Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5750/2024 01.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, “fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə 1 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ünvanda yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və evin layihəsi hazırlanaraq iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Suraxanı rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabeh) müraciət edib. Cavabdehin eyni məzmunlu xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktubları ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinaya səbəb kimi fərdi yaşayış evinin bir hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşdiyi qeyd edilmişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ünvanda yerləşən 0,03 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin 12,5 kv.metr hissəsi istisna olmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat tərəfindən imtina üçün əsas olmuş səbəblərdən biri olan 2- 1(112)-8398/2023 saylı məhkəmə mübahisəsinin mövcudluğu ilə bağlı qeyd etmək lazımdır ki, həmin mübahisə artıq mövcud deyildir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8398/2023 saylı qərardadına əsasən iddiaçı xx.xx.2023 tarixli ərizə ilə iddia ərizəsini və əlavə edilmiş sənədlərin geri qaytarılmasını tələb etdiyi üçün iş üzrə icraata xitam verilmişdir. Həmin qərardad qanun qüvvəsini almışdır və bu barədə məktub verilmişdir. Tikilmiş fərdi yaşayış evi onun mülkiyyətində olan və dörd tərəfdən hasarlanmış torpaq sahəsinin mərkəzində tikilmiş və başqasına məxsus torpaq sahəsində iddiaçı tərəfindən hər hansı bir tikinti aparılmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vahid elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinin 12.5 kv.m hissəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən kənarda inşa edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinin ümumi sahəsi layihə üzrə 250 kv.m qeyd olunsa da, faktiki olaraq 235.1 kv.m təşkil edir. Belə ki, ümumi sahədə yaranan fərq layihədə açıq eyvan sahələrinin (14.4 kv.m) ümumi sahədə hesablanması səbəbindəndir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmiş, Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-8398/2023 saylı məhkəmə mübahisəsinin mövcud oloması ilə bağlı hal aradan qalxmışdır. Belə ki, həmin iş üzrə qəbul edilmiş qərardad qanuni qüvvəsini almışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ünvanda yerləşən 0,03 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi var. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı, mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə almağa yönəlmişdir. Cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirir ki, torpaq sahəsinin bir hissəsi (12.5 kv.m) iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.-cı maddəsinə əsasən aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur; ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2.1. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: ... 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Hazırkı işdə mübahisənin predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, torpaq sahəsinin kateqoriyası – yaşayış mənətəqələrinin torpaqlarıdır. Göründüyü kimi, iddiaçı fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənədlərə malikdir. Belə ki, yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi hazırladaraq sifarişli poçt göndərişi ilə Suraxanı rayon İcra Hakimiyyətinə göndərmişdir. Məhkəmə cavabdehin imtina məktubunda qeyd edilənlə bağlı bildirir ki, iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş, fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olmayan 12.5 kv.m hissəsini tələbdən çıxarmışdır. Göründüyü kimi, cavabdehin istinad etdiyi imtina əsası aradan qalxmışdır. Cavabdehin iddia ərizəsinə verdiyi etiraz məktubunda qeyd etdiyi sahə fərqi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh özü də etiraz ərizəsində bu sahə fərqinin açıq eyvan sahələrinin ümumi sahədə hesablanması səbəbindən yarandığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini tələb edir. Məhkəmə qərarı qanuni qüvvəyə minərək icra olunacağı təqdirdə, cavabdeh faktiki vəziyyətə uyğun sənədlərin verilməsini təmin etməlidir. Qeyd olunan hal iddiaçının müraciətinin təmin olunmasından imtina üçün əsas deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı işdə normada qeyd edilən imtina əsaslarından heç biri mövcud deyil. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 68-69 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ünvanda yerləşən 0,03 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin 12,5 kv.metr hissəsi istisna olmaqla İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, dövlət reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5750/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5750/2024
01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver