Məhkəmə qərarları › İş №2-1(112)-5746/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5746/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5746/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı "xxxx" MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək mülkiyyətində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yerləşdiyi 205,3 kv.m torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüquqlarının dövlət qeydiyatına alınmaqla çıxarışın və buna uyğun texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi yaşayış sahəsinə dair son çıxarışı 14 sentyabr 2022-ci il tarixdə əldə etmişdir. Fərdi yaşayış sahəsi və istifadə edilən torpaq sahəsi uzun illərdir istifadəsində və mülkiyyətindədir. Buna dair cavabdehə müraciət edilmiş, texniki sənədlərlə düzəlişin edilməsi tələb edilsə də müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsi faktiki olaraq 1150 kv.m təşkil edir və ev qəzalı vəziyyətdədir. Texniki pasportda torpaq sahəsinin ölçüsü 205,3 kv.m kimi göstərilmişdir. Mütəxəssislərə baxış üçün şərait yaradılmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Çıxarışdan görünür ki, T.Şahbazi küçəsi ev 91 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində, 0,014850 ha ölçüdə torpaq sahəsi onun istifadəsindədir. İmtina məktubunda qeyd edilmişdir ki, ünvana texniki baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi ilə texniki pasport arasında uyğunsuzluq mövcuddur. Həmçinin, tikilinin qəzalı vəziyyətdə olduğu aşkar edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, adıçəkilən fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 205,30 kv.m kimi göstərilmişdir. Eksert rəyində qeyd edilmişdir ki, ev 91 ünvanında yerləşən torpaq sahəsinin faktiki yerləşən sahə koordinatları 1965-ci il tarixdə tərtib edilmiş texniki pasportda qeyd edilən koordinat ilə uyğunluq təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Fərdi yaşayış evinin hazırkı konstruksiyası, xarici ölçüləri və faktiki tikinti sahəsi texniki pasporta uyğun olmuşdur. Faktiki ümumi istifadədə olan torpaq sahəsi 863, kv.m təşkil etmişdir. Fərdi yaşayış evi qəzalı vəziyyətdə olmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin SİYAHİSİ”nın1.11-ci bəndinə görə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab edilir. İddiaçı da ilkin qeydiyyatı həmin sənədlə olmuş fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmişdir. Pasportdan da görünür ki, sonradan iddiaçıya satılan həmin fərdi yaşayış evi 205.3 kv.m torpaq sahəsində yerləşir ki, adıçəkilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mötəbərliyini şühbə altına alan hər hansı hal ortaya çıxmamış, cavabdeh özü də həmin sənədə də istinad edərək fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatını həyata keçirmiş, lakin torpaq sahəsinə olan mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı hərəkətlərin təminindən əsassız olaraq imtina etmişdir. Həmçinin, imtinanın digər əsasından görünür ki, cavabdeh fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə faktiki vəziyyət arasında uyğunsuzluğu istinad etsə də, iş üzrə verilmiş ekspert rəyində uyğunsuzluğun torpaq sahəsinin faktiki sahəsi ilə pasportun göstəriciləri arasında artıq torpaq sahəsinin olması ilə əlaqəsi qeyd edilmişdir ki, iş materiallarından, dəqiqləşmə ərizəsindən də görünür ki, iddiaçı əlavə torpaq sahəsi yox, məhz pasporta əsasən iddiaçının qanunu istifadəsində olmalı olan ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasında iddialıdır. Bu səbəbdən də uyğunsuzluğun mövcud olması müraciətin təminindən imtina əsası qismində çıxış etmir. Bundan əlavə nəzərə alınmalıdır ki, uyğunsuzluq halı l hazırkı müraciətin təminindən imtina üçün əsas hesab edilməməlidir. Belə ki, koordinatlar, yerləşmə yeri ilə bağlı texniki xarakterli uyğunsuzluğun müəyyən edilməsi və onun aradan qaldırılması iddiaçının məsuliyyət sferasına aid olmamaqla cavabdehin səlahiyyətlərinə aid məsələdir. Cavabdeh də iddiaçıya ilkin hüquqmüəyyənedici sənədi həmin pasport olan evə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirmiş olsa da həmin sənədə uyğun texniki sənədlərin verilməsindən imtina etməklə məhkəmə hesab edir ki, iddiaçının qanuna qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Eyni zamanda, iş materiallarında mötəbərliyi şübhə doğurmayan ekspert rəyindən görünür ki, fərdi yaşayış evinin konstruksiyası, xarici ölçüləri, faktiki tikinti shaəsi pasporta uyğun olmuş, yaşayış sahəsi ümumiyyətlə qəzalı vəziyyətdə olmamışdır. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı vahid əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmək üçün hüquqmüəyyənedici sənədlərə malik olduğundan, həmçinin cavabdehin imtina məktubunda göstərilən əsaslar təkzib olunduğundan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Məhkəmə kassasiya instansiya məhkəməsinin öz qərarlarında nümayiş etdirdiyi mövqeyini hazırki işin faktiki halları ilə birgə təhlil edərək hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi hal formal xarakter daşıyır və iddiaçının gözlənilən mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yerləşdiyi 205,3 kv.m torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüquqlarının dövlət qeydiyatına alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun iddiaçı "xxxx" MMC-yə verilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar