Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5734/2024 15.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı (3-cü şəxslər: X5 və Bakı Sağlamlıq Mərkəzi) “şikayətə baxılma və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “şikayətə baxılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadları ilə hazırki iş üzrə X5 və Bakı Sağlamlıq Mərkəzi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdirlər Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həmin Nazirliyin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzinin və həmin Mərkəzin tarokal cərrahiyə şöbəsinin müdiri tarokal (ümumi) cərrah Arif Ağayevin qanunsuz hərəkətləri barəsində şikayətə baxılmasının Bakı Sağlamlığ Mərkəzinin özünə həvalə edilməsi barədə hərəkətinin qanunsuz hesab edilməsi, Səhiyyə Nazirliyinin üzərinə şikayətə “Vətəndaşların müraciətləri haqqında” Qanunun 9-cu maddəsinə uyğun baxılması vəzifəsinin həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmiş, lakin sonuncu onun müraciəti üzrə araşdırmanı düzgün aparmamış, nəticə etibarı ilə “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə pozaraq qanunsuz şəkildə müraciətini cavablandırmışdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlandığı xx.xx.2023-ci il tarixli müraciətə baxılmasına dair “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının maddəsinin 10.1-ci maddəsində qeyd olunan 15 iş günü müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ən verilən cavabı əldə etmədən birbaşa məhkəməyə müraciət etmiş və bununla da Azərbaycan Respublikası Səhiyyə Nazirliyini onun şikayətini qanunla müəyyən edilmiş inzibati icraat qaydasında araşdırmaqdan imtina iə təqsirli hesab etmişdir. Nəticə etibarilə, iddia ərizəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icraat qaydasında araşdırma aparmamasına dair yanlış təsəvvür irəli sürülmüşdür. Lakin yuxarıda qeyd olunduğu kimi onun müraciəti inzibati icraat qaydasında araşdırılmış və bununla bağlı iddiaçı miivafıq qaydada məlumatlandırılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-28/2-M- 107xx-xx-10534/2023 nömrəli məktubundan görünür ki, həmin məktub vətəndaş İddiaçı torakal cərrah Arif Ağayev ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə daxil olmuş şikayət məktubu aidiyyəti üzrə baxılması, qaldırılan məsələnin araşdırılması, nəticəsi barədə Səhiyyə Nazirliyinə və vətəndaşa məlumat verilməsi üçün aidiyyəti üzrə Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənova göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs tərəfindən iddiaçıya ünvanlanmış 09/02/31 nömrəli, 09 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciəti ilə əlaqədar Bakı Sağlamlıq Mərkəzinə daxil olmuş xx.xx.2023-cü il tarixli Ns 3-28/2-M- 10743- 31-10534/2023 nömrəli (daxil olma: 747/04 nömrəli xx.xx.2023-cü il tarixli) məktubuna aidiyyəti üzrə baxılmışdır. Müraciətin nəticəsi kimi qeyd olunmuşdur ki: - “Bununla əlaqədar bildirmək istəyirik ki, vətəndaş X3 11,09.2023-cü il tarixində Bakı Sağlamlıq Mərkəzinin Cərrahiyyə şöbəsinə “Tibbi proseduradan sonra həqiqi səs aparatının altında baş verən stenoz. Traxeyanın subqlottik stenozu , grade İİ. Ağciyərin postcovid fibrozu. Xroniki respirator çatmamazlıq. Xroniki tənəffüs çatışmazlığı” diaqnozu ilə daxil olmuş, “Servikotomiya , traxeyanın sirkulyar rezeksiyası və uc-uca anastomoz” əməliyyatı icra edilmiş, xx.xx.2023-cü il tarixində isə qənaətbəxş vəziyyətdə evə yazılmışdır. Şikayətinizə tərəfimizdən baxılmış, həkimdən müvafiq izahat alınmış və araşdırılma nəticəsində məlum olmuşdur ki, burada həkim səhvinin və yaxud səhlənkarlığının olduğunu göstərən hər hansı meyar mövcud deyildir. Sizin də qeyd etdiyiniz kimi xəstə 4 dəfə sarğılara və kontrol müayinələrə gəlmiş, tərəfimizdən yara yeri müayinə edilmişdir. Daha sonra ambulator müalicələr davam etdirilmiş, hətta xəstənin vəziyyətində yaxşılaşma müşahidə edilmişdir.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 15 yanvar 2024-cü il tarixli, 3-28/2-M-10743/4-31-186/2024 nömrəli məktubdan görünür ki, iddiaçının “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin torakal cərrahı Arif Ağayev barədə Səhiyyə Nazirliyinə və müxtəlif qurumlara ünvanlanmış şikayət ərizəsinə baxılmışdır. Müraciətin nəticəsi kimi qeyd olunmuşdur ki: - “X2 göstərilən tibbi yardımın səviyyəsi Səhiyyə Nazirliyinin həkim mütəxəssisləri tərəfindən tibbi sənədlər (xəstəlik tarixindən çıxarış, müayinə kartları və s.) əsasında araşdırılmış, aparılmış müalicə və əməliyyat taktikasında həkim səhvinə, səhlənkarlığa yol verilmədiyi müəyyən olunmuşdur. Nəzərinizə çatdırırıq ki, Bakı Sağlamlıq Mərkəzi təsərrüfat hesablı müəssisə olduğu üçün xəstələrə tibb yardımın göstərilməsi və xidmətlərin tarifləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə bağlanmış müqavilənin şərtləri ilə müəyyənləşir. Müraciətinizdə qeyd olunan faktların mülki məsələ olduğunu nəzərə alaraq, təsdiqedici sənədlərlə aidiyyəti üzrə hüquq-mühafizə və məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-130/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə şikayətin təmin olunması, Bakı şəhəri Nərimanov rayon prokurorunun böyük köməkçisi X4 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 mart 2024-cü il tarixli qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki: -“İddiaçı şikayət ərizəsində göstərilən hadisənin cinayət olub-olmaması, İddiaçı qardaşı X1 ölümündə hər hansı bir həkim səhvinin olub-olmaması, X4 təkrar araşdırma zamanı İddiaçı şikayətində və məhkəmənin qərarında göstərilən xüsusatları, işin hallarını, həkim Arif Ağayev tərəfindən 01 noyabr 2023-cü il də onun tərəfindən edilmiş bronxoskopiya müayinəsinin nəticələrinin nə üçün rəsmiləşdirilmədiyini, aşkar etdiyi ağırlaşma faktını rəsmiləşdirmədən gizlətdiyini, tövsiyyələr verməməsinin, daha ixtisaslı tibb müəssisəsini, həkimi tövsiyyə etməməsinin səbəblərini tam və hərtərəfli araşdırmalı, məcburi dövlət sığortası barədə qanunvericiliyin tələblərinin pozulması barədə Səhiyyə Nazirliyinə müvafiq təqdimat verməmiş, inzibati xəta üzrə icraat başlanması üçün tədbirlər görməlidir. Bakı şəhəri Nərimanov rayon prokurorunun böyük köməkçisi X4 tərəfindən aparılan araşdırma səthi və natamam aparılmışdır. İddiaçı müraciəti əsasında toplanmış material üzrə yenidən araşdırma aparılmalıdır. Buna görə də, Bakı şəhəri Nərimanov rayon prokurorunun böyük köməkçisi X4 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 mart 2024-cü il tarixli qərarının ləğv edilməsinə dair İddiaçı məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməli, sözügedən qərar qanunsuz hesab edilməli və ləğv edilməlidir.” Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun: 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. 3.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 3.0.2. müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət 3.0.4. ərizə – hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət; 3.0.5. şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət; 3.0.11. yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət; 5.6. İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 6.1. Vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər. 7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. 7.4. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. 7.7. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. 7.10. Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. 9.1. Dövlət orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə, bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla, bu Qanuna müvafiq olaraq baxılır. 9.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır. 9.2-1. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz. 9.3. Dövlət orqanının rəhbəri xidməti araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir: 9.3.1. müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə, müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə; 9.3.2. müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə; 9.3.3. müraciətin əsaslı olduğu təsdiq edilmədikdə şikayət üzrə icraata xitam verilməsi barədə. 9.4. Müraciət etmiş şəxsə qəbul olunmuş qərar haqqında əsaslandırılmış cavab verilməklə həmin qərardan şikayət etmək hüququ izah olunur. 9.5. Vətəndaşın dövlət orqanı rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət vermək hüququ vardır. Bu müddəa vətəndaşın dövlət orqanı rəhbərinin qərarından məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır. 9.6. Dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş qaydada 20 iş günü müddətində baxılır. 14.0. Müraciətinə baxılan vətəndaşın aşağıdakı hüquqları vardır: 14.0.8. müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək; “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun: 9.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar bilavasitə korrupsiya hüquqpozmalarından və korrupsiyaya şərait yaradan hüquqpozmalardan ibarətdir. 9.2. Korrupsiya hüquqpozmaları aşağıdakılardır: 9.2.1.vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi; 9.2.2.xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi; 9.2.3.vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədilə istifadə edilməsi; 9.2.4.vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən və ya bazar qiymətlərindən və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı qiymətə (tarifə) əldə edilməsi; 9.2.5.vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi; 9.2.6.müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə birbaşa və ya dolayı yolla maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin təklif olunması, vəd edilməsi və ya verilməsi; 9.2.7.müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən şəxs tərəfindən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qəbul edilməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifin və ya vədin qəbul edilməsi. 9.3. Vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır: 9.3.1.xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq; 9.3.2.statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi məqsədilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında qanunsuz kömək etmək; 9.3.3.bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə-kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq; 9.3.4.statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə onun səlahiyyət dairəsinə daxil olmayan məsələlər üzrə digər dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların fəaliyyətinə qanunsuz müdaxilə etmək 9.3.5.statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək; 9.3.6.normativ hüquqi aktların və digər qərarların qəbul edilməsi zamanı fiziki və ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək; 9.3.7.vəzifə tutduğu və ya ona tabe olan, onun nəzarətində olan, habelə ona hesabat verən orqanların (qurumların) işi üzrə fiziki və ya hüquqi şəxslərin nümayəndəsi qismində iştirak etmək; 9.3.8.qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək; 9.3.9. qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan məlumatları və sənədləri fiziki və hüquqi şəxslərdən tələb etmək; 9.3.10.dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların maddi və maliyyə vəsaitlərini qanunsuz olaraq namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşəbbüs qruplarının seçki fonduna vermək;[18] 9.3.11.qanunvericiliklə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət fondlarına, dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların təsərrüfat subyektlərinə məxsus olan maddi və maliyyə ehtiyatlarını qeyri-dövlət strukturlarına vermək;[19] 9.3.12.fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq; 9.3.13.sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı səlahiyyətləri belə fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə qanunsuz olaraq vermək. Qanunvericiliyin tələbindən də göründüyü kimi vətəndaşın şikayət və ərizə xarakterli müraciətlərinə yuxarıda adıçəkilən Qanunun tələblərinə uyğun müddət ərzində baxılması və cavalandırılması cavabdehin vəzifəsidir. Müraciət edən şəxs isə müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq hüququna malikdir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə korrupsiya ilə əlaqədar hüquqpozmalar istisna olmaqla vətəndaşların müraciətlərinə yuxarıda adıçəkilən Qanunun 7-ci maddəsinə əsasən baxılır. Lakin korrupsiya ilə əlaqədar hüquqpozmalar olduğu halda vətəndaşın müraciətinə həmin Qanunun 9-cu maddəsinə əsasən baxılmalı, dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin etməli, xidməti araşdırmanın aparılması dövlət orqanında daxili nəzarət xidməti qaydasında aparılmalıdır. Qanunvericilik xidməti araşdırmanın barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə həvalə edilməsini qadağan edir. Yəni, faktiki olaraq xidməti araşdırma bilavasitə korrupsiya hüquqpozmaların yaranmasına səbəb olan şəxslər tərəfindən aparıla bilməz. Hazırki iddiadan isə görünür ki, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iddiaçının müraciətinə “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə riayət olunmadan baxılmışdır. Belə ki, iddiaçının Səhiyyə Nazirliyinə ünvanladığı 06 dekabr 2023-cü il tarixli müraciətdə iddiaçı əməliyyat və xəstəxana xərcləri, buna dair aparılmış məbləğin razılaşması, razılaşma olsa da, müayinələrin, dərman ödənişlərinin, reanimasiyada qalma xərclərinin ödənilməsinə, Bakı Sağlamlıq Mərkəzinin Respublika İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə sığortaya dair müqaviləsi olsa da, icbari tibbi sığorta əsasında xidmət göstərilməli olsa da göstərilməməsi, ödənişlərin 10 min manatdan artıq tələb edilməsi və ödənişin həmin həddi aşması kimi hallara istinad edilmişdir ki, məhkəmə hesab edir ki, həmin xarakterli müraciət üzrə yuxarıda adıçəkilən maddənin tələblərinin gözlənilməsi zəruridir. İstinad olunan 9-cu maddənin konkret tələbindən isə görünür ki, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz. Dövlət orqanının rəhbəri xidməti araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir: müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə, müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə, müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə, müraciətin əsaslı olduğu təsdiq edilmədikdə şikayət üzrə icraata xitam verilməsi barədə. Müraciət etmiş şəxsə qəbul olunmuş qərar haqqında əsaslandırılmış cavab verilməklə həmin qərardan şikayət etmək hüququ izah olunur. Lakin, işin faktiki hallarından da göründüyü kimi korrupsiya ilə əlaqədar hüquqpozmalara istinad edilmiş müraciətlə əlaqədar xidməti araşdırmanın təyin edilməsi, həmin xidməti araşdırmanın daxili nəzarət xidməti tərəfindən aparılması, son nəticədə xidməti araşdırmanın nəticəsi üzrə qərarın qəbul edilməsi həyata keçirilməmiş, əksinə korrupsiya ilə əlaqədar hüquqpozma ilə əlaqədar müraciət yuxarıda adıçəkilən qanunvericiliyin tələblərinə zidd olaraq baxılması üçün Bakı Sağlamlıq Mərkəzinə göndərilmişdir. Halbuki, Qanunun müvafiq maddəsinin tələbindən görünür ki, digər xarakterli müraciətlərdən fərqli olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalara istinad edilən müraciət üzrə araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz. Bundan əlavə, adıçəkilən növ müraciətlər üzrə “Vətəndaşların müraciətləri haqqında” Qanunun 9-cu maddəsinə uyğun olaraq xidməti araşdırma təyin edilməsi. həmin araşdırmanın araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxs tərəfindən yox, məhz müvafiq dövlət orqanında daxili nəzarət xidməti tərəfindən aparılması və araşdırmanın nəticəsində isə 9.3-cü maddədə nəzərdə tutulan qərarlardan birinin qəbul edilməsi, eləcə də qəbul olunmuş qərar haqqında əsaslandırılmış cavab verilməklə həmin qərardan şikayət etmək hüququ izah edilməsi kimi prosedur tələblərə əməl olunması həyata keçirilməlidir ki, həmin tələblərin gözlənilməməsi iddianı əsaslı və qanuni edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həmin Nazirliyin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzinin və həmin Mərkəzin tarokal cərrahiyə şöbəsinin müdiri tarokal (ümumi) cərrah Arif Ağayevin qanunsuz hərəkətləri barəsində şikayətə baxılmasının Bakı Sağlamlığ Mərkəzinin özünə həvalə edilməsi barədə hərəkətinin qanunsuz hesab edilməklə İddiaçı tərəfindən verilmiş şikayətə “Vətəndaşların müraciətləri haqqında” Qanunun 9-cu maddəsinə uyğun baxılması vəzifəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5734/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5734/2024
15.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver