Məhkəmə qərarları › İş №2-1(112)-5722/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5722/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5722/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna (1 saylı Bakı Ərazi şöbəsinə) qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş İİ qrup əlilliyinə görə müavinət kimi hesablanmış hesab vərəqəsinin ləğv edilməsi, pensiya ilə əvəz edilərək yeni pensiyanın məlumat vərəqəsinin hesablanması üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə tələbinə” dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna (1 saylı Bakı Ərazi İdarəsinə) qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş İİ qrup əlilliyinə görə müavinət kimi hesablanmış hesab vərəqəsinin ləğv edilməsi, pensiya ilə əzəz edilərək yeni pensiyanın məlumat vərəqəsinin hesablanması üçün cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup təyin edilmişdir. İİ qrup əlil kimi ona 230 manat Prezident təqaüdü və 130 manat məbləğdə müavinət təyin edilmişdir.Lakin göstərdiyi hərbi xidmətlərə görə ona çox aşagı minimum təqaüd hesablanmışdır. Hərbi xidmətə 18 yaşında çağırılmış və hərbi xidmət zamanı yaralanmışdır. İş stajına imkan tapmamışdır, lakin ona pensiya anadangəlmə mülki əlillərin pensiya qədərdir. Halbuki onun əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünön müdafiəsi ilə əlaqədərdir. Cavabdehin iddiaya dair etirazında göstərilmişdir ki, iddiaçının ümumiyyətlə sığorta stajı olmamışdır. O, özü də bunu iddia ərizəsində qeyd edir. İddiaçı onun sosial sığorta stajı olmasını təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. İddiaçı ona təyin edilmiş İİ dərəcə əlilliyə görə sosial müavinətin əmək pensiyası ilə əvəz edilməsi tələbi ilə artıq bir dəfə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 445/2020 nömrəli, 02 iyun 2020-ci il tarixli qərarı ilə İddiaçı “ona ikinci qrup əlil olması səbəbindən əlilliyə görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Daha sonra iddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(112)-445/2020 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103) -440/2021 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi mümkünsüz hesab edilmişdir. Cavabdeh iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.2.-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia)inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1. –ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri olan məhkəmənin yardım etmək vəzifəsinə riayət edərək məhkəmə cavabdehin və iddia tələbinin dəqiqləşdirilməsinin zəruri olduğunu 12 iyul 2021-ci il tarixli məktubu ilə iddiaçının diqqətinə çatdırmış, bunun üçün ağlabatan müddət təyin etmişdir. Lakin iddiaçı iddia tələbinin dəyişdirməsinə dair ərizə ilə müraciət etməmişdir. İddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması, işin halların və mübahisənin vəziyyətini müzakirə edilməsi üçün məhkəmə iclasları (xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərinə) təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclaslarına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində göstərilən tələblə məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. Bununla da iddiaçının iddiası mümkünlük şərtinə əməl edilməməklə qaldırılmış sayılır. İnzibati Prosessual Məcəllənin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş İİ qrup əlilliyinə görə müavinət kimi hesablanmış hesab vərəqəsi ləğv edilməsi, pensiya ilə əzəz edilərək yeni pensiyanın məlumat vərəqəsinin hesablanması üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar