Məhkəmə qərarları › İş №2-1(112)-5738/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5738/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5738/2024 24.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "fərdi yaşayış evinə enerji təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtin verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Binəqədi rayonu, "Motodrom yaşayış massivindəki" fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinin təmin edilməsini "xxxx" ASC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci ildə baş vermiş milli münaqişədən sonra Bakı şəhərində məskunlaşmışdır və hal-hazıra qədər də Bakı şəhərində yaşayır. İndiki halda Avtovağzal ətrafında "Motodrom yaşayış massivi" kimi tanınan ərazidə digər çoxsaylı vətəndaşlar kimi İddiaçı Məşəi oğlu da yer götürmüşdür. Həmin ərazilər vaxtilə Bakı şəhərinin yaşıllaşdırma ərazisinə daxil olub, meşə və yaşıllıqlar altında olub. İmkanı olmadığından o, digər çoxsaylı insanlardan (minlərlə) çox sonra kiçik bir ev tikmişdir. "Avtovağzal" metrosu açılan zaman aparılan abadlıq işlərinə aid olan ərazinin yaşıllaşdırılması işlərini iddiaçı aparmışdır. O vaxt həmin evi təmənnasız olaraq abadlıq işlərində işləyən fəhlələrin istifadəsinə vermişdir, ərazinin işıqlandırılmasını təmin edən transformatordan elektrik xətti çəkildi. Sonra da təmənnasız olaraq orada yaşıllıq işlərində daimi işləyən işçilərin istifadəsinə vermişdir. Lakin sonralar həmin elektrik kabeli oğurlandı və ev elektrik enerjisiz qalmışdır. İndi həmin evdən istifadə etmək istəyir. Büna görə də elektrik enerjisinin verilməsi üçün 28 avqust 2023-cü il tarixdə (indiki elektrik verilməsi şərtlərini tənzimləyən Qərardan əvvəl) "Asan Xidmət"ə müraciət etmişdir. Məlumat üçün "Asan Xidmət"in təyin etdiyi vaxt bitən kimi təkrar müraciət etmişdir. Bu zaman ona şifahi bildirdilər ki, iddiaçının qonşusunun elektrik enerjisinə böyük məbləğdə borcu var, ona da enerji həmin xəttdən verilməlidir. O borc ödənilməsə elektrik enerjisinin verilməsi mümkün deyil. İddiaçı izah etdi ki, qonşunun borcunun ona nə aidiyyəti var və yaxud o başqasının borcunu niyə ödəməlidir. O məcbur olub Energetika Nazirliyinin X1 Agentliyinə zəng vurub və məsələni olduğu kimi izah etmişdir və onların tələbi ilə evin eskizlərinin, bələdiyyə Arayışının, rüsum ödənilməsinə aid qəbzlərin bir neçəsinin və s. surətlərini göndərmişdir. Ona rəsmi cavab verilməyib, şifahi bildirib ki, guya onun bu evi əvvəllər qonşudan qidalanıb (indi bəhanəni belə əsaslandırırlar) və qonşunun borcu yaranıb, bu borc ödənilməlidir. Əgər qanunsuzdursa, qeyd edilən sənədlərin olması vacibdirsə, orda qonşunun xəttinə hansı əsasla birləşmə aparılmışdı. Digər bir tərəfdən onun evinə heç vaxt qonşudan elektrik enerjisi birləşməsi olmayıb. Digər tərəfdən məktubda da bildirilir ki, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 saylı və xx.xx.2018 -ci il tarixli 327 saylı qərarlarına görə enerji şəbəkəsinə qoşulma "Məişət obonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləğinə əsasən həyata keçirilir. Qaydanın 2.6-cı bəndinə əsasən sifarişçidən bu Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb edilə bilməz". Onun "xxxx" ASC-yə ünvanladığı məktuba cavab olaraq "xxxx" ASC-nin "Müştəri xidmətləri İdarəsi"nin rəisinin imzası ilə xx.xx.2023-cü il tarixli 13-13/2-2/18-Ə-9539-5/2023 N-li məktub almışdır. Məktubda bildirilir ki, ünvanın mübahisəli ərazi olduğu və Sizin tərəfinizdən mülkiyyəti təsdiq edən müvafiq sənəd təqdim olunmadığı məlum olmuşdur. Bu səbəbdən tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı mövcud qaydalara uyğun olaraq tərəfinizdən sözügedən ünvana dair mülkiyyəti təsdiq edən sənəd "Asan Kommunal" mərkəzlərinə təqdim etdikdən sonra baxılacaqdır". Birincisi "Müştəri Xidməti İdarəsi"nə heç bir əsas olmadan ərazinin mübahisələndirilməsi səlahiyyətini kim verib. Bələdiyyə rəsmi sənəd verib bildirir ki, bura onun fərdi yaşayış evidir. Digər tərəfdən əgər mübahisəli ərazi olsa idi çox yəqin ki, tikinti aparılarkən Binəqədi rayon İcra Hakimiyyəti bunun qarşısını alardı, tikili uzun illərdi orada qalmazdı. Bütün bunlardan sonra o təkrarən "Asan Xidmətdə" olmuşdur, evə aidiyyəti olan sənədləri təkrarən təqdim etmişdir. Lakin bildirmişlər ki, evin kupçası olmasa elektrik enerjisi verilməsi mümkün deyil. Özləri də yaxşı bilir ki, həmin ərazidəki minlərlə evlərin heç birinin sənədi yoxdur və verilmir, ancaq onminlərlə insan həmin ərazidə yaşayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı çavabdeh "xxxx" ASC-yə qarşı iddia qaldıraraq "elektrik enerjisinin verilməsi" öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianı Cəmiyyət qəbul etmir. Belə ki, iddiaçının müraciəti zamanı reqlamentə uyğun sənədlər təqdim edilməmişdir. Yaşayış və qeyri-yaşayış sahələrinin elektrik enerjisi ilə təchizatı, yeni qüvvəyə minmiş Qanunun tələblərinə əsasən, mülkiyyəti təsdiq edən sənədi və tikintisinə icazə verilmiş tikinti obyektinin (yaşayış və qeyri-yaşayış) müvafiq sənədini daxi etməklə "xxxx" ASC-nin elektron xidmətləri vasitəsilə, həmçinin Bakı şəhərində “ASAN Kommunal”, regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə həyata keçirilə bilər. Hər iki üsul vasitəsilə müraciət etmiş vətəndaşların təqdim etdiyi sənədlərin tələblərə uyğunluğu yoxlanıldıqdan sonra tikinti obyektinin enerji təchizatı müəyyən olunmuş müddət ərzində Səhmdar Cəmiyyət tərəfindən təmin edilir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 8-1 -ci maddəsinin 7ci bəndinə (Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması) əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasəntikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraat tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağan edilmişdir. İddianın məhkəmədən rədd edilməsin xahiş edilmişdir.. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış məhəlləsi ünvanında yerləşən fərdi yaşayış evinə enerji təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1408 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri Binəqədi rayon Xocəsən qəsəbəsi Motodrom yaşayış massivində inşa edilmiş özünə aid fərdi yaşayış evində qeydiyyatsız yaşayır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü tarixli, 13-13/2- 2/18-Ə-9539-5/2023 nöməli məktubunda qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış məhəlləsi ünvanında yerləşən tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı "xxxx" ASC-yə daxil olmuş müraciətinizə (31,10.2023-cü il tarixli, Ə-9539-5/2023 nömrəli) Müştəri xidmətləri idarəsində baxılmışdır. Sözügedən tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün “ASAN xidmət” mərkəzinə ATS**********2570 nömrəli müraciət daxil olmuşdur. Müraciət əməkdaşlarımız tərəfindən araşdırılan zaman ünvanın mübahisəli ərazi oluğu və Sizin tərəfinizdən mülkiyyəti təsdiq edən müvafiq sənəd təqdim olunmadığı məlum olmuşdur. Bu səbəbdən tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətinizə mövcud qaydalara uyğun olaraq tərəfinizdən sözügedən ünvana dair mülkiyyəti təsdiq edən sənəd “ASAN Kommunal” mərkəzlərinə təqdim edildikdən sonra baxılacaqdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı Filialının xx.xx.2024-cü il tarixli, 3-15-2-1/2-938/2024 nömrəli məktubundan görünür ki, qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi ərazinin elektrik enerjisi ilə təchizatı "xxxx" ASC-nin X3 və Satışı İdarəsinin balans və xidmətində olan 156 saylı komplekt transformator yarımstansiyasının (bundan sonra - KTYS) 0,4 kV-luq şəbəkəsindən yerinə yetirilir. Fərdi yaşayış evi ilə KTYS arasında məsafənin təqribən 800 metr olduğu məlum olmuşdur. Araşdırma müddətində vətəndaş İddiaçı tərəfindən mülkiyyətə dair sənəd təqdim edilməmişdir. Məlumat üçün bildiririk ki, məişət abonentlərinin ETŞ-yə qoşulması mövcud 0,4 kV- luq elektrik şəbəkə olduğu təqdirdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul2018-ci il tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydasf’na (bundan sonra - Qayda) əsasən həyata keçirilir. Həmin Qaydanın 1.2.6-cı bəndinə əsasən mövcud 0,4 kV-luq şəbəkə, tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir. Bildiririk ki, qeyd edilən məsafə 400 metrdən çox olduğu halda evin ETŞ-yə qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na (bundan sonra - Qaydalar) uyğun həyata keçirilir. Qaydaların 2.1-ci bəndinə əsasən sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞyə qoşulması enerji təchizatı müəssisəsi (bundan sonra - ETM) tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. Bu Qaydaların 1.6-cı bəndinə əsasən isə, hər bir sifarişçinin ETŞ-yə qoşulma hüququ vardır, eyni zamanda, 1.7-ci bəndə əsasən ETM heç bir ayrı-seçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ-yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz. Nəzərə çatdırırıq ki, 11,04.2023-cü il tarixli 858-VİQ nömrəli “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, İddiaçı göstərilən ünvanda yerləşən fərdi yaşayış evinin ETŞ-yə qoşulması məsələsinə yuxarıda adıçəkilən Qaydalara uyğun olaraq tələb olunan sənədlər əsasında baxılmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır. İnzibati orqanların siyahısı “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifatda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən “qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilən digər inzibati orqanlar” inzibati orqan hesab edilir. Məhz bu normanın mahiyyətinə görə təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyalar onları müəyyən münasibətlərdə inzibati orqan adlandırmağa əsas verir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda təbii inhisar subyekti olan iddiaçının elektrik enerjisi ilə təchiz olunması üçün şəbəkəyə qoşulma və sayğacla təmin ediməsini xahiş edir, lakin cavabdeh bundan imtina edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 1.6-cı bəndinə əsasən həmin Qaydalara uyğun olaraq, hər bir sifarişçinin enerji təchizatı şəbəkəsinə qoşulma hüququ vardır. Həmin Qaydaların 1.7-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi heç bir ayrıseçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ–yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz. Həmin Qaydaların 1.8-ci bəndinə əsasən sifarişçi verilmiş texniki şərtlərin tələbləri ilə razı olmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. İstinad olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış hazırkı mübahisə müqavilə münasibətlərinə qədər yaranmış mübahisə olmaqla, cavabdehin publik hüquq sahəsindəki hərəkətlərindən irəli gəlmişdir və buna görə də hazırkı mübahisəyə inzibat mühakimə icraatı qaydasında baxılmalıdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia tələbi mahiyyəti üzrə əsassızdır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, "Motodrom yaşayış massivindəki" fərdi yaşayış evinə elektrik enerjisinin verilməsi üçün texniki şərtin verilməsini mübahisələndirir. İddiaçının iddia etdiyi fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı iddia etdiyi fəri yaşayış evi ilə bağlı memarlıq planlaşdırma bölməsi (fərdi evin layihəsi) iş materiallarına əlavə etsə də həmin yaşayış evinin tikintisi ilə bağlı təqdim edilmiş layihənin Binəqədi Rayon İcra Hakimiyyətində baxılaraq razılaşdırılması və tikintinin aparılması üçün vacib olan şərtlər barədə iddiaçı tərəfinfdən məlumatlandırılması (məlumatlandırma icraatı) müəyyən olunmur. İşdən görünür ki, iddiaçı fərdi yaşayış evinə elektrik enerjisinin çəkilməsi ilə bağlı cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən tikinti obyektinin yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surətinin təqdim edilmədiyi əsas gətirilərək müraciətin təminindən imtina edilmişdir. İddiaçı hazırda bu imtina ilə razılaşmayaraq, mülkiyyətində olan fərdi yaşayış evinin enerji ilə təchiz edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın aşağıdakı bəndlərinə əsasən: -1.1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: -elektrik şəbəkəsi - birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları -1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. - 1.4.Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. - 1.5. Girişləri enerjitəchizatı müəssisəsinin balansında olan istehlakçıya məxsus paylayıcı qurğulardan iki və daha artıq başqa istehlakçıya elektrik enerjisi verildikdə, enerjitəchizatı müəssisəsinə onlarla bilavasitə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamaq və elektrik enerjisinə görə hesablaşmalar aparmaq hüququ verilir. İstehlakçının paylayıcı qurğusunun enerjitəchizatı müəssisəsinin balansına verilməsi mövcud qanunvericiliyə uyğun həyata keçirilir. - 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. - 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. - 7.8. Bir elektrik enerjisi təchizatı mənbəyindən müxtəlif tarif qruplarına aid bir neçə istehlakçı qidalandırıldıqda, hər bir tarif qrupu üçün hesablaşma elektrik uçot cihazları quraşdırılmalıdır. Bundan başqa, elektrik enerjisinə nəzarət uçotu üçün müəyyən edilmiş elektrik enerjisi sərfi normalarının yerinə yetirilməsinə nəzarət üçün ayrı-ayrı sexlərdə, elektrik tutumlu aqreqatlarda, texnoloji xətlərdə, binalarda, ayrı-ayrı kənd təsərrüfatı, kommunal-məişət və başqa obyektlərdə texniki-nəzarət uçot cihazları quraşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na əsasən: - 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd; 1.2.2. enerji təchizatı müəssisəsi (bundan sonra - ETM) – xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxs; 1.2.4.sifarişçi – ETM-in ETŞ–yə qoşulması nəzərdə tutulan tikinti obyektlərinə və ya tikinti obyektlərinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçı; 1.2.6. tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina (o cümlədən, yaşayış binaları, yaşayış evləri) və ya qurğular; 1.2.9. tikinti obyektlərinin ETŞ–yə qoşulması (texnoloji qoşulma) – elektrik enerjisinin alqı-satqı münasibətlərinin yaranmasına qədər ETM tərəfindən verilmiş texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən ETŞ–yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsi, əlavə güc alınması ilə bağlı layihə sənədlərinin hazırlanması və tikintiquraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin elektrik qurğularının ETŞ–yə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən kompleks xidmət; - 1.6. Bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin ETŞ–yə qoşulma hüququ vardır. - 1.11. Sifarişçi tərəfindən texniki şərtlərin tələbləri yerinə yetirildikdən və qoşulma haqqı ETM-in bank hesabına ödənildikdən sonra, onun tikinti obyektinin ETŞ–yə qoşulmasına dair qoşulma aktı tərtib edilir və tikinti obyekti ETŞ–yə 3 (üç) iş günü ərzində qoşulur. - 2.1. Sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ–yə qoşulması ETM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. - 2.3. Texniki şərtlər almaq (tələb edilən gücdən asılı olmayaraq) üçün sifarişçi tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən enerjitəchizatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Həmin enerjitəchizatı müəssisəsi sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. - 2.16. Texniki şərtin verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.16.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə (çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda); 2.16.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst məlumatlar olduqda. 2.34. Elektrik şəbəkəsinə qoşulan sifarişçi (istehlakçı) tikinti obyektlərinin inşası müddətində elektrik gücünə olan tələbatın layihədə nəzərdə tutulmuş maksimum həddən çox olduğu və elektrik enerjisinin nominal parametrlərinə mənfi təsir edəcəyi təqdirdə, enerjitəchizat müəssisəsi sifarişçidən (istehlakçıdan) yeni texniki şərt alınmasını tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın aşağıdakı bındlərinə əsasən: -1.1. Bu Qayda “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir. -1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: - 1.2.1. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir; - 1.2.2. enerji təchizatı müəssisəsi (bundan sonra - ETM) – icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxsdir; - 1.2.3. sifarişçi – ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən məişət abonentidir; - 1.2.4. məişət abonenti – yaşayış evlərində, həmçinin qarajlarda məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə etməsi nəzərdə tutulan istehlakçıdır; - 1.2.5. qoşulma haqqı – ETM tərəfindən layihə sənədlərinin hazırlanmasına, ETŞnin gücləndirilməsinə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, elektrik qurğularının ETŞ-yə fiziki qoşulmasına (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu Qaydanın 1.10cu bəndinə uyğun olaraq müəyyən etdiyi vahid məbləğdir; - 1.2.6. mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir. - 1.3. Bu Qaydaya uyğun olaraq, hər bir sifarişçinin ETŞ-yə qoşulma hüququ vardır. - 1.4. Sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulması ümumilikdə 24 (iyirmi dörd) gündən gec olmayaraq təmin edilməlidir. - 2.1. Texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə ETM-in mərkəzlərdəki nümayəndəsinə (bundan sonra - ETM-in nümayəndəsi) müraciət edir. - 2.5. Ərizəyə ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti əlavə edilməlidir. - 2.6. Sifarişçidən bu Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb edilə bilməz. - 2.11. ETM-in nümayəndəsi bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan sənədləri icraata qəbul etdikdən sonra, elektrik xətlərinin keçəcəyi ərazinin xüsusiyyətlərinə uyğun olaraq, elektrik xətlərinin çəkilməsinin razılaşdırılması tələb olunan qurumların, habelə avtomobil yolları mülkiyyətçilərinin (sahiblərinin), yerli icra hakimiyyəti orqanlarının və qanunda nəzərdə tutulan digər qurumların rəyinin alınmasını təmin etməlidir. Bu məqsədlə ETM-in nümayəndəsi bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan sənədləri icraata qəbul etdiyi gündən etibarən 1 (bir) gün ərzində enerji mənbəyini, həmin mənbədən tikinti obyektinə elektrik enerjisinin (gücünün) verilməsi üçün optimal trassanı (yolu) və həmin trassa (yol) üzrə elektrik xətlərinin çəkilməsi üçün rəyi tələb olunan qurumları müəyyənləşdirir.. - 2.14. ETM 8 (səkkiz) gün müddətində sifarişçinin tikinti obyektinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtləri və layihə sənədlərini hazırlayır. Sənədlərin hazırlanması prosesi çərçivəsində tikinti obyektinə yerində baxış zamanı məişət abonentinin cəlbi nəzərdə tutulmur.. - 3.1. Tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan qoşulma haqqından əlavə heç bir haqq ödəmir.. -3.2. Qoşulma nöqtəsi tikinti obyektlərinə ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə olmalıdır.. - 3.5. ETM ilə sifarişçi arasında elektrik qurğularının balans mənsubiyyəti sərhədi elektrik enerjisi sayğacının quraşdırıldığı yerlə və qoşulma aktı ilə müəyyən edilir. - 3.6. ETM ilə sifarişçi arasında elektrik qurğularının istismarına görə məsuliyyət sərhədi balans mənsubiyyəti sərhədi ilə müəyyən edilir. - 4.1. Bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra 2 (iki) gün müddətində sifarişçinin və ETM-in nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və bunun nəticəsi olaraq həmin gün ETM ilə sifarişçi arasında iki nüsxədə qoşulma aktı imzalanır, elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır və ETM elektrik enerjisinin verilməsini təmin edir. 22 dekabr 2023-cü il tarixli 1075-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş “Elektroenergetika haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1 və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən fərdi yaşayış evi və ya evin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd, eləcə də fərdi yaşayış evinin məlumatlandırma icraatına riayəıt edilməsini təsdiq edən sənədlər təqdim edildiyi təqdirdə yaşayış evinin ETŞ–yə qoşulması üçün texniki şərt verilə bilər. Qeyd edilən sənədlər isə hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehə təqdim edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X1 Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən X1 Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən publik hüquqi şəxsdir. Nizamnamənin 3.1.7-ci bəndinə əsasən müvafiq sahədə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə nəzarəti həyata keçirir, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür; 3.1.18-ci bəndinə əsasən Agentlik müvafiq sahədə qanunvericiliyə, o cümlədən iqtisadi, texniki və təşkilati tələblərə, təlimatlara əməl olunmasına, habelə müəssisələrin texniki şərtlər verməsinə nəzarət edir; 3.1.22-ci bəndinə əsasən istehlak olunan elektrik və istilik enerjisinə, habelə təbii qaza görə hesablaşmaların müvafiq sayğaclar vasitəsilə aparılmasına nəzarət edir. Həmçinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.35-ci bəndinə əsasən enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X1 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. İşin hallarının araşdırılması üçün X1 Agentliyinə sorğu verilmiş, sorğuya cavab olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı filialının xx.xx.2024-cü il tarixli, 3-15-2-1/2-938/2024 nömrəli məktubundan görünür ki, qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi ərazinin elektrik enerjisi ilə təchizatı "xxxx" ASC-nin X3 və Satışı İdarəsinin balans və xidmətində olan 156 saylı komplekt transformator yarımstansiyasının (bundan sonra - KTYS) 0,4 kV-luq şəbəkəsindən yerinə yetirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul2018-ci il tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydasının 1.2.6-cı bəndinə əsasən mövcud 0,4 kV-luq şəbəkə, tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsi olduğu və hazırkı halda isə fərdi yaşayış evi ilə KTYS arasında məsafənin təqribən 800 metr olduğu müəyyən edildiyindən iddia olunan tikilinin ETŞ-yə qoşulmasının mümkün olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "fərdi yaşayış evinə enerji təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtin verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar