Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5741/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçılar İddiaçı9, İddiaçı8, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və digərləri cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 267 saylı sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlara əsasən qeyd edilən mənzillər xüsusi mülkiyyət hüququ ilə iddiaçıların adlarına rəsmiləşdirilmişdir. Qeyd olunan ərazidə iddiaçı və onun kimi yaşayan 5 ədəd 9 mərtəbəli binanın sakinlərinin istirahətlərini həyata keçirdikləri və avtomaşınlarını saxladıqları, azı 500-dən artıq ağac əkilməklə yaşıllığa çevrilmiş ərazi Bakı Şəhər İcra Hakimiyyəti Baçşısının 14 iyun 2017-ci il tarixli 267 saylı sərəncamı ilə 15-20 manatlıq nizamnamə kapitalına malik olan və 2014-cü ildə yaradılması ehtimal olunan "xxxx" MMC-yə yaşayış binalarının tikintisi üçün icarə əsasında verilmişdir. Qeyd olunan sərəncamın mövcudluğundan Xətai Rayon Məhkəməsi tərəfindən 2022-ci ilin yanvar ayında açıq məhkəmə iclasında iştirak edərkən məlumatlı olmuş və həmin sənədlərin surətlərini əldə etmişlər. Həmin sərəncam əsassız və qanunsuz olmaqla ləğv edilməlidir. Belə ki, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin, ümumiyyətlə ərazi icra hakimiyyətlərinin xx.xx.2001-ci ildən torpaq sahəsi ayırmaq səlahiyyəti olmamış, eləcə də iddiaçıların mülkiyyətlərindəki mənzillərin yerləşdiyi binaların mühafizə zolağında yerləşən, habelə Xətai rayon sakinlərinin istirahəti üçün ayrılmış ərazinin dövlət ehtiyacları üçün alınması barədə AR Nazirlər Kabineti tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Bundan əlavə, iddiaçıların yaşayış mənzillərinin mülkiyətçiləri olaraq Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hüquqları pozulmuş, düz 5 ədəd 9 mərtəbəli çoxmənzilli yaşayış binalarının ortasında yerləşən torpaq sahəsi kənar şəxslərin istifadəsinə verilmişdir. Hansı ki, həmin ərazidə bina sakinlərinin normal yaşayışlarının təmin edilməsi üçün uşaq baxçasının tikintisi və yaşıllaşdırma işlərinin və körpə uşaqlarının əyləncəsi üçün nəzərdə tutulmuşdu. Sərəncamın məzmumundan da müəyyən olunur ki, yalnız "xxxx" MMC-nin sərəncam qəbul edilməmişdən 8 gün əvvəl, yəni xx.xx.2017-ci il tarixli H-005 saylı müraciəti nəzərə alınaraq, Xətai rayonu, Gəncə prospekti, 2942Q saylı məhəllədə yerləşən torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icazə verilmişdir. Lakin bu sərəncamı qəbul edərkən nəzər alınmamışdır ki, həmin ərazi sürüşmə zonasında yerləşir, binanın tikintisi üçün qazıntı işləri aparılacağı təqdirdə, ərazinin yaxınlığında yerləşən 5 ədəd 9 mərtəbəli yaşayış binasının qəzalı vəziyyətə düşməsinə səbəb olacaqdır. Bu səkkiz gündə hansı araşdırma aparıldı ki, sonda Bakı Şəhər İcra Hakimiyyəti 15-20 manat nizamnamə kapitalı olan bir sahibkara belə bir məsuliyyətli işi həvalə etmişdir. Daha sonra Xətai rayonu, Gəncə prospekti, 2942Q saylı məhəllədə "xxxx" MMC tərəfindən artıq 16 mərtəbəli yaşayış binası tikilmiş və satışa çıxarılmışdır. İddiaçıların xüsusi mülkiyyətdə olmaqla yaşadıqları mənzillərin yerləşdiyi ərazi Xətai rayonu, Gəncə prospekti, 2935 A-1 saylı məhəllədə yerləşməsinə baxmayaraq, həmin ərazini 2942Q adı altında bu MMC-yə icarə əsasında verirlər. Habelə, həmin ərazidə, yəni Xətai rayonu, ünvan 1 ünvanda yenə başqa bir şirkətə - "xxxx" Mənzil Tikinti Kooperativinə Bakı Şəhər İcra hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 305 saylı sərəncamı ilə yaşayış binasının tikintisinə icazə verilmiş, həmin ərazidə 16 mərtəbəli, zirzəmili yaşayış binası inşa edilmişdir. ünvan 3 ünvanladıqları 08 iyun 2021-ci il tarixli XO-02-04-Kol-56/2-2021-01652 saylı cavab məktubunda qeyd edilir ki, DƏDRX-nin xx.xx.2018-ci il tarixli çıxarışına əsasən Xətai rayonu, Gəncə prospekti, 2942A məhəllədə yerləşən və "xxxx" MMC-nin istifadəsində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,3204 hektar torpaq sahəsi yenə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 125 saylı sərəncamı ilə yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin MMC-nin istifadəsinə verilmişdir. İddiaçıların kollektiv müraciətindən sonra Xətai Rayon İcra Hakimiyyəti xx.xx.2021-ci il tarixli İ-82-071 saylı məktubla onlara bildirmişdir ki, qeyd olunan ünvanda çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsi ilə bağlı Rayon İcra Hakimiyyətində məlumat qeydə alınmamışdır. Eyni zamanda, ümumi əmlakın özbaşına zəbt olunması və əlavə tikinti-quraşdırma işlərinin aparılması ümumi ərazilərdə, dəhlizlərdə giriş-çıxış imkanları məhdudlaşdırlmaqla fövqəladə hallar zamanı insan həyatı üçün təhlükəyə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC və Xətai rayon İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmədə iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 267 nömrəli sərəncamına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2017-ci il tarixli, H-005 saylı müraciəti nəzərə alınaraq, Xətai rayonu, Gəncə prospekti, 2942Q saylı məhəllədə yerləşən torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 29 nömrəli obyektin tikintintisinə icazə sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942 Q saylı məhəllədə yaşayış binasının tikintisi ilə bağlı (binanın tikinti sahəsi 1 359,1 kv.m, binanın ümumi sahəsi 21 462,9 kv.m, binanın tikinti həcmi 88 846,1 kub metr, binanın mərtəbəliliyi zirzəmi (-2 və - 1), 16 mərtəbə, binanın girişlərinin sayı 2 giriş olmaqla) icazə verilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942 Q saylı məhəllədə "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsində tikintisi nəzərdə tutulan yaşayış binasına dair təqdim olunmuş tikinti layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin 02-2069 nömrə ilə xx.xx.2019-cu il tarixdə razılaşdırılmışdır. Hazırkı iddia üzrə iddiaçılar cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 267 nömrəli sərəncamı ilə üçüncü şəxs "xxxx" MMC-yə layihələndirilməsinə icazə verilmiş çoxmərtəbəli yaşayış binasının tikiləcəyi torpaq sahəsinin 6 ədəd 9 mərtəbəli yaşayış binalarının ortasında binaların mühafizə zolağında yerləşdiyi, həmin ərazinin sürüşmə zonası olmaqla tikilməsi nəzərdə tutulan ərazidə mövcud olan yaşayış binalarının özüllərinin təhlükə altına saldığına istinad edərək Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 267 nömrəli sərəncamını mübahisələndirirlər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. Şəhərsalma və Tikinti Məcəlləsinin: -3.0.27-ci maddəsinə əsasən tikinti layihəsi – şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusudur. -3.0.40-cı maddəsinə əsasən mühəndis-axtarış işləri – tikinti ərazisinin hüdudları daxilində torpaq sahəsinin səmərəli və təhlükəsiz istifadəsi məqsədilə təbii (geoloji) şəraitin və texnogen təsirlərin öyrənilməsi, eləcə də ərazinin planlaşdırılması, tikinti obyektlərinin layihələrinin hazırlanması və əsaslandırılması üçün zəruri olan məlumatların toplanması məqsədilə həyata keçirilən fəaliyyətdir. Məhkəmə qeyd edilən normalara və Plenum Qərarındakı mövqeyə əsasən hesab edir ki, cavabdehin hazırda mübahisələndirilən xx.xx.2017-ci il tarixli 267 nömrəli sərəncamı iddiaçılar üçün bilavasitə hüquqi nəticə yaratmır. Belə ki, sözügedən sərəncam adından göründüyü kimi "xxxx" MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqındadır. Adıçəkilən sərəncamla Sifarişçiyə ("xxxx" MMC-yə) tapşırılmışdır: -2.1-ci bənd- Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etməsi, razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etməsi; -2.3-cü bənd- Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirməsi; -2.4-cü bənd- Ərazinin və obyekin memarlıq planlaşdırılmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması, lahiyələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş İdarəyə təqdim etməsi; 2.5-ci bənd- Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə Baş Plan işlənməzdən əvvəl həmin kommunikasiyalaın köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatarla razılaşdırılması; -2.6-cı bənd- Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməsi. -2.7-ci bənd- Bu sərəncam və memarlıq planlaşdırma göstərişləri yalnız layihələndirmə üçün əsasdır. Beləliklə, iş üzrə mübahisələndirilən sərəncamın məzmunundan göründüyü kimi sərəncam yalnız binanın layihələndirilməsinə icazə ilə bağlı məsələləri tənzimləyir. Layihələndirmə isə bilavasitə tikilməsi planlaşdırılan binanın layihəsinin hazırlanmasını nəzərdə tutur. Belə ki, tikilinin layihələndirilməsi mərhələsi layihənin ilkin dizaynı (obyektin və mərtəbələrin planları, bölmələri, perspektiv təsvirlər və fasadlar və s.) tikiləcək binanın təsviri, ərazinin xüsusiyyətləri, müvafiq ərazidə geotexniki sınağın nəticələri, relyef, ətrafdakı tikililər, yeraltı kommunikasiyalar və yaşıllıq sahəsi nəzərə alınmaqla topoqrafik planın işlənməsi və s. kimi məsələləri özündə cəmləşdirir. Başqa sözlə, layihələndirmə-tikiləcək binanın layihəsinin hazırlanmasına başlanılmasıdır, layihə isə özündə yalnız planlaşdırılan yaşayış binasının məlumatlarını əks etdirir. Layihələndimənin sonunda müvafiq bir layihə hazırlanır və bu sənəd razılaşdırıldıqdan sonra layihənin icrasına- tikinti normaları və texniki nizamnamə tələbləri, həmçinin tikinti sahəsinin, ətraf ərazinin spesifik vəziyyətləri nəzərə alınmaqla tikinti prosesinin bilavasitə həyata keçirilməsinə başlanır. Mübahisələndirilən sərəncamın məzmunundan da görünür ki, qeyd edilən sərəncamla yalnız tikilməsi nəzərdə tutulan binanın layihəsinin hazırlanmasına icazə verilmişdir. Həmin layihənin hansı qaydada tərtib ediləcəyi, ərazidə mühəndis-axtarış işlərinin nəticələri, Baş plana uyğunluq, obyektin funksionallığı, təhlükəsizliyi və s. kimi məsələlər sonrakı mərhələdə-hazırlanmış layihədə öz əksini tapır. Təsadüfi deyildir ki, mübahisələndirilən sərəncamda sərəncamın yalnız layihələndirmə üçün əsas olduğu, layihələndirmə başa çatdıqdan sonra hazırlanmış layihənin razılaşdırılması və təsdiq olunması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməsi, razılaşdırılmış və təsdiq edilmiş layihənin tikintiyə icazə verilməsi və tikinti işlərinə başlanılması üçün xüsusi nişanın alınmasından ötrü Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməsi tapşırılmışdır. Beləliklə, layihələndirmə barədə sərəncam layihənin hazırlanmasına, həyata keçiriləcək tikinti işlərinin çertyojunu hazırlamağa başlamadır, həmin layihə əsasında ərazidə tikinti işlərinin hansı qaydada planlaşdırılması və həyata keçirilməsi isə sonrakı mərhələlərdə - layihənin razılaşdırılması, tikintiyə icazə və layihənin icrası mərhələlərində icra olunur. Hazırkı mübahisə predmeti olan cavabdehin üçüncü şəxsə yaşayış binasının layihələndirməsinə icazə verilməsi barədə sərəncamı nə tikinti layihəsinin razılaşdırılmasını, nə də tikintiyə icazə barədə məsələni həll etmədiyindən konkret hüquqi nəticə yaratmaq imkanına malik olan inzibati akt qismində qəbul edilmir. Belə olan halda sözügedən sərəncam yalnız hansısa inzibati icraatın başlanılmasının əsası kimi çıxış edə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Beləliklə, hüquqi nəticə yaratmaq imkanından məhrum olan inzibati aktın ləğvinin tələb edilməsi əhəmiyyətsizdir. Bu halda sözügedən sərəncamı mübahisələndirməyə dair iddiaçıların hüquqi marağı da müəyyən olunmur. Odur ki, mübahisə predmeti olan sərəncama münasibətdə iddia mümkün sayıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5741/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5741/2022
25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver