Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5734/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Sərhəd Xidmətinin şəxsi heyətinin sıralarından çıxarılaraq ezam olunmağı barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyətinin sıralarına qaytarılmağı barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 08 noyabr 2019-cu il tarixdən C.Naxçıvanski adına Hərbi Liseydə bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edir. 05 yanvar 2021ci il tarixli, 99 nömrəli əmrlə o, və bir neçə hərbi qulluçunun kömək məqsədilə fevral ayının sonunadək AR Müdafiə Nazirliyinin sıralarından çıxarılaraq AR Sərhəd Xidmətinə ezam olunduğu bildirilmişdir. Odur ki, bu ezamiyyə dövründə onların heç bir razılığı alınmadığı kimi, fevral ayının sonundan etibarən də onlara heç bir dəqiq məlumat verilməmişdir. Daha sonra həmin əmrlə tanış olduqlarında görmüşlər ki, ezamiyyə dövrlərinin fevral ayının sonuna olması qeyd edilməmişdir. Yenə də buna baxmayaraq xidmətlərini davam etdirsələr də, mart ayından etibarən AR Müdafiə Nazirliyinin şəxsi heyətinin sıralarına qaytarılmaqları ilə əlaqədar AR Müdafiə Nazirliyinə, AR Hərbi prokurorluğuna, AR İnsan Hüquqları üzrə Müvəkili-Ombudsmana müraciətlər etsələr də cavab ala bilməmişdirlər. Buna görə də məhkəməyə müraciət etmişdirlər. Odur ki, "Hərbi xidmət keçmək haqqında" Əsasnamənin 77-ci bəndinə əsasən, Mülki idarə, müəssisə və təşkilatlara ezam edilmiş hərbi qulluqçuların vəzifəyə təyin edilməsini və xidmət üzrə yer dəyişməsini həmin hərbi qulluqçuların ezamiyyətinin məqsədinə müvafiq olaraq mülki idarə, müəssisə və təşkilat rəhbərləri həyata keçirirlər. Hərbi qulluqçuların vəzifəyə təyin edilməsi və xidmət üzrə yer dəyişməsi barədə həmin idarə, müəssisə və təşkilatlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verirlər. Onlara bütün növ təminatlar hərbi qulluqçular üçün müəyyən edilmiş qaydada işlədikləri idarə, müəssisə və təşkilatların hesabına verilir. Mülki idarə, müəssisə və təşkilatlara ezam edilmiş hərbi qulluqçuların müəyyən edilmiş xidmətkeçmə qaydalarına riayət edilməsinə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Əsasnamənin 84-cü bəndinə əsasən, Hərbi qulluqçular həqiqi hərbi xidməti davam etdirmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrindən — Silahlı Qüvvələrin şəxsi heyət siyahılarından çıxarılmaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və əksinə ezam oluna bilərlər. Hərbi qulluqçuların bu maddəyə uyğun olaraq ezam edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin rəhbərliyi arasında razılaşmaya görə hərbi qulluqçunun razılığı ilə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) yerinə yetirilir və müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və həmin birləşmənin əmrləri ilə rəsmiləşdirilir. Həmin bəndlərdən də göründüyü kimi, AR Müdafiə Nazirliyinin şəxsi heyətinin sıralarından çıxarılaraq ezam olunmağı barədə AR Müdafiə Nazirliyinin əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, AR Müdafiə Nazirliyinin şəxsi heyətinin sıralarına qayatılmağı barədə əmr qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 16 aprel 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan 19.08.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi vəsatətdə göstərmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin 17.07.2021-ci il tarixli müvafiq əmrilə iddiaçı M.E.X2 Xidmətinin şəxsi heyətinin sıralarından çıxarılaraq Azərbaycan Ordusunun şəxsi heyətinin siyahısına daxil edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyində müvafiq vəzifəyə təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibatı akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Qeyd olunanlara əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "əmrin ləğv edilməsi və şəxsi heyətinin sıralarına qaytarılması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Dövət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş, 28 avqust 2021-ci il tarixli 16/5711 saylı məktubda qeyd olunmuşdur ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu Əmirov X1 Sərhəd Xidməti rəisinin müvafiq əmri ilə həqiqi hərbi xidmətini davam etdirmək üçün Müdafiə Nazirinin sərəncamına ezam olunmuşdur. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5734/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5734/2021
08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver