Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5748/2021 04.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının vəkili X1 (Ünvanı: Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Kolxozçu küçəsi ev 33; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: 6 saylı Vəkil Bürosunun vəkili), cavabdehin nümayəndəsi X2 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 1a ünvanında yerləşən qeyri- yaşayış binasının dövlət qeydiyyatına alınaraq, reyestrdən İddiaçı adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı 18.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 04.06.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş və ona imtina cavabı 28.04.2021-ci il tarixdə verilmişdir. Məhkəmə prosessual qənaət prinsipi baxımından hazırkı iddianı mümkün hesab etmişdir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 1a ünvanında yerləşən ticarət obyekti və kafe uzun'illər mənim istifadəmdə olub. 2012-ci ildə mənim tərəfimdən həmin ticarət obyekti və kafe yenidən sökülüb layihəyə uyğun tikilmişdir. Belə ki, bununla bağlı Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 189 saylı 31.05.2012-ci il tarixli Sərəncamı da var. Eyni zamanda istismara hazırlıq Aktı və layihədə təsdiq edilmişdir. Daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair icarə müqaviləsi vardır. İstifadəsində olan qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınaraq çıxarışın alınması üçün cavabdeh inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədlərlə müraciət etmişdir. Lakin ona imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış qeyri-yaşayış binası sökülmüş, yerində hündürlüyü 16 metr olan zirzəmi mərtəbəsi olan 3 mərtəbəli mansardlı tikili inşa edilmişdir. Həmçinin, tikilinin daxilində rekonstruksiya işləri aparılaraq zirzəmi mərətəbəsindən küçəyə 1 ədəd qapı oyuğu açılmışdır. Bundan əlavə, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşir. Habelə, yeni inşa olunmuş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair və tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməmişdir. Təqdim edilən tikintiyə icazə barədə sərəncam Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********76 saylı 28.04.2021-ci il tarixli məktubda izahat verilmişdir. Məlumat üçün bildiririk ki, iddiaçının məhkəməyə müraciəti İdarəyə müraciəti ilə eyni tarixə təsadüf edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********19 saylı 18.02.2021-ci il tarixli məktubda izahat verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6- cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin 17.11.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim edilmiş sənədlər toplusuna əlavə olunmalıdır. “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* nömrəli 29.09.2007-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov prospekti, 1a nömrəli binada 104.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının 189 nömrəli 31.05.2012-ci il tarixli “Vətəndaş İddiaçına məxsus ticarət obyektinin və kafenin sökülüb arxaya çəkilməklə təsdiq edilmiş layihə əsasında yeni ticarət obyektinin və kafenin tikintisi haqqında” (ünvan Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti 1a) Sərəncamına əsasən İddiaçına məxsus ticarət obyektinin və kafenin sökülüb arxaya çəkilməklə təsdiq edilmiş layihə əsasında yeni ticarət obyektinin və kafenin tikintisinə icazə verilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov prospekti, 1a ünvanında İddiaçına məxsus ticarət obyektinin eskiz layihəsi razılaşdırılmışdır. Həmçinin, layihədən görünür ki, həmin layihə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən də razılaşdırılmışdır. İş materiallarından görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov prospekti, 1a ünvanında zirzəmili, 3+mansarda mərtəbəli qeyri-yaşayış binasının Ö/ 003050 nömrəli İstismara hazırlıq Aktı mövcuddur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, məhkəmə qeyd edir ki, mübahisə predmeti olan daşınmaz əmlakın tikintisi üçün torpaq sahəsinin iddiaçının istifadəsində olması və daşınmaz əmlakın istismara icazə sənədinin mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 436 nömrəli Müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov prospekti, 1a ünvanındakı qeyriyaşayış binasının yerləşdiyi 685.9 kv.m torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında” 18 mart 2015-ci il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda), 8.0.10.2-ci və 8.0.11-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 2.0.3-cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Həmin Əsasnamənin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Məhkəmə cavabdeh inzibati orqanın iddiaya dair yazılı etirazda və imtina məktubunda göstərdiyi - təqdim edilən tikintiyə icazə barədə sərəncam Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməməsinə dair dəlili ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə əsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.18.1-ci bəndinə bu Əsasnamənin 3.16.3-cü yarımbəndində nəzərdə tutulmuş vəzifə rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə əsasən bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.17-ci, 4.12.3-1-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Həmin Əsasnamənin 4.11.11.5-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti vardır. Göründüyü kimi, 6 iyun 2012-ci il tarixədək müvafiq səlahiyyətlər (tikintiyə icazə sənədi vermək) yerli icra hakimiyyətlərinə aid olmuş və yalnız 6 iyun 2012-ci il tarixdən sonra həmin səlahiyyətlər Bakı Şəhər İcra Hakimiyyətinə verilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq səlahiyyətlər 6 iyun 2012-ci il tarixdən sonra verildiyindən və həmin tarixədək həmin səlahiyyətlər yerli icra hakimiyyəti orqanlarına aid olduğundan, hazırkı iş üzrə mübahisə predmeti olan daşınmaz əmlaka dair tikintiyə icazə sənədi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 6 iyun 2012-ci il tarixədək (31.05.2012-ci il tarixdə) verildiyindən, cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən dəlili əsassızdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan daşınmaz əmlakın sökülməsi barədə hər hansı qərarın qəbul edilməməsi, daşınmaz əmlaka dair qanunvericiliklə müəyyən edilmiş səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş İstismara hazırlıq Aktının mövcudluğu həmin daşınmaz əmlakın müvafiq normalara uyğun tikilməsini müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 97.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması, yaxud bərpası (bundan sonra – tikinti-quraşdırma) işlərinin bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsi prosedurunu və mexanizmini müəyyən edir. 2.4. Tikintiyə dövlət nəzarəti (bundan sonra – dövlət nəzarəti) tikinti-quraşdırma işlərinə başlanılması barədə Agentliyə məlumat verildiyi tarixdən tikinti-quraşdırma işləri tam başa çatdığı və bu Qaydaların 2.21-ci bəndinə əsasən istismara hazırlıq aktının (tikinti-quraşdırma işlərinə dair) tərtib olunduğu tarixə qədər olan müddətdə Müfəttişlik tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. Dövlət nəzarətinin həyata keçirilməsi prosesində hər bir tikinti obyektinə aid olan sənədlərin bir nüsxəsi Müfəttişlikdə saxlanılır. 2.6. Dövlət nəzarəti prosesində aşağıdakılar müəyyən edilməlidir: 2.6.1. tikinti obyektinin inşası zamanı tikinti ərazisinin mühafizəsi, torpaq-qazma işlərinin yerinə yetirilməsindən başlayaraq, obyektin özülünün, yeraltı və yerüstü hissələrinin konstruksiyalarının, mühəndis-kommunikasiya təminatı şəbəkələrinin (xarici və daxili xətlərin), mühəndis sistemləri və avadanlıqlarının quraşdırılması, tikinti sahəsinin abadlaşdırılması və infrastruktur obyektləri üzrə işlərin yerinə yetirilməsində tikinti layihəsinə və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması; 2.6.2. tikinti obyektinin yenidən qurulması, bərpası və əsaslı təmiri zamanı obyektdə hazırlıq işlərinin aparılması, onun yükdaşıyan konstruksiya elementlərinin (özülünün, yeraltı və yerüstü hissələrinin konstruksiyalarının) gücləndirilməsi və (və ya) yenisi ilə əvəz edilməsi, obyektin (onun hissələrinin) parametrlərinin (əlavə tikililər daxil olmaqla) dəyişdirilməsi, eləcə də mühəndis-kommunikasiya və texnoloji avadanlıqların dəyişdirilməsi yolu ilə onların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üzrə işlərin yerinə yetirilməsində tikinti layihəsinə və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması. 2.7. Tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğunun müəyyən edilməsi üçün dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən aşağıdakılar araşdırılır: 2.7.1. bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə dair şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması; 2.7.2. podratçı tərəfindən aparılan tikinti-quraşdırma işlərinin lisenziyanın əlavəsində göstərilən işlərə uyğunluğu, tikintidə texniki, müəllif və daxili əməliyyat nəzarətlərinin həyata keçirilməsi, yerinə yetirilmiş işlərə dair ümumi və xüsusi iş jurnallarının aparılması, eləcə də sonradan üstü örtülən işlərin, məsul konstruksiyaların, mühəndis-kommunikasiya təminatı şəbəkələrinin müayinəsi və ya sınaq aktlarının tərtib edilməsinə əməl olunması; 2.7.3. tikintidə texniki, müəllif və daxili əməliyyat nəzarətinin həyata keçirilməsi zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması və bununla bağlı görülmüş işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğu. 2.9. Dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilərkən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan hər hansı tikinti-quraşdırma işlərinin aparılması aşkar edildikdə, həmin obyektin sökülməsi barədə Agentlik tərəfindən Məcəllənin 95-ci maddəsində müəyyənləşdirilmiş qaydada müvafiq qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsinin inşa edilməsinə müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması, həmin tikilinin layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması, tikinti obyektinin istismarına dair müvafiq sənədinin olması, həmçinin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə cavabdehin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağına düşür” dəlili ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağına düşməsinə dair hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağına düşməsi şərti olaraq qəbul edilsə belə, bu hal da həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsindən imtina üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 7-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. Həmin Qaydaların 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarından da göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Beləliklə, məhkəmə cavabdehin bu dəlilini də əsassız hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, sadalanan qanunvericilik normalarının tələblərinə əsasən mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin İddiaçı istifadəsində olması, həmçinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov prospekti, 1a ünvanında yerləşən daşınmaz əmlakın layihəsi müvafiq icra hakimiyyətin orqanı tərəfindən razılaşdırılması, tikinti obyektinin istismarına dair müvafiq sənədinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, məhkəmə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 1a ünvanında yerləşən daşınmaz əmlakın dövlət qeydiyyatına alınaraq, reyestrdən İddiaçı adına çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 1a ünvanında yerləşən qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınaraq, reyestrdən İddiaçı adına çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-5748/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5748/2021
04.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver