Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5746/2024 11.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehnə qarşı müvafiq tədbirlərin görülməsi və s tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehnə qarşı müvafiq tədbirlərin görülməsi və s tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərkəzə müraciət edərək sürücülük vəsiqəsinin yenilənməsini istədikdə ona bildirilmişdir ki, tibbi arayış təqdim edilmədiyindən ona vəsiqənin verilməsi təmin edilə bilməz. Həmin arayış təqdim edildikdən sonra şəkil çəkilmiş, rüsum ödənilmiş, daha sonra isə heç bir əsaslı səbəb göstərilmədən müraciətin təminindən imtina edilmişdir. Rəsmi imtina məktubunun verilməsindən də imtina edilmişdir. İddiaçı hesab edir ki, hüquqları kobud şəkildə pozulduğundan qanunsuz hərəkət və hərəkətsizlik edən vəzifəli şəxslər barəsində tədbir görülməsi və sürücülük vəsiqəsinin ona verilməsi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya sürücülük vəsiqəsi məhkəmədənkənar qaydada inzibati orqanın özü tərəfindən təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək sürücülük vəsiqəsinin verilməsindən qanunsuz şəkildə imtina edən 45 gün qanunsuz şəkildə sürücülük hüququndan məhrum edən, eləcə də idarə etdiyi ** BK *** nömrəli avtonəqliyyat vasitəsinin cərimə meydançasına salınmasında bilavasitə rolu olmuş və həmin imtina səbəbini ona rəsmi qaydada verilməsini təmin etməyən cavabdehin qanunsuz hərəkət və hərəkətsizlik edən vəzifəli şəxslərinin müəyyən edilərək bununla əlaqədar kompensasiya ödəmələrini təmin etməklə barələrində qanuna uyğun müvafiq tədbir görülməsi barədə qərar qəbul edilməsini, eləcə də ona qarşı qanunsuz hərəkət və hərəkətsizlik edən işdə birbaşa rolu və tapşırığı olan ona məlum olmayan vəzifəli şəxsi müəyyən etməklə barəsində tədbir görülməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab edilir. Belə ki, işin faktiki hallarından da müəyyən edildiyi kimi iddiaçı mərkəzə sürücülük vəsiqəsinin ona təqdim edilməsi ilə əlaqədar müraciət etmiş, müraciətin təmin edilməsindən imtina etdiyindən məhkəməyə həm vəsiqənin verilməsi, həm də vəzifəli şəxslər barəsində vəsiqənin verilməməsinə yönələn hərəkət və hərəkətsizliyi barədə tədbir görülməsini xahiş etmişdir. İddiaçıya sürücülük vəsiqəsi məhkəmədənkənar qaydada inzibati orqanın aparmış olduğu inzibati icraat nəticəsində təmin edilmişdir ki, iddiaçı tələbində dəqiqləşmə edərək vəzifəli şəxslərin qanunsuz hərəkət və hərəkətsizliyinə istinad etməklə ona kompensasiyanın ödənilməsi ilə bağlı tədbir görülməsini, eləcə də qanunsuz hərəkət və hərəkətsizlikdə rolu olan vəzifəli şəxsin müəyyən edilərək barəsində tətbir görülməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi hazırda tələb: 1)Kompensasiyanın ödənilməsi 2)Vəzifəli şəxsin müəyyən edilərək tədbir görülməsi üçün xüsusi qərardadın qəbul edilməsi barədədir. İddiaçı kompensasiyanın ödənilməsini sürücülük vəsiqəsindən 45 günlük məhrum edən və nəqliyyat vasitəsinin cərimə meydançasına salınmasında rolu olmuş və imtina səbəbini rəsmi qaydada ona verilməsini təmin etməyən cavabdehin vəzifəli şəxslərinin hərəkət və hərəkətsizliyi ilə əlaqələndirir ki, məhkəmə aşağıdakı səbəblərdən kompensasiyanın ödənilməsinə dair iddianın mümkünlük şərtlərinin ödənilmədiyi qənaətindədir. Belə ki, AR İPM-nin: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin, işin faktiki hallarından da göründüyü kimi iddiaçının yazılı qaydada iddia verilməmişdən əvvəl inzibati orqana kompensasiyanın ödənilməsi ilə bağlı müraciəti olmamış, iddiaçı birbaşa olaraq həmin kompensasiyanın ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, kompensasiyanın ödənilməsi barədə iddia qaldırılmazdan əvvəl hazırkı cavabdehə qarşı inzibati qaydada müraciət edilsəydi belə, iddianın mümkünlük şərtinin ödənilməsi həmin cavabdehə istisna edilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.1.1-3.1.3-cü yarımbəndlərinə əsasən Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkilini, onların vahid şəkildə idarə edilməsini, həmin mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, mərkəzlərdə xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında, vətəndaşlar üçün təqvimin bütün günlərində həyata keçirilməsinə nəzarəti və mərkəzlərdə həyata keçirilən hər bir xidmətin qanuna uyğun həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığa dair qiymətləndirmələrin aparılmasını təmin edir. Həmin Fərmanla təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci və 6-cı hissəsinə uyğun olaraq “ASAN xidmət” mərkəzlərində sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı xidmətləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi təmin edir. Göründüyü kimi “ASAN xidmət” mərkəzlərində sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı əməliyyatların xidmətlərin həyata keçirilməsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzlərdə yerləşən və onun tabeliyində olan müvafiq qurumu vasitəsi ilə həyata keçirir. Beləliklə, hazırkı iş üzrə cavabdeh qismində 4 saylı Bakı Cavabdeh dövlət orqanları (hazırkı iş üzrə Daxili İşlər Nazirliyi) tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurum olduğundan, həmin xidmətin həyata keçirilməsi ilə əlaqədar məhkəmədə verilmiş iddiaya cavab verməli olmayan dövlət orqanı hesab edilir. Belə olduğu təqdirdə isə kompensasiyanın ödənilməsi ilə əlaqədar iddianın Daxili İşlər Nazirliyinin aidiyyəti qurumuna qarşı qaldırılması əvəzinə Mərkəzin özünə qarşı qaldırılmasına yönələn iddianın cavabdehin düzgün olmaması baxımından mümkünlüyü istisna edilir. Həmçinin iddiaçıya izah edilir ki, əvvəlcədən inzibati orqana müraciət edilməsi, müraciətinin təmin edilmədiyi təqdirdə inzibati qaydada Daxili İşlər Nazirliyinin sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı xidməti həyata keçirən aidiyyəti qurumuna qarşı məhkəməyə müraciət etmək imkanı mövcuddur ki, həmin müraciətə münasibətdə Mərkəzin cavabdehlik daşıması isə istisna edilir. İddia tələbinin ikinci hissəsi kimi vəzifəli şəxsin müəyyən edilərək tədbir görülməsi üçün xüsusi qərardadın qəbul edilməsinə münasibətdə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tələb həmin hissədə də mümkün sayılmamalıdır. Vəzifəli şəxsin müəyyən edilərək barəsində tədbir görülməsinə münasibətdə məhkəmə iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir ki, AR İPM-nin: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunur ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Göründüyü kimi iddiaçının hüquqi marağı çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini özündə ehtiva edir ki, başqa sözlə iddiaçı irəli sürdüyü iddia tələbi onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulamasına yönəlməlidir. Tələbin vəzifəli şəxslər barəsində tədbirlərin görülməsi ilə əlaqəliliyi isə onun xeyrinə halların yaranmasına, hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasına yönələn iddia kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Göründüyü kimi iddiaçının subyektiv hüququnun mövcud olub-olmaması iddianın mümkünlüyünün qiymətləndirilməsi baxımından önəmlidir ki, subyektiv hüququn iddiaçılara münasibətdə mövcud olmaması, iddianın da mümkün olmaması anlamına gəlir. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, inzibati orqanın aidiyyəti şəxsləri barəsində müvafiq tədbirlərin görülməsinə (işdən azad edilmə, töhmət və s) münasibətdə iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olmasından söhbət gedə bilməz. İPM-nin 35.1-ci maddəsinin, eləcə də aidiyyəti digər normaların tələbindən də göründüyü kimi inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün hesab edilir. Adıçəkilən tədbirlərin görülməsi isə adıçəkilən iddia növlərindən həm heç birinə aid deyil, həmçinin də həmin iddianın təmin edilməməsinin nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırılmasına aidiyyəti olmamışdır. Təsadüfi deyildir ki, yuxarıda da qeyd edildiyi kimi iddia tələbi iddiaçının xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulamasına yönəlməsi mütləqdir ki, hər hansı vəzifəli şəxs barəsində intizam tənbeh tədbirlərinin görülməsi və aidiyyəti digər tədbirlərin görülməsi iddiaçı üçün hər hansı xeyrinə olan halın yaranmasına, eləcə də faktiki və hüquqi, eləcə də maddi vəziyyətin yaxşılaşdırılmasına yönəlmədiyindən iddianın həmin hissədə mümkünlüyündən söhbət gedə bilməz. Qeyd olunur ki, adıçəkilən hüquqi marağa uyğun olaraq iddiaçının subyektiv hüququ inzibati orqanın, eləcə də onun aidiyyəti vəzifəli şəxsinin hərəkət və hərəkətsizliyi nəticəsində şəxsə dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı ola bilər ki, vəzifəli şəxsin hərəkətlərindən şikayət xarakterli həmin müraciətin inzibait orqana, daha sonra isə inzibati məhkəmə icraatı qaydasında irəli sürülməsi iddiaçının hüquqi marağı ilə uyğunluq təşkil edir ki, hazırkı iş üzrə iddiaçının həmin tələbi mümkünsüz sayılsa da, düzgün inzibati orqana müraciət ediləcəyi müraciətin təminindən imtina ediləcəyi təqdirdə inzibati məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Qeyd olunur ki, Mülki Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “İnzibati icraat haqqında” Qanunun: 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 90.2. Vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində vurulmuş ziyana görə maraqlı şəxsə kompensasiya ödənildiyi hallarda, həmin vəzifəli şəxs müvafiq inzibati orqan tərəfindən reqres iddia qaydasında maddi məsuliyyətə cəlb oluna bilər. Adıçəkilən müddəaların mahiyyətindən də göründüyü kimi Vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində vurulmuş ziyana görə iddiaçının kompensasiya tələbi ilə müraciət etməsi proseduru müəyyən edilmiş, həmin kompensasiya ödənildiyi halda həmin kompensasiya məbləğinin inzibati orqanın öz işçisindən reqres qaydasında tutulması imkanı qanunvericiliklə müəyyən edilmişdir ki, inzibati orqanın əməkdaşı barəsində intizam və digər növü tənbeh tədbirlərinin görülməsi barədə subyektiv hüquq hüququnun pozulması ehtimalı ilə müraciət edən şəxs üçün nəzərdə tutulmamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı iddia tələbinin göstərilən hissəsinin xüsusi qərardad qəbul edilməklə icrası barədə tələb irəli sürmüşdür ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi xüsusi qərardadın qəbul edilməsi ayrıca iddia ərizəsində göstərilməli olan tələb olmayıb işin mahiyyəti üzrə yekun qərarın qəbulundan sonra proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxarılması ilə əlaqədardır ki, məhkəmə ayrıca iddia tələbində xüsusi qərardadın qəbulu ilə bağlı mümkünlük halını, eləcə də ümumiyyətlə xüsusi qərardadın qəbul edilməsi ilə bağlı halı müəyyən etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5746/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5746/2024
11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver