Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5740/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin Suraxanı rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması vəzifəsinin Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda qeydiyyatsız olaraq yaşayırlar. Bu barədə Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 avqust 2021ci il tarixdə 17/08-1 nömrəli müvafiq Arayış verilmişdir. Hazırda heç bir yerdə qeydiyyatları xxxxxxx, onlaraq məxsus şəxsiyyət vəsiqələri faktiki olaraq portalda etibarsız olduğu göstərilir və bir Azərbaycan Respublikasının vətəndaşı olaraq heç bir hüquq və vəzifələrindən istifadə edə bilmirlər, bu hüquqlardan məhrum olublar. Bununla bağlı Suraxanı rayon Polis İdarəsinə müraciət ediblər. Müraciətlərinə cavab olaraq Suraxanı rayon Polis İdarəsi 22377/1221 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, ünvan 1 ünvanına qeydiyyata alınmaları üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidirlər. Faktiki olaraq onlar Azərbaycan Respublikası vətəndaşları olaraq heç bir yerdə qeydiyyata düşə bilmirlər və hüquq və vəzifələrindən məhrum olublar. Bundan başqa o, Suraxanı SHXÇDX-də müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 23.0.3 maddəsinə əsasən 35 yaşı tamam olduğuna görə həqiqi hərbi xidmətə çağırışdan azad edilib və müvafiq olaraq uçata alınıb. Bununla bağlı ona xx.xx.2021-ci il tarixdə SX-0665359 nömrəli hərbi bilet verilmişdir. Bundan sonra, o, məcbıır qalıb Suraxanı rayon Polis İdarəsinin İnzibati Binasına pasport qeydiyyatına düşmək üçün rəsmi qaydada ərizə ilə müraciət etmək qərarına gəlib. Suraxanı rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, o, Suraxanı rayonu inzibati ərazisində yaşayır, lakin mənzilinin hüquqi sənədi olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət olunmağı tövsiyə olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Əgər onlara məxsus mənzilin hüquqmüəyyənedici sənədləri olsaydı, təbii ki, həmin sənədlərin surətini ərizəsinə əlavə edərdi və qısa bir zamanda qeydiyyat məsələsini həll edərdi. Bundan əvvəllər də o dəfələrlə Suraxanı rayon Polis İdarəsinə müraciət edib və əsassız olaraq imtina cavabları alıb. Hesab edir ki, qeyd olunan ünvanına qeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Bu baxımdan hesab edirik ki, cavabdehin imtinası əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir.
3. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək ailəsinin hər bir fərdinin qeydiyyata alınması ilə bağlı özünün müraciət etmək hüququ izah olunmuşdur.
4. İddiaçı iddia tələbini onun Suraxanı rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirmişdir.
5. Məhkəmənin sorğusuna əsasən Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı doğum haqqında akt qeydinin surəti təqdim olunmuşdur. Həmin akt qeydinə əsasən, xx.xx.1986-cı il tarixdə doğulmuş İddiaçı atası X2, anası X1r.
6. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2021-ci il tarixli qərara əsasən İddiaçı sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.1986-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.
7. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışına əsasən İddiaçı həqiqətən Bakı şəhəri, ünvan 1ndə yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır.
8. Tibbi arayışa əsasən xx.xx.1986-cı il təvəllüdlü İddiaçı boyu 174 sm, göz rəndi qəhvəyi, qan qrupu O(İ), rezu faktor RH+.
9. İddiaçı Azərbaycan Respublikası SHXÇDX-nin Suraxanı rayon idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə SX№0665359 nömrəli hərbi biletinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 23.0.3 maddəsinə əsasən 35 yaşı tamam olduğuna görə həqiqi hərbi xidmətə çağırışdan azad edilib və müvafiq olaraq uçata alınıb.
10. Bakı şəhəri Suraxanı rayon prokurorluğunin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.1986-cı il tarixdə anadan olmuş, ünvan 3 ünvanda qeydiyyatsız yaşayan İddiaçı 35 yaşadək hərbi xidmət keçməkdən yayınması barədə rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.12-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
11. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər.
12. Cavabdeh Bakı şəhəri Suraxanı rayon rayon polis idarəsi tərəfindən məhkəməyə təqdim edilən ərizədə iddiaya yazılı etiraz təqdim edilmədən işə cavabdeh qurumun iştirakı olmadan baxılması xahiş edilmişdir.
II. İddianın növü və mümkünlüyü
13. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
14. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
15. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
16. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2021-ci il tarixli cavabında bildirilmişdir ki, araşdırma müddətində Suraxanı rayon polis idarəsinin qeydiyyat məsələləri bölməsinə gəlmədiyinə və müvafiq sənədləri təqdim etmədiyinə görə müraciətinin araşdırılması mümkün olmamışdır. Bildirilmişdir ki, gələcəkdə müvafiq sənədlərlə idarənin qeydiyyat məsələləri bölməsinə müraciət etdiyi halda müraciətinə müvafiq qaydada baxılacaqdır.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. Cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
25. Cavabdeh qurum iddiaçının müraciətinə cavab olaraq hansı sənədləri təqdim etməli olduğunu qeyd etmədən “müvafiq sənədləri” təqdim etmədiyindən müraciətini araşdırılmasının mümkünsüzlüyünü qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Suraxanı rayonun inzibati ərazisində yerləşən ünvan 1ndə yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Həmin evin hüquqmüəyyənedici sənədləri xxxxxxx, belə olan halda o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.
26. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçıların uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.
27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin ünvanı (inzibati binası) üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva