cu il tarixdən əvvəlki dövrə aid edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 62 yaşının tamam olduğu 02.01.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 62 yaşının tamam olduğu 02.01.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar