Məhkəmə qərarları › İş №2-1(112)-5718/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5718/2021

23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5718/2021 23.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinə qarşı “inzibati aktın qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və qeyrilərinə qarşı “çıxarışın verilməsi və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, istifadəsində olan zirzəminin onun adına özəlləşdirilməsinə kömək edilməlidir. Belə ki, onun mənzili və zirzəmi hərbi şəhərcikdə yerləşir. Həmin sahənin özəlləşdirilməsi üçün Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin müvafiq sənədinə ehtiyac vardır. Zirzəmiyə iddiaçı xərc çəkmişdir. Mənzil İstismar Hissəsi hesab etmişdir ki, gələcəkdə yarana biləcək xidməti zərurətlə əlaqədar olaraq zirzəminin istifadəsi nəzərdə tutulduğundan özəlləşdirmə məqsədəuyğun hesab edilmir. Halbuki, yaşayış binasında bir-çox şəxs zirzəmilərinə çıxarış əldə edə bilmişdir. Daha sonra iddiaçı oxşar məzmunda iddia tələbinə dəqiqləşmə barədə ərizələr təqdim etmiş, məhkəmə iclasında ərizələr protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı 02.08.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizovunun Mənzil-İstismar Sahəsinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi ilə əvəz edilməsini, digər cavabdehlərin cavabdehlər siyahısından çıxarılaraq üçüncü şəxs qismində cəlb edilməsini, iddia tələbinin dəqiqləşdirilərək iddia tələbinin “ünvan 1 ünvanında yerləşən mənə məxsus mənzilin altında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil İstismar hissəsinin balansında olan zirzəminin adıma özəlləşdirilməsinə razılıq verilməsi ilə bağlı qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə təmin edilmişdir. Sonradan iddiaçı oxşar məzmunda iddia tələbinə dəqiqləşmə barədə ərizələr verərək Mənzil İstismar Hissəsinin balansında olan zirzəminin adına özəlləşdirilməsinə razılıq verilməsi ilə bağlı qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Mənzil-İstismar Hissəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizələr protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından və iş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayş sahəsinin mülkiyyətçisidir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək zirzəminin özəlləşdirilməsini xahiş etmiş, Xidmət tərəfindən özəlləşdirmə ilə bağlı balansaxlayıcı Mənzil İstismar Hissəsinin münasibət bildirməsinin zəruriliyi qeyd edilmişdir. Mənzil İstismar İdarəsi ünvanlanmış müraciətə cavab təqdim edərək gələcəkdə xidməti zərurət kimi istifadəsi nəzərdə tutulduğundan özəlləşdirmənin məqsədəuyğun hesab edilmədiyini bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti də müraciətə uyğun cavab təqdim edərək zirzəminin özəlləşdirilməsi ilə bağlı Mənzil İstismar Hissəsinə müraciət edilməsini tövsiyə etmişdir. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş cavab məktublarından da göründüyü kimi zirzəminin yerləşdiyi binanın Mənzil İstismar Hissəsinin mənzin fonduna aid olması öz təsdiqini tapmışdır. Göründüyü kimi hazırkı iş üzrə mövcud inzibati məhkəmə mübahisəsi iddiaçının adına özəlləşdirmənin həyata keçirilməsi, iddiaçının zirzəmiyə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün balansaxlayıcının razılığının əldə edilməsi ilə bağlı olmuşdur ki, məhkəmə mənzil-istismar hissəsinin razılığının verilməli olub-olmamasının müəyyən edilməsi, işin faktiki hallarına uyğun gələn maddi hüquq normalarının tətbiqinin zəruriliyi ilə bağlı aşağıdakı maddi hüquq normalarının qeyd edilməsini məqsəduyğun hesab edir. İlk növbədə qeyd edilməlidir ki, hazırkı iş üzrə tətbiq edilməli olan hüquq müəyyən edilərkən Mənzil-İstismar Hissəsinin balansında olan binanın zirzəmisinin dövlət mənzil fonduna aid hesab edilib-edilməməsi müəyyən edilməlidir. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 4.0.2-ci maddəsindən də göründüyü kimi dövlət mənzil fondunun özəlləşdirilməsi ilə bağlı hüquq münasibətlərinə adıçəkilən qanunun tətbiq edilməsi yol verilməz hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.5. Mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab edilir. 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi zirzəmi binada mənzilin hissəsi olmayan binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt hesab edildiyindən yaşayış sahəsi kimi qiymətləndirilə bilməz, dolayısı ilə də yaşayış sahəsi kimi Mənzil Məcəlləsi və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun məqsədləri baxımından dövlət mənzil fondu qismində qiymətləndirilə bilməz. Lakin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun zirzəminin özəlləşdirilməsi ilə bağlı tətbiqi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət müəyyən edilmədiyindən, yəni həmin Qanunun 1.0.1-ci maddəsinin tələbləri baxımından dövlət zirzəmi də yaşayış sahəsi hesab edilməsə belə daxil olduğu bina ilə birlikdə dövlətin, indiki halda Müdafiə Nazirliyinin balansında olduğundan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun aşağıdakı müddəalarının tətbiqi üçün əsas yaranmışdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1. Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. 15.3. Özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. Göründüyü kimi dövlət əmlakının özəlləşdirilməsi baxımından iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olunması prioritet təşkil edir. Hər nə qədər əhalininin həyat səviyyəsinin yüksəldilməsi, indiki halda iddiaçının zirzəmidən istifadəsinin hüquqilinin tanınması baxımından əmlakın özəlləşdirilməsi ilk baxışdan qeyd olunan məqsədə xidmət etmiş kimi görünsə də, özəlləşdirilməsi tələb edilən əmlakın digər xüsusiyyətlərinin də nəzərə alınması mütləqdir və qeyd olunan xüsusiyyətlərin nəzərə alınması yuxarıda adıçəkilən qanunun 15.3-cü maddəsinin tələblərindən irəli gəlir. Yuxarıda adıçəkilən müddəadan da göründüyü kimi özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınmalıdır ki, cavabdeh də məhz zirzəminin xidməti zərurətlə əlaqədar istifadəsinin istisna edilmədiyinə istinad edir. Məhkəmə də hesab edir ki, cavabdehin iddiadan imtinanı əsaslandırdığı faktiki şərt qəbul edilən hesab edilməlidir. Belə ki, obyektin təhlükəsizlik baxımından əhəmiyyəti nəzərə alınmış, ehtimal olunan xidməti zərurətin binada yaşayan şəxsin mülkiyyət hüququnu əldə edilməsindən, yəni ictimai-dövlət maraqlarının fərdin maraqlarından üstünlüyü əsaslandırılmışdır. Məhkəmə eyni zamanda, onu da qeyd etməyi zəruri hesab edir ki, həmin əmlakın özəlləşdirilməsini birbaşa qadağan edən norma da mövcud deyil. Bu səbəbdən də diskresion səlahiyyətlə bağlı da məhkəmənin mövqeyinin qeyd edilməsi zəruridir. Belə ki, adıçəkilən Qanunun 6.2-ci maddəsindən də göründüyü kimi Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan aşağıdakı əmlak növlərinin özəlləşdirilməsi qadağandır: 6.2.4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi əmlakı. Göründüyü kimi əgər hazırkı əmlak hərbi əmlak hesab edilərsə birbaşa qadağa müəyyən edilmiş, hər-hansı diskresion səlahiyyətin tətbiqi istisna edilmişdir. Lakin həmin əmlak məhkəmə hesab edir ki, hərbi əmlak hesab edilməməlidir. Belə ki, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”nin 8-ci hissəsinə əsasən hərbi əmlak dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Sərhəd Qoşunlarının, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrinin hərbi hissə, müəssisə, hərbi məktəb, idarə, təşkilatların sərəncamında olan silahların bütün növləri, döyüş texnikası və başqa texnika, döyüş sursatı, yanacaq, ərzaq, əşya, mühəndis, kimyəvi və ev əmlakı, başqa maddi və pul vəsaitləri başa düşülür. Göründüyü hərbi şəhərcik, dolayısı ilə hərbi şəhərcikdə yerləşən binası, həmin binanın zirzəmisi hərbi əmlak hesab edilmədiyindən hazırkı iş üzrə cavabdehin hərəkətlərinin qiymətləndirilməsi diskresion səlahiyyətlərin məhkəmə tərəfindən düzgün tətbiq edilib-edilməməsinin müəyyənləşdirilməsi üçün əsas yaradır. İPM-in 73.3-cü maddəsindən də göründüyü kimi aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə, həmçinin iddiaçının iddiaçının mülkiyyətində olan 109 saylı mənzilin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 7 ünvanda yerləşən binada yerləşən qeyri-yaşayış sahələri və zirzəmilərə başqa şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınıb-alınmaması barədə sorğu ilə məhkəməyə müraciət etməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, vəsatətdən də göründüyü kimi iddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsi ilə təsbit olunmuş bərabərlik prinsipinin icrasında maraqlıdır. Maddənin tələbindən də göründüyü kimi hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Qanunvericiliyin tələbindən də göründüyü kimi eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Doğrudur, məhkəmə hərhansı zəruri əhəmiyyət daşıya biləcək məlumatların təqdim edilməsi ehtimalı ilə bağlı vəsatəti təmin etmiş, sorğu ilə müraciət etmiş və bir qrup şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumatları əldə etmişdir. Lakin, bununla bağlı olaraq qeyd edilməsi zəruri hesab olunur ki, iddiaçıdan fərqli olaraq digər eyni kateqoriyalı şəxslərə zirzəmi və qeyri yaşayış sahələrinə mülkiyyət hüquqlarıın tanınması hazırkı iddia tələbinin təmini üzrə vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Qeyd olunan konteksdə əgər inzibati orqan tərəfindən ehtimal olunan səhv qərar qəbul edilmiş olsa belə, göstərilən hal məhkəmə hesab edir ki, iddia tələbinin hər bir halda təmin edilməsi üçün əsas yaratmır. Belə ki, məhkəmə inzibati orqanın əvvəllər mövcud olmuş ehtimal olunan səhv inzibati praktikasına əsaslanmaq öhdəliyi daşımır. Məhkəmə hazırkı halda cavadehin müracətin təminindən imtinanın qanunauyğun olması ilə bağlı qiymətləndirmə aparmaq öhdəliyi daşıyır ki, aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilir ki, imtinanı əsaslı edən faktiki şərtlər cavabdeh tərəfindən düzgün əsaslandırılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci, 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar