Məhkəmə qərarları › İş №2-1(112)-5716/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5716/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5716/2024 10.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının tam reabilitasiya olunması və əlilliyin təyinindən imtina edilməsi barədə qərarın ona aid hissədə ləğv edilməsi, əlilliyin dayandırıldğı tarixdən bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Həkim Komissiyasına qarşı “pensiyanın təyin edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək “xx.xx.2021-ci ildə təyin edilmiş əlilliyinin ləğv edilməsi barədə qərarın ləğv edilməsi, əlilliyin təyinatının imtina edilməsi barədə qərarların da ləğv edilməsi və əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsini cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddianın “İddiaçının tam reabilitasiya olunması və əlilliyin təyinindən imtina edilməsi barədə qərarın ona aid hissədə ləğv edilməsi, əlilliyin dayandırıldğı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya müddətsiz ikinci dərəcəli əlillik təyin olunsa da, daha sonra ona təyin olunmuş əlillik dayandırılmışdır. İddiaçı hesab edir ki, onda olan xəstəlik forma 088 arayışında da öz təsdiqini tapdığından ona əlillik dərəcəsi verilməli və ədalətli pensiya təyin olunmalıdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əlillik altsistemində olan sənədlərdən görünür ki, iddiaçıya 15 iyul 2021-ci il tarixdən “Paranoid şizofreniya, şizofreniya, paranoid forma, natamam remissiya” diaqnozu əsasında müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, İddiaçı “Paranoid şizofreniya, şizofreniya, paranoid forma, fasiləsiz gedişli” diaqnoz əsasında əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 01 mart 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyənn olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı onda əlillik təyinatına əsas verən psixi pozuntular aşkar edilmədiyi bildirilmişdir. Bakı 2 nömrəli X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli forma 088 arayışından görünür ki, iddiaçıda əsas diaqnoz kimi F20.0 kod altında nəzərdə tutulan “Paronoid şizofreniya, Şizofreniya paranoid forma, fasiləsiz gedişli” müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 17 noyabr 2023-cü il tarixli qərarından görünür ki, 2 ömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 7556/23 nömrəli çıxarışında diaqnoz “Şizofreniya paranoid forma, fasiləsiz gedişli” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşin faktiki hallarından da görünür ki, hazırkı iddia iddiaçının tam reabilitasiya olunması və əlilliyin təyinindən imtina edilməsi barədə qərarın ona aid hissədə ləğv edilməsindən, ona əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qərarların qəbul edilməsi ilə bağlı inzibati icraat inzibati qanunvericiliyin pozulması ilə aparmışdır. Belə ki, əlilliyin müddətsiz təyin edilməsi barədə qərar əlverişli inzibati aktdır. Həmin əlverişli inzibati akt qanunsuz olsa belə hər bir halda bu onun ləğvinə əsas vermir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı onun əlilliyinin təyininə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Cavabdeh də iddiaçının əlilliyin təyin ilə bağlı müraciətinə dair inzibati araşdırma apararkən ona əlilliyinin təyinindən istisna hallarını müəyyən etməmiş, əksinə müddətsiz əlilliyini təyini barədə qərar qəbul etmişdir. Bu isə o deməkdir ki, iddiaçının əlilliyinin təyini həyata keçirmişdir ki, iddiaçı həmin qərarın qəbul edilməsində qanunsuz müdaxiləyə yol verməmişə və etimadın qorunması hüququna istinadı istisna edən konkret hallar yoxdursa iddiaçının heç bir əsas olmadan əlilliyin ləğv edilməsinə dair inzibati icraatı başlaması və həmin inzibati icraat nəticəsində əlilliyi ləğv etməsi əsası yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Doğrudur inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Hazırkı iş üzrə materiallardan isə müəyyən edilir ki, əlilik təyinatının əsaslılığının iddiaçının xəstəlik vəziyyətinin obyektiv araşdırılması kimi əsasa istinad edilərək inzibati icraat başlanılmışdır ki, ümumiyyətlə ümumi xarakterli həmin ifadə altında inzibati icraatın öz təşəbbüsü ilə başlanılmasının zərurəti aydın deyil. Qeyd edilməlidir ki, cavabdeh həmin ad altında kütləvi olaraq bütün müddətli və müddətsiz əlilliklərin yoxlanılması kimi müstəsna səlahiyyətə malik olacaqdır ki, həmin hal etimad hüququnun qorunduğu hallarda əlilliyin istər müddətli təyin edilməsi, istərsə də müddətsiz təyin edilməsi xüsusiyyətinə uyğun gəlmir. Halbuki, cavabdehin şəxsin etimadının qorunduğunu nəzərə almaq kimi də vəzifə daşıyır ki, cavabdeh hazırda müddətsiz təyin edilmiş əlilliyi konkret hal müəyyən etmədən öz təşəbbüsü ilə araşdırmanın aparılması üçün əsas müəyyən etmədən ləğv etmişdir. Məhkəmə hesab edir ki, əlilliyin təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda təyin edilmiş əlilliyin müddətsiz olması açıq-aşkar müəyyən edilmişdir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdirsə onun cavabdehin istinad etdiyi, inzibati icraatın predmetindən kənar çıxmaqla aparmış inzibati icraat əlilliyin ləğvinə əsas yaratmır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “iddiaçının xəstəlik vəziyyətinin obyektiv araşdırılmasına zərurət olduğuna” istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, məzmununa etimad göstərdiyi əlillik ilə bağlı inzibati aktı ləğv etmədən, onun tam reabilitasiya olması barədə qərar qəbul etmişdir. Cavabdeh nə məhkəmə sorğusuna cavab kimi təqdim etdiyi sənədlərdə, nə də ki məhkəmə icraatı zamanı əlilliyin ləğv edilməsi barədə qərarı təqdim etməmişdir ki, bu da qərarın mövcud olmadığına dəlalət edir. Məhkəmə xüsusi ilə bir məqamada toxunmaq istəyir ki, iddiaçı tam reabilitasiya olunsa belə, həmin hal qanuni əsaslarla müddətsiz təyin edilmiş, iddiaçının etimad hüququnu qorunması da nəzərə alınmaqla əlilliyin ləğvinə əsas yaratmır. Bu səbəbdən də iş üzrə əlavə araşdırmanın aparılması, tibbi ekspertizanın təyininə zərurət müəyyən edilməmişdir. Bunun davamı kimi də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki həmin inzibati akt prosessual baxımından qanunsuzdur, onun legitimləşdirilməsi baxımından əyani müayinənin keçirilməsi, məhkəmə tibbi-ekspertizasının təyini və s yolverilməzdir. Belə ki, məhkəmə icraatı inzibati orqanın prosessual tələblərlə aparılmalı olan inzibati icraatın qanuniləşdirilməsinə xidmət etmir. Bu səbəbdən də inzibati orqan iddiaçının əlilliyinin dayandırılmasına əsas olan konkret halları apardığı öz inzibati icraatında əks etdirməli, əyani müayinəni həyata keçirilməlidir ki, məhkəmə həmin inzibati icraatın düzgünlüyünə qiymət verə bilsin. Lakin, indiki halda məhkəmənin cavabdehin cəlb etməli olduğu iddiaçının iştirakını təmin etməsi, əyani müayinəsini aparması hüquqi baxımından inzibati icraatın məhkəmə tərəfindən aparılması və yaxud da aparılmamış inzibati icraatdakı çatışmazlıqların doldurulmasına xidmət etmiş olacaqdır ki, prosessual normalara riayət edilməsi zərurəti də məhz həmin halların baş verməməsi baxımından əhəmiyyət daşıyır. Beləliklə Məhkəmə hesab edir ki, cavabdeh tam reabilitasiya olma ilə bağlı inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır. Eyni zamanda Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 17 noyabr 2023-cü il tarixli qərarı da ləğv olunmalıdır. Belə ki, həmin qərar iddiaçıya verilmiş yeni göndəriş əsasında müayinə nəticəsində diaqnozun əlillik təyin etməməsi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tam reabilitasiya olması barədə qərar ləğv olunduğundan, iddiaçının yenidən qiymətləndirmə nəticəsində əlillik təyin olunmasından imtina barədə qərarda ləğv olunmalıdır. Əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi ilə bağlı isə Məhkəmə bildirir ki, iddiaçıya təyin olunmuş əlillik onun barəsində “tam reabilitasiya olunma” barədə qərar qəbul edilməklə dayandırıldığından, ikinci dərəcəli əllik məhz həmin tarixdən, yəni 01 mart 2023-cü il tarixdən bərpa olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1080/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarından da göründüyü kimi məhkəmə analoji mövqedən çıxış etmişdir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmil edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının “İddiaçının tam reabilitasiya olması” barədə 01 mart 2023-cü il tarixli və “diaqnozun əlillik təyin etmir” barədə 17 noyabr 2023-cü il tarixli qərarları ona aid hissədə ləğv edilsin. İddiaçı əlilliyin dayandırıldğı tarixdən (xx.xx.2023-cü il) bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar