Məhkəmə qərarları › İş №2-1(112)-5715/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5715/2021

06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5715/2021 06.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən "Rabitəbank” ASCnin Nizami filialı ilə iddiaçı arasında bağlanmış NZNPU-1054 nömrəli, 04.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2-1(112)-3199/2020 saylı, 19.10.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Məlum qərar qanuni qüvvəsini almış və icra olunması üçün Mərkəzi Banka göndərilmişdir. Mərkəzi Bank tərəfindən 19 yanvar 2021-ci il tarixdə icra edilməsi üçün Maliyyə Nazirliyinə göndərilmiş, lakin həmin nazirlikdən aldığı məlumata əsasən məlum məhkəmə qərarı icra olunmur. Hazırda cavabdeh Maliyyə Nazirliyi birbaşa vəzifə səlahiyyətlərini aşaraq icra etmir və bu zaman vətəndaşları açıq şəkildə süründürməçiliyə sövq edirlər. Bundan əlavə, iddiaçıya bildirirlər ki, 2021-ci il üçün maliyyə ayırmaları nəzərdə tutulmadığı üçün dövlətin adından qəbul edilmiş məhkəmə qərarını və ölkə başçısının məlum fərmanını icra edə bilməyəcəklər. Cavabdeh Maliyyə Nazirliyi tərəfindən 17 mart 2021-ci il və 06.04.2021-ci il tarixli məktubları ilə müraciətin təminindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi X2 06.08.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən "Rabitəbank” ASC-nin Nizami filialı ilə iddiaçı arasında bağlanmış NZNPU-1054 nömrəli, 04.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 2259,18 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia ərizəsindən aydın olur ki, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 19 oktyabr tarixli, 2-1(112)-3199/2020 nömrəli qərarı ilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 2015-ci il 04 iyun tarixli NZNPU-1054 saylı kredit müqaviləsinə əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanın (bundan sonra - Fərman) 1-ci hissəsinə uyğun olaraq 2259,18 manat məbləğində kompensasiya hesablanması Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilmişdir. Məhkəmə qərarının icrası olaraq Mərkəzi Bank tərəfindən İddiaçı 2259,18 manat məbləğində kompensasiya hesablanmış və 2021-ci il 19 yanvar tarixli 16- 00139-2021 nömrəli məktubla Maliyyə Nazirliyinə bu barədə məlumatlar təqdim edilmişdir. Lakin aşağıda qeyd edilən səbəblərdən İddiaçı Fərmana əsasən ona hesablanmış 2259,18 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul olunması tələbi rədd edilməlidir: Belə ki, Fərmanın 1-ci hissəsinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi, Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi müəyyən olunmuşdur. Həmçinin Azərbacan Respublikası Prezidentinin digər Fərmanı ilə kompensasiya ödənişlərinin həyata keçirlməsi üçün 2019-cu ilin dövlət büdcəsində xüsusi vəsait ayrılmışdır. Fərmanın 3.2-ci hissəsinə əsasən kompensasiya ödənişinin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilməsi və bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məlumat verilməsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilmiş və sadalanan məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 2019-cu il 11 aprel tarixli ********** nömrəli məktubla və yekun dəqiqləşdirilmiş siyahı isə 2019-cu il 15 aprel tarixli ********** nömrəli məktubla Maliyyə Nazirliyinə təqdim olunmuşdur. Bildirilir ki, təqdim edilən hər iki siyahıda İddiaçı adı kompensasiya alanların sırasına daxil edilməmişdir. 2019-cu il ərzində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən, o ləğv olunduqdan və səlahiyyətləri Mərkəzi Banka keçdikdən sonra da Mərkəzi Bank tərəfindən İddiaçı adı kompensasiya alan şəxslərin siyahısına daxil edilməmişdir. Bu haqda məlumatların Maliyyə Nazirliyinə 2019-cu il ərzində təqdim edilməməsi nəticəsində, tərəflərindən dövlət büdcəsi vəsaiti hesabına 2019-cu ildən sonrakı illərdə kompensasiyanın ödənilməsi mümkün olmamışdır. Məlumat üçün o da qeyd edilir ki, 2019-cu il ərzində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilmiş siyahılar əsasında 10 tranşla təxminən 600 min nəfər üzrə 639,1 mln. manat məbləğində kompensasiya ödənişi 2019-cu ilin dövlət büdcəsində bunun üçün nəzərdə tutulmuş xərc maddəsindən operativ şəkildə həyata keçirilmişdir. 2020-ci və 2021-ci ilin dövlət büdcəsinin tərtibi zamanı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun formada kompensasiya ödənişlərinin davam etdirilməsi ilə bağlı vəsaitin nəzərdə tutulması üçün müraciət daxil olmadığından 2020-2021-ci illərin dövlət büdcəsində bu məqsədə vəsait nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir. Nazirlik hər hansı sərbəst maliyyə vəsaitinə malik deyildir. Habelə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq istifadə edilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyinin dövlət büdcəsi vəsaitini hər hansı digər təyinata yönəltmək səlahiyyəti yoxdur. Qeyd olunanlardan göründüyü kimi Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Əlavə olaraq bildirilir ki, İddiaçı bu məsələ ilə bağlı Maliyyə Nazirliyinə müraciət etmiş və müraciəti 2021-ci il 17 mart tarixli, 13/05-185-1868 nömrəli məktub ilə Maliyyə Nazirliyi tərəfindən cavablandırılmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən məhkəmədən İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3199/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın ödənilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin həmin qərarı ilə iddia tələbi təmin edilmiş və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində İddiaçı adının kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısına əlavə edilməsi və ona "xxxx" ASC ilə aralarında bağlanmış 04.06.2015-ci il tarixli, NZNPU-1054 saylı kredit müqaviləsi üzrə 2259,18 manat kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının 22.01.2021-ci il tarixli, 16-00183-2021 nömrəli məktubunda bildirilmişdir ki, aşağıda qeyd olunmuş məhkəmə qərarları üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmuş vəzifələr icra edilmiş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq hesablanmış kompensasiyaları alacaq fiziki şəxslərin siyahısı həmin Fərmanın 3.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmişdir. Həmin siyahıda Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3199/2020 nömrəli qərarı da göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 17.03.2021-ci il tarixli, 13/05-185-1868 nömrəli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya ödənişlərinin həyata keçirilməsi üçün maliyyələşmə 2019-cu il əzində həmin ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təqdim edilən müvafiq sifarişlər əsasında təmin edilmişdir. Həmçinin bildirilir ki, sonrakı illərin, o cümlədən cari ilin dövlət büdcəsində problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün müvafiq vəsait nəzərdə tutulmamışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı ilə "xxxx" ASC arasında 04.06.2015-ci il tarixli, NZNPU-1054 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, bununla əlaqədar İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın ödənilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(112)-3199/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının adının kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısına əlavə edilməsi, kredit müqaviləsi üzrə 2259,18 manat kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilmişdir. Məhkəmənin adıçəkilən 19 oktyabr 2020-ci il tarixli qərarı qanuni qüvvəsini almış, Mərkəzi Bank tərəfindən iddiaçının adı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına uyğun olaraq kompensasiya alacaq fiziki şəxslərin siyahısına daxil edilərək kompensasiya ödənişlərinin həyata keçirilməsi üçün Maliyyə Nazirliyinə göndərilmişdir. İddiaçı müvafiq kompensasiyanın ödənilməsi ilə bağlı Maliyyə Nazirliyinə müraciət etmiş, cavabdeh Nazirlik müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Fərmana əsasən kompensasiya ödənişləri 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təqdim edilmiş sifarişlər üzrə təmin edilmişdir, cari ilin dövlət büdcəsində problemli kreditlər üzrə kompensasiyanın ödənilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Hazırkı iddia üzrə iddiaçı cavabdehin qeyd edilən imtinasını mübahisələndirməklə ona hesablanmış müvafiq kompensasiyanın ödənilməsi vəzifəsini cavabdeh inzibati orqanın üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır. Beləliklə, bu növ iddia üzrə xüsusi mümkünlük şərti ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının (bundan sonra Fərman): -1-ci bəndinə görə aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. -2-ci bəndinə görə bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. -3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. -9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi: 9.1. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan dövlət zəmanətinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görsün; 9.2. bu Fərmandan irəli gələn digər tədbirlər görsün. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilmiş 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın (bundan sonra Qayda) 1-ci bəndinə görə bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra - Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Adıçəkilən Qaydanın: -2.1.10-cu bəndinə əsasən kompensasiya - fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğdir. -4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. -4.2-ci bəndinə görə Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. -4.5-ci bəndinə görə bankın müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçirilir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli 1616 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Sadalanan normalardan görünür ki, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Sözügedən Fərmanda onun icra olunması məqsədilə bəzi qurumlara konkret vəzifələr həvalə olunmuşdur. Belə ki, Fərmanın 3-cü hissəsinə, həmçinin Qaydanın 4.1-ci bəndinə əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verməlidir. Fiziki şəxslərə kompensasiyaların ödənilməsi istiqamətində icra edilməli olan sonrakı hərəkətlər Maliyyə Nazirliyi tərəfindən həyata keçirilməli, Palatadan siyahı barədə məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürülməlidir. Bankın müştərisi olan fiziki şəxslərə son mərhələdə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçirilir. Beləliklə, Maliyyə Nazirliyinin fiziki şəxslərə kompensasiyaların ödənilməsi istiqamətində icra etməli olduğu hərəkətlər Fərmanda və Qaydada tam şəkildə göstərilmişdir - bu hərəkətlər Palatadan kompensasiya ödəniləcək şəxslərin siyahısını aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının hesablarına köçürməkdir. Cavabdeh iddiaya etirazını iddiaçının adının kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısına daxil edilməsi ilə bağlı məlumatın Palata tərəfindən 2019-cu il ərzində Maliyyə Nazirliyinə təqdim edilmədiyi, 2019-cu ildən sonrakı illərdə isə dövlət büdcəsi vəsaiti hesabına kompensasiyanın ödənilməsinin mümkün olmaması ilə əsaslandırmış və bununla bağlı Fərmanın 3.2-ci bəndinə istinad etmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Fərmanın 3.2-ci bəndinə görə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi nəzərdə tutulmuşdur. Məhkəmə cavabdehin göstərilən dəlili ilə razılaşmır və qeyd edir ki, Fərmanın adıçəkilən bəndində kompensasiya ödəniləcək şəxslərin siyahısının 45 gün ərzində hazırlanması Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilmişdir. Palatanın qeyd edilən müddət ərzində ölkə üzrə Fərmanın təsir dairəsinə düşən fiziki şəxslərin siyahısını bu və ya digər səbəbdən tam formada hazırlayıb təqdim etməməsi Palatanın məsuliyyət dairəsinə aid olan məsələdir ki, Maliyyə Nazirliyinə təqdim olunmuş ilkin siyahılarda iddiaçının adının göstərilməməsinin hüquqi nəticəsi iddiaçının ziyanına təfsir və tətbiq edilə bilməz. Qeyd edilməlidir ki, Palatanın Fərmanla üzərinə qoyulmuş vəzifənin icrasının vaxtında düzgün təşkil olunmamasının nəticəsidir ki, iddiaçı Mərkəzi Banka qarşı inzibati məhkəmə icraatında iddia qaldıraraq bağladığı kredit müqaviləsinin Fərmanın təsir dairəsinə düşməsi ilə əlaqədar adının kompensasiya ödəniləcək şəxslərin siyahısına daxil edilməsini tələb etmiş, məhkəmə qərarı ilə iddia tələbi təmin edilərək Mərkəzi Bankın üzərinə belə bir vəzifə qoyulmuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, yuxarıda adıçəkilən Qaydanın 6.16-cı bəndində fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatması göstərilsə də, nə Qaydada, nə də adıçəkilən Fərmanda kredit borcu ödənilmiş şəxslərə kompensasiyanın ödənilməsi ilə bağlı müraciətlərin hansı dövrədək qəbul edilməsi ilə bağlı müddət məhdudiyyəti nəzərdə tutulmamışdır. Fərmanın 1-ci bəndində nəzərdə tutulmuş “3 aydan gec olmayaraq” müddət məhdudiyyəti yalnız kompensasiya ödənişinin fiziki şəxslərə ödənilməsi ilə bağlı nəzərdə tutulmuş müddətdir ki, bu müddətin axımı da məhz Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırkı halda Mərkəzi Bank) tərəfindən kompensasiyanın hesablanması barədə məlumatın (siyahının) Maliyyə Nazirliyinə təqdim edildiyi vaxtdan hesablanmağa başlanır. İşin hallarından və qanuni qüvvəsini almış məhkəmə qərarından da görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşmüşdür. Yuxarıda da qeyd edildiyi kimi Fərmanın məqsədi fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdir. Bu mənada aydındır ki, iddiaçı həmin dövrədək kredit müqaviləsi bağlamış, xarici valyutada kredit borcunu ödəmiş, lakin devalvasiya nəticəsində maliyyə itkisinə məruz qalmışdır ki, Fərman da məhz həmin dövrdə fiziki şəxsin məruz qaldığı maliyyə itkisinin, yəni xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərqin (artan məzənnə fərqi) kompensasiya şəklində dövlət büdcəsi hesabına ödənilməsini nəzərdə tutmuşdur. Başqa sözlə, Fərmanda yalnız Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə kompensasiyaların hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Fərmanın 1-ci hissəsinə uyğun olaraq fiziki şəxslərin banklara xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi müəyyən edilmişdir. Ödəniləcək kompensasiyaların yalnız 2019-cu il dövlət büdcəsi hesabına ödənilməli olması ilə bağlı isə birbaşa və imperativ tələb yoxdur. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 8.4-cü bəndinə əsasın dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasını beynəlxalq standartlara uyğun metodologiya əsasında aparmaq, hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini hazırlayıb qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etmək, dövlət büdcəsinin tərtibi və icrası prosesinin təkmilləşdirilməsi barədə təkliflər vermək; 8.5-ci bəndinə görə müvafiq büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri əsasında onun vahid büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla gəlirlərinin və xərclərinin rüblük, zəruri hallarda aylıq bölgüsünü müəyyən etmək və aidiyyəti təşkilatlara göndərmək; 8.9-cu bəndinə əsasən zərurət yarandıqda, müvafiq büdcə ili ərzində qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin dəqiqləşdirilməsi barədə təkliflər hazırlamaq Nazirliyin vəzifələrindəndir. Bundan əlavə, o da nəzər alınmalıdır ki, hesablanmış kompensasiyanın ödənilməsi bir tərəfdən Fərman və Qaydanın tələbidirsə, digər tərəfdən kompensasiyanın ödənilməməsi Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 19.10.2020-ci il tarixli qərarının icrası əhəmiyyətini də azaldır. Nəzərə alınmalıdır ki, kompensasiyanın ödənilməsi yuxarıda qeyd edildiyi kimi müvafiq qurumlar tərəfindən ardıcıl hərəkətlərin icrası ilə mümkündür. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-3199/2020 saylı inzibati iş üzrə iddiaçının hüquqi marağı Fərmanla nəzərdə tutulmuş kompensasiyanın ona münasibətdə hesablanması olmuşdusa, bu maraq yekunda iddiaçının həmin kompensasiyanın ödənilməsi ilə bağlı məqsədinə xidmət etmişdir. Dolayısı ilə, kompensasiyanın hesablanması və iddiaçının adının müvafiq siyahıya daxil edilməsi ilə bağlı inzibati məhkəmə icraatı bilavasitə həmin kompensasiyanın ödənilməsinə hüquqi zəmin yaratmaq məqsədilə aparılmışdır. Məhkəmənin qanuni qüvvəsini almış 19.10.2020-ci il tarixli qərarı ilə qeyd edilən tələb təmin edildiyi və Mərkəzi Bank tərəfindən icra edildiyi halda həmin məbləğin sonrakı mərhələdə - Maliyyə Nazirliyi tərəfindən ödənilməməsi adıçəkilən məhkəmə icraatı və məhkəmə qərarının icrasını da əhəmiyyətsiz edir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən "Rabitəbank” ASC-nin Nizami filialı ilə iddiaçı arasında bağlanmış NZNPU-1054 nömrəli, 04.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı hesablanmış 2259,18 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən "Rabitəbank” ASC-nin Nizami filialı ilə iddiaçı arasında bağlanmış NZNPU-1054 nömrəli, 04.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı hesablanmış 2259,18 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar