Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5726/2024 13.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “müraciətə mahiyyəti üzrə cavab verilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli müraciətə mahiyyəti üzrə cavab verilməsi öhdəliyinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, razlaşmaya əsasən, 28 oktyabr 2022-ci il tarixinə ünvan 1 ünvanında yerləşən "xxxx" şadlıq evində toy mərasimi razlaşdırılmışdır. Razılaşmaya görə menyuda qeyd edilən qəlyanaltı, isti yeməklər, içkilər, təbii şirələr və desert toya dəvət olunmuş qonaqlara limitsiz olaraq verilməli idi. Toy zamanı məlum olmuşdur ki, bu işdə cavabdeh olan "xxxx" şadlıq evinin inzibatçısı İmdat adlı şəxs nəinki menyuda qeyd edilən yeməkləri limitsiz verir, heç menyuda qeyd edilən yeməkləri belə vermir. Xidmətin çox zəif olması barədə dəfələrlə onlara xəbərdarlıq etsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. İddiaçı da ona sonda nəzərdə tutulmuş pulu ödəməyəcəyini bildirmişdir. İmdat isə istədiyi pulu alacağını, pulun ödənməyəcəyi halda isə video diski pozmaqla onu təhtid etmişdir. İddiaçı bu özbaşınalıq barəsində hüquq mühafizə və digər nəzarətçi dövlət qurumlarına müraciət edəcəyini bildirmişdir. Buna görə də xx.xx.2022-ci il tarixində AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195) zəng edərək, 28 oktyabr 2022-ci il tarixinədək, ünvan 1 ünvanında yerləşən "xxxx" şadlıq evində neçə adamın əmək müqaviləsi ilə işlədiyini və ziyavət zamanı nağd şəkildə ödədiyi 14350 (on dörd min üç yüz əlli) manat pul vəsaitinin kassa qəbzinin ona nə üçün təqdim edilməməsinin araşdırılması üçün şadlıq evində yoxlamanın aparılmasını xahiş etmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195) eyni məzmunlu çox saylı əsaslı şikayətlərinə baxmayaraq şikayəti cavabdeh tərəfindən tam araşdırılmamış, şablon cavab verməklə kifayətlənmişdilər. Cavabdehin yalnız 29 mart 2023-cü il tarixli **********227200N9-1İ məktubunda, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində, AR Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi və tədbirin nəticəsi olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən cəmiyyətə 16000 (on altı min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edildiyi qeyd edilsə də, bu maliyyə sanksiyasını təsdiq edəcək nə Aktın surətini, nə də ki bu vəsaitin dövlət büdcəsinə ödənilməsini təsdiq edən heç bir sənəd onun ünvanına göndərilməmişdir. Eyni zamanda bu maliyyə sanksiyası bu cəmiyyət üçün kifayət qədər azdır. Çünki həmin şadlıq evinin 4 iri zalının olması nəzərə alınsa onda bu şadlıq evində ümumi işləyən personalın sayı 150 nəfərdən az olmamalıdır. Buna görə də həmin şadlıq evində 8 nəfərin əmək müqaviləsiz işləməsi barədə Akt tərtib edilməsi ağlabatan deyil. 28 oktyabr 2022-ci il tarixinədək “Sonalar Sonası" şadlıq evi ilə neçə nəfər işçinin əmək müqaviləsi bağladığı faktı cavabdeh tərəfindən obyektiv araşdırılsaydı bütün həqiqətlər ortaya çıxmış olardı. Dövlət qurumu olaraq ən azından, dövlətin iqtisadi maraqlarını təmin etmək məqsədi ilə şikayəti cavabdeh tərəfindən dərhal nəzarətə götürülməli və lazımı tədbirlər görülməli idi. Bu məsələdə cavabdeh qurum olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mənim əsaslı şikayətimin araşdırılmasında maraqlı olmamışdır. Bununla da cavabdeh tərəfindən dövlət büdcəsinə əlavə olaraq küllü miqdarda, ən azı 200000 (iki yüz min) manat vəsaitin daxil olmasının qarşısı alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddianın mümkünsüz hesab olunmasına dair vəsatətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-nin 2-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1.şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə. Qanunun müvafiq maddəsindən görüldüyü kimi, “mahiyyəti üzrə cavab verilməsi” kimi iddia tələbi ola bilməz və məhkəmənin baxdığı işlərin dairəsində belə iddia növü qeyd olunmamışdır. Əlavə olaraq bildiririk ki, iddiaçıya, özünün iddia ərizəsinə əlavə etdiyi kimi müxtəlif vaxtlarda etdiyi müraciəti diqqətə alınmış və baxılmış və nəticəsi barədə dəfələrlə VM-ə və “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə uyqun olaraq cavablar verilmişdir. İş materiallarından və iddiaçının əvvəlki tələbi üzrə baxılmış və çıxarılmış qərardadlardan müəyyən olunur ki, iddiaçının BİM-ə hazırkı iddia ərizəsi və vəsatətləri təkrar xarakterli və əsassız motivlər üzərindədir. Bu isə, öz növbəsində hüquqdan sui- istifadəyə gətirib çıxarmaqla, həm məhkəmə, həmdə ki, cavabdehin iş yükünü lüzumsuz yerə artırmaqla, əlavə xərclərin çəkilməsinə səbəb olur. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli **********053000 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-yə (VÖEN: **********) məxsus obyektdə vergi qanunvericiliyinin pozulması halları barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: 01.11 2022-ci il tarixli **********582600 nömrəli) müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinə əsasən, vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırır və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verir. Müraciətinizdə qeyd edilən və vergi orqanlarının səlahiyyətlərinə aid olan məsələlər vergi ödəyicilərinin fəaliyyətində aparılacaq növbəti vergi nəzarəti tədbirləri zamanı araşdırılması məqsədilə nəzarətə götürülmüşdür. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli **********413200 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin "xxxx" adlı şadlıq sarayında ödənişi təsdiq edən sənədin verilməməsi haqqında müraciətinizə göndərilən cavab məktubundan narazı olduğunuz barədə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə etdiyiniz xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********002900 nömrəli) müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Vergi Məcəlləsinin 24.0.5- 1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciətdə qeyd edilən və vergi orqanlarının səlahiyyətlərinə aid olan məsələlər vergi ödəyicisinin fəaliyyəti üzrə aparılacaq növbəti vergi nəzarəti tədbirləri zamanı araşdırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən nəzarətə götürülmüşdür. Eyni zamanda bildiririk ki, müraciətinizə verilən cavabla razılaşmadığınız təqdirdə məhkəmə qaydasında şikayət verə bilərsiniz. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və (və ya) vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli **********227200 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-yə (VÖEN: **********) məxsus obyektdə vergi qanunvericiliyinin pozulması halları barədə xx.xx.2022ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********582600 nömrəli) müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, cəmiyyətə məxsus ünvan 3 ünvanında yerləşən “Sonalar sonası şadlıq evi” adlı obyektdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbiri keçirilmiş və tədbirin nəticəsi olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 16000 (on altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətində 28 oktyabr 2022-ci il tarixədək "xxxx" şadlıq evində neçə adamın əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyata alınması barədə əmək müqaviləsi bildirişlərinin surətini, xidmət üçün şadlıq evinə nəğd ödənilmiş 14350 manat pul vəsaiti üçün nəzarət-kassa çeki verilmədiyinə görə əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə qəbul edilmiş qərarın təsdiq edilmiş surəti, 16000 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın təsdiq edilmiş surətinin, eyni zamanda bu maliyyə sanksiyalarının dövlət büdcəsinə köçürülməsini təsdiq edən sənədlərin surətinin müraciətçinin ünvanına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli **********7992300 nömrəli məktubunda qeyd edilmişdir ki, müraciətinizdə qeyd edilən vergi ödəyicisində Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanunvericiliyin pozulması faktı aşkar edilərək nəticəsi müvafiq qaydada rəsmiləşdirilmişdir. Əlavə olaraq qeyd etmək istyirik ki, eyniməzmunlu müraciətinizə Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********578800 nömrəli məktubu ilə Sizə ətraflı cavab verilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddiasında iddiaçı “Sonalar Sonası" MMC-yə (VÖEN: **********) məxsus obyektdə vergi qanunvericiliyinin pozulması halları ilə bağlı cavabdehə müraciətlər etdiyi, müraciətlər üzrə cavabdeh orqan tərəfindən lazımı tədbirlərin görülməməsini əsas gətirməklə müraciətinə cavab verilmədiyini, etdiyi müraciətlər üzrə cavabdeh orqanın apardığı inzibati icraat materiallarını, icraatın nəticəsi olaraq “Sonalar Sonası" MMC-nin vergi məsuliyyətinə cəlb edilmə barədə qərarlarının surəti, maliyyə sanksiyalarının ödənilməsini təsdiq edən sənədlərin ona təqdim edilməsini mübahisələndirir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. -7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. -7.6. Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir. -7.7. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun aşağıdakı maddələrinə əsasən: - 20.1 Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -31.1. İnzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus obyektdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cavabdeh orqana müraciətlər etmiş, həmin müraciətlər cavabdeh orqan tərəfindən qeydə alınmış, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbiri keçirilmiş və tədbirin nəticəsi olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 16000 (on altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının etdiyi müraciətlər üzrə aparılmış yoxlamaların nəticələri barədə iddiaçıya müvafiq cavab məktubları göndərilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Məhkəmə qeyd edir ki, inzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Şəxsin məhkəmə müdafiəsi hüququna malik ola bilməsi üçün onun hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş olmalıdır. “Pozulma” anlayışına isə formal yanaşılmamalı, hər hansı zahirən hüquqların pozulması kimi görünən hallar, o cümlədən heç bir sübuta istinad edilmədən, deklarativ xarakterli mülahizələr məhkəmə müdafiəsi hüququnun realizəsini şərtləndirməməlidir. Hazırkı iş üzrə iddiaçının müraciəti əsasında cavabdeh orqan tərəfindən vergi ödəyicisinə məxsus obyektdə vergi qanunvericiliyinə riayət edilməsi sahəsində dövlət nəzarəti operativ vergi yoxlaması ilə realizə olunmuşdur. İddiaçının bu nəzarət çərçivəsindəki hüququ ictimai nəzarətin bir forması kimi yalnız səlahiyyətli inzibati orqana müraciət etmək və həmin müraciətə cavab almaqla məhdudlaşır. İddiaçının müraciətlə əlaqədar aparılmış yoxlama nəticəsində inzibati orqanın sahibkarlıq subyekti barəsində tətbiq edəcəyi tədbirlərdən hansının görülməsini və ya görülməməsini inzibati orqandan tələb etmək hüququ qanunla nəzərdə tutulmamışdır. İddiaçının müraciət etməsi və müraciət üzə araşdırma aparılmasına dair cavab alması hüququ iddiaçının hüquqi vəziyyətində dəyişiklik edilməsinə xidmət edən maddi hüquq hesab olunmur. Başqa sözlə, iddiaçının “maddi hüquq” anlamında hüquq və azadlıqlarının pozulmadığı sürəcə inzibati orqandan müvafiq hərəkətlərin edilməsini tələb etməyə subyektiv hüququ da yaranmır. Vergi Məcəlləsinin 24.1.5-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur. Qeyd edilən normanın tələbindən görünür ki, vergi orqanının vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda müraciəti qeydə almaq, növbəti yoxlama zamanı həmin müraciətdəki faktları araşdırmaq və araşdırmanın nəticəsi barədə müraciət müəllifinə məlumat vermək vəzifəsi vardır. Qeyd edilən normadakı “məlumat vermək” vəzifəsi cavabdeh orqanın müraciət edən şəxsə yoxlamanın yalnız nəticəsi barədə məlumatlandırmaqla məhdudlaşır. “Məlumat vermək” digər şəxs barəsində aparılmış inzibati icraat materiallarının surətlərinin (iddiaçının tələb etdiyi əmək müqaviləsi bildirişlərinin surəti və s.) təqdim edilməsini, eləcə də tətbiq edilmiş məsuliyyət qərarlarının, yaxud cərimənin büdcəyə ödənilməsini təsdiq edən sənədin surətinin iddiaçıya verilməsini ehtiva etmir. Qeyd edilənlər baxımından dəyərləndirmə apardıqda müəyyən olunur ki, iddiaçının etdiyi müraciətlər yuxarıda sadalanan “Vətəndaşların müraciətləri haqqında” Qanun, “İnzibati icraat” haqqında Qanun, eləcə də Vergi Məcəlləsinin tələblərinə əsasən qeydə alınmış, müraciətlərə əsasən müvafiq məlumatlar iddiaçıya bildirilmiş və həmin müraciətlərə cavab verilməsi ilə bağlı cavabdehin qanunla müəyyən edilmiş hərəkətsizlik nümayiş etdirməsi müəyyən olunmamışdır. Beləliklə, hazırkı halda cavabdehin qərar, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının subyektiv hüquqlarının pozulduğu əsaslandırılmadığından iddia mümkünsüz sayılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5726/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5726/2024
13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver