Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5739/2025 26.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “təzminatın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının itirilmiş illərinin (9 il) minimum əmək haqqı hesablanmaqla təzminatın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci ildən Xətai məşğulluq mərkəzində işsiz kimi qeydiyyatdadır. İddiaçı 2015-cı ildən xx.xx.2024-cü ilə Nazirliyə və Bakı Regional Məşğulluq Mərkəzinə rəsmi yuxarı orqanlara müraciət etmişdir. Səlahiyyətli şəxslərin qəbuluna düşmək istəmiş, lakin heç bir müsbət nəticə olmayıb. Nəhayət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə rəsmi ərizə ilə xx.xx.2015-ci ildən xx.xx.2024-cü ilə qədər 9 il müddətinə minimum əmək haqqı hesablanmaqla ona təzminatın ödənilməsində köməklik etməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı vəsatətini onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan aşağıdakı səbəblərə görə mümkünsüz hesab edilməlidir: Belə ki, İddiaçı iddia ərizəsində 9 il müddətinə minimum əmək haqqı hesablanmaqla ona təzminatın ödənilməsini tələb etmiş, lakin ona hansı növ ziyanın vurulduğunu, hansı təzminatın ödənilməsindən söhbət getdiyini, 9 illik müddətin haradan qaynaqlandığını və həmçinin, iddianın əsaslarını qeyd etməmişdir. İddia ərizəsinin sadə təhlilindən müəyyən olunmaqdadır ki, iddiaçı cavabdehin nə kimi bir hüquq pozuntusuna yol verdiyini qeyd etməyərək əsassız ittihamlar irəli sürmüşdür. Aydın məsələdir ki, maddi ziyanla bağlı iddia tələblərində baş vermiş zərərlə bu zərəri doğurduğu iddia edilən hərəkət və ya hərəkətsizlik arasında səbəb-nəticə əlaqəsi olmalıdır. Əlavə olaraq bildirilir ki, İddiaçı Nazirliyə qarşı 2024-cü ildə aktivlərin verilməsi və təzminatın ödənilməsi tələbinə ilə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli 2-1(112)-13290/2024 nömrəli qərardadı ilə iddia mümkünsüz hesab edilmişdir. Bildirilir ki, Nazirliyin tabeliyində X2 (bundan sonra - Agentlik) tərəfindən İddiaçı “Döşəmə və parket cilalanması” özünüməşğulluq istiqaməti üzrə 3 oktyabr 2024-cü il tarixdə əmlakla təmin edilmişdir. Agentlik tərəfindən məşğulluğunun təmin olunduğuna baxmayaraq İddiaçı hansı əsasla yenidən Nazirliyə qarşı iddia qaldırması sual doğurur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1-1.4-cü bəndlərinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qeyd olunanları nəzərə alarınaq iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı öz izahatında bildirmişdir ki, o, 2015-ci ildən Xətai məşğulluq mərkəzində işsiz kimi qeydiyyatdadır. Həmin tarixdən dəfələrlə Nazirliyə, yuxarı orqanlara müraciət etmişədir. O, indiyə kimi yalnız Məşğulluq mərkəzi tərəfindən avadanlıqla təmin olunmuşdur. Lakın, 2015-ci ildən 2024-cü ilə kimi 9 il ərzində heç bir işlə təmin olunmamışdır. O, işsizlik statusu almasıyla bağlı 2016-cı ildə məhkəməyə də müraciət etmiş, lakin orada da ona işsizlik statusu verilməmişdir. 2015-dən bəri dəfələrlə işlə bağlı müraciət edir, lakin heç bir nəticə ala bilmir. O, Nazirliyə bu 9 ildə heç bir işlə təmin olunmadığı üçün təzminatla bağlı müraciət etmişdir. Məşğulluq mərkəzində işsiz kimi qeydiyyata alınmasına baxmayaraq onu işlə təmin etməyiblər. Onu qeydiyyata götürən orqan Xətai rayon Məşğulluq Mərkəzi idi, lakin o da artıq mövcud deyildir. Odur ki, təzminat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. O, təzminatını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tələb edir. İddiaya mahiyyəti üzrə baxılıb iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı vəsatətdə göstərilənləri müdafiə edərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2015-ci ildən xx.xx.2024-cü ilə qədər Xətai məşğulluq mərkəzində işsiz kimi qeydiyyatda, olmasına baxmayaraq 9 il ərzində işlə təmin olunmadığı və bu əsasla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən kompensasiyanın ödənilməsini tələb edir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri tələbin iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsidir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir və tərəflər arasında yaranan mübahisə publik hüquq münasibətlərindən irəli gəlməlidir. Hazırki iddia tələbi publik hüquq münasibətlərindən irəli gəlsə də, iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəldilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X1 Nizamnaməsinin 1.1-ci bəndinə əsasən X2 (bundan sonra – Agentlik) aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyriformal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 1.7-ci bəndinə əsasən ...Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. Nizamnamənin 2.1.8-ci bəndinə əsasən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş kvotaya uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək Agentliyin fəaliyyət istiqamətlərinə aiddir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi cavab verməli orqana qarşı yönəlmədiyindən, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılığının olmasına dair ərizə ilə məhkəməyə müraciət etmədiyindən, məhkəmə iclasında verdiyi izahatda da ona dəymiş ziyanı bilavasitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tələb etdiyindən hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilmişdir ki, 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 24, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “təzminatın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova