Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5714/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “imtiyazlı şəxs qismində mənzil və ya fərdi evlə təmin olunma” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı özü də daxil olmaqla 6 (altı) nəfər ailə üzvü tərkibi nəzərə alınmaqla, Qarabağ əlili kimi, imtiyazlı şəxs qismində mənzil və ya fərdi evlə təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmət dövründə aldığı travmalar nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi mərkəzi hərbi həkim komissiyasının qərarına əsasən iddiaçıya 2-ci qrup əlillik müəyyən edilmişdir. “Əlillərin sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli 284 saylı Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50, 51-ci maddələrinin tələblərinə əsasən, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 02 iyun 2014-cü il tarixli, 122 nömrəli Sərəncamı ilə, iddiaçının özü də daxil olmaqla 5 (beş) nəfər ailə tərkibdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan 2-ci qrup Qarabağ müharibəsi əlili kimi Sumqayıt şəhər İcra Hakimiyyətində mənzil növbəsinə alınmışdır. Həmin Sərəncama əsasən İddiaçı özüdə daxil olmaqla 5 (beş) nəfər ailə tərkibi ilə mülkiyyətində olan, yaşayış sahəsi 37,80 kv.metrdən ibarət, iki otaqlı, 47-ci məhəllə, ev. 16, mənzil 20-də qeydiyyatdadır. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərancammın tələblərini nəzərə alaraq mənzil şəraitimin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 yanvar 2022-ci il tarixli, **********8 saylı cavab məktubu ilə iddiaçıya Nazirlik tərəfindən mənzil və ya fərdi evlə təmin etməkdən imtina edildi. Nazirlik öz imtinasını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş 11 dekabr 2020-ci il tarixli 1529 nömrəli məktubda “Sizin 06 fevral 2014-cü il tarixdən mənzil növbəsinə dayandığınız qeyd edilmişdir. Müraciətin araşdırılması zamanı məlum olmuşdur ki, siz daha əvvəl dövlət tərəfindən mənzillə təmin olunmuşunuz və hazırda həmin mənzildə yaşayırsınız. Qeyd edilənlərə əsasən Sizin Nazirlik tərəfindən mənzil və ya fərdi evlə təmin edilməyiniz qanunvericiliklə nəzərdə tutulmamışdır”. İddiaçı hesab edir ki, aşağıdakılara əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 17 yanvar 2022-ci il tarixli **********8 saylı cavab məktubu ilə iddiaçıya Nazirlik tərəfindən mənzil və ya fərdi evlə təmin etməkdən imtinası qanunun tələblərinə zidd və və heç bir əsası yoxdur.
3. Məhkəmənin hazırlıq icraatı üzrə aidiyyət iclasında tərəflər iştirak etməmişdir.
4. İddiaçı ərizə ilə məhkəməyə müraciət (dəftərxana vasitəsilə) edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
II. İddianın geri götürülmüş sayılması
5. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
7. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı).
8. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
10. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
11. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
16. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
17. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
18. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.
19. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
20. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva