Məhkəmə qərarları › İş №2-1(112)-5749/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5749/2024

21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5749/2024 21.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Nüsrət qızı, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “iddiaçıların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçılar İddiaçı1, İddiaçı2 Nüsrət qızı, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “iddiaçıların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Mədən 3, 125 ünvanında yerləşən ev iddiaçıya və onun ailəsinə məxsusdur. İddiaçı ailəsi ilə birlikdə uzun müddətdir ki, mübahisəli evdə yaşayır. İddiaçı hazırki iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən iddiaçıların müraciətlərinin icrasından imtina edilmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçılarının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçılar cavabdehə müraciət etmiş, cavabdehdən imtina məktubu alınmış, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdurlar. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və digər iddiaçılar məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, cavabdeh məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cavabdeh və digər iddiaçıların iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-46/2-M-47253/11/23 nömrəli məktubuna əsasən bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd ) təqdim etməlidir. 23 noyabr 2022-ci il tarixli “İlkin müqavilə”yə əsasən, birinci tərəf X6, ikinci tərəf İddiaçı1 olmaqla, 1.1 MM-nin 402 maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2008-cİ il tarixli, 1447 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisində ünvanında yerləşən və faktiki istifadəsində olan fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.m torpaq sahəsindən 475 kv.metr torpaq sahəsinin 200 kv.m-dən ibarət hissəsi və üzərində yerləşən tikiliyə dair tərəflərin niyyətinə uyğun müqaviləni aşağıdakı şərtlərlə bağladılar. Birinci tərəf Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2008-cl il tarixli, 1447 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisində ünvanında yerləşən və faktiki istifadəsində olan fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.m torpaq sahəsindən 475 kv.metr torpaq sahəsinin 200 kv.m-dən ibarət hissəsi və üzərində yerləşən tikilini icra hakimiyyəti,bələdiyyə,arxiv idarələrində və digər qurumlarda müvafiq sənədləşmə işlərini aparmağı,özəlləşdirdikdən və sənədləri AR DƏDRX müvafiq Əİ-də qeydiyyatdan keçirdikdən,çıxarış alındıqdan sonra əsas müqaviləni ( daşınmaz əmlakın alqı-satqı müqaviləsi) bağlamaq barədə ikinci tərəfə oz niyyətini bildirmişlər. Niyyət razılaşmasına əsasən yuxarıda qeyd olunan torpaq sahəsinin dəyəri 92000 (doxsan iki min) manat məbləğində müəyyən olunmuşdur. İkinci tərəf- sənədləşmə üçün təqdim edilən Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2008-cl il tarixli, 1447 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisində ünvanında yerləşən və faktiki istifadəmdə olan fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.m torpaq sahəsindən 475 kv.metr torpaq sahəsinin 200 kv.m-dən ibarət hissəsi və üzərində yerləşən tikilini dəyərini yəni 92000 (doxsan iki min) manatın 90000 (doxsan min) manatını birinci tərəfə notariusun depozit hesabı vasitəsi ilə ödəyir.Qalan 2000 (iki min) manatını isə niyyət razılaşmasına əsasən 1 (bir) il müddətinə sonra əsas müqaviləni ( daşınmaz əmlakın alqısatqı müqaviləsi) bağlanan vaxt ödəməyi öz üzərinə götürür. Binəqədi rayonu X3 30 dekabr 2008-ci il tarixli, 1447 nömrəli “torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş X1 adına və istifadəsinə verilməsi haqqında” Sərəncamına əsasən, X4 ərazi hüdudlarında Bakı şəhər sakinləri X2 və X1 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 600 m2 torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X1 adına keçirilmişdir. İddiaçılar tərəfindən əlavə olaraq məhkəməyə kommunal müqavilələr, Binəqədi rayonu X3 xx.xx.2009-cu il tarixli, 30 nömrəli məktubu, “Torpaqların alqı-satqısına dair” akt, notarial qaydada razılıq ərizəsi və onlara məxsus şəxsiyyət vəsiqələri təqdim edilmişdir.

İV. Məhkəmənin mövqeyi

1. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanuna əsasən:

- 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. - 2. şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5. yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs (şəxslər), üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. İşin faktiki hallarına əsasən iddiaçılar ünvan 1 ünvanına dair nə mülkiyyət hüququ, nə icarə (və ya kirayə) müqaviləsi, nə digər qanuni əsaslarla yaşayır və bunun nəticəsi olaraq iddiaçılar cavabdeh inzibati orqana, həmçinin məhkəməyə qanunla tələb olunan sənədləri təqdim edə bilməmişlər. İş materiallarına əlavə edilmiş, yuxarıda təsvir edilmiş “İlkin müqavilə” notarius tərəfindən təsdiq edilsə də, müqavilə obyekti olan( ünvan 1 ünvanında) torpaq və onun üzərində olan tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, həmin əmlaklar üzərində hər hansı şəxsin mülkiyyət və ya istifadə hüququnun yaranmasına əsas deyildir.

2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

- 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

3. Məhkəmə işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə hərəkəti (hərəkətsizliyi) qanunauyğun olmuşdur, belə ki, iddiaçılar ünvan 1 ünvanında yerləşən evə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə (və ya kirayə) müqaviləsi və qanuni əsaslarla yaşamalarına dair digər sənədlər təqdim edilmədiyi halda cavabdehin iddiaçılarının həmin ünvana yaşayış yeri üzrə qeydiyyata almasından imtinası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Nüsrət qızı, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “iddiaçıların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar