Məhkəmə qərarları › İş №2-1(112)-5746/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5746/2021

25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5746/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək hesablanmamış 11 ay 19 gün üçün təminat xərcliyinin 3 % miqdarında olmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 10.03.1992-ci ildən Azərbaycan Dövlət Sərhəd Xidmətində işləyib. 01.06.2020-ci ildə xidmətdə olma müddətinin (müddətinin) qurtarması ilə əlaqədar səlahiyyətlərinə xitam verilmişdir. 01.06.2020-ci ildən 1274.38 manat pensiya alır. Pensiya məbləğinin yenidən hesablanması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edib. Cavabdeh qurum onun şikayətini təmin etməmişdir. Hesab edir ki, əmək pensiyası hesablanarkən 01.07.2017-29.08.2019-cu il tarixləri arasındakı 11 ay 19 gün müddəti üzrə hesablama aparılmamışdır. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunu 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Əmək peniyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 5 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla hesablanmasını nəzərdə tutsa da, ona təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı isə 11 ay 19 gün nəzərə alınmamışdır. Hesab edir ki, təyin edilmiş pensiyanın yenidən hesablanması aşağıdakı qaydada müəyyən edilməlidir: i) Təqvim illəri üzrə stajdan (ali təhsil müddəti ilə birlikdə) (26 il 1 ay 11 gün) 01.07.2019-29.08.2019-ci il tarixləri arasındakı dövr ərzindəki staj (2 il 1 ay 28 gün) 26 il 1 ay 11 gün (təqvim ili) - 2 il 1 ay 28 gün =23 il 11 ay 13 gün Deməli, 01.07.2017-ci il tarixinədək güzəştli xidmət müddəti ilə birlikdə staj 24 il 11 ay 19 gün (23 il 11 ay 13 gün +1 il 6 gün =24 il 11 ay 29 gün) təşkil edir. ii) 01.07.2019-cu il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə 20 il üçün təminat xərcliyi 55 faiz 4 il üçün (aylar nəzərə alınmadan) hər ilə görə 3 faizi miqdarında olmaqla (4x3) təminat xərcliyi 12 faizi iii) 01.072017-29.08.2019-cu il tarixləri arasındakı 2 il 1 ay 28 gün müddəti üçün isə: - 2 il üçün hər aya hər ilə görə 2 faiz miqdarında olmaqla (2x2) təminat xərcliyinin 4 faizi - 1 aya görə təminat xərcliyinin 0,17 faizi miqdarında 11 ay 19 gün üçün təminat xərcliyinin 3 % miqdarında.

3. Pensiya məbləğinin yenidən hesablanmasından 16.02.2021-ci il tarixli imtinada bildirilmişdir ki, "Əmək pensiyası haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və vəya xəstəliyinə görə Azərbaycan Respublikası hərbi xidmətdən buraxılanlara isə 55 faiz, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarınınsayına mütənasib olaraq hesablanmaqla) üçün müfaviq təminat xərcliyinini 2 faizi (müdafiə nazirliyi sistemində xidmət üdən şəxslər üzrə isə 3 faiz) miqdarında əlavə olunmaqla hesablanır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına uyğun olaraq 2017-ci ilin 1 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: - 01.07.2017-ci il tarixinədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərciliyinin 50 faizi, yaşına və və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faiz, 20 ildən yuxarı hərbi hər ili üçün müfaviq təminat xərcliyinini 3 faizi; - 01.07.2017-ci il tarixindən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam işdəki iş stajı aylarınınsayına mütənasib olaraq hesablanmaqla) üçün isə müfaviq təminat xərcliyinin 2 faizi məbləğində; İddiaçının xidmət etdiyi orqandan 29.08.2019-cu il tarixdə tərxis olunması ilə əlaqədar (yaşa görə) X2 üzrə Mərkəzi Filiala təqdim olunmuş 29.09.2019-cu il tarixli 001788 saylı məlumat vərəqəsində 23 il 7 ay 11 gün təqvim, 1 il 6 gün güzəştli və 2 il 6 ay ali təhsil müddətindən ibarət olmaqla cəmi xidmət müddəti 27 il 1 ay 17 gün göstərilmişdir. Bu halda əmək pensiyasının hesablanması aşağıdakı qaydada müəyyən olunur: i) Təqvim illəri üzrə stajdan (ali təhsil müddəti ilə birlikdə) (26 il 1 ay 11 gün) 01.07.2019-29.08.2019-ci il tarixləri arasındakı dövr ərzindəki staj (2 il 1 ay 28 gün) çıxılır. 26 il 1 ay 11 gün (təqvim ili) - 2 il 1 ay 28 gün =23 il 11 ay 13 gün Deməli, 01.07.2017-ci il tarixinədək güzəştli xidmət müddəti ilə birlikdə staj 24 il 11 ay 19 gün (23 il 11 ay 13 gün +1 il 6 gün =24 il 11 ay 29 gün) təşkil edir. ii) 01.07.2019-cu il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə: - 20 il üçün - təminat xərcliyi 55 faiz - 4 il üçün (aylar nəzərə alınmadan) hər ilə görə 3 faizi miqdarında olmaqla (4x3) təminat xərcliyinin 12 faizi iii) 01.07.2017-29.08.2019-cu il tarixləri arasındakı 2 il 1 ay 28 gün müddəti üçün isə: - 2 il üçün hər aya hər ilə görə 2 faiz miqdarında olmaqla (2x2) təminat xərcliyinin 4 faizi - 1 aya görə təminat xərcliyinin 0,17 faizi miqdarında iv) Əmək pensiyasının ümumi məbləği tərxis olunan günə müəyyən olunmuş təminat xərcliyinin (1459.40 manat) 71,7 faizi (55 +12+4+0,17) 1038,65 manat miqdarında hesablanmışdır. 01.09.2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan (Dövlət Sərhəd Xidməti) tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə - 805,00 manat, rütbə maaşı - 159,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə -289,20 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə - 281,75 manat, sərhəd qoşinlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə - 80,50 manat, zərərli işə görə vəzifə maaşınızın 15 faizi miqdarında əlavə - 120,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensiyası - 64 manat olmaqla cəmi təminat xərcliyi 1800,20 manat təşkil etmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci ilin 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin çəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidentinin 25.06.2018-ci il tarixli, 142 saylı Fərmanına əsasən əmək pensiyanız təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun20.4.1-ci maddəsində nəzərdə tutulan qaydada20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tamam olmadıqda isə natamam ildəkiiş stajı ayların sayına münasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: - 20 il xidmət mqddətinə görə təminat xərcliyinin 55 faizi; - 20 ildən artıq xidmət müddətinin (7 il) hər ili üçün 2 faiz tətbiq etməklə (7x2) təminat xərcliyinin 14 faizi; - Natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,17 faizi Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 69,17 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1459,40 manat) ilə 01.09.2019-cu il tarixindən sonrakı təminat xərcliyiniz (1800,20 manat) arasındakı fərq məbləğinin (340,80 manat) 69,17 faizi 235,73 manat 01.09.2019-cu il tarixinədək olan pensiyanın (1038,65 manat) üzərinə əlavə olunmaqla 1274,38 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 01.07.2017-ci il tarixinədək qüvvədə olan müddəalarına əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faiz, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hussəsi nəzərə alınmaqla) hər il üçün müvafiq təminat xərcliyiinun - 3 faizi miqdarında əlavə olunmaqla hesablanır. Göründüyü kimi, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun haqqında bəhs edilən maddəsinin 01.07.2017-ci il tarixinədək olan müddəalarında natamam ildəki iş stajı aylarına görə təminat xərcliyinin hər hansı miqdarında əlavənin hesablanması nəzərdə tutulmamışdır.

4. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə əsasən - “hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Odur ki, iddiaçıya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilən “məlumat vərəqi”nə əsasən 23 il 7 ay 11 gün təqvim, 1 il 6 gün güzəşt və 2 il 6 ay ali təhsil müddətindən ibarət olmaqla cəmi iş stajı 27 il 1 ay 17 gün göstərilmişdir və 30.08.2019-cu il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək stajının hesablanması yazılı imtinada göstərildiyi kimidir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

8. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

9. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

10. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

12. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

13. İddiaçının pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

15. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. “Əmək pensiyaları haqqında” qanunun 20.14.1-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir.

21. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (2017ci il iyulun 1-dən qüvvəyə minmişdir) 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir.

22. Beləliklə, məhkəmə “Əmək pensiyaları haqqında” qanunun 01 iyul 2017-ci il tarixdən əvvəlki redaksiyasında natamam ildəki iş stajı aylarının nəzərə alınmasını istisna edən norma müəyyən etmir. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların pensiya təminatı zamanı natamam ildəki iş stajı aylarının nəzərə alınmaması qanunun məqsədinə uyğun hesab edilə bilməz.

23. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının cəmi xidmət müddəti 27 il 1 ay 17 gündür. İddiaçıya 30.08.2019-cu il tarixdə 1038,65 manat məbləğində pensiya təyin olunmuş, 10.01.2020-ci il tarixdə pensiyasının yenidən hesablanması haqqında qərarla 01.09.2019-cu il tarixdən yenidən hesablanaraq 1274,38 manat təşkil etmişdir. 01.07.2017-ci il tarixədək güzəştli xidmətilə birlikdə stajı 24 il 11 ay 19 gündür. İddiaçının 01.07.2017-ci il tarixinədək stajı 24 il 11 ay 19 gün olmasına baxmayaraq, həmin tarixədək qazanılmış pensiya hüququna münasibətdə 24 il nəzərə alınmaqla (20 il üçün təminat xərcliyinin 55 faizi və 4 il üçün hər ilə görə 3 faiz miqdarında olmaqla (4x3) təminat xərcliyinin 12 fazi) pensiya təyin edilmiş, 11 ay 19 gün nəzərə alınmamışdır (bax 3-cü bənddə hesablama hissəsi). Odur ki, 11 ay 19 günə münasibətdə 2,9 faiz əlavə olaraq nəzərə alınmış olmalıdır (12 ay 3% olduğu təqdirdə, 11 ay 19 gün X%. X=11 ay 19 gün (354 gün)*3/12; X=2,9%).

24. Belə olduğu təqdirdə iddiaçının əmək pensiyasının ümumi məbləği tərxis olunduğu günə müəyyən olunmuş təminat xərcliyinin (1459,40 manat) 71,17% həcmində (20 il üçün təminat xərcliyinin 55%+4 il üçün aylar nəzərə alınmadan hər ilə görə 3%; 01.07.2017- 29.08.2019-cu il tarixləri arasındakı (2 il 1 ay 28 gün) üçün 2 il üçün hər ilə görə 2% miqdarında olmaqla (2x2) təminat xərcləyinin 4%-i, 1 aya görə təminat xərcliyinin 0,17%), yəni 1038,65 manat deyil, 74,07% (71,17%+2,9%) olmaqla 1080,97 manat həcmində olmaqla hesablanmalı idi.

25. “Əmək pensiyaları haqqında” qanunun 26.3-cü maddəsinə əsasən, 2017-ci il iyulun 1dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

26. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”nın 2.5-ci bəndinə əsasən, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.

27. 1 sentyabr 2019-cu il tarixinədək olan təminat xərcliyinin (1459,40 manat) və 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1800,20 manat) arasındakı fərq məbləğinin (340,80 manat) 69,17 faizi (27 il 1 ay 17 gün xidmət müddətində 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi+20 ildən artıq xidmət müddətinin (7 il) hər ili üçün 2 faiz tətbiq etməklə (7x2) təminat xərcliyinin 14 faizi+natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,17 faizi, cəmi 69,17 faiz) – 235,73 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyanın (1038,65 manat olmaqla deyil, 1080,97 manat olmaqla) üzərinə əlavə edilməli (1274,38 manat olmaqla deyil, 1316,7 manat olmaqla) və pensiyası yenidən hesablanmalıdır.

28. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiyanın yenidən hesablanmasından imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, məhkəmənin mövqeyi nəzərə alınmaqla İddiaçı 01.07.2017-ci il tarixədək olan xidmət dövrü üzrə nəzərə alınmamış 11 ay 19 gün üçün təminat xərcliyinin 3 % miqdarında olmaqla 30.08.2019-ci il tarixdə təyin olunmuş pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 01.07.2017-ci il tarixədək olan xidmət dövrü üzrə nəzərə alınmamış 11 ay 19 gün üçün təminat xərcliyinin 3 % miqdarında olmaqla 30.08.2019-ci il tarixdə təyin olunmuş pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab edilsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar