Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5738/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı3 və İddiaçı1 iştirakları ilə, iddiaçılar İddiaçı3, İddiaçı4, X1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı4, X2 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın tələbləri ilə əlaqədar hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və onların faktiki yaşayış yerləri olan Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, döngə 3, ev 24 “C” ünvanı üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, müxtəlif ünvanlarda pasport qeydiyyatında olan, bir ailənin üzvləri olan iddiaçılar faktiki olaraq, həmin ailəyə məxsus olan Bakı şəhəri, ünvan 1 ünvan onların həqiqi yaşayış ünvanlarıdır. Yaşadıqları ünvan üzrə hazırda E.Mehdiyev adına olan küçə, daha öncə Əliyar Əliyev, ondan da qabaq Anaşkina adlanıb. Ona görə də yaşadıqları tikiliyə aid küçə adı sənədlərdə fərqli göstərilib. Onlar faktiki yaşadıqları ünvana pasport qeydiyyatına alınmaları üçün müvafiq sənədlərlə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə (bundan sonra cavabdeh inzibati orqan) müraciət etmişlər. Cavabdeh inzibati orqan tərəfindən isə mürəciətlərinə müsbət cavab verilməmiş, tələblərinin təmin olunmasından imtina edilmiş və imtinaya səbəb kimi yaşayış sahəsinə dair əsas verən sənədlərin olmasının vacibliyi göstərilmişdir. Halbuki, onlar uzun müddətdir ki, qeyd olunan ünvanda yaşayırlar, həmin fərdi yaşayış evinə dair bələdiyyə tərəfindən təsdiqlənən şəhadətnamə var və bu ünvana dair kommunal xidmətlərdən istifadəyə dair adlarına müqavilələr mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 11.02.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmə iclaslarının (hazırlıq və şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı3 və İddiaçı1 məhkəmə iclasında ayrı-ayrılıqda verdikləri izahatlarında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iddiaçıların izahatılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1967-ci ildə Tər-tər rayonunda doğulmuş İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 50, mənzil 49 qeydiyyatdadır. AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı2 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 50, mənzil 49 qeydiyyatdadır. AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1993-cü ildə Qax rayonu, Marsan kəndində doğulmuş İddiaçı4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 (inzibati bina) ünvanında qeydiyyatdadır. AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 (inzibati bina) ünvanında qeydiyyatdadır. "xxxx" ASC-nin 37869805 nömrəli, 15.09.2017-ci il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilədən müəyyən olunur ki, bir tərəfdən "xxxx" ASC-nin Sabunçu rayon Sukanal İdarəsi ilə, digər tərəfdən İddiaçı1 şəxsində Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Qanununa və “Sudan istifadə Qaydaları”na uyğun olaraq müqavilə bağlanılmışdır. "xxxx" ASC-nin 168927 nömrəli, 08.12.2018-ci il tarixli “Enerjitəchizatı müəssizəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsindən müəyyən olunur ki, bir tərəfdən enerjitəchizatı müəssisəsi adından Enerji Satış Departamenti, digər tərəfdən Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində yaşayan İddiaçı1 arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş “Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında” şəhadətnaməsindən müəyyən olunur ki, İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən torpaq sahəsinə görə vergi ödəyicisi kimi 08.11.2017-ci ildə qeydiyyata alınmışdır. Hazırkı tələblə bağlı İddiaçı1 ərizəsinə Bakı şəhər Sabunçu rayon Polis İdarəsi tərəfindən verilmiş 27.12.2021-ci il tarixli 073-45160N №li cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onun, İddiaçı3, İddiaçı4, X2 və İddiaçı2 Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, döngə 3, ev 24 “C” ünvanına qeydiyyata alınmaları üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Qanunda qeyd olunan sənədlərdən Sabunçu RPİ QMB-nə təqdim olunmadığından onun və ailə üzvlərinin göstərilən ünvana tərəflərindən qeydiyyata alınmaları qanuna müvafiq deyildir. Buna görə də məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 20.04.2022-ci il tarixli 018-7646-1122 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, döngə 3, ev 24 C ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barəsində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 06.05.2022-ci il tarixli **********63 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, döngə 3, ev 24 C saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən verilmiş 14.05.2022-ci il tarixli 073-22042 nömrəli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, döngə 3, ev 24 C ünvanından qeydiyyatda olan şəxslər barədə məlumatların məhkəməyə təqdim olunması Sabunçu RPİ-nin QMB-nin səlahiyyətlərinə daxil deyildir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçılar hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericilik normasının tələbindən də göründüyü kimi iddiaçının qeydiyyata düşmək istədiklər Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, döngə 3, ev 24 C ünvanında yerləşən fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığına görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların- İddiaçı3, İddiaçı4, X2 və İddiaçı2 Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, döngə 3, ev 24 C ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5738/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5738/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver