Məhkəmə qərarları › İş №2-1(112)-5742/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5742/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5742/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qarşı “yeni təhsil müəssisəsinə köçürülmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin hərəkətlərinin qanunsuz sayılması, təhsilinin davam etdirilməsi, iddiaçının ixtisası üzrə yeni təhsil müəssisəsinə köçürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-2006-cı illər tədris ilində imtahanın nəticələrinə əsasən Bakı Dövlət Universitetinin Tətbiq Kimya fakültəsinə daxil olmuşdur. Bundan sonra müqavilə əsasında Azərbaycan Beynəlxalq Universitetində müalicə işi ixtisası üztə təhsil almağa başlamışdır. Təhsil müddəti 6 il olmasına baxmayaraq Universitetin rəhbərliyinin barəsində cinayət işinin başlanması və Universitetin fəaliyyətinin dayandırılması səbəbindən iddiaçı 2011-ci ilədək cəmi 5 il təhsil ala bilmişdir. Bu müddət ərzində iddiaçı Universitetin göndərişi əsasında Tibb Müəssisələrində ixtisası üzrə təcrübə keçmiş, 5 il tədris müddəti ərzində hər il illik təhsil pulunu mütəmadi olaraq Universitetə rəsmi formada ödəmiş, hər bir ixtisas üzrə keçirilən imtahanlarda fəal iştirak etmiş, imtahanın nəticələrinə dair qiymət almış və bu barədə qiymət cədvəlində müvafiq qeydlər aparılmışdır. Universitetin fəaliyyəti dayandırıldıqdan sonra təhsilinin davam etdirilməsi, iddiaçının ixtisası üzrə yeni təhsil müəssisəsinə köçürülməyi ilə bağlı dəfələrlə şifahi qaydada cavabdehə müraciət etsə də, müraciətə müsbət cavab verilməmiş və iddiaçı bugünədək ixtisası üzrə yeni təhsil müəssisəsinə köçürülməmişdir. İddiaçı təhsilinin davam etdirilməsi, ixtisası üzrə yeni təhsil müəssisəsinə köçürülməyi üçün AR Elm və Təhsil Nazirliyinə ərizə ilə müraciət etsə də, məktubla iddiaçının müraciətinə imtina məktubu verilərək siyahıda adının olmadığı qeyd edilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmiş və Təhsil Naziri tərəfindən təsdiq edilmişdir. Həmin siyahıda iddiaçının adı aşkar edilməmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı Kərimova (İbrahimova) Aşiqə Fəhrad qızı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin hərəkətlərinin qanunsuz sayılması, təhsilinin davam etdirilməsi, ixtisası üzrə yeni təhsil müəssisəsinə köçürülmə öhdəliyi cavabdeh Azərbaycan Respublkası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz ərizəsində tələbi onunla əsaslandırmışdır ki, “2005-2006-cı tədris ilində imtahan nəticələrinə əsasən, Bakı Dövlət Universitetinin “Tətbiq Kimya” fakültəsinə daxil olmuşdur. 2006-2011-ci illərdə müqavilə əsasında Azərbaycan Beynəlxalq Universitetində “Müalicə işi” ixtisası üzrə təhsil almışdır. Universitetin fəaliyyəti dayandırılması səbəbindən o, ali təhsilini tam bitirməmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi 2006-cı ildə Elm və Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Eyni zamanda nəzərinizə çatdırılmışdır ki, iddiaçının ixtisasının dəyişdirilməsi də Elm və Təhsil Nazirliyinin razılığı olmadan aparılmışdır. Məhkəmənin diqqətini iddia ərizəsində iddiaçının 2005/2006-cı tədris ilində Bakı Dövlət Universitetinin “Tətbiq Kimya” fakültəsinə daxil olması barədə qeydidir. Belə ki, iddiaçının adı X3 “Tələbə-Məzun” bazasında mövcud deyildir. Araşdırma nəticəsində məlum olmuşdur ki, 2006-cı ildə iddiaçı ABU-nin “Müalicə işi” fakültəsinin 2-ci kursuna Dağıstan Dövlət Universitetindən köçürülmüşdür. Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnaməyə görə, ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülə bilər. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağıdadır. Ona görə də “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır. 2002-ci ildə Təhsil Nazirliyinə çox saylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil naziri xx.xx.2002-ci il tarixli 80 nömrəli əmr imzalamışdır. Həmin əmrin lll-cü bəndinə görə, qeyri-dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduğundan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin V bəndinə görə, Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil nazirinin təhsil müəssisələrinə ünvanladığı xx.xx.2007-ci il tarixli xx-xx-4368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Yuxarıda qeyd olunan normativ sənədlərə əsasən, köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının sənədləri Təhsil Nazirliyində araşdırılmamış və Nazirliyin müvafiq razılığı olmadan rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1.inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə: 73.3.2.inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, Kərimova (İbrahimova) Aşiqə Fəhrad qızının iddia tələbinin heç bir hüquqi əsas olmadığından onun tələbi rədd edilməlidir.

5. xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Azərbaycan Beynəlxalq Universiteti X2 müsabiqədən keçərsə, “müalicə işi” ixtisasının əyani şöbə üzrə tələbə sırasına qəbul etməyi və onu ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı öhdəsinə götürmüşdür.

6. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universiteti Qiymət Kitabçasına əsasən X2 “Müalicə işi” fakültəsinin İİ kursuna xx.xx.2006-cı il tarixdə köçürülmüşdür.

7. Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş (tarixsiz, nömrəsiz) Arayışda qeyd edilmişdir ki, X2 Azərbaycan Beynəlxalq Universitetin “Müalicə işi” fakültəsinin V kurs tələbəsidir.

8. Azərbaycan Respublikası X3 04/498 nömrəli xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, 3 yanvar 1987-ci il təvəllüdlü İbrahimova (indiki soyadı: Kərimova) Aşiqə Fəhrad qızı 2005/2006-cı tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə İV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə 321,946 bal toplayaraq Bakı Dövlət Universitetinin “Tətbiqi kimya” ixtisasına müsabiqədən keçmiş, lakin qeydiyyatdan keçmədiyi üçün onun qəbul əmri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təhsil müəssisəsinə göndərilməmişdir.

9. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, “Tələbə- Məzun” dövlət elektron məlumat sistemində və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) tələbə kontingentinə aid məlumat bazasında İddiaçı ABU-ya qəbulu ilə bağlı məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmiş və Təhsil Naziri tərəfindən təsdiq edilmişdir. Həmin siyahıda İddiaçı adı aşkar edilməmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, Bakı Dövlət Universitetinə qəbul olsa da, həmin universitetdə təhsil almamışdır, Azərbaycan Beynəlxalq Universitetinə isə müqavilə əsasında qəbul olmuşdur.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. İddianın növü öhdəliyin icrası haqqında iddiadır.

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin dayandırılması səbəbindən ixtisası üzrə yeni təhsil müəssisəsinə köçürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasını tələb etmişdir.

16. Azərbaycan Respublikası Təhsil Nazirinin “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli, 96 nömrəli Əmr: Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Əsasnaməyə görə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülə bilər. Son illərin təcrübəsi və aparılan müşahidələr göstərir ki, tələblərin köçürülməsi Respublikada tədrisin və mütəxəssis hazırlığının keyfiyyətinə mənfi təsir götərir. Bir çox hallarda köçürülmələr zamanı subyektivliyə yol verilir. Ali məktəblərə tələbə qəbulu zamanı subyektivliyə yol verilir. Ali məktəblərə tələbə qəbulu zamanı yüksək bal toplaya bilməyən və bu səbəbdən az nüfuzlu ixtisaslara və qeyri-dövlət ali məktəblərinə qəbul olunmuş tələbələr bir-iki ildən sonra nüfuzlu ixtisaslara və dövlət ali məktəblərinə köçürülürlər. Bəzi ixtisaslar üzrə bu proses kütləvi hal daşıyır. Ali məktəblərin imtahan sessiyasının nəticələri göstərir ki, köçürülən tələblərin təhsil göstəriciləri digərlərinin göstəricilərindən xeyli aşağıdır.

1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələrində tələblərin bir ixtisasdan və ya tədris müəssisəsindən digərinə köçürülmələri müvəqqəti olaraq dayandırılsın.

2. Ali təhsil müəssisələri rəhbərləri əmrin icrasını təmin etsinlər.

17. Azərbaycan Respublikası Təhsil Nazirinin “Əmrdə qismən dəyişiklik haqqında” xx.xx.2002ci il tarixli, 80 nömrəli Əmr: Müstəqillik əldə etdikdən sonra ölkəmizdə bir sıra yeni tipli dövlət və özəl təhsil müəssisələri yaranmağa başladı. Nəticədə bu gün Azərbaycanda 46 ali təhsil iəssisəsi fəaliyyət göstərir ki, onlardan 15-i qeyri-dövlət təhsil müəssisəsidir, Azərbaycan cəmiyyətində demokratik abu-havanın yaranması, təhsilin idarə olunmasmda əksmərkəzləşmə prinsiplərinin bərqərar olunması şəraitində son iilərdə həm ölkə daxilindəki, həm də xarici ölkələrdəki ali məktəblərdən çoxlu sayda, əsasən, subyektiv amillərə əsaslanan köçürülmələr həyata keçirilmişdir, Ötən il Təhsil Nazirliyi tərəfindən keçirilən monitorinq zamanı qeyri-dövlət təhsil müəssisələrindən dövlət təhsil müəssisələrinə köçürülən tələbələrin bilik səviyyələrinin aşağı olduğu müşahidə olundu ki, bu da bütövlükdə ölkədə təhsilin nüfuzlu sahəsi hesab olunan ali təhsildə kadr hazırlığının keyfiyyətinə öz mənfi təsirini göstərməyə bilməzdi. Bunun nəticəsi olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2001-ci il tarixli 96 saylı əmrilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələrində tələbələrin bir ixtisasdan və ya bir tədris müəssisəsindən digərinə köçürülmələri müvəqqəti olaraq dayandırıldı. Lakin son zamanlar Təhsil Nazirliyinə və digər təşkilatlara bu məsələ ilə bağlı çoxsaylı müraciətlərdən görünür ki, bəzi hallarda (yaşayış yerinin [dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürülmələrə həqiqətən də zərurət yaranır. İ. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2001-ci il tarixli 96 saylı əmrinin 1 ci bəndi aşağıdakı redaksiyada verilsin: “1. Tələbələrin qeyri-dövlət təhsil müəssisələrindən dövlət təhsil müəssisələrinə köçürülmələri müvəqqəti olaraq dayandırılsın”. İİ. Köçürülmələr zamanı ötən illərdə olduğu kimi kütləviliyə və subyektivliyə yol verilməməsini təmin etmək məqsədilə bir dövlət təhsil müəssisəsindən digərinə və ya eyni tədris müəssisəsi daxilində bir ixtisasdan başqasına, o cümlədən xarici ölkələrin dövlət ali təhsil müəssisələrindən köçürülmələr bu təhsil müəssisələrinin tabe olduqları Nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçirilsin. İİİ. Qeyri-dövlət təhsil müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülmələri Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılsın.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;

19. Məhkəmə qeyd edir ki, tələbələrin bir təhsil müəssisəsindən digər təhsil müəssisəsinə köçürülmələri zamanı razılığın verilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyi (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) diskresion səlahiyyətinə aiddir.

20. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki işdə mübahisənin mahiyyəti üzrə həlli üçün iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə qanuni əsaslarla qəbul edilməsi/köçürülməsi və təhsil alması faktı qiymətləndirilməlidir.

21. Cavabdeh orqan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi etirazın əsası olaraq məhz iddiaçının 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsinin qanunsuz olmasına istinad etmişdir.

22. Məhkəmə ilk növbədə nəzərə alır ki, cavabdeh orqan etirazın dəlili olaraq İddiaçı Azərbaycan Beynəlxalq Universitetinin “Müalicə işi” fakültəsinin 2-ci kursuna Dağıstan Dövlət Universitetindən köçürüldüyünü bildirsə də, bu faktı təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

23. Məhkəmə qeyd edir ki, cavabdehin iddia etdiyi kimi İddiaçı Azərbaycan Beynəlxalq Universitetinə Dağıstan Dövlət Universitetindən köçürülməsi faktı təsdiqlənməsə də, məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı 2005/2006-cı tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə İV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə 321,946 bal toplayaraq Bakı Dövlət Universitetinin “Tətbiqi kimya” ixtisasına müsabiqədən keçmiş, lakin qeydiyyatdan keçmədiyi üçün onun qəbul əmri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təhsil müəssisəsinə göndərilməmişdir (Azərbaycan Respublikası X3 04/498 nömrəli xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanmış məktuba əsasən). Məhkəmə iclasında iştirak edən iddiaçı da izahatında bildirmişdir ki, Bakı Dövlət Universitetinə qəbul olsa da, həmin universitetdə təhsil almamışdır, Azərbaycan Beynəlxalq Universitetinə isə müqavilə əsasında qəbul olmuşdur. Azərbaycan Beynəlxalq Universiteti ilə bağlanmış xx.xx.2006-cı il tarixli Müqavilədə (2006-2007-ci tədris ili üçün imzalanmış) iddiaçının müsabiqədən keçdiyi halda təhsil müəssisəsinə qəbul edilməsi (digər bir təhsil müəssisəsindən köçürülməsi ilə bağlı hər hansı qeyd yoxdur) nəzərdə tutulsa da, iddiaçıya məxsus qiymət kitabçasında İbrahimova (Kərimova) Aşiqə Fəhrad qızının “Müalicə işi” fakültəsinin İİ kursuna xx.xx.2006-cı il tarixdə köçürüldüyü qeyd olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış məktubunda da qeyd edilmişdir ki, “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) tələbə kontingentinə aid məlumat bazasında İddiaçı ABU-ya qəbulu ilə bağlı məlumat aşkar edilməmişdir.

24. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, İddiaçı Azərbaycan Beynəlxalq Universitetinə qanuni əsaslarla qəbul olması/köçürülməsi barədə ziddiyyətli məqamlar mövcuddur.

25. Digər tərəfdən məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmiş və Təhsil Naziri tərəfindən təsdiq edilmişdir. Həmin siyahıda İddiaçı adı aşkar edilməmişdir.

26. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tərtib olunmuş “təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı”nda İddiaçı oğlunun adı qeyd olunmadığından iddiaçının hazırda təhsilini digər təhsil müəssisəsində davam etdirməsi mümkün deyildir.

27. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının ixtisası üzrə yeni təhsil müəssisəsinə köçürülməsindən imtina etməkdə cavabdeh haqlı olmuşdur.

28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar