Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5712/2022 03.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin **********8754 nömrəli 5 yanvar 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsi üzrə 4.000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. Həmin qərar əsassız hesab olunur. Belə ki, iddiaçı **********2 VÖEN əsasında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 17 ünvanında yerləşən bir mərtəbəli qeyriyaşayış sahəsində fərdi sahibkar (çay evi) kimi fəaliyyət göstərir. İdarənin əməkdaşları tərəfindən 11 noyabr 2021-ci il tarixdə həmin ünvanda Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirmişdir. Keçirilmiş yoxlama ilə bağlı Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş 11 noyabr 2021-ci il tarixli 005375 nömrəli aktda bir sıra səhvliklər mövcuddur. Yuxarıda göstərilən 005375 nömrəli aktda yerinə yetirilən işlərin və göstərilən xidmətlərin adı təmir və ofisiant xidmətləri kimi aşkar olunmuşdur. Göstərilən obyektin fəaliyyət növü “çayxana”dır. Həmçinin qeyd olunan obyektdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinin pozularaq, iki nəfərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi qeyd olunmuşdur. Lakin müəssisədə fəaliyyət göstərən şəxslərlə qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilələr bağlanmışdır. O (iddiaçı), vergi orqanı tərəfindən tərtib olunmuş sənədlərdə adı çəkilən X5 və X3 tanımır, həmin şəxslər onun tabeliyində işləmir. Göstərilən hallar həmin şəxslərin Dövlət Vergi Xidmətinə təqdim olunan izahatlarında da öz təsdiqini tapır. Belə ki, hər iki şəxs həmin müəssisədə işləmədiyini və müştəri olaraq orada olduqlarını istintaq orqanına verilən izahatlarında da bildirmişlər. Bütün bunlara baxmayaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsi “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8754 nömrəli 5 yanvar 2022-ci il tarixli qərar qəbul etmiş və həmin qərarla iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iki nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə 4.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb olunmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə, İPMin 32, 35-ci maddələrinə əsaslanaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin **********8754 nömrəli 5 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin həmin Xidmətin Bakı şəhəri X14 üzrə Baş İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həmin Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsinin məhkəməyə ünvanlanmış 10 iyun 2022-ci il tarixli məktubunda iddia ilə bağlı bildirilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsi İddiaçı iddiasına etiraz edir. Araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin 11 noyabr 2021-ci il tarixli **********2067 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən həmin tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi AZ1073, Baki şəhəri, ünvan 3 ünvanında birmərtəbəli qeyri-yaşayış binasindakı “Nar” kafedə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, 11 noyabr 2021-ci il tarixli DVX seriyalı 005375 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" aktla rəsmiləşdirildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmaqdan imtina edildiyi müəyyən olunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 5 yanvar 2022-ci il tarixli **********8754 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 4.000 məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və müvafiq tələbnamə Baş İdarənin 5 yanvar 2022-ci il tarixli məktubu ilə 6 yanvar 2022-ci il tarixdə vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və vergi ödəyicisi tərəfindən 8 yanvar 2022-ci il tarixdə oxunmuşdur. İddiaçı iddia ərizəsində aktda adı qeyd olunan X10 və X3 tanımadığını bildirmişdir. İlk növbədə qeyd olunur ki, operativ vergi nəzarəti tədbiri zamanı həm İddiaçı, həm də işçilər X10 və X6 təhrif olunmuş izahatlar vermişdirlər. Belə ki, İddiaçı 11 yanvar 2021-ci il tarixli izahatında X4 müştəri kimi obyektdə olduğunu, X1 isə onun dostu olduğunu və obyektə müştəri kimi gəldiyini bildirmişdir. Vergi orqanının əməkdaşları tərəfindən tərtib olunmuş 11 noyabr 2021-ci il tarixli aktda operativ vergi nəzarəti tədbiri zamanı aparılan müşahidədə işçi X1 obyektə məxsus geyim formasında, X4 işçi geyim formasında olduğunu, həmçinin X1 müştəriyə xidmət göstərdiyini və X4 işlər gördüyünü müşahidə etdiklərini qeyd etmişdirlər. İddiaçı operativ vergi nəzarəti zamanı təqdim etmiş olduğu izahatla iddia ərizəsində qeyd edilənlər arasında ziddiyyət mövcuddur. Belə ki, iddiaçı ərizəsində X3 tanımadığını bildirsə də, operativ vergi nəzarəti zamanı təqdim etmiş olduğu izahatda X1 onun dostu olduğunu, müştəri kimi gəldiyini bildirmişdir. Əlavə olaraq, İddiaçı 18 noyabr 2021-ci il tarixli vergi orqanına ünvanladığı şikayətində X1 onun əvvəlki işçisi olduğunu və obyektdə onu gözlədiyini bildirmişdir. Beləliklə, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1, 24.0.1, 24.0.2, 50.6, 50.1.7, 58.10-cu maddələrinə, İPM-in 35.1, 68.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 bildirdi ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsində işləyir və İddiaçı məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən vergi orqanı əməkdaşı kimi iştirak etmişdir. 2021-ci ilin noyabr ayında bu tədbir keçirilərkən iki nəfər əmək müqaviləsi olmadan işə cəlbi halı müəyyən edilmişdir. Onlardan biri masalara xidmət göstərirdi və yoxlamanın aparıldığını hiss etdikdə qaçıb başqa otaqda gozlənmişdir. Digər işçi isə, texniki təyinatlı otaqda usta kimi çalışırdı. Müvafiq zərurət olmadığından, həmin gün keçirilmiş operativ vergi nəzarətində video çəkiliş aparılmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 bildirdi ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsində vergi müfəttişi kimi çalışır. İddiaçı məxsus obyektdə operativ vergi nəzarəti keçirilən zaman vergi orqanı əməkdaşı kimi o da iştirak etmişdir. Həmin operativ nəzarət üzrə obyektdə iki nəfər işçinin əmək müqaviləsi olmadan çalışdığı aşkar edilmişdir. Həmin işçilərdən biri sonradan gizlənmiş, digərinin isə usta qismində işlədiyi məlum olmuşdur. Qısa müddət sonra Elyar adlı şəxs vergi işçilərinin yoxlama aparmasına maneə yaratmış və özünü obyektin sahibi kimi təqdim etmişdir. İş materiallarında olan iclas protokolundan görünür ki, hazırkı iş üzrə 2 avqust 2022-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X8 bildirmişdir ki, vergi əməkdaşlarının yoxlama keçirdiyi zaman obyektin işçisi kimi mətbəxdə olmuşdur, yaranmış səs-küyə görə o da yoxlama aparan şəxslərə yaxınlaşmışdır. Orada mübahisə yaranmışdır, müdiriyyət hansısa şəxslərin obyektdə işləmədiyini bildirmişdir. İş materiallarında olan iclas protokolundan görünür ki, hazırkı iş üzrə 2 avqust 2022-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X11 bildirmişdir ki, vergi əməkdaşlarının yoxlama keçirdiyi vaxt obyektin işçisi kimi kassada kəməkçi kimi işləyirdi. Obyektdə masalara xidmət edən işçilər olmuşdur, lakin vergi əməkdaşlarının israrla işçi kimi təqdim etdikləri şəxslər orada işləməmişlər. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.7) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qanunun 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hazırkı iş üzrə məhkəmə icraatında müəyyən edilir ki, cavabdeh inzibati orqanın 11 noyabr 2021-ci il tarixli qərarı ilə vergi ödəyicisi kimi hazırkı İddiaçı təsərrüfat subyektində (Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 17 ünvanında yerləşən birmərtəbəli obyektdə) operativ vergi nəzarəti keçirilərək tədbirin nəticələri həmin tarixli müvafiq aktla rəsmiləşdirilmiş və qeyd olunan akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli **********8754 nömrəli qərar qəbul edilmişdir. Həmin aktla vergi orqanı əməkdaşları iddiaçının müvafiq ünvandakı fəaliyyəti üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilə bağlanmadan işəgötürən kimi iddiaçı tərəfindən 2 nəfər fiziki şəxsin obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsi faktının aşkar olunduğu rəsmiləşdirilmişdir. 5 yanvar 2022-ci il tarixli **********8754 nömrəli qərarla vergi ödəyicisi kimi hazırkı İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsi rərbər tutularaq 4.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı cavabdehin sözügedən 5 yanvar 2022-ci il tarixli **********8754 nömrəli qərarını mübahisələndirir. Məhkəmə inzibati orqanın 5 yanvar 2022-ci il tarixli **********8754 nömrəli qərarının qəbulu üzrə inzibati icraatda aşağıdakı xüsusatları müəyyən edir: - 5 yanvar 2022-ci il tarixli **********8754 nömrəli qərarın əsas kimi çıxış edən 11 noyabr 2021-ci il tarixli aktda adları göstərilən 2 şəxsin həmin vaxt verdiyi izahatlarda onların vergi ödəyicisi İddiaçı məxsus təsərrüfat subyektində işçi kimi işləmədiklərini bildirmişlər. Nəzərə alınmalıdır ki, məhkəmə icraatında vergi orqanının əməkdaşlarının şahid qismində verdiyi ifadələrlə digər şahidlərin ifadələri bir-birini təkzib edir, lakin operativ vergi nəzarəti keçirilən zaman müvafiq şəxslərdən dərhal alınan izahatlar hazırkı mübahisənin obyektiv həlli üzrə daha mötəbər sübut kimi qiymətləndirilməlidir, həmin izahatlarda isə onların obyektdə işləməsi təkzib olunur; - “mübahisələndirmə haqqında” iddia növündə qaldırılmış hazırkı iddia üzrə sübutetmə yükünü cavabdeh inzibati orqan daşıyır və məhkəmə icraatında bu qurum mübahisə predmeti olan 5 yanvar 2022-ci il tarixli qərarın əlverişsiz inzibati akt kimi qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir. Həmçinin nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Belə olan halda, məhkəmə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8754 nömrəli 5 yanvar 2022-ci il tarixli qərarı qanuni saymır. Həmçinin məhkəmənin qənaətinə görə vergi orqanının **********8754 nömrəli 5 yanvar 2022-ci il tarixli qərarı qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu vergi ödəyicisi kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində dəyərəndirilir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin **********8754 nömrəli 5 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin **********8754 nömrəli 5 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5712/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5712/2022
03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver