Məhkəmə qərarları › İş №2-1(112)-5727/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5727/2021

21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5727/2021 21.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı şəhər İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanun pozuntularının araşdırılması tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və “xxxx” MMC arasında bağlanmış 07 avqust 2020-ci il tarixdə 137 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanun pozuntularının araşdırılması və qanunlara zidd araşdırma aparan işçilərə qarşı tədbirlər görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü məsələsinə dair məhkəmə iclasında iddiaçının nümayəndəsi gəlmiş, cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan iddianın mümkünlüyü məsələsinin həll edilməsinə dair məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 07 avqust 2020-ci il tarixdə 137 nömrəli əmək müqaviləsi bağlamışdır. Bu tarixdən 07 fevral 2021-ci il tarixə qədər həmin cəmiyyətdə SƏTƏM üzrə menecer vəzifəsini icra etmişdir. 08 fevral 2021-ci il tarixdə ona heç bir xəbərdarlıq edilmədən əmək müqaviləsinin müddətinin bitdiyinə görə xitam edildiyi məlum olmuşdur. Halbuki aralarında bağlanmış 07 avqust 2020-ci il tarixli 137 nömrəli əmək müqaviləsinin 2.5-ci maddəsində qeyd edilir ki, bu əmək müqaviləsində nəzərdə tutulmuş müddətin bitməsinə 2 (iki) təqvim həftəsi qalmış tərəflərdən hər hansı biri müqavilə üzrə əmək münasibətlərinə, müqavilədə nəzərdə tutulmuş müddətdə xitam verilməsi barədə qarşı tərəfə yazılı və ya şifahi formada xəbərdarlıq vermədiyi halda müqavilə eyni müddətə uzadılmış hesab olunur. Bu barədə ona məlum olduqdan sonra qarşı tərəflə aralarında razılaşmağa çalışsa da heç bir nəticə verməmişdir. Hətta Əmək kitabçası belə hələ də ona təqdim edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Aralarında bağlanan əmək müqaviləsində əmək haqqı 450 (dörd yüz əlli) manat göstərilsə də onun əmək haqqı 1300 (bir min üç yüz) manat təşkil etmişdir. Aradakı fərq ona nağd formada ödənilmişdir. Ona yanvar ayı üçün cəmi 416 (dörd yüz on altı) manat əmək haqqı ödənilmişdir. Fevral ayının səkkiz günü isə ödənilməmişdir. Son hesablaşma üçün isə cəmi 300 (üç yüz) manat ödənilmişdir. Xüsusi olaraq qeyd etmək istəyir ki, aralarında bağlanmış 07 avqust 2020-ci il tarixli 137 nömrəli əmək müqaviləsinin 4.17-ci maddəsinə əsasən həftənin İ-V günləri saat 10:00-dan saat 18:00-a qədər, həftənin Vİ günü isə saat 10:00-dan saat 16:00-a qədər iş vaxtı müəyyən olunmuşdur. Amma o, həftənin 6 günü saat 8:00-dan saat 18:00-a qədər işləmiş, yəni faktiki həftədə 14 saat əlavə işləmişdir. Bundan əlavə iş gecə saat 12-ə qədər davam etdiyi hallarda da işdə saxlanılmışdır. İşlədiyi müddətdə bu hal 10 dəfə olmuş, yəni 60 saat əlavə işləmişdir. İşlədiyi müddət nəzərə alınarsa ümumilikdə 424 saat əmək müqaviləsindən əlavə işləmişdir. Yuxarıda göstərilən hallarla bağlı o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı şəhər İdarəsinə müraciət etmiş və ərizəsinə baxan içraçı Baş Əmək müfəttişi Rəna Tağıyevaya onun qanunsuz işdən çıxarıldığını, əmək kitabçasının verilmədiyini, iş saatından artıq işlədildiyini və son haqq-hesabının az köçürüldüyünü faktlarla bildirmişdir. Cavab olaraq ona göndərilmiş 17.03.2021-ci il tarixli məktubda bu barədə araşdırma nəticəsində heç bir qanun pozuntusu aşkar edilmədiyi müəyyən olunduğu qeyd edilmişdir. Bu məktubun mətnindən ona aydın olmuşdur ki, onun müraciəti barədə heç bir araşdırma aparılmamış və nəticədə onun hüquqları pozulmuşdur. Hansı ki, araşdırma aparılan zaman o, tabeldən çıxarışı və əmək müqaviləsinin surətini təqdim etmişdir. İddianın mümkünlüyü məsələsinə dair məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək, verilmiş iddia tələbi üzrə işə baxılaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Azərbaycan Respublikası İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikası İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddia tələbi ayrı-ayrı inzibati orqanlara qarşı yönəldilsə də, onların hər birinə yönəlmiş tələbin nədən ibarət olması konkret olaraq göstərilməlidir. Bununla da göstərilən iddia prosessual həmiştirakçılığın tələblərinə cavab vermir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, yəni əmək hüquq münasibətlərlə bağlıdır və bu tələblərə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, hazırki iddia tələbi üzrə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında yaranmış əmək münasibətləri üzrə bağlanmış 07 avqust 2020-ci il tarixdə 137 nömrəli əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu iddia edərək, “xxxx” MMC arasında bağlanmış 07 avqust 2020-ci il tarixdə 137 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanun pozuntularının araşdırılması və qanunlara zidd araşdırma aparan işçilərə qarşı tədbirlər görülməsini cavabdehlərin hər ikisindən tələb etsə də, bununla bağlı cavabdehlərdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı şəhər İdarəsinə müraciət etmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilmiş 17.03.2021-ci il tarixli, **********1 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və təqdim etdiyi izahatında 07.08.2020-ci il tarixdən “xxxx” MMC-də SƏTƏM üzrə menecer işlədiyini bildirmişdir. Eyni zamanda “xxxx” MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş məktub və sənədlərə baxış zamanı onunla bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 08.02.2021-ci il tarixdən xitam verildiyi, son haqqhesabının hesablanaraq əmək müqaviləsinə xitam verildiyi gün əmək haqqının bank hesabına köçürüldüyü müəyyən edilmişdir. Həmçinin təqdim olunmuş iş vaxtının uçotu tabellərindən artıq iş saatlarına işə cəlb edildiyi müəyyən edilmişdir. Qeyd olunanlarla razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu göstərilmişdir. Görünüdüyü kimi cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçının müraciəti üzrə müvafiq araşdırılma aparılmış, hər hansı qanun pozuntusunun aşkar olunmadığı bildirilərək, məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bununla da hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Azərbaycan Respublikası MPM-in 25.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, məhkəmə iclasında iddiaçının nümayəndəsinə iddia ərizəsi üzrə prosessual həmiştirakçılığın yolverilənliyini izah edilmiş, həmçinin iddiaçı tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasının əsaslandırılması barədə müvafiq sübutları məhkəməyə təqdim edərək, iddia tələbini dəqiqləşdirməsi təklif edilsə də, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsindən imtina edərək, verilmiş iddia tələbi üzrə işə baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu öz təsdiqini tapmadığından, irəli sürülən iddia tələbi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsindən irəli gələn öhdəliklərinə əsaslanan münasibətlərlə bağlı olduğundan, yəni mülki xarakterli olduğundan hazırkı iş üzrə iddia mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ümumi məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı şəhər İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanun pozuntularının araşdırılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar