Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-575/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “Pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğin ödənilməsi ” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı məhkəməyə müraciət edərək, ona ödənilən pensiya məbləğinin yenidən hesablanması və 2017-ci ilin sentyabr ayından etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1981-ci ildən prokurorluq orqanlarında işləmişdir. 2007-ci ildən prokurorluqda 25 il qulluğa görə pensiya almışdır. Hal-hazırda ona ödənilən pensiya məbləği ödənilməli olan pensiya məbləğinin 50 faizini təşkil edir. Almalı olduğu pensiyanı tam həcmdə deyil, 50 faizi həcmində alır.2017-ci ilin sentyabr ayınadək pensiya məbləğini tam həcmdə almışdır. Lakin qeyd etdiyi müddətdən sonra ona məlum olmayan səbəblərdən ödənilən pensiya məbləği cavabdeh tərəfindən 50 faiz miqdarında azaldılmışdır və bu günədək azaldılmış məbləğdə pensiya alır. Əmək Pensiyaları haqqında qanunun 37.3.4-cü maddəsinə əsasən həmin qanunun 20.1.1- 20.1.21-ci maddələrində nəzərdə tutuluş şəxslərə qulluqa stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin maddənin ikinci cüməsi həmin əlavənin ödənişinin dayandırılmasının əsaslarını müəyyən etmişdir. Əgər qanunvericiliklə müəyyən edillmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək 1 qrup əlil olmuş prokurorluq işçiləri qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə işlədikdə, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Yəni əgər prokurorluq işçisinin 35 illik qulluq stajı varsa, ona ödənilən pensiya dayanıdırla bilməz.10 mart 2017-ci il tarixli 543-VQD nömrəli qanun ilə 37.3.4-cü maddəyə müəyyən dəyişikliklər edilmişdir. Bu dəyişikliyə əsasən, “digər hallarda tam məbləğdə” sözləri həmin maddədən çıxarılmışdır. İddiaçının pensiya hüququ 2007-ci ildən yaranıb və həmin vaxtdan pensiya alır. Qanuna dəyişiklik isə 10 mart 2017-ci il tarixində edilmişdir. Həmin 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli qanun nəticə etibarı ilə onun hüquqi vəziyyətini pisləşdirmişdir. Bu səbəbdən də, ona münasibətdə tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi və vəkili X2 yazılı etiraz təqdim edərək bildirmişdir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı 1981ci ildən etibarən prokurorluq orqanlarında qulluğa başlayıb, 2005-2015-ci illərdə sərəncamda olmuşdur. 2015-2017-ci illərdə Ali Məhkəmədə şöbə müdiri, 2017-ci ildən isə Ali Məhkəmənin hakimidir. İddiaçı ona 2007-ci ildən prokurorluq işçisi kimi pensiya təyin edildiyini qeyd edir. 2007-ci ildə iddiaçıya pensiya təyin edilməsi mümkün deyildi. Belə ki, “Əmək pensiyaları haqqında” 9.4.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 12-ci maddəsinə görə prokurorluq işçisi xidməti intizamı pozduğuna, səlahiyyət müddəti başa çatdığına və ştatların ixtisarına görə vəzifədən azad edildikdə 3 ayadək müddətdə sərəncamda ola bilər. Göründüyü kimi, 2007-ci ildə iddiaçıya pensiya təyin edilərkən iddiaçı 25 illik qulluq stajına malik olmamışdır. İddiaçı iddia edir ki, 2017-ci ilədək qulluq stajına görə əlavəni 100 faiz həcmində almışdır. ƏPQ-nin 37.3.4-cü maddəsinə (2007-ci ilin 1 yanvarında qüvvədə olan) görə; bu qanunun 20.1.1-ci-20.1.10-cu və 20.1.14-cü -20.1.15-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər bu qanunun 20.1.5 və 20.1.14-cü maddələrində göstərilən şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə ,20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. ƏPQ-nin 37.3.4-cü maddəsi 100 faiz həcmində ödənilməni ümumiyyətlə istisna edir. İddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 041803 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı prokurorluq orqanlarında işlədiyinə görə 20 avqust 2007-ci il tarixdə pensiya təyin edilmişdir. Belə ki, iş materiallarından və iddiaçının nümayəndəsinin məhkəmə iclasındakı izahatlarından məlum olur ki, İddiaçı 25 il prokurorluq orqanlarında qulluq etmiş şəxs kimi 20 avqust 2007-cı il tarixdə DSMF Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 19 noyabr 2015-ci il tarixli 11/382-k saylı əmri ilə öz arzusu ilə İddiaçı prokurorluqda qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric olunmuş, daha sonra pensiyası yenidən hesablanmışdır. 2017-ci ilin sentyabr ayından sonra ona təyin edilmiş pensiya məbləği azaldılmış, hazırda iddiaçı ona təyin edilməli pensiyanın tam həcmində ödənilməsini xahiş etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda həmin imtinanı mübahisələndirir. Beləliklə, işin mübahisləndirilməyən halı, iddiaçıya ilkin olaraq 20 avqust 2007-ci ildən pensiyanın təyin edilməsi ilə bağlıdır. Cavabdehin nümayəndəsi iddiaçıya 2007-ci il tarixdə pensiyanın təyin edilməsinin mümkün olmaması ilə bağlı dəlilini səsləndirsə də, məhkəmə iclasına təqdim edilmiş pensiya işinə baxış zamanı İddiaçı prokurorluq işçisi kimi ilkin pensiyanın təyinat tarixinin 20.08.2007-ci ilə aid olduğu və hazıradək həmin qərarın mübahisələndirilmədiyi aşkardır. İşin mübahisələndirilən halı təyin edilmiş pensiyanın məbləği ilə bağlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun əvvəlki redaksiyada verilmiş 20.13-cü maddəsinə görə prokurorluqda 25 il qulluq etmiş, həmin orqanda qulluğunu davam etdirən prokurorluq işçisinə aylıq əməkhaqqı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.14-cü maddəsinə görə pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 10 mart 2017-ci il tarixədək qüvvədə olan 9.4.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin və yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 37.3.4-ci maddəsinin hazırda qüvvədə olan mətninə əsasən, bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Həmin Qanunun 37.3.4-cü maddəsinin 06 noyabr 2007-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən isə, bu qanunun 20.1.1-ci—20.1.10-cu və 20.1.14-cü— 20.1.15-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci və 20.1.14-cü maddələrində göstərilən şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanun ilə yuxarıda qeyd edilən maddədə dəyişiklik olmuş, “digər hallarda tam məbləğdə” sözləri həmin maddədən çıxarılmışdır. Beləliklə, iddiaçıya 2007-ci ildən pensiya təyin edilmiş, həmin zaman qüvvədə olan qanunun normasına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin digər hallarda tam məbləğdə ödənilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, Məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sonradan edilmiş dəyişikliklər iddiaçının hüquqi vəziyyətini pisləşdirdiyi üçün geriyə şamil edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların daxil olduğu gündən ən azı 10 gün müddətində baxılmaqla təyinat aparılır. Sözügedən Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Qeyd olunan Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Prezidentinin 31.08.2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 8.6.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyalarının maliyyələşdirilməsini təmin etmək Fondun əsas vəzifələrindəndir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30.03.2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokolunun təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, məsələn səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icraə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. «Andreyeva Latviyaya qarşı» məhkəmə işinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18.02.2009-cu il tarixli Qərarı bunun bariz nümunəsidir. Sözügedən işdə Məhkəmə vurğulamışdır ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçı Kazımov Tahir Lələkişi oğlunun əmək pensiyası 2017-ci ilin sentyabr ayından etibarən tam şəkildə pensiyanın ödənilməmiş fərqinin hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Kazımov Tahir Lələkişi oğlunun iddiası təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması və 2017-ci ilin sentyabr ayından etibarən tam şəkildə pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-575/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-575/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver