Məhkəmə qərarları › İş №2-1(112)-5715/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5715/2022

23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5715/2022 23.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X18, X21, X15 və X10) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:

1. İddiaçı (bundan sonra – İddiaçı) X18, X21, X15 və X1 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması barədə ərizə ilə cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə müraciət etmişdir.

2. İdarə xx.xx.2021-ci il tarixli, 082-47149 saylı cavab məktubu ilə iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, ünvan 1 ünvanda qeydiyyatda olan şəxsin (şəxslərin) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir.

3. Bundan sonra İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X8 ailəsi də daxil olmaqla 3-cü Alatava 266 saylı evdən qeydiyyatdan çıxarılmasına dair qərar qəbul edilməsini və həmin evdə yalnız iki nəfərin- ev sahibi kimi özünün və X2 qeydiyyatda qalmasının təmin edilməsini xahiş etmişdir.

4. 03.02.2022-ci il tarixdə İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, hazırki iş üzrə cavabdeh X8 əsl cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi ilə əvəz edilməsini, həmçinin iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava ünvanından X8, X12, X6 və X1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, cavabdeh X18 əsl cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi ilə əvəz edilmiş, həmçinin X18, X21, X15 və X10 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

6. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1969-cu ildən ailəsi ilə Nəsimi rayonu, 3-cü Alatava massivində ev sahibi olaraq 266 saylı evdə yaşamışdır. 2000-ci ildə isə işlədiyi tikinti təşkilatından Ziya Bünyadov prospekti, 58 saylı binadan 9-cu mərtəbədə 17 nömrəli 3 otaqlı mənzili almış və icazə ilə mənzilin damında mansard tikib təmir etdirmişdir. Mənzilin özündə iddiaçı həyat yoldaşı ilə, mansardda isə oğlu ailəsi ilə yaşamışdır. 2006-cı ildə Z.Bünyadov küçəsi, ev 58, mənzil 17 ünvanındakı yaşayış sahəsini özəlləşdirmiş və 2018-ci ildə bu özəl mənzili oğlu X11 notarial qaydada bağışlamışdır. Oğlundan xahiş etmişdir ki, bağışlama barədə sənədləşmə tamamlandıqdan sonra ailəsi ilə 3-cü Alatava, 266 saylı evdən qeydiyyatdan çıxıb ona bağışlanan evə qeydiyyata düşsün, lakin oğlu qeydiyyatdan çıxmamışdır.

7. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

9. Üçüncü şəxs iddia ərizəsinə etiraz edərək onun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

10. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubla məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir.

11. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır.

12. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

13. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır.

15. Məhkəmə hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Çünki iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.

16. Belə ki, Nəsimi rayon Mənzil-X5 33 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 306 nömrəli arayışından görünür ki, İddiaçı özbaşına tikili olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 266 saylı evdə qeydiyyatdadır. Ailə tərkibi oğlu X18, nəvəsi X9, nəvəsi X15, nəvəsi X10 və qızı X3 ibarətdir.

17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 018-5791-1222 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 266 ünvanında X13 xx.xx.2005-ci il tarixdən, X10 xx.xx.2014-cü il tarixdən, X15 xx.xx.2013-cü il tarixdən, X19 xx.xx.2016-cı il tarixdən, X4 xx.xx.1986-cı il tarixdən X14 xx.xx.2014-cü il tarixdən, İddiaçı xx.xx.1970-ci il tarixdən, X18 xx.xx.1991-ci il tarixdən, X7 xx.xx.1988-ci il tarixdən, X22 xx.xx.2020-ci il tarixdən, X21 isə xx.xx.2021-ci il tarixdən hazıra kimi qeydiyyatdadırlar.

18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********69 saylı məktubundan müəyyən olunur ki, X8, X12, X6 və X1 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 266 saylı fərdi yaşayış evinə dair mülkiyyət və istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir.

19. Eyni zamanda iş materiallarında olan ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 266 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2010-cu il tarixdə X16 adına qeydiyyata alınmışdır.

20. Beləliklə, işin sadalanan hallarından məlum olur ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 266 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evə dair ünvan daşınmaz əmlakın dövlət reyestrində iddiaçının deyil, digər bir şəxsin – X16 adına qeydiyyatdan keçmişdir və həmin əmlaka dair hüququları həyata keçirmək, o cümlədən sərəncam vermək A.Osmanlının ixtiyarındadır.

21. İddiaçının hazırda üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını istədiyi və ona məxsus olduğunu iddia etdiyi fərdi yaşayış evi isə özbaşına tikilidir və nə həmin ev, nə də evin ünvanı müvafiq qaydada qeydiyyata alınmışdır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

23. Belə olan halda müəyyən olunur ki, İddiaçının özbaşına tikili olan həmin əmlaka hər hansı bir hüququ mövcud deyil və mübahisəli əmlaka münasibətdə üçüncü şəxslərlə eyni hüquqi statusa malikdir. Onun həmin evdə qeydiyyatda olması isə öz-özlüyündə həmin evə səlahiyyət yaratmamaqla birlikdə hazırkı iddianı irəli sürmək imkanı da vermir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.

25. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

26. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmasını sübuta yetirə bilmir. Buna görə də məhkəmə hesab edir ki, onun bu iddiası mümkün sayılmamalıdır.

27. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar