Məhkəmə qərarları › İş №2-1(112)-572/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-572/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-572/2025 24.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğvi və 2-ci qrup əlilliyin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 25 iyun 2017-ci il tarixli, №1233 reyestr nömrəli qərarı əsasında ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqlşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 3-17-4/3- 3-17776/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fizuli rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, 17 iyun 1992-ci il tarixdən 1992-ci ilin oktyabr ayınadək N saylı hərbi hissədə atıcı vəzifəsində xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-cı il tarixili, 1233 saylı qərarına əsasən iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992ci ildə aldığı və xx.xx.1992-ci ilə kimi Fizuli rayon Mərkəzi xəstəxanasında müayinə müalicə olunduğu yaralanma zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: «Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin kontuziyası “hərbi travmadir, Azərbaycan Respublikasının müdafiəsi zamani alınmışdır” kimi qeyd edilmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçıya hərbi əməliyyatlar nəticəsində odlu silahla və diyər adi silah növləri ilə törədilmiş zədələnmələr, hərbi travma, baş beyinin silkələnməsi, keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı qalıq əlamətləri” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlillik təyin olunmalı idi. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və əlavə əyani müayinə edilərək barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə imtina qərarı verilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-cı il tarixili 1233 saylı qərarına əsasən Fizuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş X3 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ilə kimi Fizuli rayon Mərkəzi xəstəxanasında müayinə müalicə olunduğu yaralanma zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin kontuziyası” (Azərbaycan Respublikası SHXÇDX-nin Fizuli rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 605 nömrəli göndəriş, xx.xx.2017-cı il tarixli 415 nömrəli arayışı, Fizuli rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, Fizuli rayon mərkəzi xəstəxanasının baş həkimi tərəfindən imzalanmış və gerbli möhürlə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 142 nömrəli arayışı, MN MHHK-nın həkim-mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir) “hərbi travmadir, Azərbaycan Respublikasının müdafiəsi zamani alınmışdır”. İddia ərizəsinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlar, epikriz və digər tibbi sənədlər əlavə edilmişdir. xxxxxxx0006 nömrəli xx.xx.2018-ci il tarixli akta əsasən iddiaçıya müayinə zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Əsas diaqnoz S06.2 Baş beynin diffuz travması, QKBT-nın davamlı qalıq əlamətləri. Ağırlaşma G40 Epilepsiya, Tez-tez təkrarlanan epileptik qıcolma tutmaları ilə (ayda 8-10 dəfə). Ağırlaşma S06.0 Baş beynin silkələnməsi. Ağırlaşma G93.1 Baş beynin digər rubrikalarda təsnif olunmayan anoksik zədələnməsi, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan damar krizləri ilə. Diaqnozun mətni: ağırlaşma H47.2 Görmə sinirinin atrofiyası, OU – Görmə sinirinin atrofiyası, OU – Görmə sinirinin atrofiyası, VOU – 0,07 k/etmir. Ağırlaşma F06.6 üzvi mənşəli emosional labil (astenik) pozuntu, kəskin asteno – nevrotik sindrom. Yanaşı xəstəliklər L45 keçiriciliyin digər pozğunluqları, mədəcik daxili keçiricilik pozğunluğu. Yanaşı xəstəliklər J31.0 Xroniki rinit, yanaşı xəstəliklər K29.3 xroniki səthi qastrit. Yanaşı xəstəliklər İ25.6 Miokardın simptomsuz işemiyası. Yanaşı xəstəliklər G90.8 Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, NSD – qarışıq tipli” diaqnozu qoyulmuş və ona “2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyışilməsi ilə (G40-G41.9)” meyarı ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xxxxxxx0007 nömrəli xx.xx.2023-cü il tarixli akta əsasən “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə iddiaçıya əlilliyinin təyin edilməsindən imtina edilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 3-17-4/3-3-17776/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin T11/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Bakı Baş Səhiyyə İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli L000830048QVH saylı Forma 88 göndərişində qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Hərbi travma; Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional-labil pozuntu; Yüngül koqnutiv pozuntu. Koqnutiv funksiyaların enməsi (anamnezdə qıcolma tutmaları); Baş beynin silkələnməsi. Keçirilmiş QKBT. Baş beyin silkələnməsindən sonrakı qalıq əlamətləri; Kəllədaxili travmaların nəticələri. Keçirilmiş QKBT-nm davamlı qalıqları; Dəqiqləşdirilməmiş ensefalopatiya. Postravmatik ensefalopatiya. Xroniki postravmatik baş ağrısı; Generəlizə olunmuş epilepsiyanm və epileptik sindromların digər növləri. Generəlizə olunmuş epilepsiya, tez-tez huşun itməsi ilə gedən qıcolma tutmaları ilə” diaqnoz xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu, səmərəliliyi qənaətbəxş olmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin istər xx.xx.2023-cü il tarixdə DTSERA-da, istərsədə hazırkı əyani müayinələri zamanı o, yuxusuzluq, əsəbilikdən şikayətlənmiş, əsəbi olan zaman yaxınları ilə münaqişə yaratdığını bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamamış, əlillik təyinatına əsas verən xəstəlik qıcolma tutmaları kimi qeyd edilsə də, qıcolma tutmalarını təsdiqləyən baş beyinin instrumental müayinəsi (EEQ) nəticəsində epiaktiv ocaqlar aşkarlanmamış, bir sözlə psixi statusunda əlillik təyinatına əsas verə biləcək psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmiş, diaqnozlar obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Ona görə də əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nm hər hansı bir bəndini aid etmək mümkün olmadı. İş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyalan tərəfindən qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş tam doldurulmuşdur. İddiaçı sağlamlıq vəziyyəti (xəstəlik və ağırlaşmaları) ilə əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyac duyulmur, lakin xəstəlik kəskinləşdikdə vəziyyətinin ağırlığından asılı olaraq əlavə müalicəyə cəlb oluna bilər. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə kompleks (məhkəmə-tibbi və məhkəmə psixiatrik) ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin T384/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, qərardadda göstərilən hallar meyarların təyininə aid olduğundan onların həlli məhkəmə tibbi ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 3238 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində hal-hazırkı psixiatrik müayinə zamanı aşağıdakılar aşkar edilmişdir. Somatiftstatusu. Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən nəzərə çarpan ciddi üzvi dəyişiklik qeyd edilmir. Psixi statusu: Düşüncəsi kobud pozulmamış, şəxsiyyətində. zamana və məkana görə bələdliyi saxlanılıb. Zahirən sakit, əhvali-ruhiyyəsi bir qədər enmişdir. Aparılan sorğu gedişatında təfəkkürünün ləngliyi, bir qədər müfəssəlliyi nəzərə çarpır. Anamnestik məlumatlar barəsində verilən sualları cavablandırdıqda yaddaşında kobud olmayan zəiflik əlamətləri nəzərə çarpır. Təfəkkürü ardıcıldır, konkretdir. Kəskin psixoproduktiv simptomlar (qavrama aldanmaları və sayıqlama fikirləri) müəyyən edilmir. Keçirilən ekspertizanın məqsədini dərk edir. İ Qarabağ müharibəsində döyüşlərdə iştrirakı zamanı mərmi partlaması nəticəsində huşunu itirməklə qapalı kəllə-beyin travması aldığını, bununla əlaqədar Füzuli hospitalında müalicədə olduğunu, hərbi xidmətdən təxris edildikdən sonra onda yaranmış psixi pozuntular və qıcolma tutmaları ilə əlaqədar stasionar müalicələrdə olduğunu söyləyir. Hazırda şikayətləri barəsində soruşduqda əsəbi olduğunu, səs-küyə dözə bilmədiyini, əsəbi olduğu zaman onda ürəkkeçmə, qıcolma yarandığını, gün ərzində heysizlikdən əziyyət çəkdiyini, həkim psixiatrların ona təyin etdiyi dərman preparatlarını qəbul etdiyini bildirir. Yuxarıda göstərilənləri nəzərə alaraq ekspert komissiyasının üzvləri belə qərara gəlir ki, məhkəmənin qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmadığı üçün İddiaçı daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İş materiallarından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir (1.1). Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir (1.2.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1). Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir (1.2.). TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir (1.3.). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir (1.4.). Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir (1.7.). Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır (2.1.). Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda (3.1.). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. İşdən göründüyü kimi iddiaçıya 2018-ci ildə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, 2023-cü ildə isə əlilliyi qiymətləndirilərək barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması məqsədilə müəyyən hallara aydınlıq gətirilməsi üçün məhkəmə-tibbi ekpsertizası təyin edilmişdir. Ekspert rəyində göstərilmişdir ki, iddiaçının psixi statusunda əlillik təyinatına əsas verə biləcək psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmiş, diaqnozlar obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Bundan sonra məhkəmənin təşəbbüsü ilə iş üzrə kompleks (məhkəmə-tibbi və məhkəmə psixiatrik) məhkəmə ekspertizası təyin edilmişdir. Tibbi ekspert rəyində qərardadda göstərilən halların Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirdiyi göstərilmişdir. Psixiatrik ekspert rəyində isə iddiaçıda mərkəzi sinir sistemi tərəfindən nəzərə çarpan ciddi üzvi dəyişikliyin qeyd edilmədiyi və kəskin psixoproduktiv simptomların (qavrama aldanmaları və sayıqlama fikirləri) müəyyən edilmədiyi göstərilmişdir. İPM-də göstərilmişdir ki, İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Göründüyü kimi iddiaçıya əllilik dərəcəsinin təyin edilməsinə əsas verən pozuntuların müşahidə olunmadığı ilkin ekspert rəyləri ilə də təsdiq edilir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 3238 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyində məhkəmənin qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmadığı üçün iddiaçının daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsinin zəruri olduğu qeyd edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının stasionar qaydada müayinəyə göndərilməsi və ya onun psixiatrik mərkəzdə saxlanması barədə qərarın qəbul edilməsi hazırkı iş üzrə məhkəmənin səlahiyyətlərinə aid deyildir. Məhkəmə qeyd edir ki, işə baxan məhkəmə sübutlara qiymət verməyə borclu olsa da, hansı cür qiymət verməkdə, yəni sübut kimi qəbul etməkdə sərbəstdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur və yalnız sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Məhkəmə hesab edir ki, ekspert rəylərində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə məhkəmə iş materiallarında olan ekspert rəylərini qiymətləndirərkən rəyləri işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (68.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3). İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur (73.1). Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı “qərarın ləğvi və 2-ci qrup əlilliyin təyin edilməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğvi və 2-ci qrup əlilliyin təyin edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar