Məhkəmə qərarları › İş №2-1(112)-5750/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5750/2021

04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5750/2021 04.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Qusar rayon X1 Hüquqi şəxsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “əlillik dərəcəsinin təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2-ci (ikinci) qrup əlillik dərəcəsinin təyin olunması və əlillik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2002-ci il təvəllüdlü X4 18 yaşına qədər sağlamlıq imkanı məhdud uşaq olmuşdur. Həkim arayışına əsasən diaqnoz: anadangəlmə hər iki pəncənin deformasiyası (valqus deformasiyası), hər iki pəncələrin 4cü daraq sümüklərinin anadangəlmə qüsurlu inkişafdan qalması pəncə və baldır əzələlərinin atrafiyası, hərəkət məhdudluğu; funksiya pozğunluğu, yerişin pozulması ağrı sindromu ilə müəyyən olunmuşdur. Hal-hazırda səhhətində kifayət qədər narahatçılıqlar var və get-gedə səhhətində olan narahatçılıqlar olduqca ağırlaşır. Xəstəliyi ilə əlaqədar 14.01.2020-ci il tarixdə Bakı Travmatologiya və Ortopediya institunda ambulator müayinə olunmuş və 280/209 saylı arayışla xəstəliyi təsdiq olunmuşdur. 10.03.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində olan Mərkəzi Ekspertiza Komissiyasının eksperti tərəfindən müayinə olunmuş və arayışda göstərilən diaqnozu təsdiq edilmişdir. Qeyd etdiklərinə əsasən ona əlillik dərəcəsinin təyin edilməsi məqsədi ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspert Komissiyasına “Online” formada müraciət etsə də, müraciətinə imtina cavabı verilmişdir. Halbuki, həkim komissiyası onun özünə əlillik dərəcəsinin düşdüyünü bildirmişlər. Lakin, elektron formada yalnız sənədlər araşdırıldığına görə imtina cavabı gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 16.04.2021-ci il tarixli 2-1(112)- 5750/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Qusar rayon X1 Hüquqi şəxsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, 03.03.2020-ci il tarixdə Qusar rayon Mərkəzi Xəstəxanasının xxxxxxx0002 saylı göndərişi əsasında 04.03.2020-ci il tarixdə alt sistemə vurulmuş və “Göndərişin natamam doldurulması-Səbəb: Xəstəliyin başlanma tarixi 2003cü ildən göstərildiyi halda xəstənin ambulator və stasionar müraciətləri barədə heç bir qeydiyyat aparılmamışdır” əsası ilə imtina verilmişdir. Daha sonra həmin tibb müəssisəsindən 23.09.2020-ci il tarixdə xxxxxxx0005 saylı göndəriş əsasında 13.10.2020ci il tarixdə allt sistemə vurulmuş və “Diaqnoz əlllik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir” əsası ilə imtina verilmişdir. Belə ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Burada hər əlillik dərəcəsinə uyğun xəstəlik dərəcəsinə uyğun xəstəlik halları öz əksini tapmışdır. Səhiyyə müəssisəsinin göndərişində sözügedən xəstəliyin ağırlıq dərəcəsi yuxarıda qeyd edilən əsasnamədə göstərilən meyarlara uyğun gəlmədiyindən əlillik təyinatının aparılması mümkün olmamış və əlavə müayinə və müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci maddənin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki; AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Qusar rayon X1 Hüquqi şəxsi tərəfindən İddiaçı aid; 17.02.2020-ci il tarixdə göndərilmiş 0248003AAGQ0 nömrəli Forma 88 saylı arayışda göstərilmişdir ki, xəstəlik 05.04.2003-cü il tarixdə başlamaqla, xəstəliyin gedişi xronikidir. Əsas xəstəlik kimi Q66.6 Pəncənin digər anadangəlmə valqus deformasiyaları. Hər iki pəncələrin anadangəlmə valqus deformasiyaları. B) Ağırlaşma- Q72—aşağı ətrafı qısaldan defektlər; M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi Hər iki pəncələrin ekvinus vəziyyəti, pəncə və baldır əzələlərin atrofiyası, hərəkət məhdudluğu və funksiya pozulması ilə; M24.5-oynaqların kontrakturası hər iki aşağı ətrafın müştərək kontrakturaları; Q66.8- pəncənin gigər anadangəlmə deformasiyaları Hər iki pəncələrin İV daraq sümüklərinin anadangəlmə qüsuru, inkişafdan qalması. 03.03.2020-ci il tarixli 0248003AAGSZ nömrəli Forma 88 saylı arayışda göstərilmişdir ki, xəstəlik 05.04.2003-cü il tarixdə başlamaqla, xəstəliyin gedişi xronikidir. Əsas xəstəlik kimi Q66.6 Pəncənin digər anadangəlmə valqus deformasiyaları. Hər iki pəncələrin anadangəlmə valqus deformasiyaları. B) Ağırlaşma- Q72—aşağı ətrafı qısaldan defektlər; M24.5-oynaqların kontrakturası hər iki aşağı ətrafın müştərək kontrakturaları; M62.5- əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Hər iki pəncələrin ekvinus vəziyyəti, pəncə və baldır əzələlərin atrofiyası, hərəkət məhdudluğu və funksiya pozulması ilə; Q66.8- pəncənin digər anadangəlmə deformasiyaları. Hər iki pəncələrin İV daraq sümüklərinin anadangəlmə qüsuru, inkişafdan qalması. 23.09.2020-ci il tarixdə göndərilmiş 0248003AAG1N nömrəli Forma 88 saylı arayışda göstərilmişdir ki, xəstəlik 05.04.2003-cü il tarixdə başlamaqla, xəstəliyin gedişi xronikidir. Əsas xəstəlik kimi Q66.6 Pəncənin digər anadangəlmə valqus deformasiyaları. Hər iki pəncələrin anadangəlmə valqus deformasiyaları. B) Ağırlaşma- M24.5- oynaqların konturakturası. Hər iki aşağı ətrafın müştərək konturakturaları; Q66.8 –Pəncənin digər anadangəlmə deformasiyaları. Hər iki pəncələrin İV daraq sümüklərinin anadangəlmə qüsuru, inkişadan qalması; M62.5- əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi Hər iki pəncələrin ekvinus vəziyyəti, pəncə və baldır əzələlərin atrofiyası, hərəkət məhdudluğu və funksiya pozulması ilə; Q72- Aşağı ətrafı qısaldan defektlər; R26.2- başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi Hərəki istinad funksiyaların ifadəli dərəcədə pozulması; c) G57.6 –Ayaqaltı sinirin zədələnməsi Ayaq darağı önü sindromu, pəncə sinirinin neyropatiyası, hərəki istinad funksiyaların pozulması; G57.5ayaqdarağı kanal sindiromu Ayaq darağı önü sindromu, pəncə sinirinin neyropatiyası, hərəki istinad funksiyaların pozulması. Tibbi-Sosial Ekspert Komissiyyasının elektron müraciətlərə dair arayışlardan müəyyən edilir ki, müvafiq olaraq iddiaçının müraciətlərinin təmin olunmasından imtina edilərək bildirilmişdir ki; - Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir. - dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: xəstəliyin başlanma tarixi 04.2003-cü il göstərildiyi halda xəstənin ambulator və stasionar müraciətləri barədə heç bir qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 2718 saylı (ekspertizanın başlanma tarixi 18 iyun 2021-ci il, başa çatma tarixi 16 avqust 2021-ci il) rəydən görünür ki, 1-5. Vətəndaş İddiaçınm Elmi-Tədqiqat Travmotologiya və Ortopediya institutunda müayinələri zamanı “hər iki pəncənin anadangəlmə valgus deformasiyası, hər iki pəncənin İV daraq sümüklərinin anadangəlmə qüsurlu inkişafdan qalması, hər iki pəncənin ekvinus vəziyyəti, pəncə və baldır əzələlərinin atrofiyası, hərəkət məhdudluğu və funksiya pozğunluğu, yerişin pozulması ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur. Qeyd edilən xəstəlik və onun ağırlaşmaları əlillik dərəcəsinin toyin olunması üçün Qusar rayon mərkəzi xəstəxanası phş-si tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış 0248003AAGSZ və 0248003AAG1N nömrəli Forma 88 göndərişlərində olan xəstəliklərlə uyğunluq təşkil edir, göndərişlər tam doldurulmuşdur, diaqnozla əlaqədar aparılmış funksional diaqnostik müayinələrin nəticələri və müalicə tədbirləri müəyyən edilmiş diaqnoza uyğun olmuş və bunun əsasında da əmək fəaliyyətinin məhdudlaşdırılması müəyyən edilmişdir. Vətəndaş İddiaçınm əziyyət çəkdiyi xəstəlik və onun ağırlaşmaları “hər iki pəncənin anadangəlmə valgus deformasiyası, hər iki pəncənin İV daraq sümüklərinin anadangəlmə qüsurlu inkişafdan qalması, hər iki pəncənin ekvinus vəziyyəti, pəncə və baldır əzələlərinin atrofiyası, hərəkət məhdudluğu və funksiya pozğunluğu, yerişin pozulması ağrı sindromu ilə ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnaməyə uyğun gəlmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, zərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Agentlik tərəfindən müəyyən edildiyini, məhkəmə-tibbi ekspertizası aparılarkən İddiaçınm əziyyət çəkdiyi xəstəlik və onun ağırlaşmaları “hər iki pəncənin anadangəlmə valgus deformasiyası, hər iki pəncənin İV daraq sümüklərinin anadangəlmə qüsurlu inkişafdan qalması, hər iki pəncənin ekvinus vəziyyəti, pəncə və baldır əzələlərinin atrofiyası, hərəkət məhdudluğu və funksiya pozğunluğu, yerişin pozulması ağrı sindromu ilə ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnaməyə uyğun gəlmədiyini nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-ninnin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar