Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5742/2022 22.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanmış məbləğin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıs”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarım bəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 14T-İ ******* nömrəli əmək kitabçasında və SOCAR-ın “Azneft” istehsalat Birliyinin "Neft Daşları” Neft və Qazçıxarma idarəsinin ona dair 17 iyun 2021-ci il tarixli PUX-02/29 nömrəli arayışında xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində həmin İdarənin Qaz kompressor sexinin Qaz sahəsində təmirçi çilingər, xx.xx.1989-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində istilik elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru, xx.xx.1990-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində həmin stansiyanın elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru, xx.xx.2008-ci il tarixindən bugünədək həmin stansiyanın elektrik sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru işlədiyi qeyd olumuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (2 il 6 ay 27 gün (xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya hüququnun yarandığı 52 yaşdan, yəni 18 iyun 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 18 iyun 2016-cı ildən hazıradək ödənilməli olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, pensiya hüququnun yarandığı 57 yaşdan, yəni 17 iyun 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxx 1964-cü ildə anadan olmuşdur. Hazırda “Neft Daşları” NQÇİ-nin İstilik elektrik stansiyasının Elektrik sahəsində Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində çalışır. 04 noyabr 2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsini xahiş etmiş, cavabdehin 17 noyabr 2021-ci il tarixli cavab məktubunda işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməyə imkan vermədiyi bildirilmişdir. İddiaçı Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli cavab məktubunu həmin filialdan xx.xx.2021-ci il tarixdə almışdır. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 117 saylı Texniki Peşə məktəbində təhsil almış (1 il 9 ay), xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Ağstafa rayon Poylu kənd “Şaumyan” adına sovxozda qaraja çilingər peşəsində işləmiş (3 ay 20 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuş (2 il 12 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Ağstafa rayon Poylu kənd “Şaumyan” adına sovxozunda fəhlə işləmiş (3 ay 7 gün), “Neft Daşları” NQÇİ-də xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Buxar-turbin elektrik stansiyasının Buxar turbin maşinisti (1 il 6 ay 5 gün), xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək İstilik elektrik stansiyasının Turbin sexində Qaz turbin qurğularının maşinisti peşəsində (1 il 22 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Qaz kopressor sexinin Qaz sahəsində təmirçi çilingər peşəsində (1 ay 26 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cu il tarixədək elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru peşəsində (10 ay 17 gün), xx.xx.1990-cı il tarixdən xx.xx.2008-ci il tarixədək İstilik elektrik stansiyasının Elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsində (17 il 7 ay 25 gün) işləmişdir. xx.xx.2008-ci il tarixdən hazıradək İstilik elektrik stansiyasının Elektrik sahəsində Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində (13 il 8 ay 27 gün) işləyir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İş materiallarında olan AZE seriyalı ******** nömrəli İddiaçı aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2021ci il tarixdə tamam olmuşdur. 4674965 nömrəli iddiaçıya aid hərbi biletdən görünür ki, o, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus 095232 nömrəli diplomdan görünür ki, İddiaçı 1988-ci ildə X5 X4 adına Bakı Neft Texnikumuna daxil olmuş, 1992-ci ildə “neft və qaz quyularının istismarı” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 18 noyabr 1992-ci il tarixli qərarı ilə ona “Texnik-neftçi” ixtisası verilmişdir. X8 tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 44 nömrəli arayışdan görünür ki, iddiaçı 25 avqust 1979-cu ildə 1 saylı əmrlə 117 saylı Texniki Peşə məktəbinin 3 saylı Çilingər qrupuna qəbul olmuş, 16 iyul 1982-ci ildə 29 saylı əmrlə həmin qrupun tam kursunu bitirmişdir. Ağstafa Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 35 nömrəli arxiv arayışından görünür ki, Ağstafa rayon Dövlət Arxivində 49 saylı fondda mühafizə olunan Ağstafa Rayon Poylu kənd “Şaumyan” adına üzümçülük sovxozunun əmr kitablarındakı qeydlərə əsasən İddiaçı xx.xx.1982-ci ildə 73§4 nömrəli əmrlə qaraja çilingər təyin edilmiş, xx.xx.1982-ci ildə 127 nömrəli əmrlə hərbi xidmətə çağrıldığı üçün xx.xx.1982-ci il tarixdən çilingərlikdən azad edilmiş, xx.xx.1984-cü ildə 184 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən 4-cü briqadaya fəhlə təyin edilmiş, xx.xx.1985-ci ildə 34§3 nömrəli əmrlə oxumağa getdiyi üçün fəhləlikdən azad edilmişdir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci ildən 22.10.198-ci ilə qədər “Şaumyan” adına sovxozda çilingər, xx.xx.1984cü ildən xx.xx.1985-ci ilə qədər Şamuyan adına sovxozda 4 nömrəli briqadada fəhlə işləmiş, xx.xx.1985-ci ildə Buxar-turbin elektrik stansiyasında suqəbuledici qurğunun maşinisti təyin edilmiş, xx.xx.1987-ci ildə Buxar-turbin elektrik stansiyasının Buxar turbin maşinisti keçirilmiş, xx.xx.1988-ci ildə İstilik elektrik stansiyasının Turbin sexində Qaz turbin qurğularının maşinisti, xx.xx.1989-cu ildə Qaz kompressor sexinin Qaz sahəsində təmirçi çilingəri keçirilmiş, xx.xx.1989 - xx.xx.1990-cı illərdə İstilik elektrik stansiyasının baş idərəetmə lövhəsinin elektrik montyoru, xx.xx.1990 - xx.xx.2008-ci illərdə İstilik elektrik stansiyasının Elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir. xx.xx.2008-ci il tarixdə elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru (6-cı dərəcə) təyin edilmişdir və hazırda həmin vəzifə üzrə işləyir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006cı il tarixədək 25 il 11 ay 19 gün ümumi iş stajı olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçı qanunvericiliklə tələb olunan ilkin şərti ödəyir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşdə olan iddiaçının işlədiyi SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma idarəsinin xx.xx.2022-ci il tarixli məktubunda və arayışında qeyd olunmuşdur ki, İddiaçı hazırda ‘‘Neft Daşları” NQÇİ-nin İstilik Elektrik stansiyasında “elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru” peşəsində işləyir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin “Fəhlə Peşələri və İşlərin Vahid X1 (hissə İ) göstərilən elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi üzrə əmək funksiyalarını yerinə yetirir. İddiaçı qısaldılmış iş vaxtı hüququ verən əmək şəraiti fiziki, kimyəvi, bioloji və insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlar və peşə üzrə işləmədiyi üçün ona qısaldılmış iş vaxtı müəyyən edilməmişdir. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə 6 təqvim günü əlavə məzuniyyət, 4% zərərli işə görə əlavə ödəniş və dənizdə işləməsinə görə 75% əlavə ödəniş verilir. “Neft Daşları” Neft və Qazçıxarma idarəsi neft və qaz hasilatı ilə məşğul olur. Həmin məktuba əlavə edilmiş arayışdan görünür ki, İddiaçı: - xx.xx.1987 – xx.xx.1988-ci illərdə Buxar-turbin elektrik stansiyasının Buxar turbin maşinisti peşəsində işləmişdir (01 il 06 ay 05 gün) – Şifrə 2140000a – 13971. Bölmə 13, yarımbölmə a, 2 nömrəli siyahı üzrə; - xx.xx.1988 - xx.xx.1989-cu illərdə İstilik elektrik stansiyasının Turbin sexində Qaz turbin qurğularının maşinisti peşəsində işləmişdir (01 il 00 ay 22 gün) – Şifrə 2140000a – 13658. Bölmə 13, yarımbölmə a, 2 nömrəli siyahı üzrə; - xx.xx.1989 - xx.xx.1989-cu illərdə Qaz kompressor sexinin Qaz sahəsində təmirçi çilingər peşəsində işləmişdir (00 il 01 ay 26 gün) – Şifrə 2130000a - 18547 Bölmə 13, yarımbölmə a, 2 nömrəli siyahı üzrə; - xx.xx.1989 - xx.xx.1990-cı illərdə İstilik elektrik stansiyasının baş idərəetmə lövhəsinin elektrik montyoru peşəsində işləmişdir (00 il 10 ay 17 gün) - Şifrə 2140000a – 18455. Bölmə 13, yarımbölmə a, 2 nömrəli siyahı üzrə; - xx.xx.1990 - xx.xx.2008-ci illərdə İstilik elektrik stansiyasının Elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir (17 il 07 ay 25 gün) – Şifrə 2140000a-18455 Bölmə 13, yarımbölmə a, 2 nömrəli siyahı üzrə; - xx.xx.2008-ci il tarixdən hal-hazıra qədər İstilik elektrik stansiyasının Elektrik sahəsində Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir (13 il 11 ay 11 gün) – Şifrə 2140000a-18455. Bölmə 13, yarımbölmə a, 2 nömrəli siyahı üzrə. Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçının işlədiyi peşənin adları və həmin peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə olmasını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda göstərilən konkret kodları qeyd edilmişdir, hansı ki, həmin kodlar iddiaçının işlədiyi vəzifələrə uyğundur. Belə olan halda aydın olur ki, xx.xx.2006-cı il tarixədək 2 nömrəli Siyahı üzrə iddiaçının 18 il 11 ay 6 gün güzəştli iş stajı olmuşdur. Lakin işdən görünür ki, cavabdeh əsas etibarilə işəgötürən tərəfindən verilmiş arayışı qəbul etməmiş, iddiaçının güzəştli iş stajını mübahisələndirərək, İdarənin Qaz kompressor sexinin Qaz sahəsində təmirçi çilingər, xx.xx.1989-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində istilik elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru, xx.xx.1990-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində həmin stansiyanın elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru işlədiyi dövrü qəbul etməmiş, bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıs”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarım bəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları vəzifəsinin nəzərdə tutulduğuna istinad etmiş, yalnız xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövrü qəbul etmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır. Birincisi, iddiaçı ona 57 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Buna görə də cavabdeh iddiaçıya ƏPQ-nin 9.8-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarını deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarını tətbiq etməli idi. İkincisi, imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilən peşə adları sadalanmış, hansı əsasla iddiaçının işlədiyi peşələrin Siyahıda adı çəkilən həmin peşələrə uyğun gəlmədiyi əsaslandırılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi peşə adlarının uyğunsuzlıq təşkil etməsi əsası ilə imtina cavabı verildiyini bildirmiş, lakin bu zaman həmin peşələrə görə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyinə qiymət verməmişdir. Belə ki, yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış mövqeyə görə şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Həmin vəzifələr üzrə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyi isə işəgötürən tərəfindən təqdim edilən sənədlərlə, arayış, vəzifə təlimatı ilə müəyyən edilir. Məhkəmə işəgötürən müəssisənin fəaliyyət göstərdiyi sahədə ixtisaslaşmış təşkilat olduğunu nəzərə alaraq (məsələ ilə bağlı SOCAR-a göndərilmiş sorğu da cavablandırılması üçün aidiyyəti üzrə həmin müəssisəyə göndərilmişdir), onun tərəfindən verilən arayışı mötəbər sənəd kimi qəbul edir. Həmçinin bu zaman nəzərə alınır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Buna görə də idida tələbi həmin hissədə təmin edilməli və iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. İddiaçının “yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Göründüyü kimi qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği şəxsə ödənilir, lakin bu məbləğ birdəfəlik deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının pensiya hüququ qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər qüvvəyə mindikdən sonra, xx.xx.2021-ci il tarixdə yarandığından iddia tələbi ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsində əsaslı olsa da, həmin məbləğin “birdəfəlik” ödənilməsi hissəsində əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia qismən təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 17 iyun 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5742/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5742/2022
22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver