Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5726/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayəndəsi Yeganlı Tovuz Valeh qızının (Bakı şəhərində qeydiyyatdadır, hüquq məsləhətçisi) iştirakı ilə, iddiаçı "xxxx" KM MMC-nin direktoru Həsənov Füzuli Yaqub oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KM MMC-nin direktoru Həsənov Füzuli Yaqub oğlu Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq İ qrup əlil olmağı və ailə vəziyyəti nəzərə alınaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi, 1 ünvandakı 700,0 kv metr torpaq sahəsində yerləşən 320,0 kv metr qeyri-yaşayış sahəsi üzərində hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq çıxarışın verilməsi və torpağa istifadə hüququnun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi,1 ünvanda 700,0 kv metr torpaq sahəsində yerləşən 320,0 kv metr qeyri-yaşayış obyekti 30 ildir ki, "xxxx" KM-nin balansındadır. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 872 nömrəli, 26.10.1993-cü il tarixli sərəncamı ilə Biləcəri qəsəbəsində yerləşən “Xəzri” mehmanxanasının rəhbərliyinin razılığı ilə hazır tikili (ictimai iaşə obyekti) 80,0 kv metr xidmət sahəsi "xxxx" KM-nin balansına keçmişdir. Bundan əlavə “Xəzri” mehmanxanasının balansında olan 35,1 kv metr qeyri-yaşayış obyekti “Xəzri” mehmanxanasının rəhbərliyinin razılığı ilə 2008-ci ildə Bağırov Əli Süeyman oğluna 6200 manata satılmış, sonradan həmin qeyri-yaşayış sahəsi (mağaza) Bağırov Əli Süleyman oğlu vəfat etdiyi üçün onun qanuni vərəsəsi Bağırov İlham Əli oğlu tərəfindən iddiaçıya satılaraq "xxxx" KM-nin balansına götürülmüşdür. Bundan əlavə 700,0 kv metr torpaq sahəsində 205,0 kv metr xidmət sahələri üçün tikinti aparılmışdır.Qeyd olunan 700,0 kv metr torpaq sahəsində inşa edilən və 30 ilə yaxındır ki, fəaliyyət göstərən qeyri-yaşayış binasının özəlləşdirilməsi barədə cavabdehə müraciət edilsə də müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki həmin tikiliyə dair istismara qəbul aktı və istismara icazə təqdim edilməlidir.Lakin qeyd olunan qeyri-yaşayış binalarının “Xəzri” mehmanxanasının balansında olması, 30 il bundan əvvəl "xxxx" KM-nin balansına keçməsi, həmin vaxt binaların artıq “Xəzri” mehmanxanasının balansında istismara verilməsi nəzərə alınmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamına əsasən iddiaya dair təqdim etdiyi etirazında cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi göstərmişdir ki,iddiaçı tərəfindən qeyri-yaşayış binasına dair qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər cavabdehə təqdim edilməmişdir. Həmçinin təqdim edilmiş 872 nömrəli, 26.10.1993-cü il tarixli sərəncamda 80,0 kv metr qeyri-yaşayış sahəsinin göstərilməsinə baxmayaraq faktiki sahənin ölçüsü 230,3 kv metr təşkil edir və ümumi torpaq sahəsində isə əlavə 3 ədəd qeyri-yaşayış binası inşa edilmişdir. Odur ki, iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir Cavabdehin nümayəndəsi T.Yeganlı məhkəmədə iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi, 1 ünvanındakı 700,0 kv metr torpaq sahəsində yerləşən 320,0 kv metr qeyriyaşayış sahəsi üzərində mülkiyyət və həmin tikilinin yerləşdiyi torpaq üzərində istifadə hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin ediıməmişdir.Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində,hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İşin faktiki hallarına əsasən iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilən əsaslardan hər hansı birinin olmasını təsdiq edən sənədlər cavabdehə və habelə məhkəməyə təqdim edilməmiş, belə sübutların mövcud olması barədə məhkəməyə məlumat verilməmişdir. İddiaçının istinad etdiyi Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 872 nömrəli, 26.10.1993-cü il tarixli sərəncamı ilə həqiqətən də Biləcəri qəsəbəsində yerləşən “Xəzri” mehmanxanasının həyətində yerləşən 80,0 kv metr sahəsi olan tikilinin əhaliyə xidmət məqsədilə "xxxx" Kiçik Müəssisəsinə verilməsi qərara alınmışır, Lakin iddiaçı həmin tikili üzərində deyil, 320,0 kv metr qeyri-yaşayış sahəsi üzərində hüquqların qeydə alınmasını tələb edir, bundan əlavə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9.2. maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı qeyri-yaşayış binalarının üzərində hüquqların qeydə alınması üçün əsasdır. İddiaçı tərəfindən üzərində hüquqların qeydə alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı nə cavabdehə, nə də məhkəməyə təqdim edilməmişdir. Habelə torpaq sahəsi üzərində də hüququn qeydə alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinə dair hər hansı bir sübutun - qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktın, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokolun, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrin, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin, qanuni qüvvəyə minmiş məhkəmə qərarının, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində,hüquqları təsdiq edən aktın, şəhadətnamənin və qeydiyyat vəsiqəsinin, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədin mövcud olması inzibati məhkəmə baxışının gedişində təsdiqlənməmişdir. Həmçinin iddiaçı qeyri-yaşayış obyektinin ona satılmasını iddia ərizəsində göstərsə də qeyd edilən alqı-satqıya dair notariat qaydasında təsdiq edilmiş sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi əmlakın Bağırov Əli Süleyman oğlu vəfat etdiyi üçün onun qanuni vərəsəsi Bağırov İlham Əli oğlu tərəfindən iddiaçıya satıldığı iddia ərizəsində göstərilsə də məhkəmə iş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(102)-2710/2019 nömrəli, 09.10.2019-cu il tarixli qərarından göründüyü kimi Bağırov İlham Əli oğlu həmin əmlakın və onun altındakı torpaq sahəsinin mülkiyyət hüququ ilə Bağırov İlham Əli oğlunun adına qeydiyyata alınması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir ki, bu da həmin əmlakın ona satılması barədə iddiaçının iddia ərizəsində göstərdiklərini dəkzib edir. Bundan başqa iddia ərizəsi “Bərəkət KM” MMC-nin direktoru Həsənov Füzuli Yaqub oğlunun adından verilsə də onun adına ümumiyyətlə hər hansı bir əmlakla bağlı sənəd iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" KM MMC-nin direktoru Həsənov Füzuli Yaqub oğlunun İ qrup əlil olmağı və ailə vəziyyəti nəzərə alınaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi, 1 ünvandakı 700,0 kv metr torpaq sahəsində yerləşən 320,0 kv metr qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" KM MMC-nin direktoru Həsənov Füzuli Yaqub oğlunun İ qrup əlil olmağı və ailə vəziyyəti nəzərə alınaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi, 1 ünvandakı 700,0 kv metr torpaq sahəsində yerləşən 320,0 kv metr qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5726/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5726/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver