Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-574/2020 12.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə dair çıxarışın verilməsi barədə iddia tələbinəünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsibarədəiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 286 saylı, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Bakı şəhər XDS İcrakomunun xx.xx.1989-cu il tarixli, 13/713 saylı qərarına müvafiq olaraq ona fərdi yaşayış evinin tikintisi üçün Lök-Batan qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama əsasən tərəfindən göstərilən ünvanda fərdi yaşayış evi tikilmiş və fərdi yaşayış evinin eskiz layihəsi tərtib edilmişdir. Daha sonra həmin fərdi yaşayış evinin adına sənədləşdirilməsi üçün tərəfindən Milli Arxiv İdarəsinə müraciət edilərək, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 286 saylı sərəncamının ona verilməsini xahiş etmişdir. Lakin, Arxiv İdarəsi tərəfindən bildirilmişdir ki, Qaradağ rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 286 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin, həmin sərəncamda onun barəsində heç bir məlumat yoxdur. Bundan sonra cavabdehə ərizə ilə müraciət edərək fərdi yaşayış evinin adına sənədləşdirilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamış (ərizədə telefon nömrəsi qeyd olunmamışdır) və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılacağı təqdirdə ərizəyə yenidən baxılacağı ilə bağlı vətəndaşa **********12 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin ounması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə ərizədən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməzdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Qaradağ rayon İcra Hakimiyyəti başçısının 286 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhər X3 İcrakomunun xx.xx.1989-cu il tarixli, 13/713 saylı qərarına müvafiq olaraq İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Lök-Batan qəsəbəsindən 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinin eskiz layihəsi "xxxx" MMC tərəfindən hazırlanmışdır. Evin ölçüləri göstərilmiş, yuxarıdan çəkilmiş planı İcra Hakimiyyəti tərəfindən imza edilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1799 nömrəli məktubdan görünür ki, Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 286 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin, qeyd olunan sərəncam fərdi yaşayış evinin tikintisi üçün deyil, “1999-2000-ci tədris ilində Azərbaycan Respublikası Müdafiə Nazirinin əmrinə müvafiq olaraq hərbi təhsil müəssisələrinə namizədlərin seçilməsi işinin yekunları və 2000/2001-ci tədris ilində hərbi təhsil müəssisələrinə daxil olmaq üçün namizədlərin seçilməsi işində qarşıda duran vəzifələr haqqında” dır. Məlumat üçün həmin sərəncamın təsdiq edilmiş ksero-surəti 1 (bir) vərəqdən ibarət məhkəməyə göndərilmişdir. İşdə olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lök-batan qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 286 saylı, xx.xx.2000-ci il tarixli sərəncama əsasən Lökbatan qəsəbəsi, 2-ci massiv, ev 5A ünvanında qeydiyyatsız yaşayır. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 286saylı, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Lökbatanqəsəbəsində 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Sərəncamın surəti arxivdə olmasa da, sərəncamın notarial qaydada təsdiq edilmiş surəti iş materiallarında mövcuddur və hazırda qüvvədədir. İddiaçı ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikmiş və bugünədək həmin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi onun qanuni sahibliyində və istifadəsindədir, iddiaçı həmin evdə yaşayır. Hazırda iddiaçı qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldıra bilmir. İddiaçı sərəncam əsasında ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə cavabdehə müraciətlər etsə də, cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə dair çıxarışın verilməsi məsələsinə münasibət bildirilməmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, hazırda mübahisəli sərəncamın arxivdə nüsxəsi olmasa da, iddiaçının cavabdeh inzibati orqana müraciəti üzrə nə cavabdeh tərəfindən inzibati icraat çərçivəsində, nə də məhkəmə icraatı zamanı sərəncamın həqiqətə uyğun olmaması ilə bağlı heç bir iddia irəli sürülməmiş və ya sübut təqdim edilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, həmin sərəncam mötəbər qiymətləndirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi, hazırda həmin sərəncamın mötəbərliliyinin (həqiqiliyinin) müəyyən edilməsi ilə bağlı inzibati orqan tərəfindən hər hansı tədbir görülməmiş, ümumiyyətlə mübahisələndirilməmişdir. Bu səbəbdən də, həmin sərəncam mötəbər hesab olunmalıdır. Göstərilən xüsusatlaraəsasən məhkəmə hesab edir ki, iddiaçı ona məxsus qanuni əsaslarla əldə etdiyi torpaq sahəsində uzun illərdir ki, fərdi yaşayış evi tikdiyindən və orada yaşadığından, eləcə də, həmin fərdi yaşayış evinin eskiz layihəsi mövcud olduğundan, evin layihəsi (planı) İcra Hakimiyyətinin tərəfindən razılaşdırıldığından, bugünədək həmin fərdi yaşayış evi ilə bağlı İcra Hakimiyyəti tərəfindən hər hansı bir irad bildirilmədiyindən, bununla da həmin fərdi yaşayış evi üzərində iddiaçının qanuni hüquqları yarandığından, iddiaçınıngöstərilən fərdi yaşayış evinin onun adına qeydiyyata alınmaqla çıxarışın verilməsini tələb etmək hüququ vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;8.0.9.2. çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1dən) sonra inşa edilən tikililərə dair:8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9-ci maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» ,Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göstərilən Qanununun normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə sahib olduğundan, cavabdehin iddiaçıya məxsus fərdi yaşayışevinin onun adına hüquqi qeydiyyatının aparılması ilə bağlı hərəkətsizliyi qanunsuzsuz və əsassızdır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003cü il tarixli Qəranının 3-cü bəndinə əsasən, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhduiyyətləri) nəzərdə tutur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnmə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlağına təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində hüquqlar yalnız torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilələrin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiy-yət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən,sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair İddiaçı adına reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-574/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-574/2020
12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver