Məhkəmə qərarları › İş №2-1(112)-5711/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5711/2025

01.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5711/2025 01.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, təqdim olunan "xxxx" MMC-nin 28 sentyabr 2024-cü il tarixli arayışında xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə, "xxxx" firmasının iddiaçıya dair 18 sentyabr 2024-cü il tarixli 439 nömrəli arayışında isə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındaki dövr ərzində usta vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışlarda gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındaki uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyəti istiqaməti və s.) barədə hər hansı məlumat göstərilməyib. Eyni zamanda, işlədiyi usta vəzifəsi sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının tikinti materialları istehsalı bölməsinin gil kərpici, kirəmit və keramik blok istehsalı bəndində nəzərdə tutulmayıb. Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Diplomdan görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək tornaçı ixtisası üzrə təhsil almışdır. Hərbi biletindən görünür ki, xx.xx.1982-xx.xx.1984-cü il tarixlərdə hərbi xidmətdə olmuşdur. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1982-xx.xx.1982-ci il tarixlərdə tornaçı; xx.xx.1984-xx.xx.1994-cü il tarixlərdə tornaçı, çilingər, dispetçer; xx.xx.2006-xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də növbə rəisi; xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" firmasında usta; xx.xx.2023-cü il tarixdən Bakı Ağır Cinayətlər Məhkəməsində baş mütəxəssis (sürücü) vəzifəsində işləyir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinə kimi "xxxx" MMC istehsal sahəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş zərərli peşələrin siyahısına daxil olan və 14.8-ci bəndində nəzərdə tutulan sahə üzrə usta-istehsal sahəsi (zərərli) vəzifəsində çalışmışdır. "xxxx" firması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixə kimi "xxxx" firmasına məxsus "xxxx" İstehsalat sahəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş zərərli peşələrin siyahısına daxil olan və 14.8-ci bəndində nəzərdə tutulan sahə üzrə usta-istehsal sahəsi (zərərli) vəzifəsində çalışmışdır. "xxxx" firması tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, “Qobu KZ (Kərpic Zavodu)” İstehsalat sahəsi "xxxx" Firmasının struktur bölməsi olaraq firmanın nəzdində fəaliyyət göstərir. "xxxx" Firmasının “Qobu KZ (Kərpic Zavodu)” İstehsalat sahəsinin iş funksiyası gil kərpic istehsal edilməsindən ibarətdir və firmanın sabiq işçisi usta (istehsalat sahəsi) İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək həmin İstehsalat sahəsində usta (istehsalat sahəsi) vəzifəsində işləmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarın 14.8-ci bəndində gil kərpici, kirəmit və keramik blok istehsalında fəhlələr göstərilmiş, lakin usta və böyük usta ilə bağlı vəzifələr qeyd olunmamışdır və bu səbəbdən firma tərəfindən verilmiş 439 saylı 18 sentyabr 2024-ci il tarixli arayışda usta (istehsalat sahəsi) zərərli vəzifə kimi qeyd olunmasını texniki nöqsan kimi qəbul edilməsi xahiş olunur. "xxxx" firması tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Qobu kərpic zavodu "xxxx" Firmasının nəzdində fəaliyyət göstərir. Zavod yalnız 1 çeşiddə, yəni gil kərpic blok istehsal edir. İstehsal prosesində yalnız təbii qazdan istifadə olunur. Kərpic bişirilməsində heç zaman mazut, bərk yanacaq və büzüşdürücü materiallardan istifadə olunmur. Vətəndaş İddiaçıMahmud oğlu xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinə kimi istehsal sahəsində usta vəzifəsində çalışmışdır. İstinad olunan qərarın 14.8 bəndində “Güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququ verən peşələr”-in vəzifələrin siyahısında usta nəzərdə tutulmamışdır. Bununla bağlı “Sədərək* Firması tərəfindən xx.xx.2024-cü il tarixində 439 saylı arayışda usta-zərərli vəzifə kimi qeyd olunmasını texniki səhv kimi qəbul edilməsi xahiş olunur. "xxxx" firması tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, vətəndaş İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2021-ci ilədək X2 usta vəzifəsində çalışmışdır. İddiaçı usta işləməsinə baxmayaraq, kərpic bişirmə prosesində usta, baş usta və fəhlələr eyni funksiyanı həyata keçirməli olurlar. Bu, istehsal zəruriyyətindən irəli gəlir. X2 istehsal prosesində 2018-ci ilin dekabr ayından etibarən təbii qazdan istifadə olunmağa başlanmışdır. İddiaçı işlədiyi dövrdə isə əsasən bərk yanacaqdan və büzüşdürücü materiallardan istifadə olunurdu. Gil və kərpic zavodlarının istehsal prosesində qeyd olunan bütün peşə sahibləri yəni ustalar, baş usta və fəhlələr - iş prosesinə görə oxşar xarakterli əmək funksiyasını həyata keçirirlər. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir əsas gətirmişdir:

1. Güzəştli iş stajının olmaması. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və o, yaşa görə əmək pensiyasının güzəştli şərtlərlə təyin olunmasını xahiş etmişdir. Lakin, iddiaçının güzəştli iş stajının olmaması səbəbindən, ona yaşa görə əmək pensiyasının güzəştli şərtlərlə təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə, məsələnin həlli ilə bağlı vurğulamağı zəruri hesab edir ki, iddiaçıya ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi müddətin nə qədər olduğunu dəqiq müəyyənləşdirmək lazımdır. Bu, həmin şəxsə güzəştli şərtlərlə pensiya təyin olunması hüququnun olub-olmamasını müəyyən etmək üçün əsas təşkil edir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılmasını aşağıda göstərilən normalar əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının 60 yaşını tamamladığı vaxt nəzərə alınmaqla yuxarıda adıçəkilən Qanunun 9.1-ci maddəsinin məhz hazırki redaksiyası iddiaçıya münasibətdə tətbiq olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının yaş və ümumi staj ilə bağlı şərtlərin ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir. İş materiallarından da görünür ki, iddiaçı 60 yaşına çatmışdır və 1981-ci ildən oxuduğu illər və hərbi xidmət, həmçinin 60 yaşına çatdığı dövrə qədər əmək fəaliyyəti nəzərə alınmaqla 25 il ümumi stajı mövcuddur ki, həmin hallar cavabdeh tərəfindən mübahisələndirilmir. Tərəflər arasında mübahisə açan məsələ, iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər Beləliklə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə pensiya təyinindən imtinanın əsasında duran güzəştli iş stajının mövcudluğu ilə əlaqədar mübahisənin həlli baxımından güzəştli iş stajına dair arayışın mövcudluğu zəruridir ki, iş materiallarından da göründüyü kimi məhkəməyə və inzibati orqana həmin arayış təqdim edilmişdir. Lakin, cavabdeh tərəf həmin arayışda qeyd edilən məlumatların mötəbərliyini qəbul etməmiş, iddiaçının güzəştli iş stajının mövcud olmaması barədə mövqe nümayiş etdirmişdir. Məhkəmə araşdırması zamanı isə güzəştli iş stajına dair arayışda qeyd edilənlərə münasibətdə əlavə araşdırmanın aparılması zəruri hesab edilmiş, müvafiq sorğu ilə müraciət edilərək iddiaçının işlədiyi dövrdə bərk yanacaq, büzüşdürücü materiallardan istifadə edilib-edilməməsi, iddiaçının əmək kitabçası və digər əlaqəli sənədlərdə usta kimi göstərilsə də, faktiki olaraq fəhlə kimi gil kərpici, kirəmit və keramik blok istehsalında onun tərəfindən dairəvi sobalarda kərpic bişirilməsində və eləcə də bərk yanacaqla işləyən, tunel sobalarında məşğul olan divar və büzüşdürücü materialları yandıranlar peşəsi üzrə işləyib-işləməməsi, ümumiyyətlə həmin sahədə fəhlə və usta arasında əmək funksiyalarının xarakteri baxımından hansı fərq və oxşar cəhətlərin olması barədə məlumatın təqdim edilməsi tələb edilmişdir. Sonuncu sorğuya cavab məktubu ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2006-cı ildən xx.xx.2021-ci ilədək X2 usta vəzifəsində işləməsinə baxmayaraq, kərpic bişirmə prosesində usta, baş usta və fəhlələr eyni funksiyanı həyata keçirməli olurlar. Bu, istehsal prosesinin təbiəti və zəruriyyətindən irəli gələn bir haldır. X2 istehsalın daha səmərəli həyata keçirilməsi məqsədilə 2018-ci ilin dekabr ayından başlayaraq təbii qazdan istifadə olunmağa başlanmışdır. Lakin İddiaçı çalışdığı dövrdə əsasən bərk yanacaq və büzüşdürücü materialları ilə istehsal həyata keçirilirdi. Gil və kərpic istehsalının hər bir mərhələsində iştirak edən bütün peşə sahibləri — yəni ustalar, baş ustalar və fəhlələr — həmçinin müvafiq iş prosesində oxşar funksional vəzifələri yerinə yetirirlər. Göründüyü kimi sorğuya cavab məktubunda müəssisə faktiki olaraq iddiaçının xx.xx.2006-xx.xx.2021-ci illərdə işlədiyi peşə ilə Siyahıda 14-cü bölmədə nəzərdə tutulan gil kərpici, kirəmit və keramin blok istehsalında iştirak edən fəhlələr ilə funksional baxımından eyni olduğunu təsdiq etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının güzəştli pensiya hüququnun təmin olunması üçün tələb edilən iş stajına dair şərtin yerinə yetirildiyini göstərir. Əmək funksiyalarının məzmun və məqsəd baxımından eyniyyəti, işçinin faktiki olaraq güzəştli staj yaratmağa xidmət edən fəaliyyətlə məşğul olduğunu təsdiqləyir. Buna görə də, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin icra etdiyi funksiyaların və istehsalat şəraitinin nəzərə alınması hüquqi baxımdan zəruri hesab olunur. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajı 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar